Dostoyevskinin itinə oxşayan adamlar – Orxan Kərimov yazır...

Dostoyevskinin itinə oxşayan adamlar – Orxan Kərimov yazır...
10 iyun 2022
# 11:20

Kulis.az Orxan Kərimovun “Dostoyevskinin iti” yazısını təqdim edir.

Müasirliyə can atan, az inkişaf etmiş ölkələrdə adamların işi kasaddır. Bu cür ölkələrin insanını müasirliyin daxili , mənəvi, yaradıcı tərəfləri yox, xarici faktorlar daha çox maraqlandırır. Onlarda özünü tənqid, təkəbbürdən uzaqlıq, öyənməyə can atmaq demək olar ki, yox dərəcəsindədir. Ancaq qatı mühakimə, radikal qərar , konservativ düşüncə , monotonluq və hər mənada soyuqluq özünü aydın şəkildə biruzə verir. Onların allahı pul, davaları namus-qeyrət, bacarıqları oksigen sərfiyyatıdır. Xoşlarına gələn sevgi yox, nifrətdir. Onların adı “Qara kütlədir”...

Dostoyevski gənc yaşlarında, yüksək səslə oxuduğu şeirə görə Çar tərəfindən həbs edilir.

Yazıçı düşdüyü zindanın həyətində gəzişərkən , gözü bir itə sataşır. Bu balaca ağ tula yanından keçən hər məhbus tərəfindən təpiklənir, üstünə tüpürülür , hətta murdarlanır. Bir neçə gün bu prosesə tamaşa edəndən sonra, o da canlıya yaxınlaşmaq qərarına gəlir. Heyvan Dostoyevskini görən kimi əyilir və sillə-təpiyə hazır vəziyyət alır... Əlini uzadır, iti sığallamağa başlayır. İt qorxu dolu, ürkək gözlərlə ona baxır, sonra hər cür şiddətə sakit, lal-dinməz qalan yazıq canlı, ətindən ət qopurmuş kimi , ağrılar içində ucadan hürə-hürə ondan uzaqlaşır. Elə o gündən sonra da , nə vaxt yazarı görərsə, zingiltiylə oradan qaçarmış.

Bu itin günahı yoxdur! Çünki o, ruhu kölələşmiş sevgi yoxsuludur. Ağır da olsa, eyni hal insanlara da aiddir. Həyatlarının çox hissəsində təhqir ,şiddət , haqsızlıq, cəza, nifrət görən insanlar onlara sevgi əli uzadılanda nə edəcəklərini bilmirlər. İnsan bilmədiyinin , tanımadığının nəyidir ? Düşməni... Onlara pis davrananları isə, əksinə gözlərində ucaldır, hətta, sevirlər.

Tələbə vaxtlarımda pulum az , dolanışığım zəif idi. Maddi gücüm ancaq qarışıq , şəhər mərkəzindən uzaq məhəllələrin birində yaşamağa çatırdı. “Yaşamaq” deyəndə ki, iki darısqal otağı olan , kiçik, “Ну, погоди!” cizgi filmindəki qarı nənənin daxmasına bənzəyən evdə kirayədə qalırdım.

Dərsdən sonra evə gəlir, rütubətli və hər mənada soyuq olan evdə sıxılıb , özümü atırdım eşiyə. Böyük şəhərlərin bu cürə ikinci –üçüncü dərəcə məskənlərində hər şey mərkəzdəkindən fərqlənir. Burda insanlar, onların həyat tərzi, zövqləri, dünya görüşləri və baxış bucaqları da sanki “mərkəzdən qaçma qüvvəsiylə” işləyir. Bir əyri ox üzərində yığılıblar. Buralarda heçnə düz deyil, hər şey əyridir. Küçələr, evlər , ağaclar, işıq dirəkləri, hətta, insanlar da əyilib. Az qalır sınalar.

Mənim qaldığım evə bitişik daha bir əyilmiş ev də vardı. Orada iki körpə qızı olan bir cavan gəlin yaşayırdı. Bu qadının evindən hər gecə erkən saatlarda , gün hələ tam batmamış qəh-qəhə səsləri eşidilir. Tədricən şər qarışanda, gülüşlər də azalır, itir, yerini söyüş , qarğış, inilti, ağlamaq əvəz edirdi. Səs-küy gecənin zülmətində ağır əriyən şam kimi, sönür, yerini boğucu sükutla dəyişirdi.Mən ora köçəndən bir neçə ay sonra başa düşmüşdüm ki, o da buralar kimi əyilib. Axı insan yaşadığı yerə oxşayır, ya da əksinə... Qadının gözəgəlimli mavi gözləri, qızartdaq buruq saçları , yumru yanaqları var idi. Əndamı dik, ölçüləri miniatür, əlləri və ayaqları körpə uşağınkı kimi ağappaq və bapbalaca idi. Bəzi səhərlər çörək almağa gedəndə onunla qarşılaşır, dağılmış saçına, göyərmiş üzünə, ağlamaqdan şişmiş gözlərinə maraqla tamaşa edərdim. Elə bil kimsə yaz vaxtı lalə çölünə girib, bütün gülləri tapdalamışdı. Qadına qətiyyən pis gözlə baxmır, hürkütmək istəmirdim. Axı 18 yaşda həyata başqa müstəvidən baxırsan. Onda niyyətim tapdalanmış güllükdən bir dənə də olsa sağlam çiçək çıxartmaq, aparıb hansısa, ayaq dəyməyən bağda əkmək idi.

Günlərin birində qonşudan gələn səslər artır, ağlamaq səsi yerini ah-naləyə buraxırdı. Kimsə qadını, deyəsən, elə onun uşaqlarını var gücüylə döyür, elə bil əzirdi. O gecə gözlərimi diri açdım. Yuxuda öz vicdanımı görürdüm. Elə bil o inilti səsləri təmiz görünən hər şeyi kirlədirdi... Səhər gün doğmamış bütün cəsarətimi yığıb, mağaza sahibinin nisyə dəftərindən onun telefon nömrəsini götürdüm. Sonra da aylardı beynimdə dolaşan düzgün yazılmış, doğruları car çəkən, bütün əxlaq qaydalarına çağırış edən , təmiz fikirləri cəmləşdirib, ismarıc kimi ona göndərdim. Elə bilirdim onu xilas etmək olar. Düşünürdüm ki, mənə təşəkkür edəcək. Amma əksinə oldu. Nəinki cavab vermək, o gündən sonra nə salamımı alır, nə də üzümə baxırdı. Çörək dalınca da ya məndən əvvəl, ya sonra çıxırdı. Təsadüfən məni görsə, üz-gözünü turşudar , qaşlarını çatar, kiçik addımlarını yeyinlədərdi...

Birinci kursda oxuyanda elə bilirdim dünyanın dahisiyəm, indi o günlərdən illər keçir. Nə qədər cahil olduğumu başa düşürəm. O qadından rahibə düzəltmək istəyi dünyanın ən aciz zəifliyi imiş. Öz həqiqətini başqalarına sırımaq, sənə yaraşanı libası mütləq başqalarında da görmək istəyi qədər böyük əxlaqsızlıq yox imiş. Çünki bəzi insanlar Dostoyevskinin itindən çox da fərqlənmir...

# 3406 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #