Diri-diri basdırılmaqdan qorxan yazıçı

Qoqol, rusiyalı yazıçı

Qoqol, rusiyalı yazıçı

4 iyul 2022
# 17:40

Kulis.az Anar Qasımovun “Hamımız Qoqolun “Şinel”indən çıxmışıq” yazısını təqdim edir.

“Mənə yazmaqdan imtina daha çətindir. Çünki həyatın verdiyi ən ləziz cazibələrdən əl çəkəndən, insanı dünyaya bağlayan bütün tellərdən imtina edəndən sonra yazıçılıq məni dünyaya bağlayan yeganə vasitə idi”.

İnsan hər kəsdən, hər şeydən küsə bilər. Amma o özündən küsməsin, insan ki özündən küsdü, onda hər şey sonlanmışdır demək.

Yazmaq... Nə üçün?! Qoqol: “Cəmiyyəti gözəlliyə, kamilliyə çatdırmaq üçün yazmaq lazımdır”.

Kitablarının əksəriyyətini yandırır. Bundan sonra Qoqol üçün həyatın mənası itmişdir.

Gəncliyində (o heç qocalmamışdı, bəlkə, heç cavan da olmamışdı) şən, xoş əhval-ruhiyyəli insan olan Qoqol zaman keçdikcə bədbinləşmiş, daha depressiv olmuşdur. Çünki onun gördüyü – bizim görə bilmədiyimiz – şeylər Qoqolun xarakterindəki bu kəskin dəyişikliklərin yaranmasına səbəb olmuşdu. Mövlana: “Kim daha çox bilir, o daha çox dərd çəkir”.

Qoqol diri-diri basdırılmaqdan qorxurdu. Kimlər qorxmayır ki?!. Milyonlarla insan, müqəddəs və ülvi-pak arzular azmı diri-diri basdırılıb?!

İndi artıq tək-tək hər adam öz simasında bütün cəmiyyəti təhqir olunmuş sayır.

İnsana qiymət verilməməsi Qoqolu narahat edirdi, bəlkə ona əzab verirdi. İnsanın qədr-qiymətini deyil, onun hansı vəzifə-rütbə sahibi olmasını onun qələmində bu cür əks etdirirdi: “Rütbəsinə gəlincə - zira bizdə hər şeydən əvvəl rütbəni bildirmək lazımdır”.

İnsanı narahat edən, onun həyatını alt-üst edən insanlar qarşısında bəzən səssiz qalmaq, onları görməzlikdən gəlmək, bütün bu xoşagəlməzliklər ən pik nöqtəyə çatdıqda isə “Məndən əl çəkin, məni niyə incidirsiniz?” sözləri olardı. Bu qədər mədəniyyət, səbr və dözüm?! Qoqolun qəhrəmanının dili ilə verilmiş bu sözlər təsirli idi, üsyan deyildi ha, bu sözün mənasını Qoqol “Mən sənin qardaşınam” kimi ifadə edirdi. İnsanlar bir-birinin qardaşları deyillərmi?! Eyni gəmidə deyilmiyik, eyni budağın üzərində oturmamışıqmı?!

Hər şey göründüyü kimi deyil, gözəlliklər altında nə qədəq eybəcərliklər, xoşagəlməzliklər, hətta dəhşətlər özünə yer tapa bilib. “... insanda nə qədər çox insaniyyətsizlik olduğunu kübarların zahirən zərif mədənilikləri altında nə qədər sərt bir kobudluq və aman Allah, hətta hamının nəcib və namuslu saydığı adamlarda da nə qədər sərt bir kobudluq olduğunu görüb öz ömründə sonralar da çox dəfə sarsılmışdı”.

İstənilən sahədə çalışmasından asılı olmayaraq, insanda iş əxlaqı olmalıdır. İş əxlaqımı?! Qoqol: “Yəqin ki, heç bir yerdə öz vəzifəsinə bu qədər can yandıran bir adam tapmaq olmazdı. Onun canla-başla xidmət etdiyini söyləmək azdır: yox, o, eşqlə xidmət edirdi”.

İnsan həyatdan, onu çulğalayan ətraf aləmdən razı qalmalıdır, özünü razı salmalıdır. Artıq vəzifə, mənsəbmi?! Nəyə lazımdır? “Yox, yaxşısı budur, mənə bir şey verin, üzünü köçürüm”.

Başqalarının vəziyyəti, maddi durumu, bir arif adamdan duyduğum “gecə yatarkən qonşusunun pulunu saymaq” haqda heç nə fikirləşməzdi, öz aləmində idi: “O, öz paltarı barəsində də əsla fikirləşməzdi: onun vismundiri yaşıl deyil, nəsə unlu sarı rəngə çalırdı. Yaxalığı çox dar və alçaq idi... onun vismundirinə həmişə bir şey, ya bir parça quru ot, ya da nəsə, bir sap qırığı yapışmış olardı; bundan başqa o, elə bir xüsusi məharətə malik idi ki, küçə ilə gedərkən həmişə pəncərənin altına içəridən cürbəcür zibil tullanılan vaxt yetişərdi; buna görə də onun şlyapası üstündə həmişə qovun-qarpız qabığı və buna bənzər zirzibil olardı. O, ömründə bircə dəfə də olsun küçədə baş verən hadisələrə diqqət yetirməzdi, halbuki məlum olduğu üzrə, onun tay-tuşları olan gənc məmurlar öz iti nəzərlərinin nüfuzunu o dərəcəyə çatdırırlar ki, küçənin o biri səkisində bir adamın şalvarının çəkmə altına keçən üzəngi bağının qırıldığını görür və bu həmişə onların üzündə hiyləgər bir gülüş əmələ gətirir”.

İnsan nə qədər maaş alsa, onun aylıq gəliri nə qədər olsa, o, rahat və qayılardan uzaq ömür sürər?! 5-in yanına üç, dörd sıfır atsaq, o həyatını sığortalaya bilərmi, xoşbəxt ömür sürərmi?! Xeyr, xoşbəxtlik göz, könül toxluğuyla mümükündür: “Dörd yüz manat məvaciblə öz taleyindən razı qalmağı bacaran bir adamın dinc həyatı beləcə keçib getməkdə idi”.

Böyük insanlar var, bir də özünü böyük göstərən insanlar. Böyük insanlara çatmaq asandır. Amma özünü böyük göstərən insanlar özlərini böyük göstərmək üçün ona çıxan yollarda maneələr yaradırlar: “Bir də ki həmin adam öz böyüklüyünü başqa vasitələrlə gözə çapdırmağa çalışırdi: o belə bir qayda qoydurmuşdu ki, işə gəldikdə aşağı rütbəli məmurlar onu hələ pillə başında qarşılamalıdırlar, onun yanına heç kəs getməyə cürət etməməlidir, hər bir şey möhkəm bir qayda üzrə olmalıdır: kollec qeydiyyatçısı quberniya katibinə məlumat verməli, quberniya katibi titulyar və ya o dərəcədə olan başqa bir katibə məlumat verməlidir, yalnız bundan sonra iş gəlib ona çıxmalıdır”.

Ağac bar verəndə başını aşağı əyər, insan da yüksəldikcə təvazösü də buna paralel olaraq yüksəlməldir. Amma bəziləri də var ki, “o general rütbəsi aldıqdan sonra özünü itirib, yolunu azmış və nə edəcəyini əsla bilmirdi”.

İnsanın xarakteri özündən yuxarılarla, özünə bərabər olanlarla deyil, özündən mənsəb və imkanca aşağılara münasibətində üzə çıxır: “Özünə bərabər adamlarla o, ağıllı-başlı, olduqca mərifətli, bir çox cəhətlərdən hətta ağıllı bir adam idi. Ancaq özündən, heç olmasa, bircə dərəcə də aşağı rütbəli adamlar arasına düşəndə o, tamamilə adamlıqdan çıxırdı”.

Dünya cəhənnəmə çevrilib, insanlar qabalaşıb, mədəni olmaq, insani duyğuları daşımaq artıq işə yaramır: “Sizin başınızı boş şeylərlə doldururlar: akademiyalar da, kitablar da, əlifbalar da, fəlsəfə də cəfəngiyyatdan ibarətdir: Mən onların hamısına tüpürürəm!”.

“Allah sənə rəhmət eləsin, Qoqol”…

# 1784 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #