Kulis.az Asif Rüstəmlinin "Cəmo bəy Cəbrayılbəyli: Həyatı və bədii yaradıcılığı" kitabı haqqında filologiya üzrə fəlsəfə doktoru Ədalət Tahirzadənin yazısını təqdim edir.
Bu yazıda məqsədim kitabı təhlil etmək yox, əsərdəki iki məqama diqqəti yönəltməkdir.
Birincisi budur ki, Azərbaycan toplumu bir zamanlar xalqımızın ən irəlidə gedən müəllimlərindən, aydınlarından biri kimi tanınmış və cəmiyyətdə böyük hörmət qazanmış pedaqoji elmlər namizədi, dosent Cəmo bəy Adil oğlu Cəbrayılbəylini (29.01.1887, Şamaxı-30.07.1965, Çuxuryurd) demək olar ki, tanımamaqdadır, halbuki kitabdan götürdüyümüz faktları ən qısa şəkildə sadalasaq, o, çar dönəmində rus-türk məktəbinin müdiri, Cümhuriyyət dönəmində Bakı 1-ci edadi (real) məktəbinin müəllimi, sovet dönəmində Xalq Maarif Komissarlığı xətti ilə ilk dərsliklərimizin yaradılmasına başçılıq edənlərdən biri, Bakı Pedaqoji Texnikumunun direktor müavini, Azərbaycan Elmi-Tədqiqat Pedaqogika İnstitutunun direktoru (1946-1950), 1919-1949-cu illərdə onlarca dərsliyin müəllifi olub. Fikrimizcə, Elm və Təhsil Nazirliyi bu görkəmli maarif xadimimizin tanıdılması üçün işlər görməlidir.
Professor A.Rüstəmli C.Cəbrayılbəylinin dəyərli bədii yaradıcılığını da incəliklə araşdırıb.
Kitabda diqqəti cəlb edən ikinci ciddi məqam isə bugünkü Azərbaycan Dövlət Himninin mətnini Cəmo bəy Cəbrayılbəylinin yazması haqqında Asif bəyin verdiyi qəti hökmdür.
Bu başdan bildirim ki, mən heç zaman himnin mətninin Cəmo bəy Cəbrayılbəyliyə, Əhməd Cavada, Cəmo bəy Hacınskiyə, yaxud bir başqasına mənsubluğu haqqında mübahisələrə qoşulmamışam, çünki əlimdə bu fikirlərdən hər hansı birini təsdiqləyəcək sənədlər olmayıb. Asif Rüstəmli isə himn mətninin tarixçəsini “doğuluşundan”, yəni 1918-ci ilin sentyabrından 1992-ci ilin 27 mayında Azərbaycan Milli Məclisində qəbul edildiyi günədək soyuqqanlılıqla incəliyinədək araşdırıb və bu mövzu ilə bağlı heç bir qaranlıq yer qoymayıb.
Əsəri sözbəsöz, sətirbəsətir çox diqqətlə oxuduqdan sonra özüm də qəti inandım ki, AZƏRBAYCANIN DÖVLƏT HİMNİNİN MƏTNİNİN MÜƏLLİFİ CƏMO BƏY CƏBRAYILBƏYLİDİR!
Əsəri qərəzsiz şəkildə oxuyacaq hər kəsin də bu rəyimlə ortaq olacağına ürəkdən əminəm. Yeri gəlmişkən, mərhum araşdırıcımız Mövsüm Əliyev (1939-1998) də “Tarixin “ağ” səhifələri” (“Ədəbiyyat və incəsənət” qəzeti, 20.04.1990, № 14) və “ADR: Gerb, Himn” (“Odlar Yurdu” qəzeti, 06.1990, № 11) adlı məqalələrində mətnin C.b.Cəbrayılbəyliyə məxsusluğunu qeyd edib.
Bəs bizi Cəmo bəyin müəllifliyinə inandıran tutarqalar hansılardır?
Aşağıda oxucularıma əski ərəb qrafikasında yazılmış iki mətnin fotoşəklini təqdim edirəm.
Əllə yazılmış mətni Cəmo bəyin böyük bacısının oğlu Nüsrət Əfəndizadənin qızı, məşhur şair Ağaəli Nasehin (1856-1915) nəvəsi Gülsüm Əfəndizadə öz xətti ilə köçürərək 6 iyul 1967-ci ildə Cəmo bəyin həyat yoldaşı Şəfiqə xanım Cəbrayılbəyliyə bağışlayıb.
(Xatırlatmağa dəyər ki, bu tarixdə himn mətninin müəllifliyinin gələcəkdə mübahisə doğuracağı kimsənin ağlına belə gəlmirdi).
