Ən yaxın dostu tərəfindən bıçaqlandı, xəstəxanaya gec çatdırıldı – Onu niyə aradan götürdülər?

Məşədibaba, Elçin.

Məşədibaba, Elçin.

18 noyabr 2021
# 12:10

Kulis.az mərhum meyxanaçı Elçin Atakişeyev haqda maraqlı faktları təqdim edir.


Elçin Arif oğlu Atakişiyev 31 oktyabr 1968-ci ildə Bakının Maştağa kəndində anadan olub. Atası Arif kəndin tanınmış xanəndələrindən olub. O, muğam və qəzəllərin mahir bilicisi olduğundan, şeirə, qəzələ və muğama rəğbət bəslədiyindən Elçin uşaq yaşlarından şeiriyyata həvəs göstərib. 1975-ci ildə Maştağa qəsəbəsindəki 187 saylı orta məktəbə daxil olub. Məktəbi bitirəndə artıq kənd Elçini püxtələşmiş şair kimi tanıyır.

***

Elçin Atakişiyev bu gün çoxlarının sevdiyi, lakin müəllifini bilmədiyi bir çox musiqili meyxanaların, mahnıların müəllifidir. Uzun illər toy repertuarlarının şah əsəri olan “Olmuşuq məsti xumar” da Elçinə məxsusdur.

Elçin kitab oxumağı çox sevib. Gecələri qaranlıq otaqda şam işığında oturub kitab oxuyar, şeir-qəzəl yazarmış. Toylara dəvət olunduğu üçün insan adlarının mənasını kitablardan öyrənib. Qardaşı ondan soruşanda ki, bunlara niyə vaxt ayırırsan, Elçin deyib:

“Mən meyxanaçıyam məndən dediyim sözün və çəkdiyim adların mənasını soruşa bilərlər”.

***

Meyxana meydanındakı biri-birindən mənalı meyxanaları onun qısa zaman ərzində şöhrət qazanmasına səbəb olur. 1992-ci ildə Azərbaycanın ilk şoumeni Qorxmaz Əlilinin rəhbərliyi ilə keçirilən Respublika Meyxana Müsabiqəsində Elçin öz istedadı və mənalı meyxanaları ilə birinci yerin qalibi olur. Buna görə də Elçinə rəsmi olaraq pul mükafatı verilir.

***

Elçin Ağasəlim Çıldağ, Molla Məmməd, Nizami Rəmzi, Bayram Kürdəxanılı, Kərim, Ağamirzə, Məşədibaba və digər meyxana ustaları ilə birlikdə el şənliklərində, televiziya-radio efirlərində və konsertlərdə meyxanalar deyib. Yaşadığı Maştağa kəndində onu şair deyə çağırıblar.

Elçin deyəndə Məşədibaba, Məşədibaba deyəndə Elçin ilk yada düşən adlardır. Bu iki şəxs eyni kəndin yetirmələri, həmkar olmaqları ilə yanaşı yaxın dost olublar. Sonu faciə ilə bitən bu dostluq, deyilənə görə, onların bəzi həmkarlarını narahat edib. Çünki onlar hər ikisi olduqca istedadlı meyxanaçı və qəzəlxan kimi digər rəqiblərini ötüb keçirdilər. Onlar isə həmin məşum günə qədər toylarda meyxana deyər, deyişər, rəqib olar, həyatda isə dostluqlarını davam etdirərdilər.


***

Sonu ölümlə nəticələnən bu anlaşmazlığa meyxana məclislərinin birində Elçinin deyişmə zamanı dediyi çox adi bir ifadə səbəb olur. Sonradan şişirdildiyi kimi həmin ifadədə, “ana, arvad” və s. kimi sözlər də səslənməyib. Hətta Elçinin o cavabını Məşədibaba təbəssümlə qarşılayıb və dostuna cavab verib, meyxana davam edib.

***

O zaman Məşədibaba və Elçinə yaxın olan şəxslərin dediyinə görə Məşədibabanın Elçini bıçaqla vurması onu öldürmək yox, bir növ cəzalandırmaq məqsədi daşıyıb. Məşədibaba dostunu öldürmək istəmir, ancaq idealları naminə onu vurmaqdan başqa çarə tapa bilmir.

***

Təbii ki, bu qətlin baş verməsinə mühit, murdar rəqabət, gənclik, təcrübəsizlik, səhv başa düşülən “cayıllıq” prinsipləri səbəb olur. Əks halda bir-birinə bu qədər yaxın olan iki dost arasında ölümlə bitəcək bir problem yarana bilməzdi.

Deyilənə görə, 1994-cü ildə, həmin hadisə baş verən gün Elçin Məşədibaba ilə eyni cür geyinmək istəyib. Qətlin başqa səbəblərdən baş verdiyi Elçinin atasının məhkəmədə dediyi sözlərdən də aydın görünür: "Bir oğlum məzara getdi, o birisini zindana göndərməyin". Həmin vaxt məhkəmə də vəziyyəti nəzərə alır, adam öldürməsinə baxmayaraq, Məşədibaba 6 il həbs çəkir. Azadlığa çıxdıqdan sonra daim Elçinə etdiyinə görə peşmanlıq çəkib. Şahidlərin sözlərinə görə, Məşədibaba həbsxanadan çıxdığı gün ilk olaraq Elçinin qəbrinin üstünə gedib.

***

Elçinin ölümündən sonra o dəfələrlə müxtəlif məclislərdə, deyişmələrdə xatırlandı. Dəfələrlə deyişdiyi meyxanaçılardan olan mərhum Molla Məhəmməd toylardan birində Elçini belə xatırlayır:


“Elçinin ölümünə şəxslərlə bağlı səslənən bütün fikirlər isə iddia olaraq qalır. Təbii ki, bu iddiaların heç biri hüquqi sənədlərdə təsdiqini tapmadığı üçün bu variantların üzərindən ciddi hökm vermək olmur. Təsdiqlənmiş fakt isə yerində qalır: Elçini 11 fevral 1994-cü ildə ən yaxın dostu və həmkarı Məşədibaba bıçaqlayaraq öldürüb. Nəticədə həm Elçin, həm də Məşədibaba bədbəxt olur, aralarından su keçməyən iki dostdan biri digərinin qatilinə çevrilir...”

***

Məşədibaba da həmin hadisədən sonra bir ömür peşman yaşayır və sonda faciəvi şəkildə canına qıyır.

***

Elçinin ölümü barədə yazılanları və deyilənləri çoxları şayiə kimi qələmə versələr də, onun öz vikipediya hesabında ölüm faktı belə qeyd olunub: xəstəxanaya gec çatdırıldığı üçün güclü qanaxmadan dünyasını dəyişib.

Bu faktı Məşədibabanın anası Fəzilə Aydəmirova da təsdiqləyib. O, müsahibələrinin birində deyir: Elçinin öldürücü yarası olmayıb, onun meyitinin ardınca biz özümüz Sabunçuya, morqa getdik. Həkim, mənə dedi ki, “ana, onu tez çatdırsaydılar, əməliyyat edəcəkdik o, ölməyəcəkdi. Öldürücü yarası yox idi”. Məşədibaba koftanın üstündən ona bir bıçaq vurub, qarın nahiyəsi deşilib. Elçini neçə saat gəzdiriblər, beş litr qanı süzülüb gedib. Görüblər ki, Elçin maşında çənə atır, ondan sonra onu xəstəxanaya aparıblar”.

# 34328 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #