Yusif Səmədoğlu yazımı necə itirdi – Nizami Cəfərov yazır

Yusif Səmədoğlu yazımı necə itirdi – Nizami Cəfərov yazır
18 yanvar 2016
# 12:17

Kulis AMEA-nın müxbir üzvü Nizami Cəfərovun “Yusif... və Səmədoğlu” məqaləsini təqdim edir.

«Yusif», hamıya məlum olduğu kimi, «gözəl» de­məkdir. Və Yusif Səmədoğlu bu dünyaya gəlişi, də­də-babadan gələn bu adı daşıması ilə onun («Yusif» adı­nın) məzmun-mündərəcəsini bir az da gözəll­əş­dir­di.

Yusif Səmədoğlunu mən ilk dəfə tələbəlik illərim­də Azərbaycan (indiki Bakı) Dövlət Universite­tin­in filologiya fakültəsində görüşdə görmüşəm… Və ya­dımda qalanlardan birincisi odur ki, çıxışına «bilir­siniz, mən natiq deyiləm…» sözlərilə başladı, ancaq bütün çıxışı boyu bir dəfə də olsun kəkələmədi. Məc­lis bitəndə tədbiri aparan dekanımız, professor (və dün­ya miqyaslı fonetist) Ağamusa Axundov özünə­məxsus intonasiya ilə «Yusif müəllim təvazökarlıq elədi, o, eyni zamanda böyük natiq imiş» dedi. Biz əl çaldıq… Keçən əsrin ya yetmişinci illərinin sonu, ya da səksəninci illərinin əvvəlləri idi…Bir də yadımda o qalıb ki, tələbələrdən kiminsə «Vaqif Səmədoğlu sizin üçün kimdir?» sualına təbəssümlə «müasir dövrün ən böyük şairi» cavabını verdi. Sonra isə əlavə elədi: «Xahiş edirəm, özünə də çatdırın»…

İllər keçdi… «Füzulidən Vaqifə qədər» adlı bir məqalə yazmışdım. Və istəyirdim ki, Yusif Sə­məd­oğlunun baş redaktor olduğu «Ulduz» jurnalında çıx­sın… Bütün cəhdlərim hədər getdi. Çünki baş re­dak­toru tapmaq ümumiyyətlə mümkün deyildi, yerdə qalanlar isə hərəsi öz səviyyəsində «çax-çux»unda idilər…

Nə isə qərara gəlmişdim ki, bu cızma-qaramı Yu­sif müəllim gərək mütləq oxusun… Çap eləməsə be­lə… Onun (Səməd Vurğunun oğlunun!) fikri mə­nim üçün çox əhəmiyyətli idi. Çünki həmin məqalədə o vaxtki ağlımca Səməd Vurğunun Azərbaycan poe­ziyası tarixindəki yerini də müəyyənləşdirmişdim: Fü­zuli – tezis, Vaqif – antitezis, Səməd Vurğun – sintez… İş elə gətirdi ki, mənim passiv mücadiləm davam etdiyi aylarda Yusif müəllim «Ulduz»dan «Azərbaycan»a keçdi. Və nəhayət ki, bu keçid dövründə məqaləni Yusif qağaya çatdıra bildim… Dedi ki, bir həftədən sonra zəng elə, eşitmişəm, ciddi yazıdır, gərək rahat bir vaxt baxam. Kişiyə əziyyət verməmək üçün bir aydan sonra zəng elədim. Cavabı bu oldu ki, Nizami, qadası, oxudum, yaxşı yazıdı, növbəti nömrədə çıxacaq… Onda mən də «Ədəbiyyat və incəsənət» qəzetinin Tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri idim. Və təbii ki, Yusif qağanın nəinki işdə, sözdə də qeyri-məhdud «demokratizm»i barədə kifayət qədər aydın təsəvvürüm vardı. İki-üç ay gözlədim. Bir şey çıxmadı… Zəng elədim. Üzür­xahlıqdan sonra dedi ki, qadası, məqalə yaddan çıxıb işdə qalmışdı, indi evə aparıram, sən narahat olma, bu gecə oxuyacam… Elə mütəəssir oldum ki… Ağlıma da gəlməzdi ki, böyük bir yazıçı-intellektual mənim məqaləmi evə aparıb gecə oxuya.

