Ədəbiyyatımız Qahirə Universitetində tədqiq ediləcək 

Ədəbiyyatımız Qahirə Universitetində tədqiq ediləcək 
27 iyul 2020
# 13:29

Qahirə Universitetinin Ədəbiyyat fakültəsinin Şərq dilləri kafedrasında Azərbaycan dili üzrə mütəxəssis yetişdirilir.

Universitetin Elmi Şurasının aldığı qərara əsasən, magistratura mərhələsində təhsilini davam etdirən tələbə Zeynəb Əlinin elmi işi görkəmli Azərbaycan yazıçısı İsmayıl Şıxlının “Ayrılan yollar” romanı olacaq.

Qahirə Universitetinin professoru, “Vətənpərvər” Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov AZƏRTAC-ın müxbirinə bildirib ki, fakültədə 2017–ci ildən bəri Azərbaycan dili tədris edilir. Bu müddət ərzində 500-dən çox tələbəyə Azərbaycan dili ilə yanaşı, ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti və həqiqətləri ilə bağlı geniş məlumatlar verilib.

S.Nəsirov qeyd edib ki, onun tələbələri arasında ilk dəfə ərəb dilində “Azərbaycan dilinin qrammatikası” kitabını yazan da vardır. “Misirlilərin dilimizə marağı gündən–günə artır. Hədəfimiz onların arasında Azərbaycan dilini bilənlərin sayını çoxaltmaq və ölkəmizə yeni dostlar qazandırmaqdır”, - deyə o vurğulayıb. Əlavə edib ki, Şərq dilləri kafedrasının qərarına əsasən, dosent Samiya Cəlal və Seymur Nəsirov tədqiqatçının elmi rəhbəri təyin olunublar. Diaspor sədri bu önəmli qərara görə kafedranın türk dili şöbəsinin müəllimlərinə və rəhbəri professor Cəlal əl-Hifnəviyə öz dərin minnətdarlığını bildirib.

Qeyd edək ki, Qahirə Universitetində Azərbaycan dilini öyrənən tələbələrdən bir qrupu hazırda diaspor mərkəzində təhsilini davam etdirir. Artıq həmin tələbələr arasında Azərbaycan dilindən ərəb dilinə məqalələr tərcümə etmək səviyyəsində olanlar da var. Bundan başqa, hazırda Azərbaycanın Qahirədəki diaspor mərkəzində azərbaycanlılarla yanaşı, dünyanın 27 ölkəsindən 300-dən çox tələbə müxtəlif ixtisaslar üzrə onlayn şəkildə ödənişsiz təhsil alır.

# 1772 dəfə oxunub

Müəllifin son yazıları

# # #