Fuad Poladovu səhnədən uzaqlaşdırdı, şəhid atasını teatra buraxmadı - "Azdrama"nın yaşını azaldan rejissor

Fuad Poladovu səhnədən uzaqlaşdırdı, şəhid atasını teatra buraxmadı - "Azdrama"nın yaşını azaldan rejissor
23 oktyabr 2023
# 12:00

Kulis.az Azərbaycan teatr rejissoru, Azərbaycan Respublikasının Xalq artisti, Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru və direktoru Azərpaşa Nemətovun həyat və yaradıcılığı haqqında maraqlı faktları təqdim edir.

Azərpaşa Zəfər oğlu Nemətov 1947-ci ildə Bakı şəhərində, rejissor Zəfər Nemətovun ailəsində dünyaya göz açıb. 31 saylı orta məktəbdə təhsil alıb. Uşaq vaxtlarından musiqiyə marağı olub. Əvvəl Bülbül adına orta musiqi məktəbində, sonra Azərbaycan Dövlət Konservatoriyasında, dünya şöhrətli bəstəkar Qara Qarayevin sinfində təhsil alıb. Tələbəlik illərində mahnılar da bəstələyib, lakin gözlənilmədən qərarını dəyişib.

Azər Paşa Nemətov

***

1965–1970-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsinə daxil olub.

Məşhur rejissor Mehdi Məmmədovun kursunu bitirib, iki il sonra onun yanında assistent-müəllim işləyib.

1972-ci ildə Gənc Tamaşaçılar Teatrında əvvəl rejissor assistenti, sonra quruluşçu rejissor kimi fəaliyyət göstərib.

1974-1977-ci illərdə Sankt-Peterburq teatrında çalışan Azərpaşa Nemətov 1977-ci ildə Bakıya qayıdıb və GTT-də rejissor və baş rejissor (1983–1990) kimi fəaliyyət göstərib.

1990-cı il aprel ayının 20-dən ömrünün sonunadək Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının quruluşçu rejissoru olub. 1991 və 1996-cı illərdə isə Teatr Xadimləri İttifaqı İdarə Heyətinin sədri seçilib.

İlham Əsgərovun xatirəsi anılıb

31 avqust 2015-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru, 6 yanvar 2016-cı ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının baş direktoru vəzifəsinə təyin edilib.

Onun "Azdrama"ya baş direktor təyin olunması ilə teatr qalmaqallı dövrünə qədəm qoyub.

Nazirin birinci müavini Elnur Əliyev Xalq artisti Azərpaşa Nemətovla  görüşüb - Şuşa İli | Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

***

2015-ci ildə qəflətən beyninə qan sızmasından dünyasını dəyişən Xalq artisti İlham Əsgərovun sənət dostları və həyat yoldaşı Yeganə Əsgərova aktyorun ölümündə “Azdrama”nın o vaxtkı direktoru İsrafil İsrafilovu günahlandırıblar.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu -  Arzusu ürəyində qalan Xalq artistimiz

Y.Əsgərovanın sözlərinə görə, İ.Əsgərov dünyasını dəyişən gün teatrın baş rejissoru Azər Paşa Nemətovla da görüşüb və məyus olub:

“Azərpaşa onu otağına dəvət edib. Aralarında teatrla bağlı müzakirə olub. Ümid edirdi ki, yeni bədii rəhbər və baş rejissor gəlib, bəlkə, hər şey düzələr. Görünür, söhbət zamanı başa düşüb ki, heç nə düzələn deyil. A.Nemətovla görüşdən sonra evə gəldi. Axşam İlhamın halı qəfildən pisləşdi. Getdik xəstəxanaya, amma gecikmişdik. Həkimlər əlindən gələni etdi, lakin nəticə olmadı. Biz İlhamı itirdik”.

Məsələ ilə bağlı mediaya açıqlama verən Azərpaşa Nemətov isə Xalq artistinin ölümünü direktorla əlaqələndirməyin düzgün olmadığını bildirib:

“İlhamın ölümündən qabaq biz görüşdük, qucaqlaşdıq. Yüksək mədəniyyətə malik insan idi. Mən hələ "Hamlet" tamaşasını hazırlayanda o dedi ki, mən şəkər xəstəsiyəm, oynamaq istəmirəm. Mən də bu teatra dava salmaq üçün deyil, teatrı əvvəlki zirvəyə qaldırmaq üçün gəlmişəm. Teatr səhnədir və səhnədə gözəl tamaşalar oynanılmalıdır. Mən çalışacağam teatrda sülh yaradım. Əgər sülh baş tutmasa, bu, onların problemidir. Çünki sülh olmadan yaradıcılıq mühiti olmayacaq”.

***

2016-ci ildə Akademik Milli Dram Teatrının aktyoru Hikmət Rəhimov işdən uzaqlaşdırılır.

Onun işdən çıxarılmasına səbəb kimi bir neçə gün öncə teatrda baş verən davanı göstəriblər.

Ado Teatrının rəhbəri Elmin Bədəlov əslində, Hikmətin provokasiyaya çəkildiyini və səbəbin başqa olduğunu bildirib. Hikmət Rəhimov məsələ ilə bağlı danışmaq istəməyib. Cavabını sonraya - Azərpaşa Nremətovun ölümündən sonraya saxlayıb…

Aktyor işçini döydü, qovuldu — “AzDrama”da qalmaqal

***

Aktyor Hikmət Rəhimovdan sonra mərhum Xalq artisti Fuad Poladov teatrdan çıxmaq üçün istefa ərizəsi yazır. Fuad Poladovun istefasına səbəb kimi teatrda həmin dövrlərdə yaranmış vəziyyət və aktyor Hikmət Rəhimovun istefası göstərilib.

Azərpaşa Nemətov Fuad Poladovun istefası haqqında “Bu onun seçimidir. Mən bu məsələyə qarışmaq istəmirəm” deyib. Fuad Poladov vəfat etdiyi gün onun “Ölüb, Allah rəhmət eləsin! Mən xəstəyəm, yatıram” sözləri müzakirələrə səbəb olub.

Bakupost.az - Fuad Poladov və “Azdrama”nın siçovulları

Fuad Poladovun dəfn günündə, “Şah Qacar” tamaşasından sonra təzimə çıxan aktyorlardan birinin Fuad Poladovu xatırlaması və onun xatirəsinə tamaşaçılardan bir dəqiqəlik sükut xahiş etməsinə görə, teatr rəhbərliyi aktyoru çağıraraq, ona xüsusi xəbərdarlıq edib. Teatr həmin il sözügedən iddiaları təkzib edib.

***

2022-ci ildə Xalq artisti Əli Nur "Azdrama"ya buraxılmadığına görə Azərpaşa Nemətovu sərt tənqid edib: “Teatra gəlirəm, məni içəri buraxmırlar. Mən sıradan bir adam deyiləm, institut professoruyam, Xalq artistiyəm, Prezidentin fərdi təqaüdçüsüyəm, eyni zamanda şəhid atasıyam. Bu mənim teatrımdır. Truppa rəhbəri orada kimdir ki, nökər, əlində çomaq, Xudayar bəy kimi qapıda durub heç kimi də içəri buraxmır. Qoluma girib məni çəkir ki, içəri olmaz. Bu nə tərbiyəsizlik, nə idarəetmə, nə əxlaqsızlıqdır, bu hansı estetikaya sığışır? Sən mənim şərəf və ləyaqətimi alçaldırsan. Mən teatrda direktor olanda siz kim idiniz? Nəyə görə siz kollektivi teatrdan uzaqlaşdırırsınız?! Azərpaşa Nemətov, səndən qabaq bu teatrın direktorları olub və hər birinin yanında iki-üç nəfər öz səviyyəsində olmasa da, istedadlı rejissorlar olub. Sən nəyə görə tək işləməlisən? Sən həm direktorsan, həm iyirmi ildir teatrın rəhbərisən, eyni zamanda baş rejissorsan və bədii rəhbərsən. Sən ildə bir dənə tamaşa hazırlayırsan. Bəs altmış nəfər aktyor bekar gəzir axı...".

Əli Nur: "Bədii Şurada mənim kimi ensklopedik aktyor olmamalıdır?" Yeni  Sabah

***

Xalq artisti Akademik Milli Dram Teatrının aktrisası Bəsti Cəfərovanın da Azərpaşa Nemətovla arası yaxşı olmayıb. Buna səbəb isə 2019-cu ildə altmış yaşı tamam olan aktrisanın yubiley yaşında yeni tamaşa ilə çıxış etmək istəməsi olub. Bununla bağlı Azərpaşaya müraciət edən sənətçiyə o, “pul yoxdur” cavabını verib. - Əvəzində "Afinalı Timon" və "On ikinci gecə" tamaşalarını yenidən səhnəyə qoyacağını söyləyib: “Azərpaşa Nemətovun sözlərindən belə çıxdı ki, onun qoyduğu tamaşalara pul var, mənim üçün hazırlanacaq yubiley tamaşasına isə yoxdur”.

Bəsti Cəfərova: “Bilsəydilər ki, hamiləyəm, uşağımı öldürərdilər”… – Yeni  Çağ Media

***

Azərpaşa Nemətovla qalmaqal yaşayan sənətçilərdən biri də Əməkdar artist İlham Hüseynov olub. O, 2018-ci ildə sözügedən teatrından uzaqlaşdırılmasına səbəbkar direktor Azərpaşa Nemətovun olduğunu bildirib:

"Əgər rəhbərlik səni sevmirsə, qəbul etmirsə, bəhanə tapmaq, damğa yapışdırmaq çətin deyil... Sadəcə, teatrın rəhbəri mənə qarşı pis münasibət göstərir. "Azdrama"nın rəhbərliyinin məni işdən uzaqlaşdırılmağıma don geyindiriblər. Buna deyirlər adamın torbasını tikmək".

Azdramdan qovulan aktyor Muskomediyada

***

2019-cu ildə Xalq artisti Afaq Bəşirqızı Azərpaşa Nemətovun şəxsi maraqları üçün rəhbəri olduğu teatrın tarixini təhrif etdiyini söyləyib. O, eyni zamanda Teatrlar İttifaqına rəhbər seçkilərinin şəffaf keçirilməsini təmin etmək üçün ölkə rəhbərləyinə müraciət edib:

“Canım prezidentim, şəffaf dövlətin ən qabarıq atributlarından biri mədəniyyət sahəsi olmalıdır. Xalqın böyük əksəriyyətini təşkil edən mədəniyyət və incəsənət xadimləri sizin göstərdiyiniz qayğı və diqqətə görə təşəkkürünü bildirir. Lakin yeri səhv düşən insanları, təsadüfi adamları “hegemon” adlandırıram. Dövlətin büdcəsini qara pula çevirib cibinə axıdanlar, qarın sahələrini qabardanlar təəssüf ki, bizim sahədə daha çoxdur. Bu islahatlar mədəniyyət və teatr sahələrində aparılmalıdır. Təsadüfi adamlar öz yerlərini bilməlidirlər... Necə ola bilər ki, 147 yaşlı Akademik Milli Dram Teatrını 100 yaşlı kimi təqdim edəsən?! Siz təsəvvür edin ki, indi teatrın 147 yaşı var, lakin Azərpaşa Nemətov öz vəzifə kreslosunu daha da bərkitmək üçün dövləti də aldadıb. 1919-ci ildə dövlət statusu verilib, bundan da istifadə edir, 100 illik kimi təqdim edir. Nə var ki, qarşıdan gələn seçkilərdə qalib olsun, teatr kreslosunda otursun”.

Bakupost.az - Afaq Bəşirqızı- Azərpaşa davası: kim haqlıdır? - RƏYLƏR

Qeyd edək ki, sözügedən seçkilərdən sonra Gənc Tamaşaçılar Teatrının aktyoru Əməkdar artist Elnur Kərimov TXİ-nın üzvlüyündən imtina etmişdi.

***

Əməkdar artist Elza Seyidcahan Akademik Milli Dram Teatrının rəsmi status almasının 100 illiyi ilə bağlı keçirilən tədbirdə direktor Azərpaşa Nemətova sərt şəkildə etirazını bildirib.

Bu barədə danışan bəstəkar-müğənni deyib ki, sözügedən tədbirdə "Azdrama"dan daha çox Azərpaşa Nemətov barədə xoş sözlər səsləndirilib: "Mən də məyus oldum. Sanki ora teatrın yox, Azərpaşa Nemətovun yubileyinə gəlmişdik”.

Elza Seyidcahan ləhcə ilə danışanları tənqid etdi

E.Seyidcahan bildirib ki, Azərpaşa Nemətov nə sənəti, nə də teatrı sevmir:

"Azdrama"nın Ədil İsgəndərov, Ələsgər Ələkbərov, müasir dövrümüzdə Fuad Poladov kimi nəhəngləri olub. Amma o, nə aktyorları, nə də teatrı sevmir. Ora bir gürcü aktyor gəlmişdi, buna çaxır gətirmişdi. Çaxırı görən kimi tez qabağa hoppandı. O qədər çaxır içib ki, qarnı burnuna dəyir. O qədər çaxır içib ki... (həmin ifadəni yazmırıq-İ.V.) Çaxır üçün tez qabağa gəlir. Bütün aktyorlar da çıxanda ona lənət oxudular. Biz Azərpaşanın yubileyinə gəlmişdikmi? Amma hiss edirəm ki, aktyorlar da ondan qorxurlar. Aktyor direktordan qorxursa, o, səhnədə heç nə yarada bilməz. Aktyor yaradıcı insandır, sərbəst olmalıdır, rahat şəkildə fikrini ifadə etməyi bacarmalıdır. Lakin mən gördüm ki, aktyorlar ondan necə çəkinirlər. O tədbirdə cənab nazir Əbülfəs Qarayevin çıxışını dinlədim. İstərdim ki, Azərpaşa Nemətov heç olmasa onun dediklərindən dərs götürsün".

***

Teatrın əməkdaşlarından birinin yaydığı səs yazısında direktor "Azdrama"nı "taxtabiti yuvası" adlandırıb və teatr əməkdaşlarından biriylə söhbəti zamanı buraya könüllü gəlmədiyini də deyib: "Azərbaycanda bilirsiniz də, onsuz da qanan, qandıran yoxdur. Ona görə rəhbərlik bilir. Məni cənab Prezident bura qoymasaydı, mən bu taxtabiti yuvasında nə gəzirdim?”

****

2021-ci ildə Azərpaşa Nemətovun vəziyyətinin ağır olması ilə bağlı mətbuatda yayılan məlumatlar tirajlanıb. Akademik Milli Dram Teatrının mətbuat xidməti məlumatı təkzib edib.

***

Qalmaqallı, səs-küylü ömür sürən Azərpaşa Nemətov 9 aprel 2023-cü ildə 75 yaşında vəfat edib.

Onunla vida mərasimi direktoru olduğu Akademik Milli Dram Teatrında keçirilib. Xalq artisti böyük izdihamla İkinci Fəxri Xiyabanda dəfn edilib.

Azərpaşa Nemətovla vida mərasimi başa çatıb - YENİLƏNİB

***

Ölümündən sonra da Xalq artisti ilə bağlı müzakirələr davam edib.

Vaxtı ilə "Azdrama"dan uzaqlaşdırılan aktyor Hikmət Rəhimov Azərpaşa Nemətovun ölümündən sonra feysbukda “sənə rəhmət düşmür” sözlərini yazıb.

Hikmət Rəhimovla yanaşı, Azərpaşa Nemətovun ölümündən sonra tənqidi paylaşım edənlərdən biri də aktyor Kamran Yunis olub:
"O da öldü... İndi kim "mən, mən, mən" deyəcək? Bəlkə də, belə yazmaqda haqsızam, amma elə yaşayaq ki, rəhmət deyənlər çox olsun". Fuad Poladovu teatrdan uzaqlaşdıran və ya son zərbə vurana mənim kitabımda sayğı yoxdur. Hələ teatrdan qovduğu həqiqi istedadlı gəncləri sadalamıram: İlham Hüseynov, Hikmət Rəhimov, Murad İsmayıl... Bu gənclər hərəsi bir teatrdır. Ustadınızdır, gedin yas tutun. Mənim dəyərlər sistemim belədir".

Azərpaşa Nemətov dəfn olundu | KONKRET

Xalq artisti Afaq Bəşirqızı isə qalmaqal yaşadığı və illərdir küsülü olduğu Azərpaşa Nemətovun vəfatından sonra açıqlamasında yaşadığı mübahisələrə görə peşman olmadığını bildirib:

“Biz onunla möhkəm dost olmuşuq. Dostluğun hörmətini son günə qədər saxlamışdıq. Mənim üçün bu, gözlənilməz oldu... Amma mənə bir təskinlik var ki, şəxsi ambissiyamız üçün sözləşməmişdik, biz aktyorların ümumi rifahının yaxşılaşması üçün belə bir təklif qaldırmışdım... Həmişə sənətkarların arasında belə söhbətlər olub. Son ana qədər bir-birimizə hörmətsizlik etmədik - təhqiramiz çıxışlar olmadı”. A.Bəşirqızı H.Rəhimovun mərhum rejissorla paylaşımına isə bu cür reaksiya verib: “Əgər mən halallıq verirəmsə, onlar da halallıq versinlər. Bu onların böyüklüyüdür”.

***

A.Nemətovun Azərbaycan mədəniyyətinin inkişafında xidmətləri dövlət tərəfindən layiqincə qiymətləndirilib. O, 1987-ci ildə “Əməkdar incəsənət xadimi” və 2002-ci ildə “Xalq artisti” fəxri adlarını alıb.

2007-ci ildə “Şöhrət”, 2017-ci ildə 2-ci dərəcəli “Vətənə xidmətə görə” və 2022-ci ildə “Şərəf” ordenləri ilə təltif edilib.

# 10179 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #