Dünyanı dəyişən yazıçılar - Siyahı

Dünyanı dəyişən yazıçılar - <span style="color:red;">Siyahı
6 aprel 2019
# 18:19

İkinci Dünya müharibəsindən sonra adamlar dünyanı vahid formada görürdülər. Müharibədən qaçmaq üçün təşkilatlar yaratmaq, qitənin yenidən döyüş meydanına çevrilməməsi üçün siyasi qərarlarda yanlışlığa yol verməmək, yeni texniki yeniliklər etmək və sair.

Dünyaya yanaşmada planet əhalisinin fikirləri üst-üstə düşürdü: "Bu dünya sadədir, onu qorumalıyıq". Lakin ötən əsrin 60-cı illərində 8 yazıçının əsərlərinin dərci insanların təxəyyülündə dəyişikliklərə yol açdı, yeni fikirlər formalaşdırdı. Məlum oldu ki, o heç də sadə deyilmiş. Adamların baxışları müxtəlifdir, yanaşma tərzi başqadır, anlamlar dərinliklərə gedib çıxır. Beləliklə, Qərb tənqidçilərinin tərtib etdiyi 8 yazıçının siyahısına Kolumbiya yazıçısı Qabriel Qarsiya Markes rəhbərlik edir.

Qabriel Qarsiya Markes

Markes 2006-cı ildə bəyan etdi ki, daha bədii əsər yazmayacaq. O, daha bədii əsər yazmayacağını bəyan edən nasirlərdən sayılır. Əlbəttə, burada söhbət yaxşı yazmaqdan gedir. Çünki ömrü boyu dahiyanə əsərlər qələmə alan yazıçı qorxurdu ki, ömrünün son illərində çoxmilyonlu oxucularının gözündən düşər. Ona görə memuarlar yazmağa üstünlük verdi. 1967-ci ildə dərc edilən "Yüz ilin tənhalığı" əsəri dünyanın mürəkkəb quruluşda və dərin kökəndə olmasına dair oxucularda yeni fikirlər formalaşdırdı. Ədəbi realizmin dahilərindən biri olan Markes fantaziya ilə gerçəkliyi uyğunlaşdırmağı bacardı. Həmin vaxtlarda istər Avropa, istərsə də Latın Amerikası tənqidçiləri hesab edirdilər ki, keçmişin indiki vaxtla əlaqəsi ola bilməz, bu tam şəkildə inkar edilməlidir, hər birinin öz yeri və rolu var. Markes isə sübut etdi ki, indini və gələcəyi şərtləndirən keçmişdir. Bununla da yazıçı rasionalizm və praqmatikanı inkar edərək keçmişi əsas götürdü. Əsəri elə quruluşda qələmə aldı ki, mistika və rasionalizm bir-birinə maneçilik törətmədi. O, sübut etdi ki, dünya öz mövcudiyyətini miflər əsasında tapıb. Bəs, Markesin əsərləri insanların təxəyyülündə nəyi dəyişdi? Məhz Markesdən sonra adamlar dünyanın sadə qaydalarla mövcud olması fikrindən qaçdılar.

Aleksandr Soljenitsın

Soljenitsın 1970-ci ildə Nobel mükafatına layiq görülüb. Onun "Arxipelaq Qulaq" əsəri sosializmə rəğbət bəsləyən insanların qəlbini qırdı. Bəzi ölkələrin sakinləri rəhbərlərinin sosializm rejiminə keçməsinə etiraz etdilər. Əsərdə müxtəlif səbəblərə görə həbs edilən adamlara Sibir düşərgələrində verilən cəzalardan, çəkdikləri əzab-əziyyətlərdən bəhs edilir. Sosializm ideyalarına qarşı mənfi münasibət həm də əsərin sənədlər əsasında yazılması faktından irəli gəldi.

Toni Morrison

1931-ci ildə ABŞ-ın Ohayo ştatında doğulub. 1993-cü ildə Nobel mükafatına layiq görülüb. Onun bir cümləsi həmişə istər siyasətçiləri, istər qaradərili adamları güldürüb: "Bill Klinton ABŞ-ın birinci qaradərili prezidentidir. Onda zəncilərə məxsus bütün xüsusiyyətlər mövcuddur: tək oğul kimi kasıb fəhlə ailəsində doğulması, saksafonda çalması və "Makdonalds"da nahar etməsi". Bu fikrin arxasında böyük mənalar gizlənirdi. O, nəinki ABŞ, eləcə də bütün dünyada yaşayan qaradərili insanları kompleksdən azad etdi. Sübuta yetirdi ki, dərinin qara olması əslində qürurdur və heç kim bundan utanmamalıdır. Morrison "Ən mavi göz" əsərində zəncilərə qarşı qeyri-insani münasibətlərin dəyişməsində böyük rol oynadı. Yazıçının əsərindən sonra Qərb adamı razılaşmağa məcbur qaldı ki, ağdərili və qaradərili adamların danışığı müxtəlif olsa da, hüquqları eynidir.

Salman Rüşdü

1947-ci ildə Hindistanda doğulub. İxtisasca filoloqdur. 1981-ci ildə Böyük Britaniyanın təsis etdiyi "Buker" mükafatına layiq görülüb. Onun "Şeytan ayələri" əsəri İslam dünyasında qəzəblə qarşılanıb. Ali dini müftilərin onun barəsində çıxardığı ölüm fətvasından sonra Salman Rüşdü neçə il gizləndi. Bəs, əsər adamların təxəyyülündə nəyi dəyişdi? Məlum oldu ki, "Şərq və Qərb bir-birinə yaxınlaşır" - fikri blefdir. Onların birləşməsi hələ mümkün deyil.

Milan Kundera

1929-cu ildə Çexiyada doğulub. İxtisasca rejissordur. Çex yazıçısı Milan Kundera 1975-ci ildə Fransaya mühacirət edib. O, hələ tələblik illərində repressiyaya məruz qalıb. Sovet qoşunlarının doğulduğu ölkədən çıxarılmasına etiraz dalğasının üzvlərindən biri olan Milan əsərlərini uzun illər dərc etdirə bilməyib. Hökumətin qadağası burada mühüm rol oynayıb. Maraqlıdır ki, o, Qərbdə çexlərin sovet tankları altında əzilməsini bəyan etməyib. Polittexnoloqlar bunu ondan çox gözləyiblər. O, isə tamam başqa mövzu ilə bağlı bəyanat verib: "Bu dünyanın pis hala qalmasının əsas səbəbi yumor hissinin itməsindədir. Totalitar rejim altında yaşayan insan üçün əsas məsələ yumor, məhəbbət və Şenberqin musiqiləridir". Yazıçının "Varlığın dözülməz yüngüllüyü" əsəri oxucuların alt şüuruna təsir etdi. Məlum oldu ki, 20-ci əsrin adamlarının şəxsiyyət faktoru totalitarizmin təpkisi altında yox ola bilməz. Bu, mümkün deyil.

Orxan Pamuk

1952-ci ildə İstanbulda doğulub. İxtisasca memardır. 2006-cı ildə Nobel mükafatına layiq görülüb.

Pamuk 2 min il ərzində Şərqlə Qərbi birləşdirən ərazidə doğulub. Və illər boyu dünyagörüşündə təbəddülatlar yaranıb: Şərq müdrikliyi, Qərb soyuqqanlılığı. Şərq və Qərb sivilizasiyasının toqquşmasını obrazların dili ilə vurğulayan Pamuk 30 il ərzində İstanbulu bütün dünyaya tanıtdı. Adətləri və sakinlərinin daxillərində yaşatdıqları ilə bir yerdə. Orxan Pamukun əsərlərindən sonra məlum oldu ki, Türkiyənin Avropa ölkəsi olması kifayət qədər şişirdilib. Yazıçının öz ölkəsinə belə yanaşması Türkiyənin Avropa Birliyinin üzvlüyünə qəbul edilməsi prosesini daha da çətinləşdirdi.

Mişel Uelbek

1958-ci ildə Fransada doğulub. İxtisasca mühəndis-ekoloqdur. 2002-ci ildə IMPAC ədəbi mükafatına layiq görülüb. O, həmişə yazıb ki, avropalılar az işləyib yaxşı məvacib alsalar da, pessimistdirlər. Yazıçı ölkənin dərinliklərində yaşayan tənha adamların taleyindən yazdığı əsərləri ilə diqqət çəkib. Dünya bildi ki, Avropa həm də pessimizm məkanıdır. Baxmayaraq ki, məvacib yaxşıdır, istirahət üçün bütün şərait yaradılıb, amma gələcəyə nagümandırlar. Yazıçı, şair və bəstəkar olan Mişel Uelbek avropalının bütün fobiyalarını açıb tökdü: azsaylı xalqlara, mühacirlərə, dinlərə qarşı fobiyalarını. O, həm də sübut etdi ki, avropalı hətta reklamdan da asılıdır və həyatını ulduz fallarına əsasən qurur. Bugünkü dünya darıxdırıcıdır, sakinlərinin sevgiyə ehtiyacı var. Texnodünya insanları qəlbən tənhalaşdırır. Uelbekin əsərlərindən sonra məlum oldu ki, sosial təminat insanları şəxsi xoşbəxtliklərinə çatdırmır.

Coan Roulinq

1965-ci ildə Böyük Britaniyada doğulub. İxtisasca tərcüməçidir. Harri Poter silsiləsindən 7 romanın müəllifidir. Valideynlər həmişə qorxub ki, övladları daha kitab oxumayacaq. Coan Roulinq uşaqları televizor və kompyüterdən ayırmağı bacardı. Yazıçı xeyrin şər üzərində qələbəsini vurğulamaqla Qərb uşaqlarında humanizm hissləri formalaşdırdı. Roulinqin Harri Potter silsiləsindən olan kitabları insanlarda belə bir fikir formalaşdırdı: bugünkü texnologiya əsrində rədd edilən sadə həqiqətlər hələ köhnəlməyib...

Azər QİSMƏT
edebiyyatqazeti.az

# 2748 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #