Filmimiz Polşadakı festivalda iştirak edəcək

Filmimiz Polşadakı festivalda iştirak edəcək
1 iyun 2022
# 13:20

Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyası tərəfindən istehsal olunmuş “Sonuncu” sənədli filmi bu ilin 6-11 iyun tarixlərində Polşanın Koszalin şəhərində baş tutacaq 41-ci Koszalin Gənclər və Film Festivalının qısametrajlı filmlər üzrə müsabiqə proqramında iştirak edəcək.

Bu barədə APA-ya “Azərbaycanfilm” kinostudiyasından məlumat verilib.

Qeyd olunub ki, filmin baş prodüseri Arzu Əliyeva, prodüserləri Orman Əliyev və Nazim Hüseynov, rejissoru Fariz Əhmədov, ssenari müəllifləri Esmira Əyyub və Fariz Əhmədovdur. Filmin quruluşçu operatoru polşalı kinematoqrafçı Mateuş Çuxnovskidir.

Film Kürdili adasının sonuncu sakini Vitali Pronindən bəhs edir. 1981-ci ildə Xəzər dənizində suyun səviyyəsinin qalxması nəticəsində vaxtilə həyat qaynayan Kürdili adaya çevrilərək yaşayış üçün əlverişsiz hala gəldi. Əhalinin əksəriyyəti adadan köçdü. Qazsız, işıqsız və demək olar ki, insansız qalan ada tənhalaşdı, təbiəti, heyvanları vəhşiləşdi, evləri dağıldı. Daha orada heç kim yaşamırdı... 68 yaşlı Vitalidən başqa… O, adayla nəfəs alır. Son nəfəsini də adada alır… Elə kamera qarşısında.

“Sonuncu” ötən il premyerasını 50-ci Rotterdam Beynəlxalq Film Festivalında etdikdən sonra, müxtəlif ölkələrin mühim film festivallarında iştirak edib. Eyni zamanda Bosniya-Hersoqovinada keçirilən 15-ci “Jahorina Film Festivalı”nda “Ən yaxşı sənədli film” nominasiyası üzrə “Golden Maple” (Qızıl Ağcaqayın), Polşada həyata keçirilən “OFF CINEMA” 25-ci Beynəlxalq Sənədli Film Festivalında “Bronze Castle” (Bürünc Qəsr), 5-ci “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalında "Ən yaxşı yerli sənədli film" nominasiyaları üzrə mükafatlara layiq görülmüşdür. Bununla yanaşı, Polşanın Torun şəhərində keçirilən 29-cu “EnergaCAMERIMAGE” Beynəlxalq Film Festivalının sənədli filmlər üzrə əsas müsabiqə bölməsində iştirak edib.

# 1375 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #