İran Səhəndin şeirlərindən niyə qorxur? – Araz Əhmədoğlu yazır...

Araz Əhmədoğlu

Araz Əhmədoğlu

19 may 2023
# 09:00

Kulis.az ədəbiyyatşünas Araz Əhmədoğlu “Toplumun seçim haqqı” adlı yeni yazısını təqdim edir.

Azərbaycanın tanınmış, sevimli şairi Seyyid Məhəmməd Hüseyn Şəhriyarın ad günü neçə il öncə farslar tərəfindən “İranın Şeir və Ədəb günü” elan edildi. Bu işin arxasındakı düşüncə gün kimi ortadadır. Faşist farsçılıq düzəni Şəhriyarı başqa Azərbaycan şairləri kimi özlərinə çıxmaq istəyir. Ancaq Şəhriyarın dörd cildlik çox uğurlu və yüksək səviyyəli fars dilindəki şerlərinə baxmayaraq, sadəcə “Səhəndiyyə” ilə “Heydər Babaya Salam” şeirlərindəki azərbaycançılıq və türkçülük ruhu onların qurduğu qurğunu öz-özünə içdən söküb atır.

Farsların bu qurğusunun ardıca öz uluscul (milli) varlıq və dəyərlərinə sahib durmaq üçün Güney Azərbaycanda yaşayan türklər də bənzər addımlar atmağa başladılar. Son günlərdə Güney Azərbaycanda “Uluscul şeir günü” bəlləndirmək (təyin etmək) üçün iki axın (cərəyan) yola düşdü. Bu axınlardan biri təkbaşına, kimsənin nə düşündüyünü soruşmazdan, Azərbaycanın adlım şairi, Məhəmməd Füzulinin anadan olan gününü öz şəxsi İnstaqram səhifəsində, Füzulinin əksi (şəkili) ilə “Türki dilinin şeir və ədəb günü” ayıtdı (elan etdi). Daha maraqlısı, eyni sözün altında “Biz tarix yazırıq! Fərman Fərzi” ibarəsini yazması idi.

Saz ifalarıyla tanınıb sevilən Aşıq Fərman Fərzi paylaşdığı cümlədə “Biz” sözcüyünü işlətməsinə dayanaraq, o “biz”in və yaxud “bizlərin” kim olduğu Azərbaycan xalqına açıqlamalıdır. Azərbaycan xalqına tarix yazmaq iddiasında olan şəxs hansı hesaba, hansı etdiklərinə dayanaraq tarix yazmaq iddiası ilə çıxış edir? Bu tayda yüzlərcə adsız-sansız yazar, şair, düşünər var. Bu yüzlər niyə o “biz”in içində görünmür? O “biz” özlərini “millətçi” adı ilə görsətməyə çalışırsa, o zaman onların daşını döşlərinə vurduğu o millətdən niyə xəbər yoxdur? Yoxsa, Azərbaycan milləti yalnız elə o “Biz”dir, biz bilmirdik?

Həmin “biz” 2021-də Azərbaycanın qəhrəman ordusu qutsal torpaqlarımızı işğaldan azad etdikdən sonra paylaşdıqları bəyanatın son abzasında belə bir atmaca ilə çıxış etmişdi: “Umud edirik Azərbaycan dövləti şəhidlərimizin qanı ilə qazanılmış bu zəfəri ayaq altına alıb satmaz”! İndi iki ildən çox o qürurverici zəfərdən keçir. Amma Azərbaycanın istər xarici siyasət, istər isə vətən içində əldə etdiyi uğurlar, şükürlər olsun, paxılların gözünü oymaqdadır.

Azərbaycanda onca milli şairimizi varkən, Fərman Fərzinin seçdiyi bu “biz” hansı məntiq ilə Füzulinin doğum gününü “Türk dilinin şeir və ədəb günü” seçir? Füzuli öz yaradıcılığında vətən dedikdə nəyi özünə vətən sayır? Azərbaycanı, yoxsa başqa bir varlığı? “Həmədan uzaq, kərdisi yaxın!” deyib ata-babalar:

“Edəməm tərk, Füzuli sər-i kuyin, yarın;
Vətənimdir, vətənimdir, vətənimdir, vətənim!”

Bu beytdə Füzulinin vətəni yarının küçəsinin başıdır. Füzuli kimi bir şair bütün dünyasını, var-yoxunu, bircə sözlə dünyanın bütün gözəlliklərini yarının küçəsinin başı ilə dəyişməyən bir arifdir. O ariflərin dünyasında heç vaxt milli düşüncəyə tuş gəlmək olmaz. Çünki onlar bütün bəşəriyyətə dəyər kultu olan “yar”a adaxlanıblar. Elə bu üzdən də Füzuli kimi şairləri uluscul (milli) şairlər sırasında gətirmək olmaz.

Aşıq Fərman tarix yaratmaq iddiasında olduğu kimi, radikal fanatları da belə bir iddia edirlər: “Füzulini güneylilərə tanıtdıran Fərman Fərzidir!”. Fərman Fərzi hələ anadan olmamış, Füzulinin divanı dəfələrlə Təbrizdə çap olub yayılmışdır. Ondan başqa, güneylilər Bülbülün, Rəşidin, Rübabə xanımın, Şövkət xanımın və başqa adlım xanəndələrin təkrar olmayan səslərində Füzulini tanıtdırmışdırlar.

Azərbaycan xalqının tarixini Oğuz xaqan, qəhrəmanlar qəhrəmanı Bilgəmiş, Dədə Qorquq, Babək, Nizami, Nəsimi, Şah İsmayıl, Füzuli, Koroğlu, Şirvani, Nəbati, Sabir, Qaçaq Nəbi, C. Məmmədquluzadə, M. Rəsulzadə, Ü. Hacıbəyov, H. Cavid, S.C.Pişəvəri, F. İbrahimi, X.R. Ulutürk, M. Araz, H. Əliyev, M. Zehtabi, Mübariz İbrahimov və adları saya gəlməz başqa qəhrəmanlar, tarixi-siyasi, ədəbi, ictimai şəxsiyyətlər yazıb, yazmaqdadır.

Aşıq Fərman axımından başqa, ikinci axın İnstaqram platformasında “Yeni qapi” səhifəsində rəsmi biçimdə bir oylama (səsvermə) axını başladıldı. Bu oylamada dörd şair aday oldu: M. Füzuli, Nəsimi, H. Sahir, B. Qaraçorlu. 24 saat içində 6895 nəfər bu oylamaya qoşuldu. 478 nəfər (%6.93255) Füzulini, 793 nəfər (%11.50108) Nəsimini, 679 nəfər (%9.84774) Sahiri, 4985 nəfər (%71.71863) isə Səhənd və ya Bulud Qaraçorlunun doğum gününü “Türki şeir günü”nə seçdilər. Bu axın bəri başdan gərçək bir demokrasi (demokratiya) məşqi idi.

Burada ədəbiyyatçı, yazar, şair, ədəbiyyatsevərlərdən tutdu, adi kütlə də oylamağa qoşuldu. Bu oylamada yazarın bir oyu olduğu kimi, adi insanın da bir oyu vardı. Yeri gəlmişkən, bu oylamanı yola salan yazar, ədəbiyyatçı, dilçi, türk dilinin öyrətməni sayın Ayhan Miyanalı cənablarına bu dəyərli əməklərinə görə təşəkkür etməliyik.

Bulud Qaraçorlu niyə səs birliyi ilə uluscul şair kimi seçilir? Əlbəttə, bu da onun yaradıcılığına qayıdır. Səhənd “Taleyimə sən bax!” adlı şerində yazır:

“Taleyimə sən bax!
Düşüncələrim yasaq.
duyğularım yasaq.
Keçmişimdən söz açmağım yasaq.
Gələcəyimdən danışmağım yasaq.
Ata-babamın adın çəkməyim yasaq.
Anamdan ad aparmağım yasaq.
Baba diyarım isə,
bıdraq-bıdraq!
Bilirsən?
Anadan doğulandan belə,
özümü bilməyə-bilməyə,
dil açıb danışdığım dildə
danışmağım yasaq imiş, yasaq!”

Səhəndin bu şeiri Türk ulusunun üsyan manifesti kimi baş qaldırır. Sözlər olduqca aydındır. Yorumlamağa belə gərək qalmır.

Səhənd ulusunun dərdlərini ən sadə dildə çatdırmqda olduqca usta bir şairdir. “Ərmağan 2” adlı başqa şeirində zəmanənin qanunlarına, “İnsan haqları”ndan dəm vuranlara qarqış yağdıraraq yazır:

Kürə (Koreya), Viyetnam, Alman bölünüb, amma
dünya bilir belə bölünmələr var.
Söz gəlib çatanda Azərbaycana,
farsda bir məsəl var: “Enqar, nə enqar!”

Milli azadlıqlar əsri olsa da,
hər yerdə, hər yanda, adı bu əsrin,
nə etmək, dünyanı buğda tutsa da,
kəhliyin ruzisi çınqıldır ancaq.

Bu şərəf, bu şövkət, bu qüdrət, bu şan,
hura! Doğrudan da bizə ar olsun!
Həyatın amansız bir qanunu var,
Təəssübsüz millət gərək xar olsun!


Milli təəssübdən danışdım, olsun;
“Əslini itirən həramzadadır!”
Mərd oğul vətənin haqqın itirməz.
Vətən insana ən böyük anadır.

Qoyun məhkum olum millətçiliyə,
dünyada millətin sevməyən kimdir?
Dilin, elin, yurdun talan etsələr,
acıyıb başına döyməyən kimdir?

Gərək gözlərindən göz örtə bir kəs,
qarğa yuvasına yanaşa əgər.
Niyə vətənimi sevməyim niyə?
Mən bir qarğadan da əskiyəm məgər?

Çapmaq istəmirəm mən heç millətin,
nə yerin, nə yurdun, nə də əməyin.
təhqir etməyirəm, hədələmirəm
keçmişin, indisin, ya gələcəyin.

Mən ayırmayıram, ayrı salmıram,
qardaşı qardaşdan, arvadı ərdən,
atanı baladan, əti dırnaqdan,
ürəyi ürəkdən, qanadı pərdən.

Pozmaq istəmirəm mən birlikləri,
insanlıq birliyi idealizmdır.
Qardaşlıq, yoldaşlıq, əbədi barış,
dünyada ən böyük arzularımdır.

Ancaq bir sözüm var: “Mən də insanam;
Dilim var, xalqım var, yurdum-yuvam var.
yerdən çıxmamışam göbələk kimi,
adamam, haqqım var, elim-obam var.

Qul yaranmamışam yarananda mən,
heç kəsə olmaram, nə qul nə əsir.
Qurtuluş əsridir insana bu əsr,
Əsir olanlar da buxovun kəsir.

Ey doğma elimin namuslu oğlu,
ağlama, gözünün yaşına qurban.
Gəldiyin o doğma, əziz diyarın
olum torpağına daşına qurban!”

Bulud Qaraçorlunun bu dördlükləri, özəlliklə də Azərbaycanın sevimli ozanı, vətənin igid oğlu Araz Elsəsin epik səsində səsləndikdən sonra, ürəklər əzbəri olub çox insanın milli şüurunu ayıtmaqda böyük rol oynayıbdır. Vətənsevərliyin ən sadə dildə olan bu manifesti onca geniş yayılıb ki, quzeydə Xəlil Rza Ulutürk, Məmməd Araz, Bəxtiyar Vahabzadə kimi uluscul şairlər kimi, güneydə də milli şair sözü gəldikdə istər-istəməz Bulud Qaraçorlu adı yada düşür.

Səhəndin milli düşüncəsini yalnız bu iki şeirdə özətləşdirmək olmaz. “Sazımın Sözü” adlı iki cildlik kitablarında Səhənd Dədə Qorqut dastanlarını çox sadə və ürəyə yatan bir biçimdə qələmə alıb, nəzmə çəkir. Ondan başqa Şəhriyar kimi bir şairə dünya ədəbiyyatında tayı-tuşu tapılmayan “Səhəndiyyə” şeirini yazdırır. B. Qaraçorlu “Mən də Səhəndəm, başım ucadır” adlı Şəhriyara yazdığı incilərlə dolu çox estetik və bədii bir məktubda yazır:

“Bu gün mən Səhəndəm, sən Şəhriyarsan,
gəl başın ucaldaq qoca Təbrizin.
Bir kərə yadların daşını ataq,
çəkək qayğısını, öz elimizin.

Şairim, dünyanı necə görürsən?
Duz yeyib, duz qabın sındıranlar var.
Qədir bilən yara can qurban eylə;
qədir bilməyənə heyifdir ilqar.

Özgə çırağına yağ olmaq bəsdir,
doğma ellərimiz qaranlıqdadır.
Yanıb yandırmayaq yadın ocağın,
evimiz soyuqdur, qışdır, şaxtadır.

Demirəm, yanmayaq, alovlanmayaq,
yanmasın, neyləsin yazıq pərvanə.
Yanmayaq vəfasız yarın oduna,
yanaq elimizə, yanaq Vətənə!”

Səhənd bu əzəmətli və məntiqli tənqidi Şəhriyara yazmasaydı, indi dünya ədəbiyyatı “Səhəndiyyə” kimi bir şah əsərdən məhrum olacaqdı.

Son günlərin durumu istər-istəməz insanın ürəyində belə bir sorğu yaradır: “Görəsən, B. Qaraçorlunun bunca açıq-aydın uluscul şeirlərindən niyə çəkinirlər? Görəsən, Azərbaycan ulusunun bu ağır günlərində cəhalətə meydan oxuyub, sadə dil ilə uluscul biliyi insanlara anladan bu şeirlərdə nə görüblər ki, Qaraçorlunun adını ört-basdır etməyə çalışırlar? Görəsən, Füzuli yaradıcılığında bu gün Azərbaycan millətinin dərdlərinə praqmatik dərman olan nələr var ki, Qaraçorlu yaradıcılığında yoxdur? Füzuli bizim hamımızın ürəyində sevgi və sayğı ilə anılan bir ustadımızdır və əlbəttə onun yaradıcılığını ədəbiyyatımızdan çıxsaq, çox böyük bir boşluq və uçurum yaranar. Buna baxmayaraq, yenə də Füzulini uluscul şair kimi qələmə vermək böyük yanlış olar. Zatən Füzuli, Nəsimi, Şirvani dövründə milli düşüncə oluşmamışdır. Başqa sözlə, o dövrün şairləri yalnız İlahi eşqin, irfanın, hikmətin, mərfətin, əxlaqiyyatın hakim olduğu bir düşüncənin ardıca yola düşmüş aşiqlər idilər. Bu indiki insana ilahi eşq, irfan, əxlaqiyyat və sairə gərək dəyil demək anlamında ola bilməz. O dəyərlər hər vaxt insan üçün gərəklidir. Ancaq yolları, metodları (metodikaları) bir-birinə qarışdırmaq da çağdaş insana yaraşan bir çıxış dəyil.

Son olaraq, Azərbaycan xalqı kimi böyük bir ulusa təkbaşına yol görsətməyə çalışanlar bilməlidirlər ki, günçıxan (şərq) dünyasında 1918-də ilk demokrasini quran bu millət olub. O demokrasi yalnız bir nəfərin buyruğuyla yox, yüzlərcə düşünərin, eləcə də millətin səs birliyi ilə qurulmuş bir dövlət idi. Bu böyük xalqın toplum seçiminə sayğılı yanaşmayanlar bu xalqın dostu sayıla bilməz. Təkbaşınalıq gəldikdə, körpü qalar çayın o tayında.

Qaynaqlar

Füzuli M., Əsərləri, Altı cilddə, I cild, Bakı: “Şərq-Qərb”, 2005, 409 s.
Qaraçorlu B. (Səhənd), Qardaş Andı, Bütün şerlər, Tehran: Əfkar nəşriyyatı, 2011, 1062 s.

# 1337 dəfə oxunub

Müəllifin son yazıları

# # #