Dostları üz döndərdi, oğlunun dəfninə gedə bilməyib fəryad etdi - Xalq artisti haqqında bilmədiklərimiz

Xalq artisti, Canəli Əkbərov

Xalq artisti, Canəli Əkbərov

10 mart 2023
# 21:00

Kulis.az ötən gün dünyasını dəyişən Xalq artisti Canəli Əkbərov haqqında maraqlı faktları təqdim edir.


Əkbərov Canəli Xanəli oğlu 10 mart 1940-cı ildə Lənkəran rayonunun Tükəvilə kəndində anadan olub. Atası Xanəli Əkbərov tanınmış xanəndə olub, çox nüfuzlu muğamatçı Kərbəlayi Ağaməhəmmədin oğludur. Onun üç qardaşı da estrada müğənnisi kimi fəaliyyət göstərib. Canəli Əkbərov da erkən yaşlarından ilk müəllimi olan atası ilə toylara oxumağa gedir.

***

Ancaq nədənsə Canəli Əkbərov ilk təhsilini musiqi üzrə yox, tibb sahəsində alır. Məzun olandan sonra çox savadlı həkimlərlə birlikdə işləyir. Günlərin birində həmin həkimlərdən biri Bakıdakı müşavirədə eşidir ki, Azərbaycan komsomol MK-sı xəttilə III Respublika Gənc İfaçılar Müsabiqəsi keçiriləcək. Bu barədə Canəlinin atasın məlumat veriləndə o, oğlunu müsabiqədə iştirak etmək üçün Bakıya gətirir.



Xalq artisti Canəli Əkbərov

Müsabiqənin münsifləri heyətində Mütəllim Mütəllimov, Seyid Şuşinski, Qurban Primov, Xan Şuşinski, Bəhram Mansurov kimi respublikanın görkəmli incəsənət ustaları olurlar. Münsiflərin sədri də Səid Rüstəmov imiş. Canəli muğam ifaçılığı nominasiyasında iştirak edir. Finalda sıradankənar bir “Zərb muğam” oxuyub səs çoxluğu ilə qızıl medala və qalib diplomuna layiq görülür.

***

Bundan sonra 23 yaşlı Canəli sənədlərini Asəf Zeynallı adına Musiqi Məktəbinə verir. Qəbul imtahanı zamanı Seyid Şuşinski, Mütəllim Mütəllimov və Əhməd Bakıxanov tərəfindən dinlənilir. Xanəndə həmin illəri belə xatırlayır:


“Seyid Şuşinski respublikanın ilk peşəkar muğam müəllimi olub, tələbələr ona öz aralarında ehtiramla “ağa” deyirdilər. Bütün imtahanlardan “əla” alıb muğam ifaçılığı bölməsinə qəbul olundum. Bir gün tələbə ikən Əhməd Bakıxanov məni dinləmək üçün evlərinə çağırmışdı. Yadımdadır, bir neçə muğam oxuyandan sonra kədərlə “Təəsüf, min təəssüf ki, Cabbar Qaryağdıoğlu səni eşitmir. Razı qalardı”.

***

O, 1969-cu ildən Xan Şuşinskinin rəhbərlik etdiyi Bakı Muğam Studiyasına gedir. Elə həmin dövrdə “Melodiya” ümumittifaq qramofon yazısı şirkətində maestro Niyazi ilə dərviş və aşıq Səlim partiyalarını ifa edir. Zülfüqar Hacıbəyovun “Aşıq Qərib” operasını yazdırır.


Xanəndə tələbəsi Gülyanaq Məmmədov ilə

Canəli Əkbərov 1975-ci ilə qədər işləyir. 1975-ci ildə onu köçürmə ilə Azərbaycan Dövlət Opera və Balet Teatrına göndərirlər. Burada o, “Leyli və Məcnun” operasında İbn Salam roluna təsdiq edilir. Sonralar Müslüm Maqomayevin “Şah İsmayıl” operasında şah İsmayıl, Üzeyir bəyin “Əsli və Kərəm” operasında Kərəm, Zülfüqar Hacıbəyovun “Aşıq Qərib” operasında Qərib, Şəfiqə Axundovanın “Gəlin qayası” operasında Camal, bir də “Leyli və Məcnun”da Məcnun partiyalarını ifa edir.

***

Xanəndə 1992-ci ildən Bakı Musiqi Kollejində muğam ifaçılığından dərs deməyə başlayır. 20 il ərzində neçə nəsil muğamatçı yetişdirir. Gülyaz və Gülyanaq Məmmədova, Gülhar Həsənova, Mələkxanım Əyyubova, Bəsti Sevdiyeva, Zabit Nəbizadə, Mənsum İbrahimov, Babək Niftəliyev, Sahib İbrahimov, Ehtiram Hüseynov onun tələbələri hesab olunurlar.

***

2013-cü il 3-cü Respublika muğam müsabiqəsinin başlandığı gün xalq artisti, professor Canəli Əkbərovun “Dərsdə masaj” videogürüntüsü internet portallarında yer alır və böyük səs-küyə səbəb olur. Yayılmış videoda Canəli Əkbərov özünü xanım tələbəsinə masaj etdirir. Bununla bağlı mətbuata açıqlama verən xalq artisti Canəli Əkbərov bu videonun yayılmasında düşmənlərinin əli ilə olduğunu iddia edib deyir:

“Bu video mənim heç vecimə də deyil. Qoy olsun, bu alçaq adamların işidir. 4 il bundan əvvəl olan məsələdir. Guya o videoda nə var? Camaatı saunada görürlər, danışmırlar. Onunla mənə heç nə edə bilməyəcəklər”.


Canəli Əkbərov

Canəli Əkbərov adı tez-tez qalmaqallarda hallanan sənət adamlarından olub. Onunla bağlı ən güclü söz-söhbət 2017-ci ildə başlanıb. Belə ki, xanəndə VI Muğam Televiziya Müsabiqəsinin münsiflər heyətinin tərkibinə qatılmaq istəsə də, digər münsiflər - xalq artistləri Mənsum İbrahimov, Səkinə İsmayılova, Arif Babayev, Əlibaba Məmmədov, Sərdar Fərəcov ona etiraz ediblər. Bildiriblər ki, Canəli Əkbərova münsiflər arasında yer verilsə, aləm qarışacaq, ifaçılara qarşı qərəzli çıxışlar edəcək, tez-tez dava düşəcək. Əlibaba Məmmədov isə Canəli Əkbərovun heyətə qatılmasına qəti etiraz edərək. Bu baş verərsə, özünün münsiflərdən çıxacağını bildirir. Həmkarlarının reaksiyasına Canəli Əkbərov müsahibələrinin birində belə cavab verir:

“Düşünməzdim ki, onlar mənə qarşı belə bir kampaniyaya start verəcəklər. Mənsum kimdir ki, mənim haqqımda danışa? Mənim oğlanlarım yaşda Mənsumdan böyükdür. Onu mən hazırlaşdırmışam. O vaxtlar mən Opera və Balet Teatrında milli operaların bədii rəhbəri idim. Bir gün Mənsum gəlib qoluma girdi, dedi ki, mənə atalıq et, nə olar. Cavab verdim ki, necə atalıq edim? Söylədi ki, məni Məcnun obrazına hazırlaşdır. Bu, tək mənim işim deyildi, rəhbərliklə danışmalı idim. Direktor Arif Məlikovla görüşdüm. Direktora dedim ki, Mənsumu “Məcnun” obrazına hazırlamaq istəyirəm. Məlikov söylədi ki, səs imkanları yaxşı deyil. “Xahiş edirəm, bu işə mən əl qatacam”, – deyə direktora müraciət etdim. Axır ki, razılaşdıq, hazırladım. Tamaşa istədiyim kimi baş tutdu, Polad Bülbüloğlu o vaxtlar nazir idi. Məni qucaqladı, təşəkkürünü bildirdi. İndi isə hər şey dəyişdi. Mənsum bir balaca parlayan kimi dəyişdi. Əlibaba Məmmədov deyib ki, Canəli orada varsa, mən yoxam. Əlibaba yox, Əlibobbi! Bir dəfə Əlibaba ağır xəstələndi. O, ağır vəziyyətdə xəstə yatanda mənim xahişimlə müalicəsi dövlət tərəfindən həyata keçirilib. İndi belə edirlər”.


Mənsum İbrahimov və Canəli Əkbərov

13 nəvəsi, 16 nəticəsi olan Xalq artisti 2018-ci ildə əvvəl beyin insultu keçirir. 2020-ci ilin may ayında isə onun qardaşı Fərail Xanəli Sankt-Peterbuqda avtomobil qəzasında dünyasını dəyişir. Elə həmin ilin iyul ayında isə xanəndənin oğlu Asəf Əkbərov xəstəlikdən vəfat edir. Oğlunun dəfninə qatıla bilməyən xanəndə mətbuata açıqlamasında deyir: “Ailəmin hamısı getdi, xəstə olduğum üçün mən gedə bilmədim. Heç bilmirəm oğlumdan sonra necə yaşayacam. Ata üçün bundan böyük dərd yoxdur”.

***

Ailəsində baş verən ağır hadisələr xanəndəni dərindən sarsıdır. O, özünün də dediyi kimi oğlunun dərdinə dözə bilməyib 2021-ci il oktyabrın 21-də komaya düşür, 22-də isə dünyasını dəyişir.


# 20556 dəfə oxunub

Müəllifin son yazıları

# # #