Bir gecə oyandım yağış səsinə - Adil Mirseyid

Bir gecə oyandım yağış səsinə - Adil Mirseyid
12 oktyabr 2023
# 14:20

Kulis.az Adil Mirseyidin "Bir gecə oyandım yağış səsinə" şeirini təqdim edir.

bir gecə oyandım yağış səsinə
bilmədim hardayam kiməm nəçiyəm
göylərdən qovulmuş mələyəm bəlkə
bəlkə də bir sərxoş meyxanəçiyəm

necə inanırdım bəxt ulduzuma
mən sözün sehrinə bel bağlayırdım
gecələr yuxuma girərdi allah
mən ona sirr verib sirr saxlayardım..

nə tüfəng asılıb divardan nə saz.
bəlkə öz ömrümü uydurmuşam mən,
bəlkə yüz il əvvəl oyanmalıydım.
bəlkə bu yuxudan gec durmuşam mən.

nə bir at kişnəyir nə köpək hürür,
divar saatı da susub qorxudan.
yüz il öncə yağan yağışın səsi
bu gecə oyadıb məni yuxudan.

göylərdən qovulmuş mələyəm bəlkə,
bəlkə də bir sərxoş meyxanəçiyəm.
bir gecə oyandım yağış səsinə,
bilmədim hardayam kiməm nəçiyəm.

# 1044 dəfə oxunub

Müəllifin son yazıları

# # #