"Bu, Mədəniyyət Nazirliyinin naşirlərə hörmətsizliyidir!" - Nurman Tariq

"Bu, Mədəniyyət Nazirliyinin naşirlərə hörmətsizliyidir!" - Nurman Tariq
19 avqust 2024
# 13:00

Kulis.az "Parlaq imzalar" nəşriyyatının direktoru Nurman Tariqin "Mədəniyyət Nazirliyi niyə Elm və Təhsil Nazirliyinin vəzifəsini icra etməyə çalışır?" yazısını təqdim edir.

Nədənsə sürətlə inkişaf edən ölkəmizdə iş gəlib kitaba çatanda zaman yavaşlamağa başlayır, Eynşteynin nisbilik nəzəriyyəsi bir daha özünü doğruldur. Sadə bir proses olan kitabxanalar üçün kitab alışı heç 4 aya da yekunlaşmır, sərgi ilə bağlı qərar 10 aya verilir, tərcüməyə dəstək proqramı, kitab mükafatı və bunun kimi ölkə kitabçılığının inkişafı üçün təklif edilən onlarla layihə isə, ümumiyyətlə, qara dəliyə düşür.

Sadaladığım məsələlərin hər biri bir yazının mövzusudur, indi isə məni uzun müddətdir (dəqiq desəm, 1 ildir) narahat edən Mədəniyyət Nazirliyinin kitab alışındakı heyrətamiz yanaşması ilə bağlı danışmaq istəyirəm.

Əvvəlcə bildirim ki, son 3 ildir Mədəniyyət Nazirliyi kitabxanaların kitab fondunu zənginləşdirmək üçün nəşriyyatlardan kitab alışı həyata keçirir. Bu bütün normal ölkələrdə var, gecikmiş də olsa, ölkəmizdə də başlayıb və bu, nəşriyyatlara az da olsa, stimul verir. Buna görə bir naşir kimi nazirliyə təşəkkür edirəm!

Beləliklə, nazirlik tərəfindən 2021-ci ildə 230 adda kitabdan 14 294 nüsxə (105 000 manat), 2022-ci ildə 454 adda kitabdan 50 465 nüsxə (498 174 manat), 2023-cü ildə isə 546 adda kitabdan 41 098 nüsxə (təxminən 420 000 manat) kitab alışı edilib.

Gələk əsas məsələyə.

Deməli, ötən il Mədəniyyət Nazirliyində naşirlərlə görüş təşkil olunmuşdu. Uzun sözün qısası, orda bizə elan olundu ki, Mədəniyyət Nazirliyi kitab siyasətində dəyişiklik edəcək, elmi və elmi-kütləvi kitabların nəşrinə dəstəyi prioritet xətt kimi götürəcək. Bəli, doğru deyirəm, Mədəniyyət Nazirliyində belə deyildi. Yəni kitab alışlarında bədii ədəbiyyata yox, əsasən, elmi və elmi-kütləvi kitabların alışına yer veriləcək. Doğrusu, bu fikirləri eşidəndə birinci özümü itirdim, anlamağa çalışdım, az qalmışdı olan-qalan bütün ümidlərimi də itirəm. Özümü toparlayıb etirazımı bildirdim, bu sahə Mədəniyyət Nazirliyinə yox, Elm və Təhsil nazirliyinə aiddir dedim... Görüşdən çox məyus qayıtdım. Bunu özümə və illərini verib min zəhmətə qatlaşan, öz gücünə ayaqda qalmağa çalışan naşirlərə qarşı, yüngül desəm, hörmətsizlik, saymazlıq kimi qəbul etdim.

Yəni belə ciddi qərar verərkən heçmi araşdırma aparılmaz, çağırıb naşirlərlə, yəni bu sahənin mütəxəssisləri ilə məsləhətləşilməzmi – deyə düşündüm. Bu qərara necə gəlinib, hansı araşdırmaya söykəniblər? Nə vaxta kimi qərarlar sahənin adamları dinlənilmədən yuxarıdan diqtə olunacaq? Niyə fərdi baxışlarla kitabçılığın taleyi həll olunur? Yoxsa insan vəzifədə olan kimi birdən-birə hər mövzunun eksperti olur?

Ümumiyyətlə, nazirlikdə statistika varmı ki, ölkədə il ərzində nə qədər elmi-kütləvi ədəbiyyat nəşr edilir? Mən deyim, ümumi kitabların 10%-ni belə təşkil etmir. Bəs kitabxanalarda olan mövcud kitabların neçə faizi, sizcə, elmi-kütləvi ədəbiyyatdır? Elə o da təxminən 10% həcmində olar, ya olmaz.

Vəziyyət belə olduğu təqdirdə nazirliyin məqsədi nədir? Kitabxanaları zənginləşdirmək istəyirsə, kitabxanaların əsas hissəsi bədii ədəbiyyatdan ibarətdir və elə onları yeniləmək lazımdır, nəşriyyatlara dəstək olmaq istəyirsə, nəşriyyatların əsas nəşrləri bədii ədəbiyyatdır, oxucuları düşünürsə, oxucuların da böyük əksəriyyəti, şübhəsiz, bədii ədəbiyyat oxuyur. Yox, ölkənin elmi tərəqqisini düşünürsə, axı bu məsuliyyət və səlahiyyət Mədəniyyət Nazirliyinin öhdəliyində deyil, nə vaxtdan elmin dərdini Mədəniyyət Nazirliyi çəkməyə başlayıb?

Xatırlatmağa ehtiyac varmı ki, dünyanın kitabla bağlı Nobel, "Man Buker" kimi ən məşhur mükafatları məhz bədii ədəbiyyata verilir? Mədəniyyətini düşünən ölkələrin tərcüməyə dəstək fondları var və o fondlar da bədii ədəbiyyatın tərcüməsinə dəstək verirlər. Yəni dünyada kitab yönlü mədəni fəaliyyətin əsas xətti bədii ədəbiyyat üzərində qurulub. Onlar anlayır ki, mədəniyyətin daşıyıcısı bədii ədəbiyyatdır. Elmlə, hətta siyasətlə edə və deyə bilmədiklərini bir yaxşı yazılmış romanla bütün dünyaya çatdıra bilərsən. Doğrudanmı bu, qaranlıq məsələdir?

Bunu kənara qoysaq, nazirlikdə düşünürlərsə ki, bu metodla nəşriyyatlar elmi ədəbiyyatın nəşrinə yönələcəklər, burda da düz analiz apara bilməyiblər. Yeri gəlmişkən, elə anlaşılmasın ki, mən elmi ədəbiyyata qarşıyam, yaxud bu sahəyə yad adam olduğum üçün belə danışıram. Mən fizika yönlü təhsil almışam və gündəlik mütaliəmin bir hissəsi də yenə bu yöndədir. Müstəqillik illərində ölkəmizdə ilk elmi-kütləvi kitabı, Stiven Hokinqin məşhur “Zamanın daha qısa tarixi” kitabını gözəl və dəqiq tərcümə ilə nəşr etmişəm. Elə burdan bilirəm ki, heç elmi yox, elmi-kütləvi bir kitabın tərcüməsinin nə qədər çətinlikləri var.

Nəşriyyat olaraq elmi-kütləvi kitab seriyasını davam etdirməyə çalışdıq, amma hələ ki, çox az sayda nəşr edə bilmişik. Çünki ölkəmizdə elmi kitabları normal tərcümə edə biləcək tərcüməçilər barmaq sayından azdır. (Doğrusu, çox axtarmışıq və hələ ki, cəmi bir nəfərlə işləyə bilirik). Bununla yanaşı, elmi-kütləvi ədəbiyyatın müəllif hüquqları, tərcüməsi və digər xərcləri də daha bahadır və oxucusu da az olduğu üçün nəşriyyatlara ən azından indiki dövrdə heç cür sərf etmir. Nazirlik isə, ən yaxşı halda, bu kitablardan 100-150 ədəd alır. Yəni, doğrudan da, bu rəqəmin bir nəşriyyatı elmi, yaxud elmi-kütləvi kitab nəşrinə yönəldəcəyini gözləyirlər?! Doğrusu, nazirliyin nəşriyyatlara dəstək kimi təqdim etdiyi kitab alışı bu məqamda nəşriyyatları təşviq yox, öz istədiyi tərəfə aparmaq üçün bir təzyiq vasitəsinə çevrilmiş olur, təbii olaraq nəşriyyatın planlarına müdaxilə ilə nəticələnir.

Nazirliyin bu qərarı nəticəsində ötən il nəşriyyatlardan bədii ədəbiyyat alınmadı, bu il isə lütf olunub bədii ədəbiyyat “digər sahələr” başlığına salınıb, ordan da bədii ədəbiyyatın payına 10% düşər, ya düşməz. Bu rəqəm isə, yəqin ki, könlü xoş etmək, “siz deyəni də nəzərə aldıq” demək üçündür.

Gələk kitabxanalara, kitab alışındakı digər məqsədə.

Ölkədə Mədəniyyət Nazirliyinin tabeçiliyində olan təxminən 2500 kitabxana var və bu kitabxanalarda 20 milyon nüsxəyə yaxın kitab yer alır. Sizcə, bu kitabların neçə faizi latın, neçə faizi kiril əlifbasındadır? Biləsiniz ki, kitabxanalardakı kitabların təxminən 65%-i, yəni 13 milyon nüsxə kitab kiril-rus əlifbasındadır! Bu kitabların isə 80-90%-i məhz bədii ədəbiyyatdır. Nəzərə alsaq ki, yeni nəsil artıq kiril əlifbasını oxuya bilmir, elə isə o kitablar əvəzlənməli deyilmi? Eləcə də müasir nəşriyyatların əksər nəşrləri bədii ədəbiyyat olduğu təqdirdə və gənclər də o kitabları oxuduğu halda, bir gənci kitabxanaya çəkməyin yolu həmin kitabları alıb kitabxanalara yerləşdirməkdən başqa bir şeydirmi? Kitabxanalarda olan təxminən 10 milyondan artıq yararsız deyə biləcəyimiz bədii ədəbiyyatı nazirlik nə ilə əvəz edəcək, elmi ədəbiyyatla?

