“Füzulidə yay məktəbi” layihəsinin açılış mərasimi olub

“Füzulidə yay məktəbi” layihəsinin açılış mərasimi olub
16 avqust 2024
# 09:45

Avqustun 15-də Füzuli şəhərindəki Kurmanqazı adına Uşaq yaradıcılıq mərkəzində “Füzulidə yay məktəbi” layihəsinin açılış mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, layihənin məqsədi yay tətili müddətində doğma yurda qayıtmış Füzuli məktəblilərinin asudə vaxtının maraqlı və əyləncəli təşkilidir.

Avqustun 18-dək davam edəcək layihə Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, Ağdam, Füzuli və Xocavənd üzrə Prezidentin xüsusi nümayəndəliyinin dəstəyi ilə gerçəkləşir.

Özbəkistan Respublikası Prezidentinin hədiyyəsi olan, 2023-cü ilin avqust ayında istifadəyə verilmiş Füzuli şəhər Uluqbəy adına 1 nömrəli tam orta məktəbinin şagirdləri də layihədə iştirak edir.

Açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mədəniyyət Nazirliyinin əməkdaşı və yay məktəbinin koordinatoru Rəfiqə Baxşiyeva layihənin məqsədi, nəzərdə tutulan fəaliyyətlər barədə söz açıb. O, yay məktəbinin keçirilməsinə dəstək göstərən bütün qurumlara təşəkkürünü bildirib.

Daha sonra Kurmanqazı adına Uşaq yaradıcılıq mərkəzinin kollektivi Azərbaycan və qazax dillərində ədəbi-bədii kompozisiyalarla çıxış ediblər. Füzuli məktəblilərinin ifasında Azərbaycan muğamları, qazax folklor nümunələri dinlənilib, hər iki xalqın rəqsləri nümayiş olunub, həmçinin mərkəzin xor kollektivi tərəfindən musiqi nömrələri səsləndirilib.

Gün ərzində məktəblilər üçün rəsm dərsləri, taxta üzərində oyma üzrə ustad dərsi və əyləncəli oyunlar keçirilib.

Sonda tədbirin təəssüratlarını öyrənmək üçün məktəblilərlə sorğu sessiyası təşkil olunub.

Qeyd edək ki, yay məktəbi dövlət və özəl sektorun əməkdaşlığı ilə reallaşır. "Sirab", "Azərçay" və "Nort Vest" şirkətləri də layihəyə dəstək verir.

# 455 dəfə oxunub

Müəllifin son yazıları

# # #