Bu gün özünəməxsus nadir səsi, qeyri-adi istedadı və oxu tərzi, bir çox əvəzsiz ifaları, məşhur mahnılarıyla dünya şöhrəti qazanmış Azərbaycan-sovet operası və estrada müğənnisi, bəstəkar, SSRİ xalq artisti Müslüm Maqomayevin anım günüdür.
Onun bəstələdiyi “Azərbaycan” mahnısı həm də ölkəmizin vizit vərəqəsinə çevrilib.
3 yaşında ata itkisi və... anasının ayrılığı...
Görkəmli musiqiçi və dirijor Müslüm Maqomayevin nəvəsi olan Müslüm atası Məhəmmədi erkən yaşında itirmişdi. O, hələ 3 yaşında olanda atası Məhəmməd Maqomayev Böyük Vətən Müharibəsində almanlara qarşı döyüşürdü və savaşın qurtarmasına 9 gün qalmış Berlində həlak oldu.
Düz 7 il atasının ölümünü ondan gizlətdilər və yalnız 10 yaşında balaca Müslüm əsl həqiqəti öyrəndi.
Müslümün anası milliyətcə adıgey olan Ayşət Kinjalova Şimali Qafqazdakı Maykop şəhərində doğulmuşdu, həyat yoldaşı, milliyətcə türk Məhəmmədlə Bakıda evlənmişdilər.
Bəstəkar babasının yolunu davam etdirən balaca Müslüm əvvəlcə royalda çalmağı öyrənib. O, artıq 3 yaşından melodiyalar seçir, 5 yaşından isə ilk musiqisini bəstələyirdi.
Atası Məhəmməd cəbhəyə yollananda Müslümün anası Ayşət xanım Maqomayevlər ailəsi ilə birlikdə yaşayırdı, həyat yoldaşının ölümündən sonra isə qadın doğulduğu Maykop şəhərinə qayıdır. Müslüm isə Bakıda nənəsi Bəydigül xanım və əmisi Camal Maqomayevin himayəsində qalır.
1949-cu ildə 7 yaşlı Müslümü Bakı Konservatoriyasının nəzdindəki onillik musiqi məktəbinə qoyurlar.
9 yaşı olanda anası onu yanına, çalışdığı teatra – Rusiyanın Vışnıy Voloçka şəhərinə aparır. Daha sonra Ayşət Kinjalova Murmansk şəhərinə köçür, sənətini buradakı teatrda davam etdirir və yenidən ailə qurur. Müslüm anasının yanında bir il qalır və Ayşət xanımın qərarı ilə Bakıya - nənəsi və əmisinin yanına geri dönür. Buna səbəb anasının ikinci dəfə ailə qurması idi. Ayşət Kinjalova ömrünün sonuna kimi Murmanskda yaşayır. İkinci evlilikdən onun iki övladı dünyaya gəlir, Yuri və Tatyana - Müslümün ögey qardaş və bacısı...
Müslüm 18 yaşında evlənəndə anasını da toyuna çağırır. Bu haqda onun ögey bacısı Tatyana xatirələrində bildirib:
"Anam qardaşımı və məni də götürüb Bakıya Müslümün toyuna getdik. Mən və qardaşım ondan 14 və 16 yaş kiçik idik. Onda Müslüm Polşadan qastroldan qayıtmışdı. Və bizə müxtəlif cür saqqızlar hədiyyə etdi. SSRİ-də o zaman xarici saqqızı çox az adam görmüşdü. Biz bilmədik onları neyləyək. Onda Müslüm bizə izah etdi ki, bu saqqızdır və onu çeynəmək lazımdır. Mənim 5, qardaşım Yurinin 7 yaşı vardı”.
Uzun illər sonra 1996-cı ildə Müslüm Murmanska səfər edir, Samoylova küçəsində yaşayan anası Ayşət xanıma baş çəkir. Ayşət Kinjalova 2003-cü ildə dünyasını dəyişib.
İlk evlilik, böyük şöhrətə gedən yol və... ayrılıq...
Müslüm musiqi məktəbində oxuyarkən 6-cı sinifdə ilk mahnısını yazır. Həmin mahnını sevdiyi qıza həsr edir – bu, indiyədək dillərdə məşhur olan “Marina” mahnısı idi.
Musiqi məktəbini bitirən Müslüm ilk dəfə səhnəyə 15 yaşında Bakıdakı Dənizçilər klubunda çıxmışdı.
Musiqi məktəbindən sonra Müslüm Maqomayev Bakı Konservatoriyasının vokal sinfinə daxil olub.
O, Bakı Konservatoriyasının böyük zalında Rossininin “Sevilya bərbəri” operasından “Fiqaronun ariya”sını müvəffəqiyyətlə ifa edir. Bu çıxışdan sonra vokal sahəsindəki professional karyerası yüksəlməyə başlayır.
18 yaşında gənc və xarici görünüşcə yaraşıqlı olan Müslümün yeniyetmə qızlar arasında çoxlu pərəstişkarı vardı. Elə bu yaşda Müslim ilk məhəbbətinə rast gəlir. O, konservatoriyada özü ilə eyni kursda oxuyan romantik ada malik Ofeliyaya vurulur. Onlar evlənmək qərarına gələndə, Müslümün nənəsi Bəydigül bundan elə qorxur ki, sevimli nəvəsinin pasportunu gizlədir.