Kitab alışının məbləğinə gəldikdə isə orta hesabla götürsək, nazirlik tərəfindən hər il 400-500 min manat məbləğində 40-50 min nüsxə kitab alınır. Bu məbləğ qeyd etdiyim reallıq qarşısında çox azdır, dərya qarşısında damladır. Yuxarıdakı rəqəmlərdən gördüyünüz kimi, kitabxanalarımız kiril-rus əlifbasının müstəmləkəçiliyindədir. Bu alışla davam etsək, kitabxanalarımızda olan köhnə əlifbadakı kitabların yenilənməyi üçün 260 il vaxt lazımdır.

Bundan başqa, hər il alınan 50 min nüsxə kitabdan hər kitabxanaya cəmi 20 ədəd kitab düşür. Bir çox kitabxanaların yararsız olduğunu nəzər alıb, 2500 kitabxanaya yox, cəmi 1000 kiatabxanaya kitab vermək istəsək, hər kitabxanaya hər il 50 nüsxə yeni kitab daxil olacaq. Sayı 200 kitabxanaya endirsək belə, hər kitabxanaya hər il cəmi 25 adda 250 nüsxə kitab düşür. Biz bununla hara gedə bilərik, kitabxana və kitab sistemini necə yeniləyə bilərik? Məncə, nazirlik bunun üzərində düşünsə, daha yaxşı olar, elmin inkişafının yox.

Heç bu yetərsiz kitab alışı da vaxtlı-vaxtında, nizamlı həyata keçirilmir. Kitab alışı elanı 4 aydır verilib, 1 ay bundan qabaq isə komissiya kitabları seçib deyilib, amma nədənsə 1 aydır açıqlanmır? Nədir burda qəliz məsələ, hörmətli komissiya nədə qərara gələ bilmir? Onsuz da X Bakı Beynəlxalq Kitab Sərgisi 2 aydan az kimi absurd bir müddət qalmış təsdiqlənib (demək olar ki, işlərə hələ də başlanılmayıb). Heç olmasa, kitab alışını sürətləndirmək, nəşriyyatlara ödənişləri köçürmək lazımdır ki, sərgiyə yeni kitablarla çıxa bilsinlər, sərgi üçün ödəniş edib böyük yerlər götürə bilsinlər. Yubiley sərgiyə naşirlər hansı motivasiya ilə hazırlaşsınlar, necə təşviq olunsunlar? Bundan başqa, hər dəfə il sonunda komissiyanın tərkibi açıqlanacaq deyilir, amma açıqlanmır, komissiyanın kitabları nəyə əsasən seçdiyi, meyarları və prinsipləri də bəlli deyil. Ötən 2 ildə satın alınan kitabların adları və siyahısı da ümumi şəkildə nazirliyin saytında ictimaiyyətlə bölüşülürdü, sonuncu dəfə o da açıqlanmadı. Sonuncu (2023) kitab alışının məbləği də əvvəlkindən təxminən 80 min manat az olub. İrəlimi gedirik, gerimi, bilmək olmur.

Ölkəmizdə hər il orta əhəmiyyətli yolların, binaların təmirinə, tikilişinə milyonlarla manat pul ayrılır. Mədəniyyətin əsasını təşkil edən kitabın yolunu açmaq, binasını tikmək ölkəmiz üçün bu qədərmi əhəmiyyətsizdir? On beş ildir kitab sahəsindəyəm, hələ “kitab” və “milyon manat” sözlərinin yanaşı işlənildiyini görməmişəm. Az qala, ölkəmizi bütöv yenidən tikmişik-qurmuşuq, dəyişilməyən isə bir JEK-lər qalıb, bir də qapısı bağlı kitabxanalar.

Müstəqil və azad Azərbaycanın təcili olaraq yeni və mükəmməl kitab və kitabxana sistemi formalaşdırılmalıdır, özü də belə şanlı tarixdən sonra. Mədəniyyət Nazirliyi bütün imkanlarını səfərbər edib buna çalışmalıdır. Hər fürsətdə təkrar-təkrar deyirəm, bizim “Kitabmərkəzli mədəniyyət konsepsiyası”na ehtiyacımız var. Çünki dövləti silahla qorumaq olar, amma yalnız kitabla qurmaq olar.

# 2444 dəfə oxunub

Müəllifin son yazıları

# # #