Elşən Xəzər: “Anam dedi, südümü sənə halal eləmərəm” – Müsahibə

Elşən Xəzər: “Anam dedi, südümü sənə halal eləmərəm” – Müsahibə
25 noyabr 2020
# 09:00

Kulis.az məşhur meyxanaçı Elşən Xəzərlə söhbəti təqdim edir.

- Vətənpərvər incəsənət adamı kimi sizi rayonlarımızın azad olunması münasibətilə təbrik edirəm.

- Təşəkkür edirəm. Azərbaycanı təbrik edirəm. Şükür ki, bu intizara son qoyuldu.

- Postmüharibə mərhələsi üçün öz sahənizdə planlarınız varmı?

- Biz zəfəri gözləyirdik. Çünki Ali Baş Komandan demişdi ki, sona qədər gedəcəyik. Biz zəfər üçün bir layihəyə başlamışdıq. Artıq çəkilişlərinə start vermişdik. Yaxşı bir şey alındırmışdıq. Qələbə daha tez oldu... Qurban olsun belə işlər qələbəyə. Şükür ki, qələbə tez oldu. Təki bizim işlərimizi qələbə qabaqlasın.

- Hə... Demək, siz həmin işi qələbədən öncəyə planlamışdınız...

- Bəli. Biz fikirləşmişdik ki, artıq Şuşa alınıb. 10-15 günə qələbə olar. Amma şükür, qələbə daha tez oldu. Əslində, daha erkəndən başlamışdıq bu işə. Sadəcə, qələbə elə məsələdir ki, gərək işin ona yaraşan olsun. Ona görə üstündə çox düşündük. Hər şeyi bəyənmirdik.

Nəhayət mahnını hazırladıq. Klipinə start verəcəyimiz anda qələbə xəbəri gəldi. Amma yenə də həmin klipi təqdim edəcəyik.

- Sizin son işinizdən əlavə “Vətən ağlar” adlı bir mahnınız da var idi. O da çox bəyənilmişdi...

- Bəli. O, 2000-2001-ci illərin işi idi. Bu barədə mənim qələmim dayanmayıb. Heç kəsə irad bildirmək fikrim yoxdur. Düşünürəm ki, təkcə bu günün şəhidlərinə yox, bütün şəhidlərimizə eyni münasibət olmalıdır. Vətən tək bu gün yox, hər zaman Vətəndir. Mən şəhid ailələrinin görüşünə, yardımına çox gedirəm. Bunu heç vaxt sosiallaşdırmıram. Mən onların vəziyyətini, düşüncələrini, şəhidlərin qəhrəmanlıqlarını görmüşəm, eşitmişəm. Şair də belədir ki, gördü, içi alışır, yanır. İndi bacardığımızdan söz yazırdıq, mahnı bəstələyirdik.

Mənim elə mahnılarım var ki, yalnız şəhid ailələrinin özlərindədir. İctimailəşdirməmişəm, ümumi dinləyiciyə təqdim eləməmişəm. Yalnız həmin şəhidin ailəsinə vermişəm. Bunun adı hədiyyə də deyil. Təsəlli kimi, borc kimi eləmişəm. Belə mahnıların bir-ikisini şəhid ailələri özləri yayıblar.

Məsələn, kəşfiyyatçılar olub ki, özləri gəlib mənə şəhid yoldaşlarının qəhrəmanlığı haqqında danışıblar. Mən də təsirləndiyimdən mahnı yazıb diski vermişəm özlərinə, aparıb həmin şəhidin anasına, xanımına təqdim ediblər.

Bu sahədə illərlə iş görürəm, dayanmamışam. Düşünürəm ki, bu, mənim borcumuzdur.Bunu elə hamımızın adından eləmişəm. Bacardığım qədər...

- Son hadisələrə - cəbhədəki proseslərə digər meyxanaçıların reaksiyası necədir?

- Meyxanada – hətta deyişmələrdə belə hər zaman şəhidlər yad olunur. Meyxanada hər zaman düşmənə nifrət olub, hər zaman Ermənistana nifrət olub. Bu mövzu meyxanada daim qabarıq şəkildə görünüb.

Düzdür, mən meyxana aləmindən yeddi-səkkiz ildir uzaqlaşmışam. Amma dostlarımızın sevgisini, məhəbbətini görürəm.

Hazırda dini mövzuda yazıram, oxuyuram. Bu mövzuda olanların da hamısı, elə əvvəldən vətən, şəhid mövzularındadır. Qarabağın azadlığı, dövlətin dirçəlməsi, millətin əhvalının yüksəldilməsi həmişə diqqətdə olub. Düzdür, hazırda dini mövzuda yazanların çoxu məşhur deyil. Onların yazdıqlarının çoxu kitablarında qalır. Sosial şəbəkələr aktivləşəndən sonra bir qismi az-çox üzə çıxdı.

