İnsan insanın dərmanıdır - Səbinə Vəliyeva

İnsan insanın dərmanıdır - Səbinə Vəliyeva
20 fevral 2026
# 13:09

Kulis.az Gənc Yazarlar İttifaqının üzvü Səbinə Vəliyevanın sosial münasibətlər və psixoloji sağlamlıq mövzusunda "İnsan insanın dərmanıdır” adlı yazısını təqdim edir.

Necə də gözəl səslənir,elə deyilmi? Altında yatan mənası da səslənişi qədər gözəldir. İnsana insan yaxşı gələr, insan insan üçün yaradılıb. Həyat nə qədər çətin olsa da, bir insanın verdiyi dəyər, diqqət, sadəcə bir gülümsəmə belə qaranlığı işığa çevirə bilər.

İnsan biososial varlıqdır. Onun ən təbii ehtiyacı insan… insanlar… münasibətlərdir.

Ruhu təkliyə deyil, paylaşmağa, duyulmağa, sevilməyə kodlanıb. İnsanı ayaqda saxlayan təkcə fiziki sağlamlıq deyil, onun sosial münasibətləri və mənəvi dayaqlarıdır. Bir insan nə qədər güclü olsa da, içində heç kimə etibar etmədiyi bir boşluq varsa, o güc bir gün çökər.

İnsan başa düşülmək, dinlənilmək və qəbul olunmaq istər. Çünki insan münasibətlərin içində formalaşar, güclənər, ya da zəifləyər. Onun psixoloji sağlamlığı da, özünü dərk etməsi də bu münasibətlərdə gizlidir.

İnsan yalnız doğulsa da, yalnız yaşaya bilməz. Çünki onun ruhu ünsiyyətlə qidalanır

Bəzən günlərlə yorğun, stresli və ümidsiz oluruq… Və elə bir anda bir dostdan gələn sadə, amma səmimi “Necəsən?” sualı içimizi isidir. Sanki nəfəs almağa yer tapmayan ruhumuz üçün gözlənilmədən bir pəncərə açılır. Biz danışmadan anlayan bir baxış, ürəyimizə sakitlik gətirir. Bu – münasibətin şəfa verən tərəfidir.Bu elə bir şeydir ki, bunu nə ən yaxşı dərmanla, nə də çoxlu sərvətlə əldə edə bilməzsən.

Hər bir insanın həyat hekayəmizdə öz toxunuşu, öz izi olur. Mənə görə, hər bir insan öz içində bir dünya daşıyır. Və bu dünya, ətrafdakı insanlarla toxunduqca ya çiçək açır, ya da qaralır.

Bir insanın yarasına dərman olmağı bacara bilməriksə, yarası da olmayaq deyə düşünürəm.

Lakin hər münasibət müsbət olmur. Bəzən ətrafımızdakı insanlar – fərqində olmadan ya da bilərək – ruhumuzu sıxar, bizi boğar. Tənqid, lağ, inamsızlıq, susqunluq – bütün bunlar psixoloji sağlamlığımızı zədələyir. Bəzən “itirməmək üçün səssiz qaldığımız” münasibətlər bizi özümüzdən uzaqlaşdırır. Sonda nə münasibət qalır, nə də özümüz.

Mən öyrəndim ki, yaxşı münasibət insana qanad verir, pis münasibət isə onu kölgədə buraxır. Özüm də belə hallar yaşamışam. Bəzən bir müəllimin inam dolu baxışı, “sən bacarırsan” sözləri içimdə dağları tərpədib. Amma elə anlar da olub ki, bir dostun etinasızlığı bütün günümə kölgə salıb. O səbəbdən hər kəsin qarşılıqlı anlayışa, şəffaflığa və hörmətə əsaslanan münasibət qurmağa ehtiyacı var.

Psixoloji sağlamlıq – yalnız terapevtlə edilən söhbətlərdən ibarət deyil. Bu, gündəlik həyatımızda bizi əhatə edən münasibətlərin cəmini əks etdirir. Ailəmizlə, dostlarımızla, müəllimlərimizlə, hətta təsadüfi tanışlarımızla ünsiyyətimiz – daxili dünyamızın güzgüsüdür. O güzgüdə təbəssüm görmək istəyiriksə, onu sevgi ilə silməliyik.

İnsan, insanla sağalır. İnsana sevgi, anlayış, diqqət lazımdır. Səmimi münasibətlər – bir ruhun nəfəsi, bir qəlbin dərmanıdır.

Gəlin bir-birimizin dərmanı olaq. Dəstək olaq, başa düşək, dinləyək… Çünki bu dünyada insan olmaq – bir-birimizə toxunmaqla mümkündür.

Unutmayaq, biz insanıq və insanlıq bir-birinə toxunduqca sağalır.

# 176 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər