Bir ocağın iki közü - Məhəmməd Nərimanoğlu

Bir ocağın iki közü - Məhəmməd Nərimanoğlu
25 dekabr 2023
# 18:00

Bu gün tanınmış rejissor və aktyor Ələsgər Şərifovun doğum günüdür.

Kulis.az Məhəmməd Nərimanoğlunun "Bir ocağın iki közü" yazısını təqdim edir.

Xalq artistləri Ələsgər Şərifov və səsi "Bulaq”dan süzülən Məhluqə Sadıqova sənət yollarında əriyən şam ömrü yaşadılar

Ulduz olmaq xəstəliyinə tutulanlar barəsində sənət xiridarları, hətta adi tamaşaçılar belə yetərincə haqlı tənqidi fikirlər səsləndiriblər. Zaman-zaman istedadı olmayan, lakin özünü "ulduz” görənlərin nə sənəti, nə də sənətkarlıqları yaddaşlara yazılıb. Çünki onlar ömürlərini sənət yolunda şam kimi əritməyiblər. Əriməyən şam isə nə şölə saçar, nə də ətrafına pərvanələr toplaşar.

Haqqında söz açmaq istədiyimiz sənətkarlar isə sənət yollarında ömürlərini şam kimi əridib, damcı-damcı damızdırıblar sənətsevərlərin yaddaşına.

Azərbaycan teatrının tanınmış rejissorlarından biri haqqında söz açmaq istərkən ömür yolunda qarşımıza daha bir sevimli xalq sənətkarı çıxdı: Məhluqə Sadıqova. Onları xoşbəxt cütlük də adlandırıblar. Çünki Məhluqə xanım kimi xalq sevgisi qazanmış, Azərbaycan radiosunun "Bulaq” verilişi ilə səsi evlərə və könüllərə süzülən bir insanla ömür yolunu qoşa addımlamaq xoşbəxtlik idi...

Teatr Texnikumunun ilk tələbələrindən biri

Qısa tanışlıq: Ələsgər Məmmədtağı oğlu Şərifov 25 dekabr 1909-cu ildə Şamaxıda dünyaya göz açıb. Altı yaşında ailəsi Bakıya köçüb və Ələsgər burada orta məktəbə gedib. Bakı teatrının ən görkəmli simalarından biri, aktyor və rejissor, təşkilatçı Abbasmirzə Şərifzadə Ələsgərin əmisi oğlu idi. Əlbəttə, onun qəlbində səhnə sənətinə maraq oyanmasında Abbasmirzə Şərifzadə mühüm rol oynayıb. Ələsgər Şərifov əvvəlcə texnikumda Elektromexanika fakültəsinin axşam şöbəsinə daxil olub. Eyni zamanda 1923-cü ildə açılan Teatr Texnikumunun ilk tələbələri sırasında təhsil alıb. O illərdə Mustafa Mərdanovun, Mirseyfəddin Kirmanşahlının rəhbərlik etdiyi klubda fəaliyyət göstərən dram dərnəyində istedadlı olduğunu təsdiqləyib. H.Cavidin "İblis”, C.Cabbarlının "Aydın”, "Sevil”, "Oqtay Eloğlu”, Şillerin "Qaçaqlar” və s. kimi məşhur tamaşaların baş rollarını oynayıb.

Akademik Dram Teatrında göstərilən tamaşalarda epizodik rollarda səhnəyə çıxan Ələsgər Şərifov 1926-cı ildə texnikumun buraxılış kursunda imtahanları vaxtından əvvəl verib Moskvaya ali təhsil almağa gedib. Təəssüf ki, həmin il orada oxumaq ona nəsib olmayıb. Bu arzusuna iki il sonra çatıb. Moskvada Teatr Sənəti İnstitutunda təhsil alıb.

Ali təhsilli rejissor kimi Bakıya qayıdan Ə.Şərifov Akademik Milli Dram Teatrının yaradıcı heyətinə qəbul olunub. Bir müddətdən sonra respublikamızın rayonlarında əhaliyə mədəni xidmətin səviyyəsini yüksəltmək məqsədilə Bakıda Kolxoz-sovxoz Teatrı yaradılıb və bədii rəhbərliyi Ələsgər Şərifova tapşırılıb. Gənc rejissor kimi... Üzeyir bəy Hacıbəylinin "Arşın mal alan”, "O olmasın, bu olsun”, Sabit Rəhmanın "Varlı gəlin”, Cəfər Cabbarlının "Almaz”, "Sevil”, "Yaşar” pyeslərinə burada quruluşlar verib.

Əsərlərinə quruluş verdiyi müəlliflər çox, repertuarı zəngin idi

Akademik Teatrda Rza Darablı, Rza Təhmasib, İsmayıl Hidayətzadə ilə birgə Hüseyn Cavidin "Şeyx Sənan” faciəsinə 1932-ci ildə rejissorluq edib müəyyən təcrübə toplayıb. Bundan iki il sonra Milli Dram Teatrına rejissor vəzifəsinə işə qəbul edilib. O, Qurban Musayevin "Qızıl çeşmə”sini 1935-ci ildə burada ilk müstəqil işi kimi səhnəyə qoyub. Teatrda çalışdığı illərdə onun rejissor kimi quruluş verdiyi tamaşalar xarakterinə görə müxtəlif olub. Klassik müəlliflərlə yanaşı, o, müasir ədəbi nəslin də yaradıcılığına diqqət ayırıb. Ona görə də dram əsərlərinə quruluş verdiyi müəlliflər çox, repertuarı da zəngin idi. Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu”, İmran Qasımovun "Arzu”, Məmmədhüseyn Təhmasibin "Bahar”, "Aslan yatağı”, Cəfər Cabbarlının "Oqtay Eloğlu”, "Sevil”, "Od gəlini”, Abdulla Şaiqin "Nüşabə”, Mirzə Fətəli Axundzadənin "Lənkəran xanının vəziri”, Hüseyn Cavidin "Səyavuş” və s. tamaşalarına verdiyi quruluş böyük bir aktyor nəslinin yetişməsində mühüm əhəmiyyət daşıyıb.

Onun taleyinə sənət korifeyləri ilə birgə çalışmaq şərəfi də yazılıb. Uzun illər Milli Dram Teatrının baş rejissoru olmuş Adil İsgəndərovla birgə R.Rzanın "Vəfa”, M.S.Ordubadinin "Dumanlı Təbriz”, H.Cavidin "Şeyx Sənan”, C.Məcnunbəyovun "İliç buxtası”, Tofiq Kazımovla isə serb dramaturqu Branislav Nuşiçin "Nazirin xanımı” və s. əsərlərinə səhnə ömrü yaşadıb.

Xoşbəxt ailənin sənət yanğısı

Rejissor kimi tanınan və tamaşaları sevilən Ələsgər Şərifov həm də film qəhrəmanı idi. O, "Səbuhi” filmində görkəmli Azərbaycan şairi Mirzə Şəfi Vazehin roluna çəkilib.

Ələsgər Şərifovun ömür-gün yoldaşı pespublikanın Xalq artisti, Azərbaycan radiosunun "Bulaq” folklor verilişindən sevilən Məhluqə xanım Sadıqova idi. Ceyhun, Yalçın və Natəvan adlı üç övladın bəxş olunduğu bu ailəni xoşbəxtlər sırasında görüblər. Bu ailədə dünyaya göz açan balalar da mədəniyyət və incəsənətə bağlılıqlarında ata-analarına bənzəyiblər. Ceyhun Şərifov bir neçə il AzTV-in idman şərhçisi kimi fəaliyyət göstərib. Bu həmin Ceyhundur ki, məşhur "Ögey ana” filmində İsmayılın dostu Dadaş obrazını məharətlə və yaddaqalan yaradıb.

1960-cı ildə Adil Babayevin "Cəfər Cabbarlı qəhrəmanları arasında” kompozisiyasının rejissorlarından biri də Ələsgər Şərifov olub. Teatr sənətində göstərdiyi xidmətlərinə görə o, 1943-cü ildə Azərbaycan Respublikasının Əməkdar, 1960-cı ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.

Bu da bir ömür salnaməsinin sonuncu, final pərdəsi - 1982-ci il sentyabrın 9-u: Xalq artistinin ürəkdən-candan bağlandığı, ayrıla bilmədiyi səhnə və sevimli tamaşaçılarına vida nəğməsinin çalındığı, son mənzilə ünvanlı yolun başlandığı gün...

# 1234 dəfə oxunub

Müəllifin son yazıları

# # #