Lakin böyük məhəbbət evliliklə sonuclanır. Bu nikahdan onların bir qız övladı dünyaya gəlir – Marina.
Müslüm Maqomayev gənclik illərində Ofeliya ilə yaşadığı evlilik dönəmini belə xatırlayırdı:
“Qayğısız gənclik bitdi - mən vurulmuşdum... Hər şey mahnıdakı kimiydi - aypara qaşlı qızla tanış oldum… Biz görüşməyə başladıq. Əmim və bibim mənim münasibətlərimi və xarakterimi bilə-bilə nəsə hiss etmişdilər. Lakin əmim Camal mənimlə “kişi söhbəti” etməyə qərar vermirdi, mən isə o qızı sevdiyimi hələ əmimə etiraf etməyə özümü hazır bilmirdim.
Nəhayət gözəl günlərin birində mənim pasportum itdi. Deyəsən bu işdə nənəmin əli vardı. O “təhlükəli an”ı vaxtında hiss etmişdi, çünki mən artıq Ofeliya ilə evlənməyə qərar vermişdim. Nənəm pasportumu bizim məhəlləmizdə yaşayan köhnə zamanların məşhur romans ifaçısı Olqa Çarskaya adlı qadının mənzilində gizlətmişdi. Olqa xala öz ünsiyyətcil təbiətinə görə sirri çox saxlaya bilməzdi və hər şey onunla bitdi ki, mən bir hiylə ilə pasportumu ondan geri ala bildim”.
Və 18 yaşlı Müslüm evlənir. Özü də gizlin…
“Biz Ofeliya ilə heç kəsə heç nə demədən nikaha girdik. Mən ailəmi fakt qarşısında qoydum. Reaksiya mülayim oldu. Halbuki, daha sərt şeylər gözləyirdim. Nənəm nikahdan narazı idi, əmim də narahat idi və mənə hirslənərək dedi:
- Müstəqil olmaq istəyirsən? Yaxşı, cəhd et, sən artıq böyüksən. Lakin yadında saxla, əgər ağlasan, səni başa düşməyəcəyik.
Mən Ofeliyagilin ailəsində yaşamağa başladım. Onun atası, intellektual insan, kimyaçı alim idi, Elmlər Akademiyasında işləyirdi. Çox təvazökar kişiydi, qayınanam isə… Qayınana elə qaynanadı. Hər şey ailə karusellərindəki qanunlarla gedirdi. Tezliklə münasibətlərin aydınlaşdırılmasına başladıq. Kiçik ailəmizi dolandırmaq üçün mən təcili işə düzəlməli oldum”.
Evlilik gənc Müslüm üçün çox çətinliklər törədib. Həyat yoldaşının yaxınları fikirləşirdilər ki, o, özünü fəda edənədək pul qazanmalıdı. Bu, o zamanlar idi ki, gənc Müslüm opera teatrında oxumağı arzulayırdı. Lakin həyat yoldaşının qohumları onun bu istəyini “süngü ilə qarşıladılar”. Müslüm üçün ən dözülməzi isə bu ailədəki həmişəki ittihamlar idi: “Səndən yaxşı ər çıxmaz!”.
Tezliklə Müslüm Hava Hücumundan Müdafiə Qoşunlarının Bakı dairəsi üzrə mahnı və rəqs ansamblına işə qəbul olunur. Və o, tez-tez qastrollara çıxmağa başlayır. Nəticədə Ofeliya Müslümün aramsız qastrol qrafikindən sıxılmağa başlayır. Gənc xanım ərinin daim yanında olmağını istəyirdi.
“Ansamblla biz müxtəlif şəhərlərə, o cümlədən kurort şəhərlərinə gedirdik. Ansamblda mənə o vaxtlar üçün kifayət qədər pul verirdilər. Qastrol turları məni ailə münaqişələrindən ayırırdı. Səfərlərdən evə qayıtmaq istəmirdim, özümdən ailəcanlı həyat yoldaşı göstərməyə xarakterim imkan vermirdi” - Müslüm Maqomayev o illəri yada salarkən demişdi.
Sonradan müğənni dostlarının dəvətiylə işləmək üçün həyat yoldaşı Ofeliya ilə birlikdə Çeçenistana - Qroznıya köçür. Və Qroznı Filarmoniyasının solisti kimi işə başlayır, həm də uğur qazanır. Lakin direktorun acgözlüyü ucbatından Müslüm ilk dəfə adi qara çörəklə kilkənin dadına qiymət verməyə məcbur olur.
“Hər tərəfdən küləklərin əsdiyi mehmanxana nömrələrində biz həşəratları yemləyirdik. Mən aullara səfər etməkdən xəstələndim, dağlarda o qədər oxudum ki, səsim batdı. Qroznıda mənim üçün yaxşı iynə vuran həkim qadın tapdılar. İki həftədən sonra mənim səsim qayıtdı, oxudum. Lakin Ofeliya bizim belə həyatımıza dözmədi və evə, Bakıya qayıtdı”,- deyə Müslüm Maqomayev həyatının gənclik illərinin çətin dönəmlərindən danışarkən bildirib.
Qroznıdakı kasıb həyatı müğənninin özünü də bezdirir və o da arvadının ardınca Bakıya qayıdır. Lakin bu dəfə Ofeliyanın evinə yox, Azərbaycan Opera və Balet Teatrının o vaxtki direktoru, Üzeyir Hacıbəylinin bacısı oğlu Ramazan Xəlilovun evinə. Ramazan Xəliov Müslümün qohumuydu - nənəsi Bəydigülün bacısı oğluydu.
