Qabil Abbasoğlu: “Xəbər eyniliyi xor təhlükəsi yaradır” – Müsahibə  

Qabil Abbasoğlu: “Xəbər eyniliyi xor təhlükəsi yaradır” – Müsahibə   
25 iyun 2020
# 17:30

Bu gün Lent.az -ın fəaliyyətə başlamasından 12 il ötür. Bu münasibətlə Kulis.az-ın suallarına portalın baş redaktoru Qabil Abbasoğlu cavab verib. Müsahibəni təqdim edirik.

- Qabil müəllim, əvvəla sizi təbrik edirik. 12 yaş sayt üçün müdriklik yaşı sayıla bilər. Çünki internet mediasının yaşı elə də çox deyil. Siz necə düşünürsünüz?

- Bəli, həqiqətən də Azərbaycanda internet mediasının yaşı elə aşağı-yuxarı Lent.azın yaşı ilə ölçülür. Bu baxımdan Lent.azın on iki illik ömrünə məhz internet mediasının ömrü olaraq yanaşsaq, bu, hələ yetkinlik və formalaşma yaşıdır. Hələ təcrübə qazanırıq. Hələ həm yaradıcı, həm də iş texnikası baxımında elə anlayışlar, üsullar var ki, onları indi mənimsəməyə çalışırıq. Bütövlükdə Azərbaycanda internet mediasına təkcə peşəkar deyil, həm də mental yanaşma göstərir ki, bizdə internet mediasının yaşı hələ müdriklik yaşına çatmayıb. Mental yanaşma deyəndə əsasən onu nəzərdə tuturam ki, 50-60 il əvvəl insanlar qəzetlərə ciddi mənbə kimi yanaşırdılar. Qəzet mentaliteti yaranandan sonra 20-ci əsrin sonları, 21-ci əsrin əvvəllərində internet mediası meydana çıxdı. Və indi də buna qeyri-ənənəvi media vasitəsi kimi baxırlar. Belə hesab etmək olar ki, son beş ildə bu ənənə də oturuşmağa başlayıb, amma proses tam başa çatmayıb. Bu baxımdan Lent.azın on iki yaşını müdriklik yox, yetkinlik mərhələsi kimi qiymətləndirirəm. Və hesab edirəm ki, təkcə Lent.az üçün deyil, ümumilikdə Azərbaycan mediası üçün hələ öyrənəcəyimiz, görəcəyimiz işlər çoxdur.

- Belə bir deyim var ki, kollektiv gec-tez öz rəhbərinə bənzəyir. Vüsalə xanımın xüsusən bu ağır karantin dönəmində gecə-gündüz işin üzərində olması və digər rəhbərlərdən də bunu umması sizi çox yormur ki?

- Kollektivin öz rəhbərinə bənzəməsi ilə bağlı deyilənlər çox güman ki, kollektivin işə yanaşma tərzi ilə onun rəhbərinin işə yanaşma tərzinin eyniliyi barədə nəzərdə tutulur. Bu baxımdan əlbəttə ki, Lent.azın və bütövlükdə APA qrupun iş tərzində Vüsalə xanımın işgüzarlığı böyük rol oynayıb. Belə deyək, kollektiv həmişə rəhbərin təşkilatçılıq və işgüzarlıq tempinə uyğunlaşmağa çalışıb. Bu, hər yerdə belədir, bizim şirkətdə də. Bundan Lent.aza da pay düşüb. Biz təbii ki, işin təşkilində, hələ sayt yaradılan vaxtlardan indiyə qədər hər zaman rəhbərliyin yanaşmasını və işgüzar təkliflərini nəzərə almışıq. Və almağa da davam edirik. Burada söhbət hansısa administrativ şablondan getmir ki, rəhbər bu cür istəyirsə, bu cür olsun. Vüsalə xanım bu məsələlərə kifayət qədər açıqdır. Və hətta belə məqamlar olub, məsələn, Vüsalə xanımın özünün şəxsi münasibətlərinin o qədər isti olmadığı adamlardan müsahibələr eləmişik, təkliflər irəli sürmüşük. Hətta elə hallar olub, özü israrla təklif edib ki, filan adamlardan da mühasibə götürün. Çünki bu, şəxsi məsələlərin sizin media fəaliyyətinə heç bir adiyyatı yoxdur. Bu baxımdan bu cür yanaşmaların saytın simasında görsənməsi təbii haldır. Bu hər yerdə və hər zaman belə olub. Lent.azda da belədir. Məncə, bunu kifayət qədər də normal və təbii qarşılamaq lazımdır.

Yormaq məsələsinə gəlincə, qətiyyən yorğunluq olmur. İlk dövrlər təbii ki, hamımız qəzetdən, çap mediasından gəlmişdik. Və bütövlükdə internet mediası Azərbaycanda demək olar, yaranmamış, formalaşmamış bir sahə idi. İnternet mediasının operativliyi qəzet və çap mediasından qat-qat yüksək olduğu üçün temp məsələsində müəyyən çətinliklərimiz olub. Bu, bizim üçün yeni sahə idi. Amma qısa bir zaman ərzində çətinlikləri arxada qoyduq və bütövlükdə kollektiv həm işləməkdə, həm də yeni media sahəsinin tələbələrini öyrənməkdə idi. Həmin qısa çətinlik dövründən sonra bu kimi məsələlər aradan qalxdı. O ki qaldı rəhbərliyin işgüzar tempinin bizi yormasına, bizdə belə bir sindrom, qorxu yoxdur. Bunun yeganə səbəbi də odur ki, biz artıq bu tempə öyrəşib, uyğunlaşmışıq. Hesab edirəm ki, Lent.azın bugünkü uğurlu fəaliyyətində və gəlib bu səviyyəyə çatmasında da elə həmin işgüzarlığın çox böyük rolu var.

- Lent.az-ın nəyi fərqlidir, sizcə? Bəlkə mətbəxində gizli bir sirri var, ad günündə aça biləcəyiniz...

- Müasir dövrdə Azərbaycan internet mediasında məni də, digər jurnalistləri də, rəhbər şəxsləri də təmin etməyən əsas məsələ xəbər eyniliyi, hamının eyni mövzudan yazması, eyni xəbərləri yayması və nəticədə bir xor yaranması təhlükəsidir. Əslində, bu, təhlükədən daha çox reallıqdır. Bu, ümumi axının içərisində Lent.az yarandığı gündən indiyə qədər həmişə qorumağa çalışdığı bir məsələ olub; Lent.az redaksiya materiallarına, layihələrə daha çox üstünlük verib. Yəni, başqa media nümunələrinin etmədiyi, yalnız Lent.azın özündə istehsal olunan bu yaradıcılıq materiallarının sayının artırılmasına çalışmışıq. Hər zaman yalnız Lent.azın özünəməxsus layihələri olub və əsas oxucu kütləsini bu layihələr üzərindən toplaya bilib. Bu, ölkənin ən ağrılı problemləri ilə bağlı - Qarabağ məsələlərindən tutmuş, məişət məsələlərinə qədər müxtəlif mövzuları əhatə edən layihələrdir. Elə bir sirr yoxdur. Əslində, mənə görə dünyanın ən böyük sirri zəhmətdədir. Yəni çalışmaqla, ağıl işlətməklə, bir az artıq əziyyət çəkməklə bütün bəşəriyyətin sirli saydığı möcüzələrin, hadisələrin hamısına izah vermək, aydınlıq gətirmək olur. Ona görə, ən aşılmayacaq, ən çətin görünən işləri də zəhmətin, yaradıcılığın və bacarığın gücünə həll etmək olar. Belə başqa bir sirr, mistik amil yoxdur. Məncə, axtarmağına da dəyməz.

- Qarabağı dediniz... Bu mövzuda bir çox layihələr etdiniz və əslində, çox yazılan, çox təbliğ olunan və modernləşə bilməyən belə materiallardan fərqli olaraq, Lent.az-da bu yazıları oxudular. Həm də çox yüksək oxucu kütləsi oxudu. Bəlkə də sizin istisnalarınızdan biri də budur.

- Bəli, Qarabağ layihələrimizlə bağlı dediklərinizlə tam razıyam. Məsələ burasındadır ki, münaqişəyə bütövlükdə siyasi, diplomatik və yaxud hərbi yanaşmadan başqa həm də münaqişənin, müharibənin bir insan üzü var. Biz həmin layihələrdə daha çox o insan üzünə yer ayırdıq. Tutaq ki, “Əsir düşərgəsi” layihəsində bütövlükdə Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranmış vəziyyət, əsir düşmüş, girov götürülmüş insanlarla bağlı dövlətlərarası münasibətlər və işin siyasi tərəfi yox, bu insanların şəxsi həyatını, müharibənin insan həyatı üçün nə demək olduğunu göstərməyə çalışdıq. Mənə görə, müharibənin ən dəhşətli şəkli əsir və girov götürülmüş insanların sifətindəki şəklidir. Müharibənin bəşəriyyət üçün nə qədər böyük dəhşət və faciə olması həmin insanların simasında, yaşantısında, taleyində əks olunub.

Görüntünün olası içeriği: 3 kişi, ayakta duran insanlar ve iç mekan

Qarabağda qısa toqquşmalar, fasiləsiz atəş halları davam eləsə də prinsipcə aktiv hərbi əməliyyatlar 1994-cü ildən, atəşkəs dövründən bitib. 26 ildir. Amma bu 26 ildə müharibə insanların beynində, şüurunda, yaşayışında, məişətində və hətta sosial münasibətində, şəxsi həyatlarında davam edir. Məncə, münaqişə ədalətli həllini tapmayana qədər həmin insanların həyatındakı o savaş mənzərəsi də bitməyəcək. Çünki müharibə daşın, torpağın, dəmirin, metal silahların müharibəsi deyil. Müharibə insanların müharibəsidir. Müharibə insanların yaşayışına təsir edəndə, həyatını, evini əlindən alanda, yaşayış tərzini pozanda, onlara faciə gətirəndə, itki gətirəndə dəhşətli olur. Belə olmasa, hansısa bir texnikanın, metal silahın toqquşması, daşın, qayanın uçması, dağılması adi bir təbiət hadisəsi də sayıla bilər. Bu hal yalnız insana yansıyanda, onun taleyində, yaşantısında iz buraxanda faciəyə çevrilir və biz buna görə müharibənin olmasını istəmirik. Biz müharibəni istəmirik, lakin “Əsir düşərgəsi” layihəsinin müəllifi Vüsalə Məmmədovanın dediyi məşhur bir söz var, kitabda da yazmışdı: “Biz müharibəni istəmirik, lakin onu unutmaq da istəmirik, çünki onu unudanda müharibə geri qayıdır.”

- Kollektivlə işləmək, rəhbərlik etmək necədir? Qəzetdə və saytda... Saytın işini daha gərgin sayanlar var.

- Bu məsələ barədə birinci suala cavabda da dedim. Saytda və bütövlükdə internet üzərindən görülən işdə bir operativlik tələbi var. Bunu mütləq qorumalısan. Qəzetdə bu məslə gündən günə keçir. Yəni qəzetdə ən yeni xəbər dünən axşam baş vermiş hadisədir. Saytda isə beş, iki, bir dəqiqə, hətta yarım dəqiqə əvvəl baş vermiş hadisə xəbər ola bilər. Bu baxımdan operativlik və dürüstlük məsələsi vacibdir. İndi xüsusilə ənənəvi mətbuatın, çap mətbuatının tərəfində olan insanların əsas arqumentlərindən biri odur ki, qəzetdən nə yazılırdısa, qalırdı. Qəzetdən heç nəyi çıxartmaq mümkün deyil, amma saytda hansısa yanlış xəbərə düzəliş etmək və yaxud da onu çıxartmaq mümkündür. Təbii ki, bu fikir texniki baxımdan düzgündür. Amma yaradıcılıq və peşəkarlıq məsələsində baryer o qədər məsuliyyətli həddə gəlib çatmalıdır ki, hansısa xəbərə düzəliş etmək və ya onu silmək geri qayıdıb qəzetin səhifəsindən xəbəri cırıb götürmək qədər çətin və ayıb bir işə çevrilsin. Məncə, zamanla bu məsələlər də irəliləyəcək və öz yerini tapacaq.

Rəhbər sözünü açığı o qədər xoş yanaşmıram. Bütövlükdə kollektivə rəhbərlik etmək, belə deyək ki, bir işin təşkili ilə məşğul olmaqdır. Yəni biz işin təşkili ilə məşğul olan insanlarıq. Kollektivin rəhbəri yox, dostuyuq, bu layihənin koordinatoruyuq. Bu baxımdan biz kollektivə yox, işə rəhbərlik edirik. Mən bu yanaşmanı daha çox bəyənirəm və qəbul edirəm. Məncə, bu, elə dünyada da və bütün uğur qazanan cəmiyyətlərdə də belədir. Hətta siyasətdə də belədir. Ölkələrə rəhbərlik edən insanlar insanlara yox, prosesə və işlərə rəhbərlik edirlər. Belə olanda uğur daha tez əldə olunur.

- Lent.az ciddi, irihəcmli layihələrlə yanaşı həm də çox operativ xəbər saytıdır. Açıq desək, bu sahədə rəqabət də güclüdür. Çətin olmur ki?

- Əlbəttə, biz xəbər satışı ilə məşğul olan bir informasiya agentliyi deyilik. Yanımızda APA informasiya agentliyi qədər nəhəng və ciddi qurum var. Onlarla eyni şirkətin tərkibində çalışırıq. Mən bu baxımdan demişəm ki, APA-yla rəqabət aparmaq çətin və təhlükəli işdir. Bu səbəbdən bütün xəbər agentliklərinin vəziyyətini başa düşürəm. Amma biz xəbər agentlikləri üçün rəqib deyilik. Daha doğrusu, onları özümüzə rəqib hesab etmirik. Onları özümüz üçün mənbə hesab edirik. Xəbər agentlikləri bizə görə xəbərin mənbəyidir. Biz həmin xəbəri onlardan da ala bilirik, öz əməkdaşlarımızın fəaliyyəti nəticəsində eksklüziv olaraq da əldə edə bilirik. Əldə etdiyimiz xəbərlərin üzərində də, dediyiniz kimi, daha çox mətbu yaradıcılıq materiallarına üstünlük veririk. Bunun üzərində fərqlənməyə çalışırıq. Çünki Azərbaycan xəbərin bu başında yaranıb, o biri başında yayılmayacağı qədər böyük bir ölkə deyil. Bizim ölkəmizdə xəbəri bütün ölkəyə duyurmaq aşağı-yuxarı on beş, iyirmi dəqiqəlik prosesdir. Ona görə də bu məsələdə həm çox ciddi olmaq, həm də profil peşəkarlığı tələb olunur. Məhz Lent.azın da qarşısında qoyduğu məqsəd, fəaliyyətinin formatı bizim xəbər agentliyi kimi işləməyimizə ehtiyac yaratmır. Bir daha təkrar edirəm ki, rəqabət məsələsinə gələndə xəbər agentlikləri bizim üçün rəqib yox, mənbədir. Və onların hamısına öz fəaliyyətlərində uğurlar arzu edirəm.

- Ümumilikdə, bu sahədə böyük təcrübəsi olan biri kimi internet mediamızın durumunu necə qiymətləndirirsiniz?

- İnternet mediamızın hazırkı durumu təbii ki, heç kimi tam şəkildə qane edə bilməz, o cümlədən də məni. Çünki insanlar nəyəsə tam şəkildə qane olmamalıdırlar. Belə olsa, inkişafa da ehtiyac yaranmaz. Həm texnoloji, həm yaradıcılıq və peşəkarlıq baxımından xeyli görüləcək iş var. Bu, bütövlükdə ölkədə internetin durumu ilə də bağlı məsələdir. Texniki vəziyyəti, sürəti, qiyməti ... Yəni işimizin böyük bir hissəsi bu faktordan asılıdır. On iki il əvvəl Lent.az yaranıb. Və biz ilk internet media nümunələrindən biri, Azərbaycandilli portal idik. Bu on iki ildə hələ də inkişaf etmə və formalaşma dövrü gedir. Hələ də internet mediasında yeni kadrların hazırlanmasında yeni xüsusatlar meydana çıxır. Uşaqlar həm işləyir, işləyərək də yeni şeylər öyrənirlər. Xüsusilə də informasiya texnologiyaları üzərindən çatdırıldığı üçün burada texnoloji bilgilərə də ehtiyac yaranır. Bu baxımdan bu sahə daima, durmadan yenilənməkdədir. Və biz də o yenilikləri nəzərə almalıyıq. İşin başqa tərəfi isə bayaq dediyim, kopiylamaq məsələsidir. Xor şəkilində eyni xəbəri çatdırmaq monotonluq yaradır, oxucuya yoruculuq aşılayır və belə deyək ki, bu qədər resurs bolluğuna ehtiyac qalmır. Ona görə də hər bir internet resursunun, hər bir internet media nümunəsinin özünün redaksiya materiallarına üstünlük verməsi məncə daha doğru olardı. Lent.az on iki ildir, bu yolu seçib və daim özünün fərqli layihələri ilə tanınıb.

- Həmişə işıqlı və pozitivsiniz. Xüsusilə, gənclərə münasibətiniz təqdirəlayiqdir. Bu sahəyə gəlmək istəyən gənclərə sözünüz, məsləhətiniz varmı?

- Mən həm yaxın dostlarıma, həm də mediaya yeni gəlmiş gənclərə yarızarafat, yarıgerçək deyirəm, əgər meydana çıxmısınızsa, onda çalışıb Ronaldo, Messi olmalısınız ki, hamı sizi almaq, transfer etmək üçün pul xərcləsin. Yəni işin ümumi təsviri bundan ibarətdir. Gənclərə tövsiyəm də belədir. Xəbər çatdırmaq, oxucuya xəbər vermək və xəbər üzərindən bu sahədə pul qazanmaq, yaşayışınızı bu sahədə təmin etmək istəyirsinizsə, onda mütləq çoxlu işləməlisiniz. Burda bayaqkı suala cavabımda dediyim kimi, müəyyən texnoloji bilgilərlə yanaşı, həm də ciddi yaradıcılıq bacarıqları tələb olunur. Ona görə də dayanmadan oxumaq, işləmək, öz peşə hüquqlarını, vəzifələrini, öhdəliklərini bilmək, qanunvericiliyin və peşə etikası kodeksinin tələblərini unutmadan çalışmaq və bu çərçivənin içərisində mümkün qədər çoxlu təcrübə yığmaq lazımdır. Hər gün kollektivə və xüsusən də kollektivin gənc üzvlərinə deyirəm ki, çətin situasiyalara düşməkdən qorxmayın, çəkinməyin. Çünki insana ən böyük təcrübəni konkret situasiyalar qazandırır. Yaşamadan heç kim heç nəyi görə bilməz.

Biz indiyə qədər minlərlə filmə baxmışıq, amma heç birimizin o filmdəki adamların elədiyi hərəkətləri etmək, onun həyatını yaşamaq və yaxud da orda hansı hissləri keçirmək barədə təsəvvürümüz yoxdur. Yalnız yaşadığımız şeylər barədə təsəvvürümüz var. Biz yalnız filan şəraitdə, filan qərarı qəbul etməyimiz barədə suallara cavab verə bilərik. Ona görə də mənə belə gəlir ki, ən böyük təcrübə yaşamaq və işləməkdir. Zəhmət və bacarığı bir araya gətirib istifadə edə bilsək, əlbəttə ki, uğur qazanmaq mümkün olacaq. Gənclərimizin də bu məsələni nəzərə almasını istəyirəm. İş və peşəkarlıq mövzusu ilə bağlı zarafatyana yanaşmanı qəbul edə bilmirəm. Ya bu sahədə varsan, ya da yoxsan. Bu sahədə varsansa, ön cərgələrdə olmalısan, buna çalışmalısan və bayaq dediyim kimi Ronaldo, Messi olmalısan.

- Sizi bir daha təbrik edir, yeni-yeni uğurlar arzulayırıq.

- Çox sağ olun.

# 3735 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #