İçimizdəki ərənlik yavaş-yavaş qadınlaşmağa başlayır - Məkkənin Bakıdakı proyeksiyası

İçimizdəki ərənlik yavaş-yavaş qadınlaşmağa başlayır - Məkkənin Bakıdakı proyeksiyası
8 dekabr 2023
# 15:00

Kulis.az Elxan Zal Qaraxanlının "Torqovı sonatası" adlı yeni yazısını təqdim edir.

Peyğəmbərlərə vəhy gəlir, şairlərə ün.

Mən ünlə yazıram.

Ün çox yerdən gələ bilər - Tanrıdağdan da, Ana Kaha – Erkeneqondan da, Xəzərin sahilində doğan günəşi salamlayan mələk xorundan da, Tovuzdakı Haça qayadan da. Bizim şair ilhamımız lütv edilən səsləri eşitmək bacarığıdır.

Ün gələndə qəfil gəlir, çatar çatmaz könül qobuzunun simlərini titrədir və sən hərflərə çevirməyə çalışırsan bu səsi. Bu səslər daş bitiklərə həkk olunmuş əbədi kitabın sətirləridir. Bu səslər bizdən əvvəl də olub, bizdən sonra da olacaq. Zamanı gələndə muzalardan aldığın aldığın nə varsa, məşəqqətlər və sevgi iztirabları qol-boyun olduğun anlarda yazdığın nə varsa, yenə də qayıdıb əbədi kitabda qalacaq.

Tanrıya xoş olan bir gözəl anda, könül anteninə qonaq gəlir ün. Mələk xorunun oxuduğu əbədi nəğmələr hər səhər mesaj tək paylanır könüllər saytında. Eştuqlar eşidir, köngüllər həzm edir.

Ay Atam və Ay Ava1 xəlq olunandan bəri onlara ün eşitmək bacarığı da verildi Qızıl Almalı bağda. Əbədi kitabda ən sirli qatlardan qanatlı atlarda muzalar busəsi gətirdi bu səsi.

Sevginin, savaşın əbədi kitabı, dad verdi ruhuna xəlq olan insanın. İnsanlıq bu dadla yaşadı, sevgi də, savaş da həmişə qoşadı. Hərəkətin nizamı var olmaq üçün verilib bu savaş. Bu savaş bitəndə qiyamət gələcək...

Biz sevdik, savaşdıq, savaşdıq və sevdik, duamız rəng verdi göylərə. Göylərdən gələn ün göylərə qayıtdı, torpaqdan gələn ün torpağa çevrildi səninlə.
Ün gəldi, biz sevdik, biz sevdik ün gəldi. Sevdikcə savaşdıq, savaşıb yol açdıq yaranış eşqinin sirrinə.

Var olmaq alın yazımızdır, Sevgi savaşımızdır, şairlik muradımız, şeir könül yazımız.

Bu səhər, bu şəhər, bu kəhər! Xəzərin sehrində rəqs edir nəğmələr, üfüqün köşkündə atəşdə qovrulan qan çalası, Taissanın balası səni salamlayır Qız qalası. Vəcdinin sehrində uçuşan şairlər kitaba həkk etmək istəyir bu anı. Xan Günəş Dan üzü və Qürub yaşamın eşqinə axıdır bu qanı, mərhəmətini bizdən əsirgəmə Mehri Banu2!

Ün gəlir, yazırıq, yazırıq ün gəlir, Xəzərin sehrində hər səhər uyqudan oyanan bu şəhər göy kəhər eşqində ümidlər qurarkən, dalğalar ritmində rəqs edir nəğmələr.

Nəğmələr sonsuzdur, tanrı tək, insan var olduqca bu ün də gələcək...


atəşgahlı anılarda,
canımı qurudub Şumer.
ilahə Taissa, nolar,
düşüncəmə bir az su ver.

daşlar dirənib divara,
bəkləyiş bazarı bazalt.
gərginliyə tabın yoxsa,
yükünü əlli volt azalt.

ruzgarın vinti fırlanır,
mən isti istəmirəm, hu!
televizyon güzgüsündə,
at oynadır rəngli yuxu.

məni anılar dağlayır,
gözlər baxır qart yazıdan.
Taissanın duasıdır,
ruhumuzu ayazıdan.

dərd gələndə tankla gəlir,
kəhərim dəmir qaşqadır.
Göy Tanrının səltənəti,
bambaşqadır, bambaşqadır.

Xalq arasında “Torqovı” adıyla məşhur olan Nizami caddəsi Bakının ən ecazkar küçəsidir, bura sevgi ilahəsinin hökmündədir. Burada hər yanda seviş iyi var, burada bütün görüntülər könül rəngindədir. Xüsusən də gündüz saatlarında. Amma indi gecədir, binaların sinəsində almaz kolye kimi parıldayan reklam işıqları, beton cəngəlliyə bənzər şəhərin üstünə çökmüş qaranlığın zəhmli vahiməsində ürkək ahu kimi görünür.

bura nə Paris deyil, nə Sidney,
bura heç Dakar da deyil.
adam nə iş tapa bilir özünə,
nə də ki, bikar deyil.

reklamların işıqları,
rəngli kombinizon geyir.
urussayaq akkardeon
gələnlərə bonjur deyir.

sel kimi axır izdiham,
meydan top model sərqisi,
qonub eşqli dodaqlara,
boyalı reklam şərqisi.

daş cəngəllik səhnəsində,
rejissorsuz bir teatr.
bura bizim Brodveyimiz,
bura bizim Monmartr.

Mən reklam işıqlarının və ulduz yağışının səssiz musiqisi altında dənizə doğru addımlayıram. Orada yovşan qağayıların yakamoz parıltısında dalqa rəqslərini seyr edəcəm. Atəşgahlı anılarda Ötükən havalarını yaşadan Bakının ruhu, böyük Xəzər xaqanlığının mistik ritmlərini qağayı nəğməsi şəklində yaşadan bu dənizdən əsrlərlə güc alıb. Mən doğma sahillərdə anamız Umayin şəninə səssiz himnlər oxuyan qağayılara doğru gedirəm. Yazıçı dostum Elçin Hüseynbəylinin yovşan qağayılarına. Onların uçuşlarında bir kauçuk ləngəri var.

gecənin gözləri
açılar, yumular.
ehsaslı küləyin,
saçları qum olar.

vitrinə sıxılıb,
məxfilik gümanı.
havadan rəng çəkir,
ağ neon dumanı.

duyğusuz daşların
kəlləsi keramit.
üfüqün narını
dərməyə yox ümid.

dalğalar qaradı,
buludlar ağ ayı.
sükutun gözünə,
tük tökür qağayı.

hayana baxırsan,
kauçuk ləngəri.
məhəbbət cənginin
qurtarmaz səngəri.

Mən çöllər oğluyam, burnumda həmişə yovşan qoxusu var, düşüncəm isə qağayı kimi uçunur. Mən yovşan iyini çox sevirəm, mənə elə gəlir ki, bu qoxu həmişə mənimlə olub. Bəlkə də hansı babamsa (bəlkə də nənəm) yovşan kolunun üstündə bətnə düşüb. Bu qoxu Bakıda neft iyinə qarışsa da, Turan çöllərindən Qızıl Alma sevdasını yelli dalğa atları belində gətirən xəzri, içimizə yovşan qoxulu bir sərinlik çiləyir. Və həsrətin gil kitabları düşüncələrimizdəki unutqanlıq yanğılarını lövhələr üzərinə çiviləyir, içimizdəki yovşan qoxusu duzlu dəniz tamına qarışır.

Turan çöllərindən gəmilər gəlir,
baku baxışlardan boylanır Bakı,
kitabı gilləşən cəng səsi yatmış,
dalğa atlarının kişnərtisində.

gözləmə gözəldi, gözlənən olsa,
dumanlı duyğular yanğı nallayır,
baku baxışların mamırlığında,
qıpçaq təbəssümlü maral otlayır.

daynıb gövşəyir gəmi karvanı,
ağ keçə üstündə ağnayır liman,
bozqır həsrətinin sərhədlərini,
kömrük tamğasıyla bağlayamazsan.

dalğalar sahilə baxır, dikməmə,
ötələr, Ötükən civarındadır.
badam baxışıyla can yaxan bikə,
qımız duyğuları köpükləndirir.

otel balkonundan alaçıq baxır,
bikə barmaqları isti və narın,
bozqır həsrətinin gil kitabları,
köksünə yazılıb ər oğlanların.

Biz bozqır millətiyik və bir Allah bilir, neçə nəslimiz yovşan kolunun ovsunlu qoxusuyla mayalanıb. Neçə dünya fatehi, toxumu göydən göndərilən bu sirli kolların üstündə dünyaya gəlib. Belə bir misra düşünürəm: «Göy səma altında, yovşan üstündə, bir vaxt bətnə düşüb şanlı Atilla». Fəqət indi Atillalar doğulmur, çünki adamlar yovşan iyini unudublar, indi düşüncələr də qağayı uçuşlu deyil. Üç tərəfi bozqır olsa da, indi Bakıda bozqır havası duyulmur. İçimizdəki ərənlik duyğusu oturaqlığın vecsizliyində yavaş-yavaş qadınlaşmağa başlayır. Qədim zamanlarda seviş ilahələri həm də savaşı himayə edərdilər, yəni seviş və savaş bir-birini tamamlayan iki kateqoriyaydı.

ərənlik duyğusu qadınlaşmada

nə dəvə karvanı, nə at ilxısı,
nə nərə səsləri döymür qapımı.
bənd olub çarpayı döşəklərinə,
get gedə boşalır sümüklərimiz.

bu ayrı zamandır, sürətli və lırt,
ərənlik duyğusu qadınlaşmada.
döyüş yanğısını siqaret yeyir,
oturmaq azarı qabar bağlayıb.

məni darıxdırır bu kənd, bu bina,
mənə kəhər verin at istəyirəm.
mən ad istəyirəm, ad istəyirəm,
sərhədsiz çöllərin cəng meydanında!

beton vahimələr cəngəllikləşib,
göydələn binalar dev qəsrləri,
qadınlar məhəbbət həsrətindədir,
erkək gözlərindən geylər göyərir.

çilə işığını ilahə anam,
oyat öz içində yatan erkəyi.
yaşamın yaşılı sevişimizdir,
səngimək bilməyən savaşımız var.

Bakı oturaqlığın ətalətindən lırtlaşıb, o çox həvəssiz və yorğundur. Neft pullarının törətdiyi hərəkət və qalxınma görüntüsü tamam parıltısızdır, çünki bu hərəkətin mayasında yovşan qoxusu yoxdur. Yovşan iyi çatmır bu şəhərdə, qağayılı düşüncə çatmır. Mən sahilə doğru gedirəm – yovşan qağayıların uçuşuna baxmağa. Onlar da yovşan iyi kimi dopdoğmadı, dopdoğma. Və bir yağma həvəsi keçir könlümdən.
yağma həvəsi

göy dağlardan köç gələndə,
burax məni yorğun şəhər,
arabamın yedəyində,
yorğa günün tüstüsü var.
daş binalar kurqan kimi,
yolların sinəsi yağır,
supermarket vitrinindən,
yal oynadan ayğır baxır.
sahil parkı, əski şarkı,
ilxıların kişnərtisi dalğalarda,
göy altında türk hamamı boyda dəniz,
su qızları ölən günü çimizdirir.
arabamın yedəyində
yorğa günün tüstüsü var,
harın polis baxışları
həvəsimi çidarlamaz.
burax məni yorğun şəhər,
köçəriyə sınır olmaz.
yovşanların kövrək duşu,
ya yalqız berkut uçuşu,
yaddaşımın tozlu küncündə yatır,
yarağını götür, yağmaya gedək, bahadır.