- Qələbə xəbərini necə qarşıladın?

- Qələbə günü səhər tezdən anamı təbrik etdim. Dedim, ana, onların qeyrəti onları şəhidliyə apardı, bizim də qeyrətimiz olmalıdır ki, həmin şəhidlərin atalarını, analarını, xanımlarını, balalarını yaşadaq. İndi bu iş bizim üstümüzə düşür. Anam dedi, sənə südümü halal eləmərəm, hansısa bir yerdə özünü şəhid ailəsindən öncə düşünəsən. Dedim, ana, bilirsən ki, mən onu eləmərəm. Bütün yerlərdə gərək onlara şərait yaradaq, onları qabağa salaq. Qoy o valideynlər görsünlər ki, bir bala itirib on milyon bala qazandılar.

- Arxa cəbhədə effektiv təbliğat apara biləcək digər məşhur meyxanaçıların, keçmiş həmkarlarınızın müharibə dönəmində fəaliyyətini gördünüzmü?

- Sözün açığı, klip səviyyəsində görmədim. Səhv eləmirəmsə, Orxan Lökbatanlı bir mahnı yazdırmışdı. Klip deyildi, səsyazma şəklində görmüşdüm. Bizim klip önə çıxdı, Allah lütf elədi. Gözəl çəkilmişdi həm də. Çünki, Allaha and olsun, biz komanda olaraq bu işi ixlasla edirdik. Biz bunu eləyəndə heç özümüzü düşünmürdük. Düşünmürdük ki, bu iş bizim imzamıza yazılacaq, ona görə yaxşı olsun. İstəyirdik ki, xeyrimiz dəysin.

- Klipə reaksiyalar necə oldu?

- Reaksiya ortadadır. Sağ olsunlar. Demək olar, hamı bəyəndi. “Yutub”a qoyduğumuz iki saat olardı, baxış 300 mini keçdi. “Yutub” üzrə trenddə 3-cü yerə düşdü. Eyni zamanda Rusiyada trenddə 6-cı yerə düşmüşdük. Ermənilər Rusiyada başladılar şikayət eləməyə. Saat 12-nin yarısında ermənilər artıq 7 mindən çox şikayət eləmişdi. Deyirdilər, guya videoda şiddət var, video bağlansın. Həm Azərbaycanda olan izləyicilərimiz müdaxilə elədilər, həm də, bunu vurğulamalıyam, Rusiyadakı diasporumuz müdaxilə etdi, ordan xeyli adam qoşuldu, hamı birdən dəstək verdi, video bağlanmadı. Ermənilər çox istədilər video bağlansın, şükür orda da qələbə çaldıq.

- Klipinizə bildirilən iradlardan biri bu idi ki, orada siz geri çəkilən əsgər mövqeyində idiniz. Yəni, qaçıb səngərə atılandan sonra arxanızca güllə atırdılar. Bu məsələyə necə münasibət bildirərdiniz?

- Biz orda kəşfiyyat hərbçiləriyik. Koordinatları özümüzünkülərə ötürüb qayıdırıq. Həmişə kəşfiyyatı vurmaq istəyirlər. Ona görə bizə atırlar. Görürsünüz, orda bizimkilər həm göydən, həm yerdən onları vurur. Biz orda koordinatları verib geri qayıdan əsgərlərik. Sevinclə geri qayıdırıq.

- Baxmayaraq ki, meyxana aləmindən uzaqlaşdığınızı deyirsiniz, amma bu sualı cavablaya biləcəyinizi düşünürəm. Meyxanada rəmzi bir tac var. Yəni, dövrün yaşayan ən yaxşı meyxanaçısı kimdirsə, tac onun sayılır. Məşədibaba, Aydın Xırdalanlı bu adı daşıyıb... Sizcə, bu gün o tac kimdədir, yaxud kim ona layiqdir?

- Mənim üçün meyxana bir bağçadır, meyxanaçıların da hərəsi bir güldür. Söhbət professional meyxanaçılardan gedir. Professional meyxana aləmi bir bağçadır, birinin qızılgül ətrindən xoşu gəlir, digərinin yasəmən... Mən bu işin içində olduğuma görə, gözüm yalnız gözəllik görür. Adi tamaşaçı baxışıyla baxsaq, ortada qalır zövq məsələsi. Biri Aydını dinləyir, biri Məşədibabanı xoşlayır, biri Rəşadı, biri Mehmanı, biri Vasifi... Mənim üçün daim üstün meyxana deyən bir adam olub, o da Mehman Əhmədlidir. Çünki o, mənim ustadımdır.

# 5043 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #