Gülşad Baxşıyeva: "Geri qayıtsaydı, onu bağışlayacaqdım..." - Müsahibə

Gülşad Baxşıyeva:  "Geri qayıtsaydı, onu bağışlayacaqdım..." - Müsahibə
30 yanvar 2023
# 18:00

Kulis.az Mədəniyyət və İncəsənət Universitetinin rejissor və aktyor sənəti kafedrasının professoru, aktrisa, Əməkdar artist Gülşad Baxşıyeva ilə müsahibəni təqdim edir.


Söhbət boyu onun gözlərində “bir ötən sevginin” közünü, ona yaşatdığı acıların izlərini görmək olurdu.

- Gülşad xanım, sizi tamaşaçılarımız ən çox “Bəxt üzüyü” filmindən Sara obrazı ilə tanıyırlar. Ailəsini qorumaq üçün çabalayan, əyyaş bir ərlə ömür çürüdən Sara həyatda qarşınıza çıxsa ona münasibətiniz necə olardı? Nə deyərdiniz o qadına?

- Azərbaycan qadınlarının 95 faizi Sara taleyi yaşayır. Sara kimi fədakardırlar. Bu bizim genimizdən gəlir. Son dövrlər gənclərimiz fərqli yaşam yolu seçiblər. Müasir qadınlar düşünmür ki, kişinin pul qazanmaq baxımından bəxti gətirə də bilər, gətirməyə bilər. Dərhal qərar verirlər boşanmağa. Sara kimi fədakar ola bilmirlər. Mənə deyirlər ki, sən niyə kişilərin tərəfini saxlayırsan. Mən əsl kişilərin tərəfini saxlayıram. İş həyatının ağırlığını bilməyən qadınlar çox zaman öz zəhmətkeş ərini bəyənmir. Onda həmin qadına demək lazımdır, get işlə, gör nələr var. İşləyən qadın olmaq asan deyil. Əgər kişi çox tüfeyli ömür sürürsə, ondan ötrü ömrü çürütməyə dəyməz. Mən ad çəkmək istəmirəm, tanıdığım məşhurlar var ki, narkoman əri saxlayır. Çünki ürəyində ona rəhmi var. Başqa heç nə. Ailəyə dəyər verməyən, olanını olmazını narkotikə, içkiyə verən kişi ilə ömür çürütməyə dəyməz, o kişidən heç qulaq yoldaşı da olmur. Qadının yanında bir kişi olmalıdır. Amma elə kişi yox. Kişiləri tez pis yola çəkmək, ağlını oğurlamaq olur.

- Sizin ömrünüzdən də belə bir acı xətt keçib. Tanınmış rejissor Hüseynağa Atakişiyevin ömür yoldaşı oldunuz və ailəniz başqa bir qadına görə dağıldı. Tanınmış bir kişinin xanımı olmaq, ayrılıq qərarı vermək, ona rəğmən güclü dayanmaq asan oldu?

- Mənə çox çətin idi. Baxmayaraq ki, ailəni mən idarə edirdim. Təsərrüfat işləri mənə baxırdı. O sanki mənim üçüncü uşağım idi. Mən onu qovmadım, o evdən getdi. Amma qərarı mən vermişdim. Mən heç kimə baş əyməzdim, əymədim, yalnız övladlarıma görə nəyəsə səbr edə bilərdim. Bizim münasibətlərimizdə də övladlarıma görə səbr etdim, dözdüm. Uşaqlarım atasının pis əməlini görsün istəmədim deyə boşandım.

- Pis şey deyərkən, davalarınızı, çəkişmələrinizi nəzərdə tutursunuz?

- Bizim heç davamız, çəkişməmiz də olmurdu. Çünki bir-birimizi demək olar ki, görmürdük. Tezdən evdən çıxırdı, gecə gəlirdi. Bəzən evdə olanda deyirdim, uşaqlar böyüyür, iki oğlumuz var, onlara diqqət lazımdır. Mən onu çox istəmişdim. Özü getmək istədi. Mən getmək istəyən kişini tutub saxlayan qadınları qınayıram. Gedir getsin. Dedim sənə harada yaxşıdır, orda yaşa.

- Peşmansınız onu saxlamadığınız üçün?

- Yox.

- Ona yaxşı oldu sizcə?

- Yox. Ona dedim sən bu evin xiffətini çox çəkəcəksən. Çünki o kişi mənim kişim idi. Mən bilirdim o nəyi istəyir, nəyi istəmir, nəyi necə sevir. O bizim ailəmizin ən böyük, ən kaprizli oğlu idi. Heç bir qadın mənim qədər ona qayğı göstərə bilməzdi. O dünyasını qayğısızlıqdan, baxımsızlıqdan dəyişdi. Səhvini başa düşmüşdü, amma geriyə yolu yox idi.

- Heç ayrıldıqdan sonra dialoq qura bildiniz?

- Yox. Qəti. Onun ətrafındakı adamlar mənə deyirdilər onun problemlərini. Ortaq dostlar Hüseynağaya demişdilər ailənə qayıt. Çünki görürdülər harada gecələyir, nə halda yaşayır. Demişdi, “qayıda bilmərəm. Gülşadla münasibətlərimizi elə qayçılamışam ki, geri yol yoxdur”. Əl yeri qoymamışdı.

- Bəs gəlsəydi qəbul edərdiniz?

- Hə. Niyə qəbul eləməyədim ki? Biz ali məktəb illərindən bir yerdə oxumuşduq. Şəki teatrını birlikdə qurub, yaratmışdıq. İki gözəl balamız vardı. Qadın və kişi bir- birlərini çox sevəndə övladları gözəl olur. Bizim çox gözəl, yaraşıqlı balalarımız var. Bəziləri deyir Hüseynağa məni sevməyib filan. Özləri üçün danışırlar. Mənim ürəyimdə sevgiylə yanaşı ona rəhm olub. Yetim oğlan idi. İnsandı, səhv eləmişdi, gələ bilərdi. Ola bilər ki, əvvəlki kimi olmayacaqdıq, amma mən yenə ona yaxşı baxacaqdım. Hər nə qədər mənə qaba, kobud desələr də, rəhmim çoxdur.

- Şəki teatrı dövrünün ən parlaq teatrlarından biriydi və çox parlaq aktyorlar yetişdirmişdi. Gələndən sonra Bakıda işsiz qaldınız. Əl tutan oldu sizə?

- Biz bura gələndə həyat yoldaşım qərar verdi ki, mən ancaq pedoqoji fəaliyyət göstərməliyəm. Dedi 10 ildir işlədin, bəsindir. Qısqanırdı. Öz yaratdığı teatrda olmağımı istəmirdi, çünki çox şeyi görərdim. Başqa yerə getməyimə də razı olmurdu. Gedirəm deyəndə rol verirdi, oynayıb gözümün qurdunu öldürürdüm. Deyirdi uşaqlar balacadır. Böyük oğlum qarnımda, 9 aylıq hamiləydim. “Ezop” tamaşasında rol oynayırdım, onda qoyurdun, indi niyə qoymursan? Hamiləykən oynadığım rola görə mükafat almışam mən. Sonralar Akademik Milli Dram Teatrına üz tutdum. Üç il orda işlədim bircə dəfə də rol verdilər. Bir aktrisanın məndən xoşu gəlməmişdi və o kimlərəsə nələrsə tapşırmışdı. Bəzən aktrisanın taleyini kimlərsə həll edir. Bu cür münasibətə görə ordan çıxıb Gənc Tamaşaçılar Teatrına üz tutdum. Orda da bir neçə tamaşada yaxşı rollar ifa etdim. Loğman Kərimov sağ olsun rollar verdi mənə.
Amma orda da qala bilmədim. Bir gün teatrın direktoru dedi ki, biz artıq səninlə müqavilə bağlaya bilmərik. Həmin dövrlər həyat yoldaşım çıxıb getmişdi, pula da ehtiyacım vardı. Dedim ki, sən xeyir tapmayacaqsan. Ümumiyyətlə, nahaq yerə yoluma daş qoyanlar xeyir tapmayıblar.

- Aktyorluğu seçdiyinizə görə peşman oldunuz heç?

- Yox. Cavanlıqda yaxşı rəqs edirdim, hətta gəncliyimdə toyda rəqsimi görmüş “Lezginka” ansamblının rəhbəri Tanxo İzrailov 200 manat maaşla Moskvaya dəvət etmişdi məni. Camaat 60 manat maaş alırdı onda. Getmədim. Sənətim aktyorluqdur mənim. Bildiklərimi tələbələrimə öyrətdim. Xalq artisti adını almış tələbələrim var.

- Amma özünüz o adı ala bilmədiniz? Gileyiniz var?

- Yox, heç kimdən gileyli deyiləm. Mədəniyyət Nazirliyi özü görməlidir. Mən gedib deyə bilmərəm ki, mənə fəxri ad verin. Adam var, az qalır benzin töküb özünü yandırsın ki, ad alsın. Məni hara gedirəmsə, elə xalq artisti kimi təqdim edirlər. Bu çağa qədər nə əldə etmişəm, əməyimlə əldə etmişəm. Vermək istəyirlər, versinlər. Mən bundan ötrü qapılar döyəsi deyiləm. Xarakterimə uyğun deyil. Kimə görəsə bunu edərəm, özümə görə yox.

- Ən sevdiyiniz tələbəniz kimdir?

- Tələbələrim ruhumu götürüblər. Gənc Tamaşaçılar Teatrında tələbələrim var, istedadlarına heyranam. Rəfaellə Coşqun mənim tələbələrim olublar. Səhnə danışığından dərs demişəm. Onlara heyranam. Bir konsertdə ondan çox müxtəlif obraz yaradırlar, sürətlə roldan-rola girirlər, bunu bacarmaq asan deyil. Bibi gedir, səhnəyə yekəqarın bir əmi çıxır. Yaxud nazlı qızdan dönüb olur qaynana. Çox zaman tanıya bilmirəm hətta. Deyirəm bu kimdi? Əvvəl elə bilirəm həqiqi rəqqasədir, sonra görürəm Coşqundur. Dəyişməyi gözəl bilirlər. Hərdən “mən bunu edə bilərəmmi?” sualını özümə verirəm və suala cavab tapa bilmirəm. Möhtəşəmdirlər. Düzdü paxıllıqlarını çəkənlər çoxdur, amma onlar bunu zəhmət bahasına ediblər. Aktyorun pulu olar da. Aktyor kasıb yaşamamalıdır.

- Tələbə vaxtı onlarda bu potensialı görürdünüz?

- Əlbəttə. Hərçənd Rəfael deyir Coşqunu ondan çox istəmişəm. Deyir “məni sevməmisiniz”. Cavab verirəm ki, Coşqun ciddi idi, sən dilini dinc saxlamırdın axı. Ona görə, cəzalandırırdım. Sevməsəm tələbələrimlə işləyə bilməzdim.

- Sərt görünüşünüz var. Necə qayınanasınız?

- Qəti surətdə işlərinə qarışmıram. Ayrı yaşayıram. Nəsə çox önəmli bir şey olarsa, ehtiyac yaranarsa mən dəstək oluram, məsləhət verirəm. Lazım gəlsə onlar üçün dünyanı dağıdaram. Amma belə qarışmıram. Özü bilər neçədə yuxudan durur, ərinə necə baxır. Dövr də dəyişib, gəlinlər də.

- Diliniz başınıza bəla olub?

- Çox deyiblər dilini şirin elə. Sadəcə kimsə nahaq danışanda, təzyiq etmək, məndən ağılsız mənə ağıl vermək, diktə eləmək istəyəndə cavab verirəm. Düz söz də kiminsə xoşuna gəlmir. Dilim başıma çox bəla olub.

- Həyat nə öyrətdi?

- Yıxılanda qalxa bilməyi. Güclü olmalısan. Təcrübələrimizdən öyrənirik. Bəzən soruşurlar ki, nələrisə dəyişərdinmi? Dəyişmək istəmək üçün gərək axı o təcrübəni yaşayaydım. Məni də idarə edən var. Allah haqqımızda hər şeyin ən yaxşısını bilir. Buna əminəm.

Lent.az

# 10194 dəfə oxunub

Müəllifin son yazıları

# # #