İskender Palanın postmodern romanı

İskender Palanın postmodern romanı
22 sentyabr 2016
# 16:16

Müasir Türk ədəbiyyatının sevilən yazarlarından biri, 1958-ci il doğumlu İskender Pala 1979-cu ildə İstanbul Universiteti Ədəbiyyat fakültəsinin Türk dili və Ədəbiyyatı ixtisasını bitirmişdir. Divan ədəbiyyatına xüsusi marağı və sevgisi olan yazar 1993-cü ildə bu sahə üzrə professor olmuşdur. Onun divan ədəbiyyatına olan marağını əsərlərində də müşahidə etmək mümkündür. Məktəblilər üçün də kitab yazmış olan Pala, yaradıcılığının ilk illərində divan ədəbiyyatı sahəsi üzrə araşdırmalarıyla müxtəlif qəzet və jurnallarda çıxış etmişdir. Evli və üç uşaq atası olan yazarın 40-dan çox əsəri vardır. Bunlardan ən məşhurları çoxunu tarixdən ilhamlanaraq yazdığı “Babildə ölüm, İstanbulda Aşk”, “ Şah və Sultan”, “Od( Bir Yunus romanı), “ Leyla və Məcnun”, “Kitab-ı aşk”, “Katre-i matem” əsərləridir.

“Katre-i matəm” tünd bənövşəyi rəngiylə diqqət çəkən, “matəm damlası” mənasını verən bir lalədir. Yazar bu əsəri lalənin Türkiyə üçün yenidən önəm daşımağa başladığı bir dövrdə yazmağa qərar verdiyini və 2 ilə yaxın hadisələri və obrazları beynində qurmağa çalışdığını bildirir. Əsər yazarın kitab sərgisində Osmanlı dönəminə aid bir əlyazmanı əldə etməsi ilə başlayır. Əldə etdiyi əlyazmanın kimə aid olduğunu, kim tərəfindən qələmə alındığını bilməsə də bu əhvalatı günümüz türkcəsinə uyğunlaşdıraraq oxucuyla paylaşmaq qərarına gəlir. “Yek cinayət şast u şeş sual”, yəni “66 sualda tək cinayət” adlı əlyazmada hadisələr Qara Şahin adlı birinin Nakşıgül adında bir qadınla evlənməsindən, lakin ertəsi gün oyandığında sevdiyi qadının qəddarcasına öldürülməsi ilə başlayır. Yaşadığı hadisənin təsirindən çıxa bilməyən Şahin qatil olaraq günahlandırılır. Tezliklə sorğuya çəkilərək həbsxanaya salınmaq üçün yola düşdüyündə qaçmağı bacarır və təsadüfən tanış olduğu Osmanzadə adlı birinin köməyi ilə bir macar həkiminə qaşlarının formasını dəyişdirməklə özünü tanınmaz hala sala bilir. Beləliklə, sevdiyi qadının qatillərini tapmağı özünə söz verən Şahin olayları çözmək üçün toy gecəsi Nakşıgülün ona verdiyi lale soğanının yetişmə zamanını gözləməli olur ki, bu sayədə əsərin digər qəhrəmanlarından biri lalə yetişdirmək üzrə mütəxəssis Hafiz Çələbi ilə tanış olmuş oluruq. Detektivlə sevgini bir araya gətirən İskender Pala intellektual detektiv janrının uğurlu nümunələrindən birini yaratmışdır. Detektiv əsərlərdə adətən cinayəti araşdırmağa çalışan xəfiyyə obrazlarını iki yerə ayırmaq olar. Birinci qrupa ixtisaslaşmış insanlar aiddirsə, ikinci qrupa müxtəlif peşə sahibi olan adi insanları aid etmək olar ki, onlar da ya həvəskar olduqları üçün, ya da məcburiyyətdən cinayəti araşdırmağa çalışırlar. Şahin ikinci qrupa aiddir. Əslində bu hissəyə qədər qeyri-adi bir amil nəzərə çarpmır və oxucuya sadə, adi detektiv janrının nümunələrindən biri sayıla biləcək əsər təsiri bağışlayır.

Lakin əsəri maraqlı edən məlumatlardan biri arvadının qatillərini axtaran Qara Şahinin, əslində özü də axtarışda olan taxtdan endirilmiş sultan II Mustafanın cariyədən olma oğlu Şahzadə Əhməd olduğudur. Şahin şahzadə olduğunu bilməsə də əsər boyu Hurikız adlı gizli təşkilatın nümayəndəsi tərəfindən qorunur. Bu hissədən sonra isə oxucu özünü postmodern romanın içində tapmış olur. Tarixi hadisələr, bir- birinə zəncirvarı şəkildə bağlanan və Şahini qatillərə aparan dəlillər, həmin dövrdə xalqın yaşadığı çətinliklər və buna paralel olaraq Kağızxana dərəsində vəzir İbahim paşanın Sultan III Əhməd üçün fransız saraylarını örnək alaraq tikdirdiyi Sadabad köşkü və digər saraylarda vəzir və paşaların xalqın acınacaqlı vəziyyətindən bixəbər zövq və səfa içində əyləncə məclisləri qurmaları dolğun şəkildə təsvir olunmuşdur. Oxucu nəfəsini dərmədən bir hadisədən digər hadisəyə keçir və əsərin sonunda bütün olayların Cücə Çaker tərəfindən Qara Şahinin anasından-atasından qalmış 30 incisinə sahib olmaq üçün planlaşdırıldığı məlum olur. Digər tərəfdən Şahinin cinayəti araşdırarkən Əcəm diyarından gələn dərviş Abdal Salman olaraq Vəzir İbrahim Paşanın sarayına qədər gedib çıxması, eləcə də Lale dövrünün ən önəmli hadisəsi Patrona Xəlil üsyanının mərkəzində olması olduqca maraq doğurur. Beləliklə, oxucu bir tərəfdən maraqlı detektiv roman oxumaqla yanaşı, eyni zamanda Lale dövründə baş vermiş tarixi hadisələri daha yaxından izləmə şansı qazanır. Əsərin digər qəhrəmanı Şahinin yaxın dostu və sirdaşı, ona qatilləri tapmaqda köməklik edən Yanık Yusufdur. Onu da qeyd etmək lazımdır ki, Yanık Yusuf və Hafız Çələbi obrazları tarixən yaşamış insanlardır və onların adına Osmanlı qaynaqlarında rast gəlmək olar.