Nigar Rəfibəyli və Rəsul Rza küçələrinin qovuşduğu nöqtədə, düz Xaqani Ticarət Mərkəzinin qənşərində var olan bir məkanda, buradan didərgin salınmış rəssamların özləriylə apardığı xoş bir bir ovqatın rənglərini düşünərkən, mavi donlu, saçları kare, ləbləri püre bir muza ün gətirdi mənə. Heç bilmirəm bu rəssamları buradan niyə yığışdırdılar, rəsm lövhələri Arbatda, Brodveydə, Monmartrda olduğu kimi, lirik bir ovqat gətitirirdi bu məkana. İndi quru divarlara baxa-baxa darıxmağa başlayıram.

yel yatıb, yelkən oynamır,
hava yorğa yerişlidir.
darıxmalı dəqiqələr,
üç yüz altmış girişlidir.

göyün gizli qapıları,
açılır duadan sonra.
düşüncəmin uçuşunu,
asan eylə, ey Amon-Ra.

həvəs gizlənib qəsrində,
İzida isitmir qınağı.
gəzinmələr caddəsini,
döyür baxış mancanağı.

sinələr Xeops ehramı,
nəfs evi olsa da səhra,
azdırmalar ilanını,
dişlərinlə sıxıb doğra.

üzünü görünməzliyə aç,
nəfsinin bağla pultunu.
tanriçaların gənəşi,
bəlkə silə insultunu.

İndi beynimdə məmur qabiliyyətsizliyinin bu yerin aurasından sildiyi rənglərin pıçıltılarının dolaşdığı bir andı. Və gözəlim muza qənşərimdə dayandı. Duyğular qasidi, bir əşar busəsi – bu sözü, bu səsi O verdi, mən aldım. Könlümdə bir qərib və qədim təranə ücaldı. Mən yanımdan sel kimi axım gedən izdihama baxıram, hər yan sanki geysilər salonu ya moda paradır, bəxtiyar baxışlarda sevgi ritmləri oynayır, axı bura sevgi ilahəsinin hökmündədədir. Sevdalı baxışların cazibəsinin hərarətindəən əriyib muma dönən bu oğlanlar bir öpüş duasından sonra Garabağ fatehlərinə çevrldilər.

alef. bet. ra
nə Dao müdrikinin eşq eleksiri, nə Kamasutra,
nə Çolpan oğlu Erosun atdığı ox,
duyğulara sığal verməç bundan çox.
bu plazma toxunmaları,
bu ultrabənövşəyi baxışlar,
ayrı dünyadandı bəlkə,
bəlkə də biz ayrı dünyadanıq?
küçədə, metroda,
ya Elton Conun konsertində,
qızmar çimərlikdə, kondissionerli “cip“də,
hər yerdə bu toxunma, hər yerdə bu baxış...
gözlərini yum, əlimdən yapış,
fikrini süpürgə üstündə uçurt,
duyğularını sfinksə mindir.
sevgi özü bir ayrı dindir!
hər yanda ovsun və sehr,
nə olar, mənə bir öpüş duası ver.

Sentyabr sıcağında addım-addım gəzinmələr həvəsinə doğru irəliləyən insan selinin baxış təbəssümü çox sönük görünür. Dünyanı çulğalayan koronavirus salğını öz hüzn möhürünü Bakı küçələrinə də vurub. Adamların yerişində əvvəlki əda yoxdur. Bakılılar az qala yankilərin sındırdığı Belqrad əhalisinə bənzəməyə başlayıb. Amma yenə də... həyat qaynayır, həyat davam edir. Adamlar ən hüznlü anda belə özlərinə bir bəxtiyarlıq hücrəsi yapmağa çalışırlar.

əlif. lam. mim
izdihamlı bulvarın gəzintisi səpsərin,
adamlara mərhaba və dənizə afərin.
müştəri çağırır kafelər və köşklər.
indi bahardı,
hər yanda zınqırov çalır çiçəklər,
bizi bəklər sahil parkındakı bir künc.
dinc və sakit bir zamanda,
səninlə qolqola getmək pək eyi,
əyninə ən sevimli paltarını geyib,
camaata göstərmək adəti
Nuh əyyamından qalmışdır,
indi bulvar rəngarəng geysilər salonu,
ya moda paradıdır,
biz hamımiz top modelik bu anlamda.
deyirəm dənizin oynaq ritmi altında
bəlkə hamımız soyunaq?
onsuz da bu geysilərin hamısı
soyunmalar üçün geyilir.
nə bilim vallah,
bu məqamı yəqin belə yazıb Allah.
Allah bilən məsləhətdir.

İndi mənim dayandığım nöqtə bəxtiyarlıq hücrəsinə və sevgi fontanına açılan bir yolun girişidir. Bura muzaların busəsindən tamsınmış iki sevdalı insanın maddi dünyada qovuşa biləcəkləri mistik bir nöqtədir. Sevgilər fontanına gedən yoldur.
Sevgilər fontanı sevgilərdən doğar...
Dan tanrısı hər səhər şam yandırır sevgi fontanının şəninə.

qara gecə, qəmli dəniz,
ağlar söyüd hıçqırığı.
su üstündə rəqs eləyir,
yarpaqların qışqırığı.

dalğaların zümzüməsi,
həsrət dərir sini-sini.
xatirələr yırğalayır,
xoş günlərin nənnisini.

yel yelləyən üfüqlərdə,
nə gəmi var, nə kapitan.
tamaşaçı dəqiqələr,
çıxıb gedir ard qapıdan.

göy üzünə su qaldırır,
fontanların ən şuluğu.
bir az öpüş tamı verir,
yaş havanın turşuluğu.

şam yandırır dan tanrısı,
tüklücə palmadır duam.
gözlərimə girir Nargin,
gözdən uzaqdadır Quam.


Hələlik isə fontanlar çağlamır. Adamların bənizləri azcana hüznlüdür. Nigar Rəfibəyli 24-də, bir zaman Bakının rənglərindən doğulan saqqallı və saqqalsız rəssamların rəngarəng rəsmlərinin yaratdığı xoş əhval aurasından əsər - əlamət qalmayıb. Dollar yaşılından başqa rəng tanımayan rəngsiz məmurlar buranı da rəngsizləşdirdilər. Yaşatdığımız anlar kenquru həvəsi ilə hoppanışırlar.

günəşdən doymasa səhra bozarmaz,
işığın içində tap qaranlığı.
dəvə gövşəyində əzilir sükut,
küləyin səsində söz dilimlənir.

sakit qafalarda həzin müzik var,
rahatsız saatlar hay-küyə pərçim.
iş-güc olmayanda vaxtın leşini,
armudu stəkanla sökür yalquzaq.

göyə buynuz atan evlər evkalipt,
kenquru həvəsli anlar hoppanır.
izdiham takt tutur dalğa ritminə,
kütlə danışanda söz də quruşdu.

uçaqlar ardınca yel qovur səma,
yalını oynadır avtomobillər.
gəzişmə həvəsi at iyindədir,
madyan macəralar kəmənd istəyir.

işlər pleybeyvari, binalar kübar,
ömür teatrosu bürkülü boxca.
həzrəti biznesin saksaulları
bütün girişləri kölgələyiblər.

dəblər sərgilənib fontan bağında,
ağ maya qızların göbəyi üryan,
sevdalı duyğular yatırım yığır,
baxışlar xərcləyir kredit kartını.

yosma dalğaların çalısı çılğın,
qayğılar qumunda ağnayır şəhər,
izdiham takt tutur dalğa ritminə,
küləyin səsində söz dilimlənir.

Yüz ilin şahidi bu dilsiz binalar gələnə - gedənə bulanıq baxırlar.
Hər tərəf dükandır, LEDİ ŞARM, MADAME COCO, Bakını basdırmış əcnəbi adlar, təzə səslər sorağında radar qoşmuş qulaqlara həkk olunan soyadlar.
Önümdəki parkın girişində tənha palma dayanıb, bəlkə də dim-dik durub desəm daha düz olar. Bir vaxtlar mən ona qılaflı palma deyirdim, çünki qışda qılafa salırdılar, üşüməsin deyə. Ayını əhliləşdirən insan palmanı da əhliləşdirər. Bu palma da qılafa girə-girə əhliləşdi. Amma görkəmini itirdi. Başında bir-iki yarpaq qalıb, lap çılpaq zənci repçilərinə bənzəyir. Yəqin belə düşünürlər ki, LEDİ ŞARM, MADAME COCO Torqovıya Paris ovqatı gətirirsə, palma da Məkkənin ovqatını gətirəcək. Orada, qabaqda kilsə var, o biri tərəfdə sinaqoq. Palma da bir növ məscid proyeksiyasıdır. Bu düşüncəylə palmanı keçib parka girirəm.

biz yaddaşı axtalanan bir nəsilik,
bizim yaddaş teleskopu çilik-çilik,
qıyma-qıyma ovxalandı.
Umay anam, Alp Ər Tonqa,
yad Konqodan daha yaddı,
içimizdə yalanlardan banan bitib dadlı-dadlı.
yoxsa,
Missisipidən gəlmiş bir hippi,
öyrətdi bizə tibbi?
bürküdür qardaş, bürkü,
bürküyə düşən kimi, tərsinə geydik kürkü.
xəyal geniş, dünya dar,
Parisin xanımları, Şirazın güllüyü var.
girmək üçün güllüyə, baş vururuq küllüyə.
hardasan, atam Qazan,
hardasan, ay Qaraca?
yadlardan qorxumuz yox,
bizi doğmalarımızın soyuqluğu qıracaq.

Sol tərəfimdə işsiz dayanmış fontan qəfil işə düşür. Bakı meriyası da mənim kimi yəqin ilhamla işləyir, nə vaxt gələndə o vaxt tutuzdurur. Fontanın yanında iki uşağıyla dayanmış cins şalvarlı qadın fontanın qəfil oyanışından diksinir. Mən bu fontana hələ ad qoymamışam, hələlik adsız fontan deyək. Ad qoyma məsələsi Bakı meriyasının zəif yerdir. Mən bilən onlar pullu idarədir, bir az baş işlətsələr, bir mini Dədə Qorqud tapa bilərlər ad qoyma üçün. Bəlkə də, bunlar düz eləyirlər, yer adlarıdı, dükan adlarıdı, kafe, bar.. nə bilim, daha nələri bir başa xaricdən icrac eləyirlər, daha öz müdrik başlarını nəyə görə işlətməlidirlər ki?

dan üzünün qəzəli

zanbaq gülüşünə bənzəyir
almaların qış yuxusu,
quşların səhər nəğməsinin niyyəti,
zəncinin dişlərindən bəyazdı.
pişiksiz bir təbəssümdür
mənasız adamın ömrü.
kefli şairlər,
tox dəvənin gülüşü kimidir.
(dalğalar kökləyir udunu,
külək üfüqə çəkir yovşan dadını.)

göylüyə həsrət səhranın
səhər zümzüməsində,
çimməyi çox xoşlayır
çılpaq qadın bədəni,
qanqalsiz sığalların xiffəti dözülməz olur.
səhər yeli dağıtmasa
qara-qara deşiklərdən
yerə hopmuş ağırlığı,
ən yüyürək öpüşlər də,
yanğılara məlhəm deyil.
günəş, tavada qızaran yumurta sarısıdır,
günəş, ağıların yağına bürünüb qovrulur.
böyük bir yolçuluğa başlayır dan üzü,
və ən böyük yolçuluq həsrətin gözləyişidir.
(günəş gedir aramağa itirdiyi qadını,
külək üfüqə çəkir yovşan dadını).

fəvvarə sükutunda,
səsini axtaran
lal bir uşaq,
bir yaz günü,
dönmək istəyir ayıdöşəyi çiçəyinə.
göy üzünə qarmaq atan dəlilərin
tutduqları balıqlar,
pul paylayır,
sevda meşələrində
səhəri yuxusuz açanlara.
Araqlı-qımizlı hava,
ilahə bənizli hava,
gəlir sındıra sındıra,
adamı tamsındıra-tamsındıra,
yayxınır üfüqlərin mələfəsinə.
(mələklər çevirir qum saatını,
günəş üfüqə çəkir yovşan dadını).

