Dostları həyatını alt-üst etdi, illərlə atasına həsrət qaldı, səhnədə ifa edən zaman işıqları söndürdülər – Natəvan haqqında bilmədiklərimiz...

Dostları həyatını alt-üst etdi, illərlə atasına həsrət qaldı, səhnədə ifa edən zaman işıqları söndürdülər – Natəvan haqqında bilmədiklərimiz...
10 yanvar 2023
# 15:00

Kulis.az müğənni Natəvan Həbibi haqqında maraqlı faktları təqdim edir.


Natəvan Həbibi 20 may 1981-ci ildə Türkmənistanın Krasnovodsk şəhərində anadan olub. 1987-ci ildə 12 nömrəli məktəbin birinci sinfinə gedib. 9 illik musiqi məktəbini bitirib. 1996-cı ilin avqustunda ailəsi ilə bərabər Bakıya köçüb.

***

Natəvanın musiqi sahəsinə gəlişi təsadüfi olub. 1999-cu ildə restoranların birində aşpaz işləyən anasının yanına gedib gələn Natəvan hər gün restoranın səhnəsində məşqlər edər, mahnılar oxuyarmış. Günlərin birində restorana gələn bəstəkar Vaqif Gərayzadə Natəvanın səsini dinləyir və onu yeni yaratdığı qrupun tərkibində görmək istəyir. Ancaq bu barədə Natəvana heç kim heç nə demir. İki aydan sonra Vaqif Gərayzadə müğənni Elnarə Xəlilovanın vasitəsi ilə özü Natəvanı tapır və qrupa dəvət edir.

"W-Trio" qrupu qısa zaman ərzində böyük uğurlar qazanır. Qrupun tərkibində olan Elnarə Xəlilova, Röya və Natəvan Həbibi də qrupla birgə məşhurlaşırlar. Musiqinin birləşdirdiyi bu üç qadın ifaçı həyatda həm də, çox yaxın dost olurlar.

***
Ancaq gözlənilmədən 2002-ci ildə qrup dağılır. Çoxları bunu müğənnilərin solo karyeraya başlaması ilə əlaqələndirsələr də, Natəvan müsahibələrinin birində bu barədə deyir:

“Biz 2002-ci ildə elə dalaşmışıq ki, qrupumuz dağılıb. Vaqif Gərayzadə kimi şəxsiyyət bizə mane ola bilmədi. Biz qrupu dağıtdıq. Mənə qarşı Elnarə və Röya tərəfindən elə şeylər olundu ki, bu barədə indi danışmayacam. Vaxtı var. Bizim aramız elə pozuldu ki, biz artıq işləyə bilməzdik. Nə qrup, nə dostluq? Sonuncu toya gedəndə, biz düşmən idik. Səhnəyə çıxanda bir-birimizə nifrət edə-edə oxuyurduq. Onlar mənim şəxsi həyatımı alt-üst elədilər, qrup da dağıldı. Elnarə də, Röya da ikisi mənə qarşı idilər. Amma sonra onların özlərinin də, araları dəydi”.

Beləliklə, 2006-cı ildən Natəvan solo karyeraya başlayır. İlk solo mahnısı "Mən Səni İtirsəm" olub. İlk klipi də məhz bu mahnıya çəkilib. "Ulduzlar yandı" mahnısına İtaliyada çəkdirdiyi klipi ilə daha böyük uğur qazanıb və ilk albomu da bu mahnının adı ilə bağlı olub. Öz dəsti-xətti ilə seçilən Natəvan Həbibi daha sonra "Sadəcə bulud", Moskvada isə "Ehtiyacım var", "Etirazım var" mahnılarına da maraqlı kliplər çəkdirib. Bir neçə verilişin aparıcısı olub.

***

Ərəb dilində "Habibi" və "Ehsas jadid" mahnılarını ifa edib. "Habibi" mahnısı prodüser Maksim Fadeyev ilə iş birliyi zamanı ərsəyə gəlib.


24 may 2014-cü ildə H. Əliyev Sarayının səhnəsində "DİNLƏ" adlı solo konsert proqramı ilə, sentyabrında isə "Crystal Hall"-da konserti baş tutdu.

***

2015-ci ildə çəkilən "Zaman adlı qatar" filminin soundtrekini ifa edən müğənni, "Başıma bəla", "Sən", "İstərəm" adlı hitlərini, eləcə də musiqisini özü bəstələdiyi "Anlayamadım" mahnısını sevənlərinə təqdim edib. O, aprel ayında Şəki şəhərində "Türk dünyasının mədəniyyət paytaxtı — Şəki 2016" ilinin açılış mərasimində səhnə almaqla, beynəlxalq festivalı daha yaddaqalan etdi. 2017-ci ildə yeni "Hozu" adlı romantik komediya filmində baş rola dəvət alıb.

Natəvanın anası ilə atası o, uşaq olanda ayrılıblar. Bacısı Sara və anası ilə birgə yaşayan müğənni iyirimi il atasının üzünü görməyib. Bu barədə müsahibələrinin birində o, deyir:

“Uşaqlığımın əksər hissəsini atasız keçirmişəm. Anam güclü xanım olduğu üçün bunu bizə hiss etdirmədi. Onun həm analığını, həm də atalığını gördük. Mən də istəyirəm övladımım atası da, anası da olsun. Əlbəttə mən də atamı görmək atzulayıram, onun üçün darıxıram. Amma… Sonuncu dəfə onu 1998-ci ildə görmüşəm. Xalam qızını limanda yola salırdım. Doğma iki göz gördüm, qocalmışdı. İnsanların içində təəccübləndim, dedim “papa”. Mənə baxdı, dedi Natulya… İşi var idi, bura gəlmişdi. Dedim, bizə baş çəkmədən gedirsən? Dedi, sən bilirsən, hər şeyi. Anamla aralarında inciklik var. Həyat, hər şey ola bilər. Çox şükür həyatdadır, yaşayır. Qocalıb, sağlamlığı ilə bağlı problemləri var. Uzaqda olsa belə əsas odur ki, hər şey yaxşıdır”.

2017-ci ildə reper Dado ilə ailə quran müğənni bir müddət sonra həyat yoldaşından ayrıldığını açıqlayır. Onların Zeyd adlı bir oğlu olsa da, müğənni bu barədə deyir:

“Oldu, keçdi. Alınmadı, münasibət bitdi. İndi boşanma prosesi gedir, məhkəməyə də gəlmir. Nə olursa, ailə içində olur. Efirdə danışmağının da yeri olmadığını düşünürəm. Sadəcə baş tutmur, gah barışırıq, gah sənədlər, gah da ki, özü məhkəməyə gəlmir. Biz dostuq, həm də valideynik. Həmişə belə qalacaq. O, istədiyi vaxt gəlir, uşaqla saatlarla oynayırdı. Lazım olanda qalırdı. Mən də uşağın anasıyam, evdə də hörmət olurdu. Səhəri gün də çıxıb müsahibə verirdi”.

Müğənni dostlar tərəfindən zamanla xəyanətə məruz qaldığını deyir. Yaxın dostları olan Tolik, Səidə Sultan, Oksana Rəsulova ilə gah barışıq, gah küsülü olan Natavən Həbibi toyların birində çıxış edən zaman prodüsser Toliklə küsülü imiş. Toyun təşkilatçısı isə Tolik olduğundan Natəvan səhnəyə çıxan zaman aparıcı onun adını elan etmir. Natəvan fonoqram ilə oxuduğu zaman isə qəsdən toyun işıqları keçirilir və Natəvanın ifa etdiyi mahnı yarımçıq qalır.

# 3657 dəfə oxunub

Müəllifin son yazıları

# # #