Mətnin aşağısında Gülsüm xanım yazıb:
“MÜƏLLİFİ ƏZİZİMİZ, ÇOK HÖRMƏTƏ LAYİQ VƏ MALİK MƏRHUM CƏMO BƏY CƏBRAYILZADƏDİR. YAZILIBDIR 1918-MİNCİ SƏNƏDƏ BAKI ŞƏHƏRİNDƏ”.
Mətn isə budur:
“VƏTƏNİM
Azərbaycan, Azərbaycan
Ey qəhrəman övladın Vətəni
Səndən ötrü qan tökməyə cümlə hazırıq.
Səndən ötrü can verməyə hamı hazırıq.
Al rəngli bayrağınla məsud yaşa.
Minlərlə can qurban oldu
Sinən hərbə meydan oldu
Hüququn dərk edən əfrad
Hərə bir pəhləvan oldu.
Sən olasan gülüstan
Sənə hər dəm can qurban
Sənə bir çox məhəbbət
Sinəmdə dutmuş məkan
Namusuvu hifz etməyə
Toprağuvu bəsləməyə
Cümlə gənclər möhtacdır
Azərbaycan, Azərbaycan
Şanlı Vətən.
1918-ci ilin sentyabrında Qafqaz İslam Ordusu Bakını erməni-rus-ingilis işğalçılarından azad etdikdən həmən sonra yazılmış (bu zaman Azərbaycan bayrağı əski Osmanlı bayrağı kimi bütünlüklə al rəngdə idi) həmin mətni Qafur Rəşad Mirzəzadənin (1884-1943) kiçik qardaşı Ağahəsən Mirzəzadə (1891-1918) özünün tərtib etdiyi “Milli nəğmələr” şeirlər toplusuna salsa da, vaxtsız ölümü ona kitabı nəşr etdirməyə imkan verməyib. Qafur Rəşad qardaşına vəfa borcunu ödəmək üçün həmin toplunu 1919-cu ildə Bakıda nəşr etdirib və orada Cəmo bəyin “Vətənim” şeirini “Cəmo bəy” imzası ilə və “VƏTƏN MARŞI” adı altında bu redaktədə təqdim edib:
Azərbaycan, Azərbaycan
Ey qəhrəman övladın Vətəni (2)
Səndən ötrü can verməyə cümlə hazırız.
Səndən ötrü qan tökməyə cümlə qadiriz.
Üç rəngli bayrağınla məsud yaşa (2)
Binlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu,
Hüququn dərk edən əfrad,
Hərə bir pəhləvan oldu.
Sən olasan gülüstan,
Sənə hər dəm can qurban,
Sənə bir çok məhəbbət,
Sinəmdə dutmuş məkan.
Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə,
Cümlə gənclər müştaqdır,
Şanlı Vətən!
27 may 1992-ci ildə Azərbaycan Milli Məclisi bu mətni azacıq əlavələrlə, ancaq müəllifi Əhməd Cavad göstərilməklə Azərbaycanın Dövlət Himni kimi qəbul edib:
Azərbaycan, Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üç rəngli bayrağınla məsud yaşa!
Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər!
Hərə bir qəhrəman oldu!
Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!
Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən, şanlı Vətən!
Azərbaycan, Azərbaycan!
Azərbaycan Respublikasının 1993-cü il 2 mart tarixli 525 nömrəli Qanunu ilə “Azərbaycan Respublikasının Dövlət Himni haqqında Əsasnamə” təsdiqlənib.
Beləliklə, Dövlət Himnimizin mətninin müəllifinin Cəmo bəy Cəbrayılbəyli olduğu şübhə doğurmur. Bizcə, 33 ildir halal haqqı yeyilən Cəmo bəyin haqqını bərpa etmək həm Allah qatında, həm dövlət qatında, həm də insan qatında vacib bir işdir.
***
Məni tanıyanlar yaxşı bilir ki, heç vaxt vicdanımı incidəcək heç nə yazmamışam. Bu dəfə də başım üstündə yalnız Allahı görmüşəm. Heç bir siyasi quruma mənsub deyiləm.
Bu yazıda da heç bir siyasi məqsəd güdmürəm; yeganə məqsədim HƏQİQƏTİ ortaya çıxarmağa yardımçı olmaqdır.
Böyük şairimiz Əhməd Cavadı da Məhəmmədəmin Rəsulzadələrin qurduğu Azərbaycan Cümhuriyyəti (1918-1920) qədər ürəkdən sevirəm. Ancaq ölümünədək Əhməd Cavadın heç bir əsərində bu şeir yoxdursa, mətni C.b.Cəbrayılbəylinin yazdığı artıq şübhə doğurmursa, qul haqqına girilməsi Əhməd Cavadın özünün ruhunu incitməzmi?
İncidər!