Belçikanın ictimai yayım şirkəti VRT şərhçilərdən və kontent yaradıcılarından ibarət komandasını "Avroviziya 2026" üçün Vyanaya göndərilməyəcəyini açıqlayıb.
Kulis.az xəbər verir ki, uzun illərdir yarışın şərhçisi olan Peter Van de Veire yayımı Brüsseldəki VRT studiyasından həyata keçirəcək.
Lakin VRT-nin xəbər şöbəsi “VRT NWS” jurnalistləri vasitəsilə müsabiqə ilə bağlı reportajlar hazırlayacaq.
VRT qeyd edib ki, bu yanaşma televiziya şirkətinin demokratik cəmiyyətdə rolunu əks etdirir və Avropa Yayım Birliyi (AYB) tərəfindən təşkil olunan müsabiqənin formatını tənqid edir. Şirkət hesab edir ki, tədbir daha çox həmrəylik, birlik və sülh dəyərlərinə diqqət yetirməli, AYB isə sosial konteksti və auditoriyanın hissiyatını kifayət qədər nəzərə almır.
Buna baxmayaraq, Belçika yarışda iştirak edəcək. Ölkəni Essila “Dancing on the Ice” mahnısı ilə təmsil edəcək və o, ilk yarımfinalın ikinci hissəsində, 12 may 2026-cı ildə səhnəyə çıxacaq.