Prodüser Denni Rossner Bred Pitt və Ancelina Coliyə yeni filmində çəkilmək üçün 60 milyon dollar təklif edib.
Kulis.az xəbər verir ki, bu barədə prodüser "Page Six" nəşrinə müsahibəsində bildirib.
O qeyd edib ki, sponsorlar sayəsində belə təsirli məbləğ toplayıb. Denni ümid edir ki, 60 milyon keçmiş məşhur cütlüyü razı salmaq üçün kifayət edəcək.
Eyni zamanda, prodüser qeyri-bərabər qonorar təklif edib. Pitt üçün 37,5 milyon dollar, Coli üçün isə 22 milyon dollar. Çünki onların rolu üçün qiymətlər hazırda fərqlidir. Həmçinin Rossnerin təklif etdiyi məbləğ onların hazırkı haqlarından bir yarım dəfə çoxdur.
Qeyd edək ki, Bred Pitt və Ancelina Coli 2005-ci ildə “Cənab və xanım Smit” filminin çəkilişləri zamanı tanış olub görüşməyə başlayıblar. Baxmayaraq ki, aktyor o zaman tezliklə boşandığı Cennifer Enistonla evli idi (şayiələrə görə, Coli bunu “asanlaşdırıb”). Pitt və Coli 2014-cü ildə evlənsələr də, aktrisa 2016-cı ildə şəxsi təyyarənin göyərtəsində yaranan ciddi mübahisədən sonra boşanmaq üçün məhkəməyə ərizə verib. Bundan sonra Coli onu özünə və uşaqlarına qarşı zorakılıqda ittiham edib. Bredin özü hər şeyi inkar edib. Ayrılıqdan sonra cütlük üçü övladlığa götürülən altı uşağın himayəsi və “Chateau Miraval” şərab zavodu ilə bağlı məsələlərin həllinə uzun illər sərf ediblər.