Güney Azərbaycanda gənclərin öz hesablarına çap etdirdikləri kitab - Araşdırma

Güney Azərbaycanda gənclərin öz hesablarına çap etdirdikləri kitab - Araşdırma
3 sentyabr 2025
# 14:24

Kulis.az APA-ya istinadən “Güney Azərbaycanı tanı” layihəsi çərçivəsində Məhəmməd Rəhmanifərin “Bir kitabın hekayəsi” yazısını təqdim edir.

Bundan əvvəl “Güney Azərbaycanı tanı” layihəsi çərçivəsində tarixin kollektiv kimliyin formalaşmasında rolu, Güney Azərbaycanda Azərbaycan mərkəzli tarixçiliyin gedişatı və bu sahədə fəal olan yazarlar haqqında “İranda azərbaycanlı kimliyi uğrunda vuruşan tarixçilər” və “Güney Azərbaycanda erməni vəhşiliklərindən bəhs edən kitab” məqalələrini yazmışdıq. Həmin yazıların birində qeyd etdiyim kimi, bu sahədə yazılan və Güney Azərbaycan türkləri tərəfindən böyük rəğbətlə qarşılanan və bir neçə dəfə təkrar nəşr olunan kitablardan biri də mənim yazdığım kitab idi. Bu yazıda məni bu kitabı yazmağa vadar edən şəraitdən, eləcə də Güney Azərbaycan türklərinin bunu necə qarşılamasından bəhs etmək istərdim. Lakin yazının lap əvvəlində vurğulamağı zəruri hesab edirəm ki, bu məqalə həmin kitabın müəllifinin xatirəsi olmaqdan daha çox, təxminən 25 il əvvəl Güney Azərbaycanın mədəni-ictimai-siyasi vəziyyətini əks etdirir.

Kitabı yazmaq fikri necə yarandı?

90-cı illərin sonlarında Güney Azərbaycan türkləri arasında milli kimlik məsələsi və özünə qayıtma tendensiyası artmışdı. Özünü islahatların və ifadə azadlığının tərəfdarı adlandıran Xatəminin (Məhəmməd Xatəmi) prezidentliyi dövründə İranda kitabların, jurnalların və qəzetlərin nəşri daha çoxalmışdı. Güney azərbaycanlı yazıçılar və jurnalistlər də o vəziyyəti dəyərləndirib Azərbaycan və türklər haqqında kitab, yaxud qəzet nəşr etməyə başladılar. Beləliklə, Güney Azərbaycan türkləri arasında, xüsusilə də tələbə və gənclər arasında Azərbaycançılıq məsələsi gündəm məsələsi olmuşdu. Bu arada Quzey Azərbaycanın müstəqillik qazanması və Qarabağ savaşı da Güney Azərbaycan türkləri arasında Azərbaycan məsələsinin gündəmə gəlməsində böyük rol oynamışdı.

Yuxarıda qısaca olaraq açıqladığım vəziyyətdə “Mən kiməm?”, “Türk kimdir?”, “Azərbaycanlı olmaq nə anlama gəlir?” kimi suallar tələbələr və gənclərin beynində dolaşıb dururdu. Bu kimi suallara cavab tapmaq üçün kitab oxumalı olduqlarını bilirdilər. Lakin o tarixdə bu suallara cavab verəcək olan və Azərbaycan türklərinin tarixindən bəhs edən kitabların sayı yox deyiləcək qədər az idi. İnternetin təmin etdiyi imkanlara alışmış olan yeni nəsil məni anlamaqda çətinlik çəkə bilər, amma o günləri görənlər mənə haqq qazandırarlar.

O günlərdə mən Təbriz Universitetində ingilis dili və ədəbiyyatı fakültəsində təhsil alırdım. Bir gecə tələbə yataqxanasında türk və fars tələbələr arasında türklərin soy-kökü haqqında mübahisə yaşandı. Fars tələbələr türklərin tarixini təhqir etdilər. Onların fikirləri dərs kitablarında yazılan və rəsmi dövlət təbliğatında daim irəli sürülən arqumentlərlə eyni idi. Lakin türk tələbələrin onlara verəcəkləri cavablar o zamana qədər oxuduqları kitabların heç birində yazılmamışdı. O gecə mənim üçün çox ağır bir gecə idi. Bir yandan açıq şəkildə tariximizin və kimliyimizin aşağılanmasına şahid olduq, bir yandan da özümüzü və kimliyimizi müdafiə məqsədilə bir arqument ortaya qoya bilmədik.

Yaxşı xatırlayıram ki, sonrakı günün səhəri dərslərə qatılmadım. Əvəzində fakültə kitabxanasına getdim və Azərbaycan tarixi haqqında iki kitab aldım. Fakültə kitabxanasında ikidən çox kitab verilmədiyi üçün Təbriz Universitetinin mərkəzi kitabxanasına gedib iki kitab da oradan aldım. Sonra yataqxanaya geri döndüm və kitabları oxumağa başladım. O gün mənim məqsədim yalnızca zehnimdə olan suallara cavab tapmaq idi. Bir sonrakı məqsədim isə, ötən gün türklərin tarixini və kimliyini aşağılayan fars tələbənin ortaya qoyduğu arqumentləri çürütmək idi. Bir yandan internetin hələ geniş yayılmadığı bir ortamda, başqa yandan Azərbaycan və türklərlə bağlı kitabların ağır senzuralara məruz qaldığı bir durumda istədiyim kitabları tapa bilmək o qədər də asan deyildi. Təbriz Universitetinin kitabxanasından əmanət aldığım kitablar əslində elə o fars tələbənin ortaya qoyduğu arqumentlər əsasında yazılmışdı. Ancaq mən elə həmin kitablarda öz tariximi və öz kimliyimi tapmağa çalışırdım, çünki dediyim kimi başqa bir çarəm, başqa bir imkanım yox idi.

Tam o zamanlarda professor Məhəmməd Təqi Zehtabinin yazdığı “İran türklərinin əski tarixi” adlı möhtəşəm əsərin ilk cildi işıq üzü gördü. Ana dilimdə təhsil ala bilmədiyim üçün o zamanlar türkcə yaza bilmirdim. Hətta Zehtabinin yazdığı türkcə kitabı oxuyub anlamaqda belə çətinlik yaşayırdım. Amma mən işimdə çox qətiyyətli idim. Hər nə olur-olsun, beynimdəki suallara cavab tapmalı idim.

Əslində mənim beynimdəki suallar təkcə məni düşündürən məsələlər deyildi. Qarşılaşdığım bir çox tələbə yoldaşımı da eyni suallar narahat edirdi və hər kəs bu cür suallara cavab axtarırdı. Professor Zehtabinin bənzərsiz kitabı çox sanballı əsər idi. Lakin dediyim kimi, türkcəni öyrənməyə başlasam da, o kitabı oxumaqda çətinlik çəkirdim, o ki qaldı ana dillərində o günədək hətta bir səhifə belə oxumayan gənclər ola!

Azərbaycan türklərinin qədim tarixi ilə bağlı araşdırmalarım ciddiləşdikcə, biliklərim artdıqca, tanıdığım-tanımadığım nə qədər tələbə yaxınlaşıb mənə suallar verirdi. Onların suallarını cavablandıranda sevinə-sevinə mənə təşəkkür etməklərini hələ də xatırlayıram. Həqiqətən də ogünkü Azərbaycan gəncliyi öz tarixini, ədəbiyyatını, mədəniyyətini, kimliyini bilmək mövzusunda hədsiz dərəcədə həvəsli idi. Bu durum mənə də cəsarət verirdi və məni daha ciddi çalışmağa həvəsləndirirdi. Elə ki, məsələ ilə bağlı çalışma və araşdırma aparmadan başımı yastığa qoyduğum bir gecə belə yox idi və hər gün istisnasız olaraq bu haqda araşdırma aparırdım.