Lalə dövrü olaraq bilinən 1718-1730-cu illər adını həmin dönəmin yaşam tərzini simvolizə edən, vəzir İbrahim Paşanın vurğunu olduğu lalə çiçəyindən almışdır. Qədim dövrlərdən türklərin bağçalarını bəzəyən lalə hər il tək gül açdığı üçün Allahın varlığını əks etdirən müqəddəs çiçək kimi hər zaman sevilib, sevgiylə qorunmuşdur. Lalə dövrü Osmanlı tarixində xüsusi əhəmiyyətə malikdir. Çünki uzun müddət Şərqə və Qərbə hökmran olan, bir-birinin ardınca möhtəşəm fəthlər edən Osmanlı bu dövrdə bir sıra önəmli torpaqlarının itirilməsi ilə birlikdə müxtəlif sahələrdə geriləməkdə olduğunun fərqinə varır. Həmin dövrdə Qərbdə bir çox sahələrdə yeniliklər əldə olunmuş, bir sıra Avropa şəhərləri mədəniyyət mərkəzinə çevrilməyə başlamışdılar. Qərblilərin inkişaf səbəblərini müşahidə etmək və onların təcrübələrindən yararlanmaq istəyən dönəmin baş vəziri Damat İbrahim Paşa bir sıra Qərb dövlətlərinə elçilər göndərir. Tezliklə Osmanlı “sərhəddi bilinməyən zövq və səfa” adlandırılan Lalə Dövrünə qədəm basmış olur ki, bu da sultanın və vəzirin sonunu hazırlayır. Patrona Xəlil üsyanı rəngarəng və möhtəşəm “lalələr” dövrünü soldurmuş olur.

İskender Pala “Katre-i matəm”də məhz bu Lalə dövrünün qaranlıq qalan tərəflərinə aydınlıq gətirmək və oxucunu yenidən Osmanlı tarixinin əzəməti və möhtəşəmliyi ilə yaddaşlarda qalan dönəminə geri döndürərək müasir Türkiyə cəmiyyəti həmin dövr arasında körpü yaratmağa çalışmışdır. Bir sıra mühüm tarixi olayların dolğunluqla əks olunduğu əsərdə bəzi hadisələrə yazıçının subyektiv münasibətinin də şahidi oluruq. Məsələn, əksər tarix kitablarında və qaynaqlarında Patrona Xəlilin zalım, qəddar və öz mənfəətini güdən biri olduğu yazılırsa, İskəndər Pala bu əsərdə əslində onu xalq arasında xüsusi hörmətə sahib olan, təmizürəkli, lakin ətrafındakı insanlar tərəfindən aldadılaraq öz əməllərinə alət etdikləri biri kimi təsvir edir.

“Katre-i matəm” əsərində lalə çiçəyinə sevgi və hörmət xüsusi yer tutur. Təsadüfi deyil ki, əsərin “qəhrəman”larından biri də “katre-i matəm” isimli lalədir. Demək olar ki, əsərin əvvəlindən sonuna qədər lalə barədə müxtəlif maraqlı məlumatlarla rastlaşırıq. Məsələn, İstanbul laləsinin ilk dəfə Sultan Süleyman zamanında Əbussuud Əfəndi tərəfindən yetişdirildiyini, bundan sonra onun bağçalardan çıxıb xalça, çini, parça, xalı, kilim kimi əşya, məscid, türbə, mədrəsə kimi memarlıq əsərlərinə bəzək olduğunu, həmçinin lalənin ilk dəfə Avropa ölkələrinə Frenk isimli bir fransız tərəfindən qaçırıldığını və avropalıların laləyə verdikləri “tülpan” isminin türklərin “tülbənd” kəlməsindən törədiyini öyrənmiş oluruq.

Əsərdə “dərkənar” başlıqlı klassik şeirlərdən ilhamlanaraq yazılan bəzi nəsr parçaları da verilmişdir ki, bu da İskender Palanın Divan ədəbiyyatı sahəsindəki biliyini və sevgisini nümayiş etdirir.

İntertekstuallıq, tarixilik və bu tarixilik anlayışının modernizmdən öncəki anlayışla uyğunlaşmaması, detektivlik və müəllifin bilinməməsi kimi xüsusiyyətlərə əsasən “Katre-i matəm”i postmodern romanın uğurlu nümunələrindən hesab etmək olar. Xüsusilə, əlyazmanı yazıya köçürənin bilinməməsinin “Müəllif ölüdür” nəzəriyyəsinə uyğunluğu postmodernist əsərlərdə müəllifin elə də önəm daşımadığı gerçəyini bir daha ortaya qoymuş olur. Əlyazmanın əvvəlində- “Girizgah” adlı bölümdə əhvalatı danışan şəxs sonda özünün kim olmasını gizli saxlayır:

- Mən kiməm?

- Bunun nə önəmi var...

Cahanxanım Seyidzadə

# 1112 dəfə oxunub

Müəllifin son yazıları

# # #