Böyük Britaniya Kinoteatrlar Assosiasiyası kinosevərlər üçün əlçatanlıq imkanları təqdim edən, lakin eyni zamanda gizli video çəkiliş aparmağa malik "Meta" smart eynəklərinin kinoteatrlarda qadağan olunmasını müzakirə edir.
Kulis.az xəbər verir ki, qərarın qəbul edilməsinə əsas səbəb müəllif hüququnun və fərdi həyatın toxunulmazlığının pozulması narahatlığıdır.
Eynəklərin çərçivəsində yerləşdirilmiş kameralar vasitəsilə hiss olunmadan foto və video çəkmək mümkündür.
Cihazda çəkiliş zamanı yanan xəbərdarlıq işığı olsa da, istifadəçilərin bu işığı asanlıqla söndürdüyü və ya xüsusi qapaqlarla örtdüyü bildirilir.
Bu səbəbdən sosial şəbəkələrdə sözügedən cihaza "cəsus eynəyi" ləqəbi verilib.
Qurumun hesabatına görə, müəllif hüquqlarının pozulması Britaniyanın yaradıcı sektoruna ildə ən azı 500 milyon funt-sterlinq ziyan vurur və yeni filmlərin qanunsuz nüsxələrinin 90%-dən çoxu məhz kinoteatrlardan sızdırılır.
Bununla yanaşı, "Meta" şirkəti və assosiasiya rəhbərliyi eynəklərin görmə və eşitmə məhdudiyyətli şəxslər üçün xüsusi altyazı və tərcümə xidməti yaratmaqla faydalı olduğunu, tam qadağanın müsbət texnoloji addımlara mane olacağını vurğulayır.