Üstündən üç-dörd ay da keçdi… Günlərin bir gü­­nü özü zəng elədi ki, Nizami, sənin məqaləni oxu­dum, çox aktual məsələlər qaldırmısan, ancaq incimə, evə aparmışdım, hara qoyduğumu unutmuşam… Varsa bir nüsxəsini göndər verək, bu nömrəni sənə görə saxlamışam…

Ürəkdən təşəkkür elədim, dedim ki, Yusif müəllim sabah mütləq göndərərəm. Sonra soruşdu ki, Nəriman (Nəriman Həsənzadə – N.C.) necədi? Dedim, sağ olun, yaxşıdı…

Təbii ki, məqalənin heç bir nüsxə-filanını gön­dərmədim. Çünki əlimizdə o boyda nüfuzlu, populyar qəzet var idi. Və orada çap etdirmək üçün də heç bir maneə yoxuydu… Ona görə də «Azərbaycan»dan (və Yusif qağadan!) ümidimi təmkin (və təvazökarlıq) ilə üzdüm.

İki-üç aydan sonra, heç gözləmədiyim halda, «Fü­zulidən Vaqifə qədər» «Azərbaycan»da çap olun­du. Müəyyən maraq da doğurdu… Zəng edib Yusif müəl­limə təşəkkür eləyəndə «Nizami, jurnalda oxu­dum, ciddi araşdırmadır» dedi. Və əlavə elədi ki, «növ­bəti məqaləni gözləyirik, göndərən kimi çap edəcəyik»… Nə mən məqalə göndərdim, nə Yusif müəllim çap elədi…

Ancaq bu böyük İnsana hörmətim, məhəb­bə­tim nəinki azaldı, get- gedə daha da artdı. Onun «laübali­liy»i daxildən – çox-çox «qədimlər»dən gəlir­di… Və həmişə düşünmüşəm ki, Yusif Sə­mədoğ­lunun (eynilə Səməd Vurğun kimi) təfəkkürü, dün­yagörüşü Qazax mahalına oxşayır… Bir qədim tarixi var, bir də müasir… Orta əsrlər tarixi yoxdur… Elə bil qədim dövrün ürəyi dünya qədər geniş (və mü­tə­fəkkir!) insanını, özü ilə razılaşmadan (təsa­düfən!), diplomatiya, bicliklər, münaqişələrlə dolu müasir dövrə atıblar. Və həm etnoqrafik mükəm­məl­liyini( fundamentalizmini!) qoruyur, həm də müasir dün­yayla, onun bitib-tükənməz konyukturlarıyla ayaq­laşmağa çalışır…

Yusif Səmədoğlu, nə qədər az yazsa da, heç şübhəsiz, ən böyük Azərbaycan yazıçılarından biri idi. Və yazıçı kimi böyüklüyünün bir mühüm göstər­i­ci­si də elə az yazması idi.

Fikrimcə, Yusif Səmədoğlu ona görə az yazırdı ki, ədəbiyyata, söz sənətinə (peşəsinə!) son dərəcədə ciddi, son dərəcədə məsuliyyətlə yanaşırdı. Heç za­man unutmurdu ki, dahi Səməd Vurğunun oğludur… Və onun böyük intellekti, yüksək zövqü həmişə, hər şeydən yazmağa, süni populyarlığa imkan vermirdi.

Nəhayət, bir məsələ də vardı… Yusif Səməd­oğlu sözün geniş (və böyük) mənasında həyat adamı idi. O, bu dünyaya yalnız, yazı yazmağa (yazıçı olma­ğa!) gəlməmişdi. Gəlmişdi ki, həyatın insan görə bilə­cəyi bütün gözəlliklərini görsün… Özündən sonra təbii, canlı bir İnsan obrazı (əsər!) qoyub getsin. Və istə­diyi kimi də elədi…

Allah Yusif Səmədoğluna yüksək intellektlə ya­naşı, yaraşıq, boy-buxun, daxili aristokratlıq da ver­mişdi… Rəhmətlik Fərman Eyvazlı danışırdı ki, Mosk­vada Ədəbiyyat İnstitutunda oxuduğumuz illərdə Yusiflə restorana getmişdik. Yeyib-içirdik… Həzin musiqi də vardı. Birdən Yusif ayağa durub nəzakətlə qonşu stola yaxınlaşdı… Orada yaşlı bir general öz ailə­siylə əyləşmişdi…. Salam verdikdən sonra ge­ne­ra­la, təbii ki, rusca «olarmı gənc xanımı rəqsə dəvət edim?» dedi. General ona əvvəl tərs-tərs baxdı, sonra xoş görünüşünü, mütəvaze ədasını görüb «gənc xanım özü bilər, ona müraciət edin» dedi. Yusif, yəqin ki, xanımı öz baxışları ilə çoxdan ram eləmişdi. Və onlar restoranda əyləşənlərin gözləri qarşısında qeyri-adi bir rəqs elədikdən sonra kavaler gənc xanımı yüksək centl­men mədəniyyətilə öz yerində əyləşdirib ge­ne­lara təşəkkür elədi.

Qayıdanda Yusifdən qızın kim olduğunu soruş­dum… «Generalın qızıdır» dedi, «ailəlikcə gəlib­lər»… Yemək-içməyə davam elədik. Ancaq bu dəfə zəhmli generalın sərt baxışları altında… İmkan tapan kimi Yusiflə qız gözləşirdilər. Və yəqin ki, qızın atası bunu hiss edirdi. Yusif bir də ayağa qalxıb (ancaq bu dəfə səndirləyə-səndirləyə) generaldan qızı ilə rəqs et­mək üçün növbəti dəfə icazə istəyəndə o, kəskin şə­kildə «olmaz!» dedi. Və kavalerdən «nə üçün?» sualını eşitdikdə daha da qəzəblənərək qışqırdı: «Get bur­dan!»

Fərman müəllim danışırdı ki, Yusifi heç belə gör­­məmişdim… Əlini cibinə salıb bıçaq çıxardı, gene­ra­lın üstünə gələndə o da tapançasına əl atıb bağırdı. Mən özümü itirdim…

Yaxşı ki, restoran xidmətçiləri buraya tez-tez gələn Yusifə hörmətlə yanaşırlarmış. Hər ikimizi qo­mar­ğalayıb aradan çıxardılar. Və generalın bağırtı sədaları altında oranı tərk etdik…

Yusif Səmədoğlunun həyat tərzi, iş (və ida­rəçilik) üsulu barədə ən dəqiq, ən maraqlı fikirləri, mü­lahizələri, yəqin ki, uzun illər onunla birlikdə çalışmış böyük yazıçımız Seyran Səxavətdən gözəl heç kim qələmə almayıb. Və onun bir müşahidəsi tez-tez yadıma düşür… Yazır ki, Yusif Səmədoğlunun evin­­də bir tutuquşu varıydı. Ömrümdə ondan tərbi­yə­siz tutuquşuya rast gəlməmişdim. Çünki ağzını açan­da ana-bacı söyüşü eləyirdi.

Və Seyran Səxavətin bir xatirəsi də yadımdan çıx­mır… Yazır ki, təcili Moskvaya getməli idim. Axta­rıb baş redaktoru – Yusif Səmədoğlunu tapa bil­mə­dim ki, icazə alam. Ona görə də icazəsiz get­məyə məcbur oldum… Moskvada Mərkəzi Yazıçılar Evinin barına girəndə baxdım ki, Yusif müəllim bir neçə adamla orda əyləşib. İstədim aradan çıxam, ancaq məni görüb yanına çağırdı. Soruşdu ki, Seyran, nə yaxşı gəlibsən? Dedim, sizi axtarırdım, Moskvaya getmək üçün icazə alam… Dedi, problem yoxdu…

Səməd Vurğunu Yusif Səmədoğlu qədər dərindən dərk eləmiş ikinci, yaxud üçüncü bir adam (mütəfəkkir!) təsəvvür eləmək son zamanlara qədər çox çətin idi. Və yeri gəlmişkən, bunu demək mənim üçün nə qədər çətin olsa da, deməliyəm (və mən deməsəm də, gələcəkdə kimsə deyəcək) ki, Səməd Vurğun tədqiqatçı sarıdan ən az bəxti gətirmiş şair-mütəfəkkirlərdəndir… Əlbəttə, bunun səbəbləri vardı ki, fikrimcə, birincisi, Səməd Vurğunun yaradıcılı­ğı­nın miqyası (və həmin miqyas səviyyəsində elmi tədqiqat metodunun olmaması) ilə bağlı idi. Dahi şairin çoxcildlik «Əsərləri»nin son nəşrinə professor Yaşar Qarayevin yazdığı ön söz, elə bilirəm ki, uzun illərin çatışmazlığını müəyyən qədər aradan qaldırdı.

Yusif Səmədoğlu Səməd Vurğun yaradıcılı­ğı­nın fəlsəfəsini dahi şairin öz misraları ilə izah edirdi:

«Şair, hökmdarın hüzurundasan!..» Və elə bilirəm ki, qətiyyən səhv eləmirdi, əksinə, gələcək (daha obyektiv!) tədqiqatlar üçün istiqamət verirdi.

«Qətl günü» romanını da təsadüfən yazmadı… Doğrudur, normativ (və kanonik) ədəbi-ictimai təfəkkür bu romanın baş qəhrəmanı kimi dahi Hüseyn Cavidi gördü, ancaq Sədi əfəndi yalnız Cavid deyildi. Və bəlkə də, daha çox Səməd Vurğun idi… Yusif Səmədoğlu «Qətl günü»ndə təsvir (və təhlil) etdiyi hadisələri ilk növbədə atasının tərcümeyi-halında görməyə, yaşamaya, analiz etməyə bilməzdi.

Yazıçının istər «Qətl günü» romanında, istərsə də ondan əvvəl qələmə aldığı hekayələrində, «Yeddi oğul istərəm» kinossenarisində Qazax mahalının zəngin koloriti var. Və ümumiyyətlə, Yusif Səməd­oğ­lu nə qədər ümumbəşəri intellekt sahibi olsa da, ata­sının doğulduğu mahalın koloritinə (etnoqrafiyasına!) çox həssas idi. Hətta danışırlar ki, qardaşı Vaqif Səmədoğlunun «Bəxt üzüyü» tamaşasına baxandan sonra özünəməxsus yumorla «Vaqif qohum-əqrabanı bizlə düşmən edəcək» deyibmiş.

Və yumor böyük yazıçının faciələrlə dolu dü­şün­cə (yaradıcılıq) inersiyasının əsas nikbin əlaməti – «tərəddüdlər»dən «çıxış yolu» sayıla bilər.

Keçən əsrin 80-ci illərinin sonu 90-cı ilərinin əv­vəllərində – xalq hərəkatı (və xaos) dövründə, az-çox tanınan hər kəsin ürəyindən prezidentlik keçdiyi illər­də Yusif Səmədoğludan soruşurlar ki, siz niyə pre­zid­entliyə namizədliyinizi vermirsiz?.. Cavab kifa­yət qədər qısa olur: Prezidentliyə namizədliyimi verə­rəm də, seçilərəm də… Ancaq sonra kim işləsin?..»

Yusif müəllim ictimai- siyasi həyatda hansı vəzi­fəni daşımalı olduğunu yaxşı bilir, nə qədər bö­yük nüfuzu (populyarlığı) olsa da, bundan sui-istifadə etməyi xəyalına belə gətirmirdi. Müsahibələrindən birin­də demişdi ki, mən keçmiş həyatımda, yəqin ki, «ak­varium balığı» olmuşam… Bu isə o deməkdi ki, mis­tik «gen»imdə heç kimə dəxli olmayan sərbəstliyim var, ancaq məhdud, proqramlaşdırılmış bir miqyasda…

Yusif Səmədoğlu uzun illər yaradıcılıq qurum­larına rəhbərlik etmişdi, ancaq onun rəhbərliyi altında çalışmış insanların (onlar da yaradıcı şəxslər idilər) hamısı deyirdi ki, Yusif müəllimdə inzibatçılıqdan əsər-əlamət yoxdur, tez-tez iclas keçirməyi, dedi-qodu­nu, kimisə müzakirə obyektinə çevirib pisik­dir­mə­yi və ya həddindən artıq tərifləyib ağlını başından çıxar­mağı xoşlamır… Eşitdiyimə görə, «Ulduz»a baş re­dak­tor təyin ediləndə öz yerləri, redaksiyadakı mövqeləri, nüfuzları barədə narahat olmağa başlayan əməkdaşlardan «diribaşlar»ı təklikdə baş redaktorun kabinetinə gəlib «yaxın adam» kimi ona işdəki münasibətlər barədə məlumat verirlər. Və bu proses təx­minən bir ay davam edir. Bir aydan sonra baş re­dak­tor redaksiyanın bütün əməkdaşlarını yığır ki, iclasdır… Stolunun gözündən diktafonunu çıxarıb qo­yur ortalığa. Kim kimdən nə «danos» veribsə ha­mısı məlum olandan sonra «iclas»ı belə yekunlaşdırır: «Hamınız mənə yaxınsız, gedin öz işinizlə məşğul olun, artıq söz- söhbətə ehtiyac yoxdur». Və bu, yeni baş redaktorun yalnız ilk yox, həm də son iclası olur.

«Ulduz»da işlədiyi illərdə redaksiya əmək­daşları vaxtaşırı ona kömək üçün müraciət edirlərmiş. Və Yusif müəllim tez-tez polis rəislərindən, proku­ror­lardan, hakimlərdən nə isə xahiş eləməli olu­r­muş… Təbii ki, həmin vəzifə sahibləri həm bu nü­fuz­lu, hörmətli insanın xahişini yerinə yetirir, həm də ona başının dəstəsiylə qonaqlıq verirlərmiş. Bir ara, necə olursa, qonaqlıqların arası uzanır. Və Yusif müəllim xət­rini çox istədiyi, əhatəsi geniş olan Zakir Fəxrini ax­tarır. Soruşanda ki, Yusif müəllim, nə lazımdır, özü­nə­məxsus təbəssümlə deyir: «Onu tapıb öyrənin gö­rün bu günlərdə yaxın adamlarından polisə, pro­ku­ror­lu­ğa, məhkəməyə düşən olmayacaq, işimizi bilək»…

Yusif Səmədoğlu «Qətl günü» romanı ilə Azərbaycan ədəbiyyatına onun ən gözəl əsərlərindən birini, özünün isə şah əsərini verdi…

«Dərd də azar kimi, gələndə batmanla gəlir…

Hələ ulduzlar təkəmseyrəkdi – boz səmada bo­zum­tul işıq vardı, gah öləziyirdi, elə bil sönmək istə­yir­di, gah da par-par parıldamağa başlayırdı. Külək hə­lə əsmirdi, hərdən qoşa vələsin kəlləsində ləpə­dö­yə­nin səsinə bənzər bir səs qopurdu, deyirdin, yaxın­lıq­da dəniz var, amma bu səsdən adam diksinirdi. Bura­da kim vardısa, bilirdi ki, çox- çox uzaqlarda, hardasa dünyanın o başında bir külək yatağından baş qaldırır, Baba Kahanın zülmətində gərnəşir, ordan çıxıb, ağır-ağır, sürünə-sürünə, batman ləngəri ilə tor­paqda dərin şırımlar açırdı, daş- qayanın gövdəsinə uğultu sala- sala bu başıbəlalı dünyaya meydan oxu­ma­ğa hazırlaşırdı. Burada kim vardısa, hələ çox- çox uzaq­larda həmləyə hazırlaşan küləyin qarğışını eşidir­di: ay ikiayaqlı bəndələr, kökünüz kəsilsin sizin!

…İnsanlar küləkdən bezmişdi, külək də insan­lar­dan» sözlərilə başlayan romanda biri digərinin siyasi-ictimai, mənəvi və mistik davamı olan üç epoxa təq­dim olunur. Və bu üç epoxa, əslində, insan cə­miy­yətinin bütövlükdə tarixini (daha doğrusu, həmin tari­xin metafizikasını) ehtiva edir.

Zaman dəyişir, ancaq xeyirlə şərin, xe­yir­xah­lıql­a bədxahlığın, allahlılıqla allahsızlığın, norma ilə ano­maliyanın insan cəmiyyəti meydana çıxandan baş­la­mış «dialoq»u özünün çoxspektrliyi, rəngarəngliyilə da­vam edir.

Roman müdrik ölünün dirilərə ibrətamiz müra­ciətilə bitir:

«Daha mən heç kəsin yuxusuna girmirəm. Son də­fə arvadın yuxusuna girdim, o da ağladı, mən də, o məni qucaqladı, mən onu, o mənim göz yaşlarımdan içdi, mən onun… Amma səhər ayılıb, arvad, Səlimə xanı­ma zəng eləyib, telefonda ağlaya- ağlaya yuxu­sunu ona danışdı. Vədələşib, gönorta görüşüb, Təzə Pirə getdilər, orda mollaya beş manat verib, Səlimə xanım dedi ki, bir dua oxuyub, bu cavan gəlini, yuxusuna girən ölünün xofundan azad eləsin…

Dəxi mən, a kişilər, bundan sonra, bir kimsənin rö­yas­ına girmərəm! Amma, ey mənim səbrli oxucum, işdir, şayəd, gecə röyada, sifəti xəzan yarpağı kimi sap­sarı saralmış, gözləri çuxura düşmüş, beli azca donqar bir xəstə görsən, ya da ki, başında buxara papaq, əynində kürk, gülümsər və qüssəli gözlər sahibi olan bir sinli kişi görsən, o zaman, dəxi bizi qınama. Vallah, ölülər savab iş tutmaq istəyirlər. Yuxunuz şirin olsun, dirilər!»

«Qətl günü»ndən sonra Yusif Səmədoğlu «Deyilənlər gəldi başa» romanını yazmağa başladı, ancaq əsər yarımçıq qaldı…

Bununla belə Yusif müəllim bu dünyada bütöv, mükəmməl, zəngin (və adı kimi gözəl) obrazını qoyub getdi.

2015

# 1845 dəfə oxunub

Müəllifin son yazıları

# # #