Nə isə... düşüncələrimə qoşulub gedirəm. Bura, Nigar Rəfibəyli küçəsində bir adsız parkdı. İçində yolqalar da var, palmalar da. Bu şam ağaclarını bir yolluq kəssələr adını “Palma parkı” qoyardıq. Gözəlim muza belə bir şeir xatırladır:

Yoluna yavuz baxar dəniz,
Palma parkı geyər kəfən.
Gülüşün otelə dönməz,
Izini öpüncə qumsal.

Amma burada qumsal yoxdur. Yerə əlvan daşlar döşəyiblər, mozaika yaradıblar. Yəqin belədə oturacaqda əyləşib iştahla dönər yeyən qadının əhvalı daha mozaikalı və musiqili olar. Sentyabr bürküsündə sevginin dadını çıxaran gənc oğlan və qız palma kölgəsinə sığınıblar. Bəlkə də, bu anda beyinlərindən keçir ki,” bu palmanın yerinə bir çinar ağacı olsaydı, kefimizin madyanları dördnala çapardı”. Amma indiki halda, palmanın altında oturub, çinarı abstrakt təsəvvür eləməyə məhkumdular. Bəzən düşüncə sərinliyi palma sərinliyindən daha praktik ola bilir. Sevgi məsələlərində ən əsası bir yerdə olmaqdır. Necə deyərlər, “biz biriksə, dünya bizə kiçikdir”.

bu nəğmə oxunub qurtaran deyil,
çılpaq axşamların gözündə yaş var.
yaşanmış günlərin kirimiş neyi,
bir Aylı gеcədə təzədən çalar.

təzədən açılar arzu mücrümüz,
yenə at оynadar şıltaq bəstələr.
könül otelində sevda hücrəmiz,
təzə tərəvətlə bizi məst elər.

bu sevda qurtarmaz, vallah, qurtarmaz,
arzu da, istək də löyün-löyündür.
cismimiz qalsa da torpağa muraz,
işıqlı ruhumuz yalnız göyündü.

çünki istəyimiz azalan deyil,
daim təzələnir hər rəng, hər çalar,
yaşanmış günlərin kirimiş neyi,
bir mavi gecədə təzədən çalar.


...Qabaqda Nizami Gəncəvinin heykəli var, muzeyin divarlarından baxan bir dəstə şair isə ustadın hüzurunda poz verirlər. Bu məkan Nizaminin səltənətidir, amma hökmündə yalnız bircə muzey qalıb.
Həzrəti biznesin saksaulları qalan yerləri kölgələyiblər.
Qayğılar qumunda ağnayan şəhər, dollar yaşılının ritminə takt tutmağa məhkumdur.
Misterlər və müsyolar üstümüzə dollar yaşılı ilə gəlirlər.
Hucum var üstümüzə, hər tərəfdən hucum var.
Çox şeyə şahiddir bu divarlar, bu qala divarları...

Qara damlardan sökülən
Qaranlığa ün qarışıq.
Qar tökülür qarğaların
Qarıltılı qarasına.

Qərənfillər qan qoxuyur,
Qırlı yollar qançır-qançır.
Qara çaxır havasına
Qeyrət qanı qımıldanır.

Qənddən qatı çaxırda da,
Azcana qımız tamı var.
Ən oturaq binalar da,
Eşələsən köçəridir.

Məsçidlərin qübbəsində
Yatır iskit dəbilqəsi.
Qəmli azan qılıncları
Qaysaqları qurdalayır.

Qaraqumun qum saatı
Qram-qram süzür vaxtı.
Qaraqorum boylarında,
Qara kəllər qaşqalaşır.

Qız qalası qar kürkündə,
Qart yazılar daş qaşıyır.
Qeyrətimin hərb qılıncı
Yatıb Qala qapısında.

Bir vaxtlar, burda, palma parkında Nizaminin Yeddi gözəlinə bir abidə quraşdırmışdılar. Sasani sarayının yeddi məlayikəsinin daş baxışları, öz qədim ehtiraslarını, qarşılarında çağlayan fontanın sərin sularında soyudardılar.
Ehtiras və suyun doğurduğu enerji öz ətrafına çoxlu gənc toplayardı. Bu sevginin hələ öz əsrarını qoruduğu zamanlarıydı.
Biz sevmək üçün yaşayır, yaşamaq üçün sevirik. Sevda yanğılarından mənalı bir şey varmı insanın yaşamında?
Duyğularımıza yanğılardan yana yasa vermişmi Tanrı?

hər səni düşünəndə duyuram sonsuzluğu,
hər sənə toxunanda əbədiyyət görünür.
yakamoz sayrışdıran sevgi okeanının,
sahilində qumlara yazıram mən adını.

hər dəfə yatağımdan qalxıram günəşsayaq,
hər gün doğulmayan eşq öləziyən işıqdır.
sən eşqin səmasında gəzmə bir ayrı məna,

heç bir şey gərək geyil eşqə eşqdən savayı.

Sənin könlündəki sevda dəni yanğı dəyirmanında üyüdülür, seviş sobasında bişir və sən sevgidən bişirilən bu çörəkdən tamsına – tamsına Sevgi Fontanına doğru gedirsən. Həyatının ən şirin anlarını xatırlayırsan.

bir aylı gecədə, mavi gecədə,
biz gözəl və cavan idik necə də.

arzu baxçamızda azanda nəsrin,
gəçib dolaşardıq nağıllı qəsri.

sevda mələkləri səpəndə çiçək,
deyirdik çiçəkdən yelpik düzəldək.

ömrümüz elə bil dadlı yuxuydu,
bizim dünyamızda nələr yoxuydu.

sevda uçuşları, ulduz hörgüsü,
bəstəçi quşların sonsuz türküsü.

nəsrin uyğusunda şirinləşən dad,
növbəti nağılı qoşan Şəhrizad,

bizə həmdəmiydi, bizə yarıydı,
necə yaşamalı günlər varıydı.

bu da bir ömürdü, növbəsi bitdi,
hər şey bada getdi, hər şey yan ötdü.

ümüdlər dağılıb döndülər heçə,
ah, mavi səadət və aylı gecə.


Sonra da arzularının toranını aydınlatmaq üçün cibindən çıxarıb qəpik atırsan hovuzdakı sulara, sevda ilahəsinə nəzir atırsan ki, sevginin fontanı daha da çağlasın. Sonra da sevgi duaları doldurur içini.
Mən Şeyx Nizami səltənəti hövzəsində böyük sevgilər barədə düşünürəm. Beynimdə misralar yaranır, yanımda Muzam da var. Qaraxanlı Talıbın və Taissanın oğlu tovuzlu Elxan Zal yeni Bakının nəğmələrini belə yaradır:

Serapis məbədində,
Apis öküçünün buynyzları arasından
doğan günəşin istisindən,
timsahların göz yaşından, İştarın ulduzundan,
Xəzərin duzlu tamından və yovşan iyindən
doğulan bu şəhər,
göydələn binaların əjdaha görkəmində,
striptizçi reklam vitrinlərində,
İçərişəhərin əyrim-üyrüm küçələrində
dolaşdırıb teatroya gətirdi bizi.
bu lampa, bu işıqlar,
Mark Antoni və Kleopatra,
Efesdəki hücrə, Təbrizdəki karvansara,
Las-Veqasdakı kazino və
Kaşqardakı perqament kimi bizə doğma və tanışdır,
bəlkə də səhnədəkilər bizim yaşadıqlarımızı oynayır,
çunki biz, o vaxt da olmuşuq, indi də varıq,
biz qiyamətdən sonra da olacağıq.
nə zamansa, görüşmək üçün,
cənnətlə cəhənnəm arasında lağım atacağıq.
and olsun doğan günəşə,
and olsun mələk xoruna,
qurban qanına and olsun!!!

# 1537 dəfə oxunub

Müəllifin son yazıları

# # #