Ən mürəkkəb məhəbbət tarixini yazan romançı - Niyə onun əsərlərinin əsas mövzusu “ər axtarışı”dır"?

Ən mürəkkəb məhəbbət tarixini yazan romançı - Niyə onun əsərlərinin əsas mövzusu  “ər axtarışı”dır"?
16 dekabr 2025
# 15:00

16 dekabr tanınmış ingilis yazıçı Ceyn Ostinin doğum günüdür.

Kulis.az bu münasibətlə Fidan Mayılovanın "Ceyn Ostin yaradıcılığının dünya ədəbiyyatında əhəmiyyəti" yazısını təqdim edir.

İngilis ədəbiyyat bir cox qadın yazıçıları ilə məşhurdur. Virciniya Vulf, Merri Selli, Bronte bacıları, Fanni Berni, Corc Eliot, Ayris Merdok, Mariya Ecuort, Elizabet Haskell, Elizabet Bonen, Muriel Spark, Ayvi Kompton-Bennet.
Qeyd edilən adların içərisində sözsüz ki, ən yüksək mövqe Ceyn Ostinə mənsubdur. Ceyn Ostin əlinə qələm alıb yazmağa başladığı zamanlar ingilis cəmiyyətində roman yazmağın qadın işi olmadığı artıq hamı tərəfindən qəbul olunmuş bir fakt idi. O, çox yaxşı bilirdi ki, atası ilə birlikdə yaradıcılıqla məşğul olsa belə, heç kimdən dəstək və kömək görməyəcəkdir. Lakin Ceyn öz oxucuları üçün yazdı və sonunda zəfər çaldı.

Valter Skotun sözləri ilə desək, “Misilsiz Ceyn” bu gün də bir canlı ənənə olaraq qalır və onun əsərləri, “insan ağlının ən əzəmətli tərəfləri əks olunan” romanlar haqqındakı mülahizələri və “insan xarakteri və təbiəti haqqındakı səmimi, tutarlı bilikləri” müasir dövrdə də bədii ədəbiyyatda gedən mübahisələrdə öz aktuallığını və mənasını itirməmişdir.

Ənənəvi olaraq C.Ostinin yaradıcılığını iki əsas mərhələyə bölürlər. Birinci mərhələ “Ağı və ehtiras”, “Qürur və qərəz” və “Nortenqer abbatlığı” romanlarının, ikinci mərhələ isə daha sonrakı olub “Mensfild parkı”, “Emma” və “Düşüncənin dəlilləri” əsərlərinin yazıldığı dövr hesab olunur [6, s.33; 1, s.25].

Ostin romanlarında ön plana çıxan ən önəmli nöqtə, baş rolları həmişə qadınlara verməsi və hekayə bitmədən mütləq qəhrəmanı evləndirməsi idi.

1813-də nəşr olunan məşhur “Qürur və qərəz”in baş qəhrəmanı Elizabet Bennet idi və adətən qadınlardan ibarət, böyük, əsilzadə sayıla bilməyəcək bir ailəyə mənsub idi. Ostin qəhrəmanlarının az qala nifrətlə başlayan münasibətinin sevgiyə çevrilməsini, ictimai-sosial fenomenlərə yönəltdiyi satirik dillə oxucuya çatdırmışdır. Elizabet və onun bacıları ilə müasir dövrün qadınlarının evlilik böhranını bir inqilaba, üsyana çevirmiş; Darsi ilə də cəmiyyətin qərəzli baxış bucağının tənqidini vermişdi. Lakin yazar əsərin sonunda yenə qəhrəmanlarını xoşbəxt sona çatdırmışdı.

Ostinin məşhur, diqqət çəkən əsərləri arasında xüsusi yeri olan “Emma” 1814-cü ildə qələmə alınmış və 1816-cı ildə üç cilddən ibarət kitab şəklində çapdan çıxdı. Komediya üslubunda, komediya dilinə sahib bir hekayə dili olan romanın baş qəhrəmanı Emma Vudhausdur. Müəllif bu kitabında özünə rifah səviyyəsi yüksək bir həyat bəxş edə biləcək, lakin eyni zamanda aşiq ola biləcəyi bir kişi ilə evlənmək məqsədi güdən Emmanın bu yolda yaşadığı macəraları qələmə almışdır.

“Emma” haqlı olaraq Ceyn Ostenin ən yaxşı əsəri sayılır, onun yaradıcılığının zirvəsi hesab edilir. Romandakı hadisələr varlı mülkədar Vudhausun Emma adlı qızının ətrafında cərəyan edir. Bu hekayətin kifayət qədər tipik olmayan qəhramanı kasıb deyil, onun hər şeyi var – yaxşı evi, onu sevən, onunla yaxşı münasibəti olan atası, var-dövləti, - yalnız əri yoxdur. “Emma” kitabının qəhrəmanı öz niyyətinə elə aludə olur ki, ətrafında baş verənləri görə bilmir. Bu onu tez-tez pis vəziyytə salır. Müxtəlif xanımlara adaxlı seçməyə aludə olan Emma, bu adaxlılardan bəzilərinin onun özü ilə maraqlandığını və özlərini bu qızlara tay saymadıqlarını güman belə etmir. Ən yaxşı dostu mister Naytli onu dəfələrlə xəbərdar edir, amma o kiməsə qulaq asmağa adət etməyib. Emma heç nəyə baxmadan Harriet Smitin şəxsi həyatını qurmağa davam edir. Amma bu dəfə onun planları alt-üst olmağa məhkumdur və qız pis vəziyyətə düşür. “Emma” romanını tənqidçilər “istehzalı, ironik və çoxsaylı sarkazma malik əsər” adlandırmışlar...

Evliliyin qadınların cəmiyyətdəki statuslarını təyin etdiyi bir zəmanədə yaşayan Osten orta səviyyədəki bir əyalət ailəsinə mənsub idi. Gündəlik həyatdan aldığı zövqün gülünc bir şəkildə sosial statusla əlaqədar olmasına ironik yanaşmışdır.

İncə nüansları, diqqətli müşahidəsi və sadə dili ilə roman janrına müasir bir baxış bucağı gətirmişdir. Dolayısı ilə yaşadığı zamandan günümüzə qədər populyarlığını itirməyən əsərlərin müəllifi kimi tarixə imzasını atmışdır.

Xüsusilə, “Qürur və qərəz” hər bir dövrün, geniş oxucu kütləsinin ən çox diqqət mərkəzində olan romanları arasında yer almaqdadır. Osten və bacısı Kassandra ömürləri boyunca evlənməmişlər. Altı dəfə kino ssenarisi üçün yenidən redaktə edilən “Qürur və qərəz”in son versiyası olan və ən uğurlusu kimi qəbul edilən filmi 2005-ci ildə çəkilmişdir. “Qürur və qərəz” romanının çoxcəhətli tədqiq olunmasına baxmayaraq, onun bəzi aspektləri yenə də diqqətdən kənarda qalmışdır.

Bu roman tematik rəngarəngliyi ilə seçilir, onda cəmiyyətin müxtəlif problemləri və maraqları bir-biri ilə qaynayıb qarışır.

Romanda əsas diqqət XIX əsrin başlanğıcında ingilis cəmiyyətinin yüksək təbəqəsinin sosial adətlərinə və əxlaqına cəlb edilmişdir. Ledi Ketrin ən geniş yayılmış sosial adətlərdən biri barədə demişdir “Young women should alvvays be properly guarded and atended, according to their situation in life [4, s.179] ("Gənc qadınlar həyat vəziyyətlərinə uyğun olaraq hər zaman düzgün qorunmalı və onlara qulluq edilməlidir").

Ceyn Ostin qəhrəmanlarının xarakterlərini, situasiyanın psixoloji çalarlarını çox böyük ustalıqla obrazların dialoqlarında təqdim etməyi bacarıb. Ceyn Ostinin yaradıcılığının daha bir özəlliyi müəllifin satirik üslubu, hadisələrin yumoristik dililə ifadə etməsindədir. Amma bununla belə Ostinin bədii satirasında qətiyyən kəskin acılıq, qıcıqlandırıcı heç nə yoxdur.

Ürəklə demək olar ki, bu satiradakı səmimiyyət və gözəllik oxucuya xüsusi zövq verə bilir.

Ümumiyyətlə, Ceyn Ostinin əsərlərindəki təbiilik, bədii təxəyyül, həyatdan gələn elementlərin zənginliyi çox diqqətəlayiqdir. Məhz sadaladığımız və sadalamadığımız ədəbi-bədii xüsusiyyətlərinə görədir ki, onun “Qürur və qərəz” romanı, eləcə də digər əsərləri çap olunandan bir müddət sonra digər dillərə də tərcümə olundu. Və xatırladaq ki, yazıçının həm ingilscə, həm də başqa dillərdəki əsərləri təkrar-təkrar çap edilib və oxucular tərəfindən çox böyük maraqla qarşılanıb.

Bəzi tədqiqatçılar bu fikirdədirlər ki, C.Ostin yaradıcılığının dövrləşdirilməsi yalnız xronologiyaya və qeyd olunan altı əsər üzərində qurulmamalıdır. Yəni müəllifin bu altı tanınmış əsərindən başqa onun gənclik dövründə yazdığı gənclik duyğuları ilə süslənmiş tamamlanmamış, həmçinin bitirə bilmədiyi ilk əsərləri də dövrləşdirmə üçün əhəmiyyət daşıyır.

Ona görə də C.Ostin yaradıcılığında “Yeyvenilia”, “Ser Çarlz Qrendison və ya xoşbəxt insan”, “Ledi Suzen”, “Senditon”, “Yotsanlar” və hətta satirik ruhda qələmə alınmış “Romanın planı” əsərlərinin də mühüm yer tutduğunu unutmaq olmaz [3, s.145].

“Qürur və qərəz” əsəri ingilis ədəbiyyatındakı ən mürəkkəb məhəbbət tarixinə həsr olunmuşdur. Məhəbbət mövzusu bütün romanın leytmotivini təşkil edir. Darsi və Elizabet arasında yaranan qarşılıqlı məhəbbəti müxtəlif sosial qüvvələrdən asılı olmayan, iyerarxiyalı cəmiyyətin təhrifedici təsirlərindən yayınmaq mümkün olduqda xoşbəxtliklə nəticələnəcək bir eşq hekayəti kimi təsvir edir.

C.Ostin obrazların və qəhrəmanların toplusu ilə sosiumun iyerarxik quruluşunu nümayiş etdirə bilmiş, bu cəmiyyətin üzvlərinin qeyri-bərabərliyini göstərə bilmişdir. Cəmiyyətdə qəbul edilmiş normalardan biri hər bir nikahın bağlanma ehtimalının yoxluğudur. Bu cəmiyyətdə qadınların rolu və statusu aşağı səviyyədədir, onların müstəqil qərar qəbul etmək imkanı, demək olar ki, yox dərəcəsindədir.

C.Ostin yaradıcılığının filoloji tədqiqi müxtəlif istiqamət və aspektlərdən aparılmışdır. Aydındır ki, belə tədqiqat işlərinin hər biri barədə danışmaq, şərh vermək, hər şeydən əvvəl, onların say çoxluğu ilə əlaqədardırsa, digəri bu müəllifin əsərlərinin sırf ədəbiyyatşünaslıq və janr, linqvistik, üslubi və ümumfiloloji aspektdən öyrənilməsi ilə bağlıdır. Əgər Azərbaycan filologiyasında Ceyn Ostin yaradıcılığının tədqiqinə, demək olar ki, yer verilməmişdirsə, Qərb və rus filologiyasında belə araşdırmalar çoxdur.

Ümumi səciyyəli bir sıra başqa tədqiqatlarda, o cümlədən, XIX əsr ingilis bədii ədəbiyyatının dili, üslubu, bədii əsərin qəhrəmanlarının daxili aləmi, metod və janr, sujet və kompozisiya, bədii mətnin praqmatik potensialı, bədii mətn və linqvokulturoloji amillər, “qürur”, “qərəz”, “ağıl”, “hiss” konsepti ilə bağlı məsələlərdə də C.Ostin qələminin məhsulu olan romanlardan faktual-illüstrativ material kimi istifadə olunmuş, onlara istinad edilmiş, yazıçıya xas yazı və dil manerası araşdırılmışdır.

Təbii ki, tədqiqat işlərinin belə çoxluğu və tədqiqat istiqamətlərinin belə rəngarəngliyi, məqalə və monoqrafiyaların başlıqlarının informativ məhdudluğu onların içindən bilavasitə C.Ostin yaradıcılığına həsr olunan işləri seçib ayırmağa geniş imkanlar verir. Yazıçı üçün səciyyəvi olan və bir sıra əsərlərinin əsas temasını təşkil edən “ər axtarışı” mövzusu məntiqi-məzmun planında mövzunun inkişafını öyrənmək üçün mühüm material verir. Sevgi, məhəbbət, nikah və ailə mövzusunun romanlarda qırmızı xətlə keçməsi müəllif nitqi və personajların daxili nitqi məsələlərinə diqqət yetirməyi, müəllif şərhlərinin məzmun və oxucuya təsir keyfiyyətlərini açmaq üçün bu materialdan istifadə etməyi tələb edir.

Beləliklə, ingilis ədəbiyyatında qadın yazıçılar arasında Ceyn Ostinin özünəməxsus yeri vardır. O özünün nəqletmə məharəti ilə romanların əsas mövzusu kimi o dövr ingilis cəmiyyətinin iç üzünü açıb göstərməsi, qadınların da kişilər kimi, yaradıcılıqla məşğul olma hüququnu təsdiq etməsi və bununla ingilis ədəbiyyatında bir dönüş yaratması Ceyn Ostinin adını ölməz yazıçılar sırasına daxil etmişdir.

# 154 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər