“Dəli” deyə bilərsiniz, amma onlar dünyanı dəyişdilər - Müharibələrə meydan oxuyanlar

“Dəli” deyə bilərsiniz, amma onlar dünyanı dəyişdilər - Müharibələrə meydan oxuyanlar
27 iyul 2025
# 13:00

Kulis.az ən məşhur 6 incəsənət cərəyanını təqim edir.

Dadaizm – Müharibəyə etirazın sənəti

Dadaizm Birinci Dünya müharibəsi dövründə İsveçrədə yaranmış, Almaniya və Fransada geniş yayılmışdı. Cərəyan ənənəvi sənət formalarına qarşı radikal üsyan idi. Dadaistlər rasionallığı və məntiqi rədd edərək, absurd və təsadüfi elementlərə əsaslanan sənət əsərləri yaradırdılar. Bu hərəkat müharibənin mənasızlığını və siyasətin iflasını göstərirdi. Onların “antisənət” anlayışı sənətin sərhədlərini genişləndirdi. Kəskin formada burjua mühitinə və meşşan əxlaqına qarşı çıxan cərəyan müharibənin qabartdığı ictimai ziddiyyətləri, sentimental vətənpərvərlik ideallarının burjua maraqları qarşısında iflasını, ziyalı təbəqəsinin imperiyalar çarpışmasındakı acizliyini ifadə edərək ədəbiyyata inqilabi anarxizm gətirdi. Cərəyanın banisi Tristan Tzaradır.

Bauhaus – Estetika və funksiyanın birləşməsi.

1919-cu ildə Almaniyanın Veymar şəhərində yaranan Bauhaus incəsənəti, memarlığı və dizaynı birləşdirən modernist cərəyan idi. “Forma funksiyanı izləyir” prinsipi ilə çalışan bu cərəyan əşyaların və binaların sadə, funksional və estetik olmasına çalışırdı. Bauhaus məktəbinin təhsil modeli və dizayn fəlsəfəsi bu gün də şəhər planlamasında, interyer dizaynında və hətta texnologiyada belə hiss olunur. Əsası Uolter Qropius tərəfindən qoyulan cərəyanın mənası almanca "ev inşa etmək" deməkdir. Bütün sənət sahələrinin bir yerə toplanmağına əsaslanan cərəyan bu gün müasir memarlıqda hələ də öz əhəmiyyətini saxlayır.

Sürrealizm – Şüuraltının azadlığı

Fransada Andre Bretonun rəhbərliyi ilə yaranan cərəyan Ziqmund Freydin psixoanaliz nəzəriyyəsindən təsirlənərək insan şüurunun dərin qatlarını araşdırırdı. Sürrealistlər — Salvador Dalí, Maks Ernst və digərləri yuxular, təsadüf və fantaziyalarla dolu əsərlər yaratdılar. Bu cərəyan cəmiyyətə insan ruhunun və təxəyyülünün sərhədsizliyini göstərməklə yanaşı, şəxsi azadlıq və daxili dünyaya hörmət kimi ideyalara əsaslanırdı. İnstinktlər, xəstə əhvali-ruhiyyə, sayıqlama, fantastik yuxular və dəhşətli qarabasma bədii yaradıcılığın başlıca mənbəyi və cərəyanın estetik prinsipi sayılırdı. Qəribəlik, irrasionallıq, standartlara cavab verməmək bu cərəyanın əsas xüsusiyyətləridir. Bu dövrdə şair və rəssamlar müharibənin dəhşətlərindən təsirlənib arzular dünyasına yönəlmişdilər.

Meksika muralizmi – Xalq üçün sənət.

1920-ci illərdə Meksikada yaranan muralizm hərəkatı sənəti qalereyalardan çıxarıb şəhər divarlarına gətirdi. Dieqo Rivera və Xose Klemente Orozko kimi sənətçilər tarix, əmək mübarizəsi və sosial bərabərlik mövzularını divarlara çəkdikləri rəsmlərlə əks etdirdilər. Bu cərəyanın nümayəndələri hesab edirdilər ki, sənət təkcə elitanın yox, hamınındır. Meksika muralizmi bugünkü küçə sənətinin ideoloji bazasını formalaşdırdı. Cərəyan vətənpərvərliyi, üsyançı qəhrəmanları və milli mübarizələri özündə ehtiva edirdi. Meksikada 1920-ci illərdən 70-ci illərə qədər ictimai binalarda milli, sosial və siyasi mesajları özündə təcəssüm etdirən çoxlu freskalar yaradılıb.

Pop Art – İstehlak mədəniyyətinin tənqidi

1950–60-cı illərdə ABŞ və Böyük Britaniyada meydana çıxan Pop Art cərəyanı gündəlik əşyaları və populyar mədəniyyətin simvollarını sənət obyektinə çevirdi. Bu cərəyan İkinci Dünya müharibəsindən sonra istehlaka yönəlmiş sənaye cəmiyyətinin dinamikası yenidən bərpa olunmağa başladığı dövrdə yaranmışdı. Pop Art cərəyanının əsas məqsədi tamaşaçılarda şok effekti yaratmaq idi. Əslində, bu hərəkat bir fəlsəfə kimi formalaşmış və İkinci Dünya müharibəsinin qəzəbi, dəhşəti və qəddarlığından ilham almışdı. Bu fəlsəfə müharibələrə, həyata və baş verən bütün fəlakətlərə qarşı bir növ “üsyan” idi.

Pop Art dövrünün həyat tərzini və populyar mədəniyyəti özündə birləşdirirdi. Endi Uarholun "Campbell Soup" konservləri və Merilin Monronun portretləri sənətlə reklam arasındakı sərhədləri aradan qaldırırdı. Bu yanaşma istehlakçılığa tənqidi baxışla yanaşı, sənətin əlçatan olmasını və gündəlik həyatla daha sıx bağlı olmasını da göstərirdi.

Digital Art və NFT – Yeni eranın sənəti

XXI əsrin əvvəllərindən başlayaraq texnologiyanın sürətli inkişafı incəsənətin mahiyyətini və ifadə formalarını köklü şəkildə dəyişdirdi. Rəqəmsal alətlər vasitəsilə yaradılan sənət nümunələri NFT (non-fungible token) texnologiyası ilə birləşərək sənətdə müəlliflik, orijinallıq və bazar dəyəri anlayışlarına yeni məna qazandırdı. Bu texnologiya sayəsində rəqəmsal sənət daha əlçatan oldu, sənətçilər isə coğrafi məhdudiyyətlərdən azad şəkildə qlobal auditoriyalara çıxış imkanı əldə etdilər.

NFT-ləri — dəyişdirilə bilməyən nişanlari — kopyalamaq, dəyişdirmək və ya bölmək mümkün deyil. Hər bir NFT-nin mülkiyyət hüququ blokçeyn texnologiyası vasitəsilə rəqəmsal şəkildə təsdiqlənir və bu hüquq yalnız sahibi tərəfindən köçürülə bilər. Bu isə rəqəmsal əsərlərin satışında və dövriyyəsində şəffaflığı qoruyur.

# 73 dəfə oxunub

Müəllifin son yazıları

# # #