Ən çox nifrət etdiyiniz insana salam verin - Emil İsmayılov

Ən çox nifrət etdiyiniz insana salam verin - Emil İsmayılov
9 sentyabr 2024
# 16:29

Kulis.az Emil İsmayılovun "Səkkiz saatlıq maska" şeirini təqdim edir.

Bəlkə də, işə qəbul zamanı
İlk tələb belə olmalıdır:
- İşə maska ilə gəlin!
Səhər saat doqquz olan kimi,
Geyinin maskanızı!
Qapıdan keçən kimi…
Kininiz varsa, udun!
Nifrətiniz varsa, unudun!
Şərəfinizi, ləyaqətinizi
Qapıdan çöldə qoyun!

Ən çox nifrət etdiyiniz insana
Salam verin!
Üzünə tüpürmək istədiyiniz adamın
Üzünə gülə-gülə
“Sabahın xeyir!” deyin,
Gözünüzün görmək istəmədiyi

İnsanın, gözünün içinə baxıb
Əlini sıxın...
Narahat oldunuz, deyəsən?
Narahat olmayın.
Vərdiş edəcəksiniz...
Öyrəşdirəcəklər,
Öyrəşəcəksiniz...
Belə də insan deyilsiniz?
Bir tikə çörək üçün
Hər sifətə düşəcəksiniz!...
Bilirsiniz necədir?

Daxili duyğuları,
Mənəvi dəyərləri
Dərin, ali hissləri...
Bunları...bunları
Saat altıdan sonra
Özünüzlə götürərsiniz...

Hə, bu arada, qapının
Qabağında qoyduqlarınızı da
Unutmayın ha...
O şərəfinizi, ləyaqətinizi deyirəm,
Hə, onları...
Gedəndə götürərsiniz...
Çünki iki yüz kvadrat metrlik
Bu kvadratın içində
Heç nə mənəviyyatla ölçülmür!
Çünki, bir-birimizdən
Keçir işimiz!
Çünki, İŞÇİYƏM!
İŞÇİSƏN! İŞÇİDİR!
İŞÇİYİK! İŞÇİSİNİZ!
Və yaxşı işçisinizsə,
Yaxşı qadın, yaxşı kişisiniz!
Aydın oldu dediklərimiz?!

- Aydın oldu.
Başqa sualınız var?!
- Yoxdur.
- Yaxşı, oldu. Gedə bilərsiniz.
Hörmətli, bəlkə də,
Hörmətsiz namizəd,
Unutmayın ha!
Sabah işə maska ilə
Gələrsiniz...

# 1127 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #