Hüseyn baba calağı tutmayan tinglərin öldüyünü görəndə... - Nuray Nəzərova

Hüseyn baba calağı tutmayan tinglərin öldüyünü görəndə... - Nuray Nəzərova
29 iyul 2024
# 18:05

Kulis.az Nuray Nəzərovanın "Köhnə dostla görüş – Naxçıvan incisi, Nalbənd ağacı" yazısını təqdim edir.

Onunla tanış olanda hələ balaca idim. Yayın ən qızmar çağında olsa belə, kölgəsində oturmağı sevirdim. Evimizin yaxınlığındakı parkda idi. Hələ o zaman mənə dedilər ki, kölgəsini sevdiyin bu ağacın 100-dən artıq yaşı var. Nənəmin dediyinə görə, atam da sevirmiş bu ağacın kölgəsində oturmağı.

Həmişə özümdən soruşurdum, görən, məni bu ağaca bağlayan nə idi? Görünüşü, yarpaqlarının rəngi, günəşin isti şüalarından budaqları arasında gizlənən sərçələrin civiltisi?

Bir müddət sonra dərslərim, böyüyüb universitetə hazırlaşmağım, universitet və ardınca da iş həyatı zaman-zaman bu ağacın kölgəsində oturmaq adətini unutdurmuşdu mənə. Lakin illər keçdikcə onun sevdiyim kölgəsinə qısılmağa ehtiyacım olduğunu anladım və səhər yürüyüşlərimin birində köhnə dostumun qonağı oldum.

Ona qonaq gəldiyimdə son dəfə kölgəsinə qısılan balaca qızcığaz deyildim artıq, köhnə dost yenə də məni sevə-sevə, gülər üzlə qarşıladı. Artıq dostumun adını da bilirdim. Adı Nalbənd ağacı imiş. Bizdə - Naxçıvanda el arasında bəzi nənələr, babalar dilə yatqın olsun deyə, adına Narbənd də deyirlər.

Bu ağac müqəddəs hesab edilirmiş bizim eldə. Rəvayətə görə, əsrlər əvvəl “Peyğəmbər kölgəsində yatıb”mış budaqları sıx-sıx olan gözəlin. Arzusu, diləyi olan gənc qızlar o zamandan sonra rəngli parça bağlayırlarmış budaqlarına, diləklərinə çatmaq üçün.

Öyrəndim ki, bu sevimli gözəlin çoxalması vegetativ yolla mümkünmüş, qaraağac tinginə qələm calaq etməklə çoxalırmış. Gülçiçəklər dəstəsinin, qaraağackimilər fəsiləsinin qaraağac cinsinə aidmiş. Digər dekorativ ağaclara görə yarpaqları daha yaşıl, daha hamar və daha parlaq olur.

Balaca olanda mənə o qədər nəhəng görünürdü ki, sevimli Nalbəndin sıx budaqları yerlə-göyü birləşdirirdi. Sanki ən son budağına qalxa bilsəm, buludlarla əl verib görüşəcəkdim. Lakin indi həqiqəti bilirəm. Sən demə, boyu 18-20 metr hündürlüyündə, nəhəng görünən gövdəsinin diametri isə 60-sm-ə çatır. Onun bu qədər nəhəng görünməsinin səbəbi mənim boyumun yaşıma görə çox balaca olmasında imiş.

Oxucular üçün Nalbənd haqqında məlumatlara baxdığım zaman öyrəndim ki, 1982-ci ildə akademik Həsən Əliyev “Həyəcan təbili” kitabında Nalbəndin soyunun tükənməkdə olduğunu yazır. Hətta məhşur şair Əliağa Kürçaylı bu hadisəni ürək ağrısı ilə qələmə alaraq, belə bir şeir yazır:

Bəs nədən adını qoyublar nalbənd,

Deyirlər kəsilir nəslin ilbəil.

Nə calaq götürür, nə də ki, peyvənd,

O nə toxum verir, nə də ki, şitil.

Təbiət sevən Hüseyn baba (Şərur rayon Mahmudkənd sakini Hüseyn Əliyev, hazırda rəhmətə gedib) qollarını çırmalayıb, itib getməsin deyə, bu təbiət gözəlinin nəslini necə artırmaq olar deyə əl-ayağa düşür və tapır. O zamandan sonra Nalbəndin bəxti gətirir. Hüseyn baba qaraağac qoluna calaq etmək üsulu ilə Nalbənd tingi ərsəyə gətirir. Onalara yaxşı qulluq edib, öz övladları kimi baxır, beləliklə, Nalbənd nəsli kəsilmək qorxusundan azad olur.

Həmyerlim şair Vaqif Məmmədov Əliağa Kürçaylıya ünvanladığı “Şair, gözün aydın” şeirində bu məqamı xüsusi vurğulayır:

İstədim deyəm ki, gözlərin aydın,

Şərurda Nalbəndin nəsli kəsilmir.

Bəlkə də, bu sirri ellərə yaydın

Bəlkə, bu hikməti çoxları bilmir.

Bir qoca yaşayır Şərur elində

Qəlbi saz, ağsaqqal kişidir bilin.

Qayçısı, bıçağı hər vaxt əlində,

Nalbənd peyvəndləmək işidir, bilin.

Onu da deyim ki, bizdə el arasında Hüseyn babaya “Nalbənd Hüseyn” deyərmişlər. Belə ki, Hüseyn baba Nalbənd tinglərini böyüdür və təkcə Naxçıvana deyil, Azərbaycanın Abşeron, Gəncə, Sumqayıt və digər bölgələrinə yayılması üçün göndərirmiş. Bu işdə təbiət aşiqi Hüseyn babaya oğlu İskəndər və nəvəsi Fərhad yaxından köməklik edirmişlər. Qaraağac bitkisi kök və kötük pöhrələri ilə artığından, Hüseyn baba Nalbənd yetişdirmək üçün kök pöhrələrindən əmələ gələn cavan qaraağac tinglərini bir sahədə əkməklə cırlardan ibarət tinglər yaradır. Yazdan başlayaraq yaya qədər formalaşmış yeni zoğlarında əmələ gələn qoltuq tumurcuqları ilə iyul ayı ərzində qaraağacın cır tingləri üzərində göz calağı aparır.

Erkən yazda isə qaraağacın cır tinglərinə qələm calağı etməklə də Nalbənd ağacının nəslini artırmaq səyi boşuna getmir. Calaq edilmiş tinglərə sonradan qulluq edilməklə həm düzgün forma verir, həm də görünüşünün şar şəkilli olması üçün yer səthindən 1.7-2 metr hündürlükdə ştamplar quraraq, gələcəkdə budaqlanıb kölgə verməsi üçün şərait yaradır.

Hazırda istirahət etdiyimiz, günəşin zərərli şüalarından qaçaraq kölgəsinə sığındığımız Nalbənd ağacları 40-50 il əvvəl Hüseyn babanın əkib-becərdiyi, övladı kimi baxıb yetişdirdiyi kiçik nalbənd tingləridir. Deyilənə görə, Hüseyn baba calağı tutmayan tinglərin öldüyünü görüb ağlarmış. Lakin istəyi və əzmindən imtina etməyərək neçə-neçə nalbənd ağacını bizə yadigar qoyub getməyi unutmur.

Bir az söhbət edib, gözəl dostumun 100 ildən artıq ömründə nə görüb, nə eşitdiyini soruşdum. Sevimli dostum nalbəndin dediyinə görə, Hüseyn babadan sonra parka istirahət etmək üçün gələn bütün Naxçıvan sakinləri onun qayğısına qalıb. Dibini tez-tez yumşaldıb, kökünü böcəklər yeməsin deyə dərman verib, yayın isti günlərində də su verməyi unutmayıblar.

Onu da vurğulayım ki, 300 il yaşayan nalbənd susuzluğa davamlı bitkidir. Dekorativ ağaclar arasında istiyə davamlılığı, torpağa az tələbkarlığı ilə seçilir. Elə buna görə də, ta qədim zamanlardan budaqları sıx olduğundan yağış, külək, günəş keçirməzmiş. Atlara nal vuran nalbəndlər işlərini bu ağacın kögəsində görərmişlər. Nalbənd adı da bu Naxçıvan gözəlinə elə oradan yadigar qalıb.

Bir az zaman keçirib, xəyallarımı və arzularımı dostumla bölüşdükdən sonra yanından ayrıldım. Naxçıvan gözəlinə əlvida demək çətindir. Ona görə də, mütləq görüşünə yenidən gələcəyəm deyib, vidalaşdım.

# 936 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #