Gecəyarı qapıları döyməyin! - Zülfüqar Rüfətoğlu

Gecəyarı qapıları döyməyin! - Zülfüqar Rüfətoğlu
13 oktyabr 2023
# 17:25

Kulis.az Zülfüqar Rüfətoğlunun "Gecəyarı qapıları döyməyin!" şeirini təqdim edir.

Gecəyarı qapıları döyməyin,
Ürək var ki, tıqqıltıya dayanar.
Gecəyarı qapıları döyməyin,
Yetim var ki, möcüzəyə inanar.

Gecəyarı qapıları döyməyin,
Ata var ki, yuxu bilməz həsrəti
Ana var ki, namaz üstə yaşayır
Oğul var ki, başa çatıb xidməti.

Gecəyarı qapıları döyməyin,
Bir möcüzə saxlayıbsa sizi sağ,
Bu dünyadır, vallah- billah bilinməz
Qapı açıb, kim qarşıya çıxacaq?

Gecəyarı qapıları döyməyin,
Haradasa “Ev yiyəsi!”- deyən var,
Gecəyarı evinizə tələsin,
- Bəlkə sizin qapını da döyən var.

# 1173 dəfə oxunub

Müəllifin son yazıları

# # #