Gənc rejissora görə həbsxanaya getdi - Onu Təhminə roluna niyə layiq görmədilər?

Amaliya Pənahova, Xalq artisti

Amaliya Pənahova, Xalq artisti

8 noyabr 2023
# 21:00

Kulis.az Xalq artisti Amaliya Pənahova haqqında maraqlı faktları təqdim edir.


Amaliya Əliş qızı Pənahova 1945-ci ildə Gəncə şəhərində anadan olub. Ailədə üç uşaq olublar. Amaliyanın on yaşı olanda ailəsi ilə birgə Bakıya köçürlər. 1966-cı ildə on yeddi yaşı olanda Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu ixtisası fakültəsinə daxil olub. Elə həmin il də gələcək həyat yoldaşı Yusiflə tanış olub ailə qururlar. Onların bir oğlu, bir qızı dünyaya gəlir. Yusif bəy Amaliya xanımın əlindən tutub teatra gətirən insan olub.

***

1964-cü ildən ömrünün sonunadək teatr və kino sahəsində beş yüzdən artıq obraz yaradır. Onlardan Tomris, Natəvan, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya, Linza kimi rollar aktrisaya böyük populyarlıq gətirir.

18 yaşı olanda İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” tamaşasına Nargilə roluna dəvət olunur. Tofiq Kazımovun quruluşunda təqdim olunan bu tamaşa ona çox böyük uğur gətirir.

***

1968-ci və 1972-ci illərdə Azərbaycan Lenin Komsomolu və Azərbaycan SSR Dövlət mükafatına layiq görülüb. Teatr və kino sənətinin inkişafındakı böyük xidmətlərinə görə ona 1974-cü ildə Azərbaycan SSR Əməkdar artisti, 1985-ci ildə isə Azərbaycan SSR Xalq artisti fəxri adı verilib.

***

1982-ci ildə ilin aktrisası elan edilir, 1998-ci ildə isə türk dünyasının birinci kino festivalında türk dünyasının altı populyar aktyoru sırasında adı qeyd olunur.

Aktrisa həmçinin bacarıqlı rejissor kimi də özünü sınayır. 43 illik sənət fəaliyyəti dövründə 12 televiziya və teatr tamaşasına quruluş verib ki, bunların çoxu lentə alınıb, hazırda televiziyanın Qızıl fondunda saxlanılır. Bunlardan İ. Əfəndiyevin "Mənim günahım", M. Muradın "Təkan", M. Qurbanovun "Sənsiz", O. Altunbayın "Tomris", A. Məmmədovun "Dəli Domrul" və s. xüsusi qeyd etmək olar.

***

1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradır və bu teatra orta və yaşlı nəsillə yanaşı, gənc istedadlı aktyorları da cəlb edir. Onların yaradıcılıq qabiliyyətinin inkişafı üçün lazımi şərait yaradır. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə dərs demək üçün dəvət olunur və universitetin professoru olur. Dərs dediyi tələbələrin əksəriyyəti Bakı Bələdiyyə Teatrında onunla birgə çalışırlar.

Amaliya Pənahova prezident təqaüdçüsü olub. 2000–2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili, sosial-siyasət daimi komissiyasının üzvü, MDB Parlamentlərarası Mədəniyyət, İnformasiya, Turizm, İdman daimi Komissiyasının sədri, İtaliya-Azərbaycan Parlamentlərin işçi qrupunun sədri olub.

***

2013-cü ildə "Obrazın yaranma prosesində aktyor yaradıcılığında ikinci planın təcəssüm vasitələri" mövzusunda doktorluq işini müdafiə edərək sənətşünaslıq elmləri doktoru elmi adını alıb.

***

Amaliya xanım ömrünün son illərində plastik əməliyyatlar etməsi ilə daha çox gündəmdə olub. Bir neçə il əvvəl aktrisanın simasını o qədər də xoş əks etdirməyən fotoların yayılması Amaliya xanıma çox pis təsir edir. İnsanların onu o cür görməsini istəmədiyini açıqlayır. Və həmin fotonu yayan insandan incikliyini dilə gətirir.

Azdramada “Təhminə və Zaur” hazırlananda Fuad Poladov Zaur, Amaliya Pənahova isə Təhminə roluna təsdiq olunur. Lakin hər iki aktyor bir-biri ilə küsülü olurlar. Kişi olaraq məsələni öz üzərinə götürən aktyor Amaliya xanımla danışıb, onunla barışır və rollarını ifa edirlər. “Təhminə və Zaur” tamaşası teatr tarixinin ən uğurlu tamaşalarından birinə çevrilir.

***

“Təhminə” filmi çəkilən zaman aktrisa güman edir ki, filmin rejissoru Rasim Ocaqov onu Təhminə roluna dəvət edəcək. Lakin Təhminə roluna türkiyəli aktrisa Meral Konrat dəvət olunur. Türkiyədə festivalda olan zaman Rasim Ocaqov Amaliya xanımı böyük sənətkar kimi təqdim edib tərifləyərkən Amaliya xanım etiraz edir. Müsahibələrinin birində Amaliya xanım deyir:
“Çıxışını bitirəndən sonra Rasim müəllimə dedim ki, düz demirsiniz, gözünüzdə böyük olsaydım, heç olmasa “Təhminə”də məni sınaq çəkilişlərinə dəvət edərdiniz. Yoldaşım da yanımdaydı. Dedi, səni necə çəkəydim, yoldaşından qorxdum, açıq-saçıq səhnələr vardı. Amma o, səhnələrdə nə vardı axı? Onu elə başa salacaqdım, heç istəməyəcəkdi o səhnəni çəksin”.

Babək filminin çəkilişləri zamanı Amaliya xanım Pərvin roluna çəkilən, Qazaxıstandan dəvət olunan aktrisa Tamara Yandiyevanın bu rola çəkilməsini istəməyib. Ona görə də çəkilişlər zamanı aktrisaların münasibətləri yaxşı olmayıb.

***

“Bəbək” filmində çəkildiyi Zərnisə obrazı ilə Azərbaycan kino tarixinə ən açıq səhnələrdə rol alan aktrisalardan biri kimi düşüb.

Aktrisanın tanınmış rejissor Aqil M.Quliyevlə çox yaxın dostluq əlaqələri olub. Aktrisanın ölümündən sonra rejissor onunla olan münasibətlərinə aydınlıq gətirərək deyib:

"Amaliya xanımdan sonra onun yerini tutan təbii ki, olmadı. Son bir ildə Amaliya xanımla ünsiyyətimiz yox idi. Son vaxtlar özünə, ailəsinə qapanmışdı. Sağlığında hər şeyi etdi. Amaliya xanım danışırdı ki, teatrda nə qədər qalmaqallar olub. O vəziyyətdən necə çıxıb. Onunla ölümündən əvvəl telefon vasitəsi ilə danışdıq, halallaşdıq. Xırda söz-söhbətimiz oldu. Amma hər şeyə görə bu həyatda ona çox sağ ol demişəm. Mərd xanım idi. İnsanlar məndən üz döndərəndə, xalq düşməni hesab edəndə dəstək olan beş-altı nəfərdən biri idi. Ondan heç gözləməzdim. Amaliya xanım utanmadan, çəkinmədən Kürdəxanıya gəldi. Kağızları tökdü və yaradıcılıq haqda müzakirə apardıq. Dedim, Amaliya xanım, daha gəlməyin, cavab verdi ki, biz dostuq, bu nə söhbətdir. 36 gün həbs həyatı yaşadım. O hadisə həyatımı çox dəyişdi, bütün ətrafımı sildim, iki-üç nəfəri çıxmaq şərti ilə".

***

Amaliya xanım 2018-ci il noyabrın 8-də 73 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişir. Qurd qapı məzarlığında dəfn edilir.

# 26028 dəfə oxunub

Müəllifin son yazıları

# # #