“Ofeliya Qroznını tərk edib Bakıya qayıdanda birgə həyatımızın sona çatmasına qərar verdim. Lakin öyrənəndə ki, o, uşaq gözləyir evinə getdim. 1961-ci ildə bizim qızımız doğuldu, biz onu Marina adlandırdıq. Lakin bizim ailə həyatımız alınmadı. Nəticədə Ofeliyadan ayrıldım”.
Beləcə müğənninin ilk evliliyi cəmi 1 il sürdü, 1962-ci ildə Müslüm-Ofeliya cütlüyü həmişəlik ayrıldı...
Marina...
Müslüm Maqomayev birinci həyat oldaşının dünyaya gətirdiyi qızına Marina adını təsadüfən verməmişdi. Hələ 13 yaşındaykən Müslüm Marina adlı qıza vurulmuşdu və onun üçün yazdığı “Marina” mahısını müxtəlif məktəb tədbirlərində ifa edirdi. 70-ci illərdə bu kompozisiya hitə çevrilmişdi.
“Bu haqda nə demək olar?”- Müslüm Maqomayev həyatının o səhifəsini xatırlayarkən belə söyləmişdi:
“18 yaşlı gənc ilk dəfə qadınlara meyl edirdi. Mənim ilk reaksiyam - evlənmək lazımdı! İndi mənə özümün sadəlövhlüyü barədə danışmaq belə, gülməlidi. Lakin mən həmin zamanlara minnətdaram - bizim qısa evliliyimiz, o cəmi bir il sürüb, bizə qızımızı bəxş edib. Mənim çox yaxşı qızım var –Marina və buna görə Ofeliyaya böyük təşəkkürlər düşür.
Marina mənim xasiyyətimi alsa da, qadınsayağı onu daha kəskin edib. Nəticədə mənimkindən daha sərt alınıb”.
Müslüm Maqomayev yeganə qızına görə keçmiş arvadı Ofeliyaya həmişə “böyük alimentlər” ödəyib.
Hazırda Marina əri Aleksandr Kozlovski ilə birlikdə Amerikanın Ohayo ştatında yaşayır. (2021-ci ilin may ayına kimi anası Ofeliya – Müslümün ilk həyat yoldaşı da qızının yanında idi. Otən il Ofeliya xanım vəfat edib).
Marinaının bir oğlu var - Müslümün nəvəsi – Alen-Müslüm.
Yeri gəlmişkən, kürəkəninin atası Gennadi Kozlovski Müslüm Maqomayevin dostu olub və onlar hətta birlikdə iki mahnı da yazıblar.
“Sonra dostum ailəsi ilə Amerikaya köçdü. Təəssüf ki, o artıq ölüb. Kürəkənim Aleksandr çox yaxşı oğlandı. O, hər gün Bakıya Marinaya zənd edirdi və sonda hər şey toyla bitdi”.
Bu da Müslüm Maqomayevin qızı ilə bağlı xatirələrindəndir...
Marina atası ilə çox yaxın olub, Müslüm isə qızı ilə olan dost münasibətlərə böyük dəyər verib. Marina məktəbi pianoçu kimi bitirib və böyük musiqiçi ola biləcəyi gözlənilsə də, başqa yolu seçib. Atası böyük sevgilə qızı haqqında demişdi:
“Mənim artıq böyümüş gözəl Marina qızım var. Vaxtilə qızımın babası – mənim keçmiş qayınatam - kimyaçı-akademik Marinanı geodeziya və kartoqrafiyanı öyrənməsi üçün dilə tuturdu. Görünür mənə görə həyat yoldaşımın ailəsində musiqiyə qarşı qıcıqlanma yaranmışdı. Qızım professional musiqiçi olmadı. Özünü başqa sahədə tapmaq istədi. Mən onu nəyəsə təhrik edə, məsləhət verə bilməzdim və əsas da taleyinə qarışmağa haqqım yox idi. Mənim onunla dostluq münasibətlərim var və mən bu münasibətlərə böyük dəyər verirəm”.
Müslüm Maqomayev xatirələrinin birində yazıb ki, o, bir vaxtlar qızı ilə eyni səhnədə çıxış etməyi arzulayıb:
“Əgər o, mənimlə yaşasaydı... Amma düzü o, mənlə necə yaşaya bilərdi, axı mən çox uzun müddət sərgərdan həyatı yaşamışam? Həm də uşaqla birgə mən yaradıcılıq həyatımda sərbəst ola bilməzdim. Belə alındı ki, Marina musiqiçi olmadı...”.
Ata və qızı tez-tez görüşürdülər. Ya Marina oğlu ilə Moskvaya – Müslüm Maqomayevin yanına gələrdi, ya da bəstəkar özü Amerikaya qızını və nəvəsini görməyə gedərdi.
Çoxsaylı eşq macəraları... Şayiələr, yoxsa həqiqət?
Qeyd etdiyimiz kimi, 18 yaşında evlənən Müslüm bir il sonra 19 yaşında həyat yoldaşından ayrılmalı oldu.
Müslüm Maqomayev 19 yaşında Finlandiyanın paytaxtı Helsinkiyə Gənclərin və Tələbələrin VIII Ümumdünya Festivalına yollanır. Helsinki gənclər festivalı ona şöhrət qazandırır. 1963-cü ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərindəki uğurlu çıxış isə Müslümü daha da məşhurlaşdırır. Bu konsert nəticəsində tamaşaçılar sovet estradasının yeni simasını tanıdılar. Ona ünvanlanan sürəkli alqışların sahibləri arasında SSRİ-nin mədəniyyət naziri Yekaterina Furtseva və məşhur ifaçı İvan Kozlovski, Kommunist Partiyasının tanınmış simaları da vardı.
M.Maqomayev ilk solo-konsertini də 1963-cü ilin noyabrında Moskvada Çaykovski adına Konsert Zalında verir. Bu konsertdən sonra bütün Sovet İttifaqında hamı ondan danışır, bütün mətbuat Müsülümdən yazırdı.
1963-cü ildə artıq Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olan M.Maqomayev 1964-65-ci illərdə İtaliyanın Milan şəhərindəki “La Skala” teatrında təcrübə keçir.
Bu illər ərzində Müslümün şəxsi həyatı barədə şayiələr səngimirdi. Bu yaraşıqlı gəncin müxtəlif qadınlarla eşq yaşaması barədə çoxsaylı söz-söhbətlər dolaşırdı. Doğrudan da bir çox qadınlar ona çox yaxın olmağa çalışırdılar... Təbii ki, onun həyatında kənar əlaqələr olmuşdu. Maqomayev bu haqda danışmağı xoşlamırdı və sevgi macəralarını açıqlamağı xəyanət hesab edirdi.
Bəzi məlumatlara görə, hətta SSRİ mədəniyyət naziri Yekaterina Furtseva da Müslümə əməlli-başlı aşiq olubmuş! Elə onun İtaliyaya - “La Skala” teatrına təcrübəyə göndərilməsini də xanım Furtsevanın gənc müğənniyə simpatiyasının nəticəsi sayanlar var.
Müslüm öz təhsilini İtaliyanın “La-Skala” teatrının məşhur vokal məktəbində daha da təkmilləşdirdi. Təcrübəsini bitirdikdən sonra onu Moskvanın “Bolşoy Teatr”ına dəvət etsələr də, Maqomayev bu cazibadar təklifdən imtina edib, Azərbaycana döndü.
60-cı illərdə şöhrətin zirvəsinə doğru irəliləyən gənc Müslüm xüsusilə qadınların sevimlisi idi.
1966-cı ilin yayında Müslüm ilk dəfə Fransaya səfər edir. Parisin tanınmış “Olimpiya” Teatrında onun qastrolları keçirilir. Teatrın direktoru Bruno Kokatris M.Maqomayevə onu beynəlxalq miqyasda tanıtmaq üçün müqavilə bağlamağı təklif edir. Ancaq SSRİ-nin mədəniyyət naziri bu müqaviləyə qadağa qoyur.
Daha sonralar ikinci dəfə Fransaya gedən M.Maqomayev Kanndakı “Qızıl plastin” salonlarında konsertlər verir... Müslüm Maqomayev səsinin qüdrəti, gözəlliyi ilə hamını valeh edirdi. Səsinin geniş diapazonu ona vokal sənətinin müxtəlif sahələrində müvəffəqiyyətlər qazandırırdı: opera, kino, estrada və s. sahələrdə o, özünü bacarıqla göstərə bildi. Estrada janrı vasitəsilə musiqisevənlərin və geniş kütlənin ürəyinə yol tapdı və öz oxuma tərzinin təkrarsızlığını dəfələrlə təsdiqlədi.
Sonralar müəyyən səbəblərdən ifaçı Azərbaycanı tərk etdi, Moskvaya köçdü. Beləcə Müslümün sonrakı yaradıcılıq fəaliyyəti Moskva şəhərilə bağlandı. Moskva SSRİ-nin paytaxtı olduğuna görə, istedadlı gənclər ümidlərini bu şəhərə bağlayırdılar. Burada sənətin zirvəsinə ucalmaq üçün daha geniş imkanlar var idi. Və Müslümün fitri istedadı Moskvada çiçəklənməyə başladı. Moskvada görkəmli bəstəkarlar məhz Müslümün səsinə uyğun olan xüsusi mahnılar bəstələyirdilər.
Uğurlar bitib tükənmirdi... Sopotda beynəlxalq mükafat alır, ABŞ-da qastrollarda olur; Leonid Brejnev, Yuri Andropov – kimi sovet rəhbərlərinin sevimli ifaçısı kimi bütün rəsmi qapıları “təpiklə açır”. Onun ifa etdiyi “Bella çao”, “Reyddə axşam” mahnılarını sovet partiya liderləri çox sevirdi...
Maqomayev Polşaya səfəri zamanı müharibədə həlak olmuş atasının məzarını axtarıb tapır. Beləcə, düz 27 ildən sonra – 1972-ci ildə Müslüm atasının məzarını ziyarət edə bilir.
1973-cü ildə M.Maqomayev 31 yaşında sovet dövrünün ən yüksək – SSRİ xalq artisti fəxri adına layiq görülür.
Sovet rəhbərlərinin sevimli müğənnisi
Müslüm Maqomayevin oxuduğu mahnıları SSRİ-nin rəhbər şəxsləri də çox sevirdilər, o özü onların sevimli müğənnisiydi. Leonid Brejnev, Yuri Andropov, Heydər Əliyev isə onun fanatlarıydılar..
Müslümlə bağlı çox maraqlı hadisələr baş verib. Bir dəfə Fransa səfərindən geri döndüyündə müğənni SSRİ Daxili İşlər Nazirliyinə çağırılır. Ona bildirilir ki, Maqomayev konsert üçün təşkilatçılar tərəfindən artıq məbləğ alıb. Müğənni günahsız yerə çək-çevirə salınır. Həmin müddətdə Müslüm altı ay müddətinə efirdən və konsertlərdən uzaqlaşdırılır. Onu “KQB” sədri Yuri Andropov “xilas edir”.
Belə ki, o zaman “KQB”nin yubileyi idi. Andropov şəxsən özü mədəniyyət naziri Furtsevaya zəng vurur və yubileydə Müslümün ifa etməsini istəyir: “Mənim uşaqlarım Maqomayevi dinləmək istəyirlər”.
Halbuki, bu zaman Maqomayevə səhnəyə çıxmaq qadağan edilmişdi. Mədəniyyət naziri xanım Furtseva məsləni Andropovun diqqətinə çatdırır.
Nazirdən müğənninin istintaqa cəlb edildiyini eşidən “KQB” sədri Andopov bildirir: “Bizim siyahıda o, tərtəmizdir”.
Beləcə, Müslümə qoyulan qadağalar aradan qalxır.
SSRİ-nin rəhbəri Leonid İliç Brejnev də M.Maqomayevin alovlu pərəstişkarlarından idi. Müslüm rəhbərin Azərbaycana gəlişi münasibətilə mahnı yazmışdı.
Brejnev isə ən çox onun italyan partizanlarına həsr etdiyi “De la Çao” mahnısını çox sevirdi.
Müslüm Maqomayev müxtəlif vaxtlarda cazibədar təkliflər olub, amma müğənni bunlardan imtuina edib. Məsələn, İtaliyada qalmaq və burada opera müğənnisi kimi məşhurlaşmaq imkanını bilərəkdən əldən verdi. “La-Skala” teatrından başqa, ona Parisdə də qalmağı təklif etmişdilər. Fransa paytaxtında, “Olimpiya” zalındakı möhtəşəm konsertindən sonra.
Xaricdə qalmağı və biznes qurmağı ona İtaliyada olarkən Emilio adlı bir tərcüməçi təklif edir. Estrada səhnəsində uğur qazanmaq üçün Moskvadakı Böyük Teatrda işləməkdən vaz keçən müğənni sonralar imtina qərarlarına görə heç zaman peşmançılıq çəkməmişdi.
Müslüm Maqomayevin başqa bir “səhvi” kinorejissor Aleksandr Zarxinin “Anna Karenina” filmində knyaz Vronskinin rolunu oynamaqdan imtina etməsidir.
Bir dəfə, Bakıda olarkən eksentrik kinokomediyaları ilə tanınmış Leonid Qaydaydan telefon zəngi gəlir. Maqomayevə “12 stul” filmində Ostap Benderin rolunu ifa etmək təklif olunur. Müğənni ona da “yox” cavabı verir. Amma “Nizami”də dahi Azərbaycan şairinin rolunu həvəslə ifa edir.
Lyudmila Karyeva ilə nikahdankənar münasibət...
Qeyd etdiyimiz kimi, Müslüm Maqomayevin ətrafında çox qadınlar dolaşırdı və onlardan bəziləri dahi sənətkarla eşq yaşamağa nail ola bilmişdi. Bunu Müslüm Maqomayevin özü də dəfələrlə etiraf edib.
Müslüm Maqomayevin ömrünün 60-cı və 70-ci illərində nikahdankənar sevgi münasibətində olduğu qadınlardan biri Ümumittifaq radiosunun o zamanki musiqi redaktoru Lyudmila Karyevadır. O, Rusiyanın məşhur bəstəkarı Boris Foqotinin qızıdır. Rus mətbuatının yazdığına inansaq, onlar arasında intim münasibət nə az-nə çox, düz 15 il davam edib.
“Biz Bakıda ikiotaqlı kommunal mənzildə, Moskvada isə əsasən mehmanxanada yaşayırdıq. Hərdən kirayə mənzil də tuturduq”-deyə L.Karyeva bu hadisə haqda mediaya bildirib.
“Müslüm gözəl insan, fantastik müğənni, istedadlı artist, əziz dost, yaraşıqlı sevgili və dahi kişi idi... Rəsmi nikaha girmək haqında biz heç düşünməmişdik... Yaxşı günlərin bir sonu da olur və bu baxımdan Müslümlə bizim münasibətlərimiz də bitdi. Biz ayrılandan sonra onun həyatına Tamara Sinyavskaya daxil oldu”, - deyə Lyudmila Müslüm haqqında xatirələrində qeyd edib.
Lyudmila sonralar iddia edib ki, guya o, Müslümlə vətəndaş nikahında yaşayarkən Daniel adlı bir oğlu dünyaya gəlib. Yeri gəlmişkən, M.Maqomayev 2008-ci ildə dünyasını dəyişəndən və Bakıda I Fəxri xiyabanda dəfn olunandan sonfa həmin o Daniel Foqotin Bakıya gəldi. Belə məlum oldu ki, anası ilə birgə ABŞ-Nyu-Yorkda yaşayan Daniel adlı bu gənc oğlanın Bakıya gəlişinin səbəbi guya, atasının məzarını ziyarət etməkdir.
Müslüm Maqomayevin Lyudmila Karyeva ilə vətəndaş nikahında yaşadığını həmkarları öz müsahibələrində təsdiqləsələr də, onların övladının doğulmağından xəbərsiz olduqlarını bildiriblər.
Lyudmila Karyeva 70-ci illərdə ABŞ-a köçüb və Müslüm Maqomayevin oğlu olduğu iddia edilən Daniel Foqotin Amerikada dünyaya gəlib. Anası onu Müslüm-Daniel adlandırıb. Üstündən bir müddət keçdikdən sonra Lyudmila Karyeva oğlunun Müslüm Maqomayevdən olduğunu bəyan etsə də, dahi müğənni bunu qəbul etməyib. Müslüm Maqomayev ona mətbuat vasitəsilə belə cavab verib:
"Mən bu qadınla vətəndaş nigahında yaşamışam. Amma onun dediyi kimi 16 il yox, cəmi 6 il birlikdə yaşamışıq. Bizim uşağımız olmayıb. Əgər mənim oğlum olsaydı, heç vaxt ondan imtina etməzdim.
Əksinə, onunla fəxr edərdim. Ayrıldıqdan sonra biz normal münasibət saxlamışıq. Lyudmila həyat yoldaşım Tamara ilə də ünsiyyətdə olurdu. İndi isə... Yəqin qadın özündə olmayıb və sensasiya axtarıb".
Müslüm Maqomayevin Amerikada yaşayan birinici nikahdan dünyaya gələn yeganə qızı Marina Maqomayeva-Kozlovskaya da Rusiya mətbuatına müsahibəsində Karyevanın oğlunu özünə qardaş hesab eləmədiyini vurğulayıb:
"Bu mənim atamın oğlu deyil! Atam sağlığında ondan imtina etmişdi və şəxsən mənə bu sözləri demişdi: "Mən heç vaxt öz uşaqlarımdan imtina etmərəm. Bu isə mənim oğlum deyil, hətta onun atasının kim olduğunu bilirəm!"".
Müslüm Maqomayev 25 oktyabr 2008-ci ildə vəfat etdikdən sonra Rusiyanın "Jizn" qəzetində müğənninin ABŞ-da yaşayan nikahdankənar oğlu olduğunu deyən həmin Müslüm-Daniel dahi sənətkardan qalan mirasa iddia etdi. Bildirdi ki, Müslüm Maqomayevdən qalan varidatın bir hissəsi də ona çatmalıdır. Amma əlinə heç nə keçirə bilməyəndən sonra gəldiyi kimi də ABŞ-a qayıtdı…
Natavan Şeyxova, Edita Pyexa və digərləri...
Müslüm Maqomayev haqqında ayrı-ayrı zamanlarda dərc edilən yazılarda onun xeyli tanınmış qadınla məhəbbət macərası, eşq romanı yaşadığı iddia olunub. Məsələn, belə deyirlər ki, Müslüm Maqomayevin gənclik illərində eşq romanı yaşadığı məşhur qadınlardan biri Azərbaycanın xalq artisti, müğənni Natəvan Şeyxova olub. Amma Müslüm özü də bunun şayiə olmadığını etiraf edib və müsahibələrinin birində deyib ki, o İtaliyaya təhsil almağa getməzdən öncə Bakıda Natəvan Şeyxova ilə aralarında doğrudan da sevgi münasibətləri var imiş:
“Mənim doğrudan da sevdiyim gözəl qız var idi – müğənni Natəvan Şeyxova. Amma bizim aramızda ciddi roman olmayıb”.
“Sovet ekranı” jurnalının o vaxt dərc etdiyi qeybətlərdə, dedi-qodularda iddia olunurdu ki, guya, Müslüm Maqomayev ilk arvadından ayrılandan sonra Tamara Sinyavskaya ilə ikinci evliliyinə qədərki müddətdə SSRİ-nin 100-dən çox gözəl qadını ilə eşq romanı yaşayıb.
“Kişi hökmən kişi kimi yaşamalıdır, mən həm içmişəm, həm çəkmişəm və bəli, mənim çoxlu qızlarım olub” deyən Müslüm Maqomayev bir dəfə həmin dedi-qodulara cavab verərkən bildirib.
Deyilənə görə, onun intim münasibətlər yaşadığı məşhur qadınlar arasında populyar “Sovet ekranı” jurnalının əfsanəvi redaktoru Anna İtenberq, tanınmış sovet teatr və kino aktrisaları Natalya Kustinskaya və Natalya Fateeva da olub.
Və ən nəhayət Müslüm Maqomayevin məşhur estrada müğənnisi və aktrisa, SSRİ xalq artisti Edita Pyexa ilə sevgi macəralarından da bəhs olunur. Bu macəra haqqında danışılarkən gülməli bir məqam da vurğulanır. Deyirlər polyak əsilli sənətçi Edita Pyexa bir dəfə Fransada qastrolda olanda onun əri, məşhur bəstəkar Aleksandr Bronevitski qısqanclıqdan o həddə qədər hiddətlənir ki, SSRİ-dən Parisə uçur və arvadının oteldə qaldığı otağa gələrək, çarpayının altında Müslüm Maqomayevi axtarır...
“Prinsipcə Edita ilə belə münasibətlər mümkün idi”,-deyə Müslüm Maqomayev bir dəfə bu haqda danışarkən etiraf edib və onu da əlavə edərək bildirib: “Amma mənim onun əri Saşa Bronevitskiyə çox böyük hörmətim vardı və bilirdim ki, Pyexa onun “əsəridir””.
İran şahının bahalı hədiyyəsi və saraydakı “bağışlanmaz səhv”
Müslümün şöhrəti dünyaya o qədər yayılmışdı ki, 1971-ci ildə İran şahı Məhəmməd Rza Pəhləvi də onu öz sarayına dəvət edir. Bütün qonaqlar, o cümlədən, şah ailəsi Müslümün İrandakı çıxışından razı qalır. “Fiqaro”nun kavantinasını oxuyan müğənninin ifası şahı və saray əyanlarını valeh edir.
Sonda, o, Məhəmməd Rza şahın hüzuruna dəvət olunur. Şah müğənniyə içində sanballı məbləğ olan zərf uzadır. Lakin Müslüm bu pulu götürməkdən imtina edir.
“Qonaq olduğum insanlardan pul almıram” deyə gənc ifaçı şaha cavab verir. Əvəzində şah müğənniyə çox bahalı üzük hədiyyə edir. Bu üzük həyatının son günlərinədək Müslümün barmağında idi.
Müslüm şah sarayında olarkən maraqlı bir hadisə yaşanır. Sərt etiket qaydalarının mövcud olduğu şah sarayında müğənni bağışlanmaz səhvə yol verir. Belə ki, Məhəmməd Rza şah Maqomayevi məharətli ifasına görə tərifləyəndən sonra onlar sağollaşırlar. Və müğənni çönüb gedərkən zalda uğultu qopur. Saray qaydalarına görə, Maqomayev şaha bay əyəndən sonra arxası qapıya doğru addımlamaqla otaqdan çıxmalıymış.
Lakin o, bunu etmir. Şaha arxa çevirərək onun hüzurundan ayrılmanın təhqir olduğunu bilməyən Müslümün “günahı bağışlanır”.
1972-ci ildə İran şahı Məhəmməd Rza Pəhləvinin şahbanu titullu xanımı Fərəh Pəhləvi Bakıya səfər edir. Şahbanu üçün Bakıda dəbdəbəli qonaqlıq və konsert təşkil olunur. Bu konsertdə Fərəh Pəhləvinin xahişi ilə Müslüm Maqomayev də oxuyur. Onun ifası Fərəh Pəhləvini valeh edir.
“İkinci bahar” – Müslüm Maqomayevin həyatdakı əsas qadını...
Müslüm Maqomayevin həyatında əsas qadın onun 34 il birgə yaşadığı ömür-gün yoldaşı Tamara Sinyavskaya oldu. Məşhur opera ifaçısı, SSRİ xalq artisti Tamara Sinyavskaya ilə Müslüm 1972-ci ildə Bakı Filarmoniyasında tanış olur. Bu zaman 29 yaşlı Tamara xanım artıq ərli qadın idi və Bakıya qastrola gəlimişdi. Bu görüş zamanı gözəl və füsünkar Tamara xanım yaraşıqlı Müslümə biganə qala bilmədi. Yəqin ki, bu, taleyin bir qisməti idi.
“Mənim 29 yaşım olanda Müslümlə münasibətlərimiz başladı. Sonra mən İtaliyaya təcrübə keçməyə getdim. Müslüm demək olar hər gün zəng edirdi. Biz uzun müddət danışırdıq” -deyə xanım Sinyavskaya o illəri xatırlayarkən bildirib.
Sinyavskayanın hələ İtaliyaya səfərindən əvvəl Maqomayev Böyük Teatra ayaq açır, onun iştirakı ilə gedən bütün tamaşaları dinləyir, ona çox gözəl və böyük gül dəstələri bağışlayır... Sonra isə onların hissləri ayrılıqla sınağa çəkilir. Tamara Sinyavskaya staj keçmək üçün yarım illiyə İtaliyaya yola düşür. Müslüm hər gün ona zəng vurur. “Melodiya” mahnısı həmin dövrdə yaranır. Maqomayev A.Paxmutova və N.Dobronravovun təqdim etdiyi mahnını dərhal bəyənir və artıq bir neçə gündən sonra ifasını yazdırır. Mahnıya uzaq İtaliyada telefonla qulaq asan Tamara onu dinləyən ilk insanlardan biri olur.
Tamara Sinyavskaya İtaliya səfərindən dönəndə Müslüm Maqomayevlə ayrılmaq qərarına gəlir. Axı hər necə olsa da, ərli qadın idi. Hətta Müslümün Kreml sarayında verdiyi konsertə də getmir. Xanım Sinyavskaya sevdiyi şəxsdən – Müslümdən ayrılmaq qərarını ona bildirmək üçün son dəfə görüşməyi lazım bilir. Amma bu ayrılıq görüşü onları ömürlük bir-birlərinə bağlayır. Aşiqlər öz sevgilərini sonadək qorumağı bacarır.
Uzun müddət sevgi münasibətləri yaşayan cütlük rəsmi nikaha girməyə tələsmir. Nəhayət görkəmli rəssam Tahir Salahov onları bir araya gətirərək, “vaxtı niyə itirirsiniz? Pasportlarınızı mənə verin!” deyə cütlüyü nikah masasına oturdur.
23 noyabr 1974-cü ildə onlar nikah bağladılar və həmin gün təxminən 100 nəfərin iştirakı ilə Moskva restoranlarının birində toy oldu. Bu zaman maraqlı bir hadisə yaşanır. Toydan xəbər tutan xarici turistlər restoranın ətrafına toplaşaraq Müslümdən oxumağı istəyirlər. Pərəstişkarlarının qəlbini qırmaq istəməyən Maqomayev restoranın açıq pəncərəsindən onların istədikləri sevimli mahnıları ifa etməli olur.
Səs-küylü toydan sonra bəy və gəlin Bakıya yola düşür. Bakı Tamara xınımı Azərbaycanın gəlini olaraq qarşılayır. Azərbaycan KP MK-nin birinci katibi Heydər Əliyev isə onlar üçün özünün bağ evində xüsusi qəbul təşkil edir.
Tamara Sinyavskaya həmişə yaradıcı dünyada özünün nəhəng istedadı, əməksevərliliyi, qeyri-adi cazibədarlığı və parlaqlığı ilə şöhrət qazanıb. Onun Müslim Maqomayevlə məhəbbəti haqqında xatirələrindən:
“Müslüm öz yüksək ləyaqəti ilə nəhəng şəxsiyyət idi. Heç kəs onun üçün sadəcə əl çalmayıb. Bütün alqışları o qazanmışdı. O, çox xeyirxah idi, ancaq məsafə saxlamağı xoşlayırdı. Hətta, biz onunla uzun illər aramızda “Siz” kəlməsini qoruyub saxlamışdıq. Xüsusi danışmırdıq, amma bu, bizim üçün təbii münasibət idi. Mən heç vaxt ərimə ağalıq etmək istəməmişəm. Sadəcə, nə qədər axmaq olmaq lazımdır ki, özünü ailədə başçı hesab edəsən. Nə üçün? Doğurdanmı, qadın kimi qalmaq pisdir?
Evimizə tez-tez dostlarımız gəlirdi. Müslüm qonaqları sevirdi. O, özünü həmişə alicənab aparırdı. Heç vaxt mənə qarşı kobudluq etməmişdi. O, əsl centlmen idi. Müslüm tanışlığımızın ilk günündən son gününə qədər mənə ağayana qulluq edirdi. Mənə gül dəstələri bağışlayırdı. O, bunu norma sayırdı. Amma o, həm də Şərq kişisi idi. Tez özündən çıxmaq və tez də soyumaq...”.
Tale Tamara Sinyavskaya və Müslüm Maqomayevə övlad nəsib etməyib. Amma Tamara Sinyavskaya Müslüm Maqomayevin keçmiş arvadı Ofeliyadan olan qızı Marinanı öz övladı kimi sevib. O, Marina ilə həmişə yaxşı münasibətdə olub, hətta onun anası Ofeliya ilə də... Eyni zamanda onlarla heç vaxt əlaqəni də kəsməyib.
Bu haqda Ofeliya özü belə deyib: “Bizi Müslümlə birləşdirən şeylər keçmişdə qaldı. Mənim Tamara ilə gözəl münasibətlərim var. O axı ərimi məndən ayırmadı. Onlar biz boşanandan sonra görüşüblər. Həm də Marina da Tamara xanım üçün doğma qızı kimidi”.
Vətənə həmişəlik dönüş...
Ürək xəstəliyindən əziyyət şəkən Müslüm Maqomayevə əcəl uzun ömür yaşamağa imkan vermədi.
2008-ci ilin 25 oktyabrı... saat 6:49... Həkimlərin səylərinə baxmayaraq dünya şöhrətli sənətçini ölümün pəncəsindən almaq mümkün olmadı... Tamara Sinyavskaya son anlarınadək onun yanındaydı...
29 oktyabr... Azərbaycan Dövlət Filarmonuyasının zalında, səhnənin mərkəzində, postamentdə, güllər səpələnmiş bağlı tabut var idi. Mərhumun həyat yoldaşı Tamara Sinyavskaya çətinliklə göz yaşlarını saxlayır. Onu Azərbaycan respublikasının prezidenti İlham Əliyev sakitləşdirir. Yaxınlıqda qızı Marina ağlayır. O, birbaşa ABŞ-dan Bakıya gəlmişdi. Onu əri Aleksandr sakitləşdirir.
Keçmiş arvadı Ofeliya da gəncliyində çox sevdiyi insanın yasına gəlməyi çox istəyirmiş. Lakin Amerikada nəvəsi ilə qalmalı olub. Deyilənə görə sağlamlığı uzaq uçuşları keçirməyə imkan verməyib. Tamara Sinyavskaya isə o zaman 7 yaşlı Alenə babasının ölüm xəbərini deməyi qəti şəkildə qadağan edir. Çünki Alen babasını çox istəyirdi və yaxınları qorxurdular ki, babasının ölüm xəbəri onun üçün ağır stressə səbəb ola bilər.
Beləcə, uzun illər Moskvada yaşayan Müslüm 29 oktyabr 2008-ci il tarixində vətənə qayıtdı. Və həmişəlik…
Deyirlər ki, Müslüm Maqomayev kimi dahi sənətkarlar hər əsrdə meydana gəlmirlər. Amma nə yaxşı ki, dünyanın Azərbaycan adlı pəncərəsinin önündən belə bir istedadlı müğənni keçib və bizi öz şirin səsinə qonaq edib...
Ə.Qafarlı