Aqil Abbas: “Hər əsgərimizin həyatı bir romandır” 

Aqil Abbas: “Hər əsgərimizin həyatı bir romandır” 
6 noyabr 2020
# 11:35

“Müharibə qaçılmaz olduğundan həmişə ədəbiyyat müharibələrlə bağlı yazılar yazmağa məcburdur.”

Bu sözləri tanınmış yazıçı-publisist, millət vəkili Aqil Abbas müharibə və ədəbiyyat mövzusunda Asan Radioya verdiyi müsahibədə bildirib. O, daha sonra əlavə edib:

“Ədəbiyyat çalışrı ki, müharibə yaralarını təmizləsin və yaxud müharibənin nədən başlamasını, niyə baş verməsini yazsın, insanları ayıltsın. Mənim nəzərimdə bugünkü ədəbiyyat istəyir 32 ildir başlayan müharibədə insanları ruhdan düşməyə qoymasın. Bu insanları torpaqlarının azad olunmasına inandırsın. Əsgərlərimizi milli ruhda, insanlarımızı milli ruhda tərbiyə eləsin.

Yazıçı ədəbiyyatla jurnalistikanı müqayisə edib:

“Ədəbiyyat başqa. jurnalistika başqa. Bu saat bir roman yazacaqsınız, heç oxuyan olmayacaq. Bu dəqiqə qaçaqaçdır. İnsanlar informasiya gözləyir, televizorun qarşısında oturub gözləyirlər ki, möhtərəm prezident nəsə deyəcəkmi. İnsanlar gözləyir ki, prezident tvit atacaqmı, Müdafiə Nazirliyi nəsə deyəcəkmi, Prezident Aparatı nəsə deyəcəkmi? İnsanlara bu saat "Hərb və Sülh"ü oxutmaq olmaz, amma ədəbiyyat informasiyalardan, tarixdən, faktlardan götürür və müəyyən əsərlər ortaya çıxır.”

Sonda A.Abbas Qarabağ mövzusunda yazılan əsərləri qiymətləndirib:

“32 ildir gedən müharibənin fonunda yaranan ədəbiyyat var. Gənclərdən tutmuş yaşlılarına qədər. Qaçqınlardan, əsgərlərdən, şəhidlərimizdən yazıblar. Bədii təxəyyüllə yazıblar. Roman, hekayə, şeir, poema yazıblar. Gələcəkdə ədəbiyyatımız bunun dərinliklərinə enə biləcək. Bu qaçaqaçda hadisələrin dərinliyinə enmək olmur axı! Folknerə deyirlər, həmişə öz kəndindən yazırsan, o da deyir ki, mənim kəndimdə 2 min adam yaşayır, deməli 2 min roman yazmaq olar. İndi bizim nə qədər şəhidlərimiz var, hər biri bir romandır. Hər bir əsgərimizin həyatı, əsgər anasının həyatı bir romandır. Gözəl, istedadlı gənclər gəlir. "Dolu" romanın yaxşı əsər olmağının səbəbi odur ki, onu səngərlərdə yazmışam. Şəhid olan uşaqları qucağımda aparmışam. Dostlarım şəhid olub. Sinfimizdə 25 nəfər vardı, onların 12-13 nəfəri şəhid olub. Bunların ağrısı mənim içimdədir.”

# 2625 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #