Hikmətin həzrət Abbas şilləsi - Molla, polis, narkoman...

Hikmətin həzrət Abbas şilləsi - Molla, polis, narkoman...
20 dekabr 2023
# 10:51


Kulis.az Miri Rəsulzadənin “Çılpaq” və kinomuzda Hikmət Rəhimov dəst-xətti" adlı yeni yazısını təqdim edir.

(Hamını özünə deyil, özünü hamıya borclu bilən, haqqından çox borcunu düşünən, “mən”ini “biz”in içində əritməyi bacaran adama)

İnsanın ətrafındakı canlılara, özünə münasibəti, dərdi, həyatı və ölümü onda dəyişik duyğular əmələ gətirdikcə onun zövqü formalaşıb.

Teatr və kinonun yaranışı insanda ədalətə, nizam-imtizama çağırış, həqiqətlə duyğulanmaq sadəliyi, mənaya dalmaq zərifliyi yaradıb.

Allah insana ölənədək özünü yaratmaq, tamamlamaq imkanı verib. Bu fürsəti ən estetik biçimdə dəyərləndirəndən biri də Hikmət Rəhimovdur. Ruhuna bələd olduğum üçün həmişə bunu düşünmüşəm. O aktyorluqla kifayətlənə bilməz. Bu adamın dərdi var, bu adam hamının yerinə ağrıya bilir. Dünyada çox az adam var ki, məşhurluğu, intellekti sadəliyinə mane olmasın. İstər real həyatda, istərsə də kinoda Hikmət həqiqətə susayan obrazdır. Rejissoru olduğu filmlərdə, verdiyi mesajlarda səmimidir, özüdür.

Yeni dövr Azərbaycan kinematoqrafiyasında Hikmət göstərdi ki, şəxsi fikir yalnız ümumi məqsəd və mənafeyə xidmət edəndə xalq fikrinin ifadəsinə çevrilir. Bunlar elə-belə havadan yaranmır. İctimai şəraitin özündən doğur.

Mən bu adamı niyə bu qədər çox istədiyimi tapdım. Gördüm, Hikmətlə ağrılarımız əkizdir, dərd ortaqlığımız, tale oxşarlığımız var. Burada dərin yaşantı var. Ürəkdən inanmadığın şeylərdən film çəkmək olmaz, olmur, olmamalıdır. Olsa da, ruhu, enerjisi çatmır, çatmaz da.

Dünən “Çılpaq” filminə baxanda bir daha əmin oldum ki, Fuad Poladov, Vaqif İbrahimoğlu ölməyib. Onlar Hikmətin vücudunda, ruhunda həyata davam edir. Sələfləri kimi onun sükutu da dərs vəsaitidir.

“Çılpaq” filmdən çox dərdlərimizin himnidir.

Mənəviyyatımızın sklerozuna qarşı ən təsirli vaksindir.

Sizi inandırım, Hikmət bu filmi hamımızın yerinə çəkib. O, rejissor, aktyor olmamışdan əvvəl, necə vətəndaş olmağın reseptini verir bizə.

Hikmət üçün Enşteynlə Çolaq Qasımın həyatı özləri üçün eyni dərəcədə dəyərlidir.

Filmi bitirəndə gecə yarıdan xeyli keçmişdi. Ay pəncərəmdən bulanıq görünürdü. Elə həyat da…

Mənsə gecənin qaranlığında yolunu azan zəvvara oxşayırdım.

Filmdəki evin dəlmə-deşiyindən də, yamaqlı şalvarın söküyünün arasından da ölümün həzin mehini hiss elədim. Rejissor pəncərəmdə mənə intellektual ağrının düsturunu yazdı.

Bu geniş nəfəs, sağlam ruh Hikmətin ən böyük qazancıdı. Filmin dramaturji xətti klassik günahlar kimi bizi inkişafa aparır, mənəvi immunitetimizi qaldırır. Belə film çəkməyə, doğrudan da, sanbal, mərdlik, kişilik lazımdır. Biri var həqiqəti, dərdi barmaqla uzaqdan göstərmək, biri də var həqiqətin yanında dayanıb insanları ora səsləmək. Bunlar ayrı-ayrı şeylərdir.

“Çılpaq” filmi həm də ölkəni bu günə qoyanların üzünə həzrət Abbas şilləsi vurur. Təmkinlə hayqırır, naleyi-fəryad eləyir. Həm güzgü effektidir: bizə öz qabımızda olanı göstərir, həm də tərəzidir: istədiyin adamı götür qoy bu tərəzinin gözünə, çəksin. Hikmət elə bil film çəkməyib, labaratoriya qurub. Orada həqiqi kimliyimizi analiz edir, gen cərrahlarıyla vuruşur.

Filmboyu o rəzil, qaramat səhnələrdə mənim də böyük pay sahibi olduğumu öyrəndim. Bu qazanda bişən xörəyə bəlkə də, ən çox mən duz tökmüşəm.

Bu, sənətin oxuduğu moizədir, xütbədir.

Rejissorun heç kimə yazığı gəlmir. O, riyadan, kibrdən arınmış halda döyüş meydanında düşmənə rəcəz oxuyur. İşinin çətinliyi onu daha da güclü edir. O, cəmiyyətin bədxassəli şişləri, mənəviyyat dəllalları ilə yanaşı, yalançı humanizmlə, saxta məzlumiyyətlə də vuruşur. Qəbul etmir, etmək istəmir. Özünü əzdirənləri, yala hürənləri harınlamışların ilham mənbəyi kimi göstərir.

“Çılpaq” bir tərəfdən də ayıldır, başımızın altına balış qoymur, deyir, eyforiyada gəzməyi tərgidin, ayıq olun.

Filmdə Rüstəm obrazının sona qədər susmağıyla dünyanın bizə təyin etdiyi fiktiv hədəfləri üzümüzə necə çırpdığını gördüm. Ağzını açıb bircə kəlmə kəssəydi, belə təsirli olmazdı. Amma Rüstəmin (Hikmətin) susmaq orucu bütün əzbərləri pozdu. Nə qədər müasir dünyanın komfortları, qrantları, medalları, laykları ilə qrimlənsək də, Rüstəmin sükutuna yenildik.

Sürücünün, mollanın, polisin, narkomanın bivecliyi hər kadrda, hər epizodda bizi üşüdür. Yağışlı havada yarımçıq xatirələrə sığınan bəxtsiz adamın qəbirstanlıq səhnəsi filmi daha da zilə kökləyir. Və binəva övladın başını götürüb yoxluğa qaçması… Adamı diksindirir. Final səhnəsi isə bizi öz qaranlığımızla baş-başa buraxır. Oğulsansa, sən də Rüstəm kimi bu boşluqdan qaç.

Budur Hikmətin hikməti…

Hikmət sanki İlahi adapterlə mərkəzə taxılıdır. Oradan güc alır və sonsuzluğa heyrətlə baxa-baxa bu sətirləri zümzümə eləyir:
“Qoyma ki, haqq bildiyimi kimlərinsə pis hesab etdiklərinə görə gizlədim. İmkan vermə, ruhum saxta üzümün arxasında dəfn olunsun”.

# 1715 dəfə oxunub

Müəllifin son yazıları

# # #