Təbii ki, tələbə yoldaşlarımın mənə verdikləri bütün sualları cavablandıra bilmirdim. Lakin cavabını bilmədiyim suallar belə mənə yardımçı olurdu. Növbəti dəfə həmən sualların cavabını tapmağa çalışırdım. Həmin illərdə Təbriz Universitetinin professorlarının heç biri, xüsusən də tarix fakültəsinin professorları fars tarixçiliyinin rəsmi rəvayətlərindən əl çəkib tarixi müstəqil şəkildə araşdırmaq istəmirdilər. Belə bir durumda mən bu rəsmi rəvayəti qəbul etmək istəməyən tələbələr üçün istinad nöqtəsi olmuşdum. Onların hamısı mənim yanıma təkcə suallarına cavab almaq üçün gəlmirdilər. Bəziləri də mənə bu başladığım işdə yardımçı olmaq məqsədi ilə gəlirdilər. Kimisi bildiyi qaynaqları mənə tanıtdırırdı, kimisi əldə edə bildiyi məlumatı mənə çatdırırdı, kimisi mənə kitab əmanət verirdi, kimisi evlərindəki kitabxanalardakı kitabları görüb işimə yarayanları əmanət alım oxuyum deyə məni evlərinə dəvət edirdi...

Beləliklə, əvvəlcə özümdə formalaşan suallar dostların da suallarıyla gün-gündən çoxaldı. Bu işə başlayanda ağlıma da gəlməzdi ki, nə vaxtsa bu suallara axtardığım kitablar bir gün kitaba çevrilə bilər. Ancaq uzun fəaliyyətdən sonra işim o qədər ciddiyyət qazandı ki, o zaman Təbrizdə nəşr edilən 2-3 tanınmış qəzet mənim araşdırmalarımı yaymaq istəklərini dilə gətirdikdə araşdırmalarımın kitab halında nəşr edilməsini tərcih etdiyimi söylədim.

2-3 il gecə-gündüz çalışdıqdan sonra kitab nəşrə hazırlanmışdı. Yuxarıda dediyim kimi, həmin illərdə İran Prezidenti Xatəmi kitab nəşri sahəsində ciddi azadlıqlar həyata keçirmişdi və əvvəllər nəşr oluna bilməyən bir çox kitabl həmin illərdə çap üçün lisenziya almışdı. Bu ortam bizim də işimizə yaradı və yazdığım kitaba çap üçün lisenziya ala bildik.

Artıq gənc nəslin sorğularının cavablarını özündə əks etdirən kitab yazılmışdı və hətta nəşrə icazə ala bilmişdi. Amma yenə də qarşımızda böyük bir çətinlik var idi. Gənc və adsız-sansız bir yazıçı olduğum üçün Təbrizdə heç bir nəşriyyat risk edib yazdığım kitabı çap etmək istəmirdi. Bu da çox normal bir hal idi. Heç bir yayın evi gənc bir yazıçının kitabı üçün riskə getmək istəmirdi. Amma bu məsələni də elə həmən Azərbaycan gəncliyi həll etdi. Bəzi dostlarla məsləhətləşdikdən sonra kitabı qabaqcadan satmaq və qazandığımız pulla kitabın çapı və nəşri xərclərini ödəmək qərarına gəldik. Demək kitabı nəşr etmədən əvvəl satacaqdıq. Kitab universitet tələbələri və yeni nəsil tərəfindən o qədər rəğbətlə qarşılandı ki, nəşr olunmadan və bazara çıxmadan əvvəl 800-dən çox nüsxə satıldı. Bu xəbəri eşidən nəşr evinin sahibi kitabı öz sərmayəsi ilə nəşr etməyə hazır olduğunu təklif etdi, amma artıq bu işə ehtiyac qalmamışdı.

Kimliyini, varlığını, tarixini bilmək istəyən Azərbaycan gəncliyi bu kitabın həm yazılmasında, həm də yayımlanmasında, hətta tanıtdırılmasında çox böyük bir rol oynadı. Belə ki, 3 300 nüsxədə nəşr edilən kitab üç ay içində tam satıldı və ikinci nəşrə getdi. Daha sonralar bu kitabı yazdığım üçün bəzi təzyiqlərə məruz qalsam da, bu kitabı yazdığım üçün məmnunam. Necə ki, təzyiq göstərənlər belə təzyiqin səbəbinin kitabın geniş səviyyədə oxunulduğu və təsir buraxdığı olduğunu dilə gətirməkdən çəkinmədilər. Bu kitab Azərbaycan türklərinin qədim tarixini anlatsa da, kitabın yazılma səbəbi, işıq üzü gərmə prosesi və geniş səviyyədə oxucuların marağını qazana bilməsi isə Güney Azərbaycan türklərinin çağdaş tarixini əks etdirməkdədir.

# 163 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər