Ermənilər suyuna zəhər qatdı, son əsərini xəstəxana divarına yazdı - 23 yaşında ölən bəstəkarımız

Ermənilər suyuna zəhər qatdı, son əsərini xəstəxana divarına yazdı - 23 yaşında ölən bəstəkarımız
27 oktyabr 2023
# 16:00

Bu gün Azərbaycan bəstəkarı Asəf Zeynallının anım günüdür.
Kulis.az 23 yaşında vəfat edən bəstəkarın həyat və yaradıcılığı haqqında maraqlı faktları təqdim edir.


Asəf Zeynalabdin Zeynallı 1909-cu il 5 apreldə Dərbənddə doğulub. 1923-1926-cı illərdə Bakı musiqi texnikumunda təhsil alıb. 1931-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsində, Üzeyir Hacıbəyovun sinfini bitirib.

***

1929-1931 illərdə türk (Azərbaycan) fəhlə teatrında musiqi bölməsinin müdiri və Azərbaycan proletar musiqiçiləri birliyinin sədri işləyib. Tofiq Quliyev və Qara Qarayev bir müddət onun tələbələri olublar. Azərbaycan musiqi tarixində ilk romanslar Asəf Zeynallının adı ilə bağlıdır.

Asəf Zeynallı milli romans, piano və simfonik musiqinin banisidir. Onun “Ölkəm”, “Sərhədçi”, “Çadra”, “Sual”, “Seyran” romansları milli vokal musiqimizin inciləridir. Piano üçün “Uşaq süitası” silsiləsi, “Çahargah” pyesi, skripka və piano üçün “Muğamsayağı”, 2 fuqa, simfonik orkestr üçün “Fraqmentlər”, teatr tamaşalarına musiqi, xalq mahnıları işləmələrinin müəllifidir.
Azərbaycan musiqi folklorunun toplanıb nota köçürülməsi və işlənməsi sahəsində böyük iş aparıb.
“İbtidai not savadı” adlı dərslik tərtib edib.

***

O həmçinin türk (Azərbaycan) fəhlə teatrında oynanılan Cəfər Cabbarlının "Sevil", "Qayıdış", X. Nəzirli və S. Rüstəmin "Alov", A. Həmidin "Hind qızı", V. Kirşonun "Küləklər şəhəri" əsərlərinə musiqi bəstələmiş, "Uşaq süitası" əsəri ilə ilk dəfə Azərbaycan musiqi tarixində uşaq musiqisi repertuarının əsasını qoymuşdu.
Asəf Zeynallı bir neçə Azərbaycan xalq mahnılarını nota alıb.
Cəfər Cabbarlının sözlərinə bəstələdiyi "Ölkəm" romansı ən məşhur əsəri hesab olunur.

***

1932-ci ildə Asəf Zeynallı Bülbüllə birlikdə xalq musiqilərini toplamaq üçün Qarabağa ezam olunur. O, getmək istəmir, qalıb başladığı əsəri bitirmək istəyir, lakin sözünü dinləyən olmur. Səfər zamanı orada ağır xəstələnir. Qarın yatalağına tutulan bəstəkar müalicə almaq üçün Bakıya qayıdır. Xəstəxanada olarkən otağının divarına son simfoniyasını yazır və qardaşından əsərinin divardan kağıza köçürülməsini xahiş edir. Təəssüf ki, onun son vəsiyyətini heç kim yerinə yetirmir…

Deyilənə görə onun ölümündə erməni əli də olub. Bu barədə Asəf Zeynallının yazdığı məktub da var. Həmin məktubda o, ermənilərdən şikayətlənir. Ermənilər onu “şovinist” adlandıraraq, bəhanə gətirirlər ki, guya, o dərs deyərkən türk, yəni azərbaycanlı şagirdlərə - onların arasında Tofiq Quliyev, Qara Qarayev də olub - daha çox diqqət ayırır, ermənilərə yox.”

***

Asəf Zeynallı ezamiyyətdə olanda ona bir stəkan su verirlər. O, sudan bir qurtum içib deyir ki, bu su xoşuma gəlmədi, yanından kimsə təkid edir ki, iç, heç nə olmaz, buranın suyu belədir. Həmin suyu içəndən sonra halı dəyişir. Bakıya gəlib xəstəxanaya düşür. Əlavə söz-söhbət olmaması üçün də ailəsinə deyirlər ki, qarın yatalağından ölüb.

***

Asəf Zeynallı 27 oktyabr 1932-ci ildə, yaradıcılığının inkişaf etdiyi bir dövrdə dünyasını dəyişir və Çəmbərəkənd qəbiristanlığında basdırılır.
Sonra məzarı “Qurd qapısı” qəbiristanlığına köçürülür.

***
Bəstəkarın qardaşı oğlu müsahibələrinin birində deyir: "Düzü, qəbrin köçürülməsi mənim yadıma gəlmir, onda uşaq idim. Asəf Zeynallı əvvəlcə Çəmbərəkənddə, indiki Dağüstü Parkda basdırılmışdı. O vaxt orda park salınanda bütün qəbirlər köçürüldü, o cümlədən də Asəf Zeynallının qəbri. Atamgil onun qəbrini gətirib indiki yerdə basdırdılar. O vaxt ora beynəlmiləl məzarlıq sayılırdı. Müsəlman, xristian, yəhudi, - fikir verən yox idi. Həm də əmim basdırılanda o ərazilər bomboş idi. Atamgilin şəkli də var, qəbrin ətrafında dayanıblar, ətraf isə bomboşdur. Sonralar Böyük Vətən müharibəsi oldu, həmin yerlər müxtəlif millətlərin, əsirlərin qəbirləri ilə doldu.”

Asəf Zeynallının adı birinci dəfə Üzeyir Hacıbəylinin təklifi ilə Azərbaycan Dövlət Konservatoriyasına verilib, lakin Üzeyir bəyin vəfatından sonra bəstəkarın ailəsinə təklif edilib ki, Asəfin adı konservatoriyadan götürülüb Musiqi texnikumuna verilsin.

Cəfər Cabbarlı ilə möhkəm dost olub, hətta tamaşalarının musiqi tərtibatını o verib. Cəfər Cabbarlı Asəfin ölümündən o qədər pis olub ki, üç gün dilinə çay-çörək dəyməyib. Asəfin cənazəsini aparanda adamlar Opera və Balet Teatrının qabağından keçirmiş. Teatrın orkestri balkona çıxıb musiqi ifa edib, yəni o cür ehtiramla yola salıblar.

# 1670 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #