Bilirəm ki, cəlladım bir gün sən olacaqsan - Henrix Heynenin şeirləri

Bilirəm ki, cəlladım bir gün sən olacaqsan - Henrix Heynenin şeirləri
13 dekabr 2023
# 12:13

Bu gün görkəmli alman şair Henrix Heynenin doğum günüdür.

Kulis.az onun şeirlərini təqdim edir.

I Karl

Kömürçü daxmasında
Kral oturub qayğılı.
Yürgələyir körpəni,
Mahhı deyir yanğılı.

Layla, layla, qoyunlar
Burunlayır axuru.
Alnında işarət var,
Gülüşündən qorxuram.

Layla, layla, pişik yox.
İşarətin qorxuncdur.
Sən balta götürəndə
Palıdlar da ağlaşdı.

İmanlıydı kömürçü,
Uşaqlarsa ayrıdı.
İnanmırlar Allaha
Krala da yoxdu sayğı.

Hər gün əriyir canım,
Layla... hələ uşaqsan.
Bilirəm ki, cəlladım
Bir gün sən olacaqsan.

Beşik nəğmən mənə yas.
Kəsəcəklər saçımı.
Soyuq dəmir, bədəndən
Ayıracaq başımı.

Layla, layla... pişik yox.
Talendə krallıq var.
Başımı qoparan gün
Pişik də rahatlanar.

Pişik yoxdu... siçanlar
Sevincindən oynadı.
Samanlar xışıldaşır,
Yat balaca cəlladım.

Qızıl buzov

Skripka, sitra, nağara!
İakovun nəvələri
Qızıl buzov ətrafında rəqs eləyir.
Büt önündə. Nə dəhşət! Vay!
Timpan səsi, gülüş, haray.

Rəqs fırlanır, uçur ətək,
Xiton qalxır köbəyədək.
Qızlar süzür fahişətək
Qızıl bütün dövrəsində.

Müdhiş olay!
Timpan səsi, gülüş, haray.
Aaron bu baş kahin,
Rəqsinə uyub cəhlin.
Nə sanından utanır,
Nə donundan utanır.
Lap keçidir. Vay, vay, vay
Timpan səsi, gülüş, haray.

Çar Davud

Rahat ölür Davud çar,
Çünki bilir, qayda var -
Taxta çıxan hökmdar
Xalqı qul kimi saxlar.

Qul öküzdü, alaşadır,
Boyunduruqla qoşadır
Onu bezdirsə qubar
Tez boynunu sındırar.

Çar Davud ölüm anı,
Çağırır Suleymanı:
Sən sükanı boş tutma
İoavı unutma.

O cəsur generaldı,
Məni çox dərdə saldı.
Amma bircə kərə də
Dərs vermədim o itə.

Oğlum, sən ağıllısan,
Tanrımıza bağlısan.
İoavı məhv etmək
Sənin hüququndur. Tək.

Əsirlər gəmisi

Superkarqo Minger van Kuk,
Yaman qayğılıdır, bərk fikirdədir.
Gəliri, çıxarı hesablayır o,
Apardığı malı haqq-hesab edir.

"Sumax da yaxşıdır, bibər də yaxşı,
Üç yüz çəlləkdən də artıqdır burda.
Bol-bol altun da var, fil dişləri də,
Dəyərə malikdir qara mallar da.

Altı yüz zəncini aldım müftəcə,
Üzü Seneqaldan dönəndə bəri.
Onların damarı kəndir kimidir,
Metaldan möhkəmdir əzələləri.

Verdim əvəzində mən ucuz şərab,
Bir az şüşə şeylər, bir top da sətin.
Onların yarısı qırılsa yolda,
Səksən faiz olar gəlirim yəqin.

Bəli, üçcə yüz baş qaradərili,
Rio de Janeyroya çatsa salamat,
Qonsales Pereyro bu heyvanların,
Verər hərəsinə, məncə, yüz dukat".

Xəyal dənizində üzərkən van Kuk,
Fikrini çəkərkən bol qazanc dağı,
Onun kayutuna xəbərlə gəldi,
Herr van der Smissen-gəmi cərrahı.

Qurudur ağactək, burnu qırmızı,
Gözünün altında üç ziyili var.
"Eskulapım mənim! - söyləyir van Kuk,
Görən necədirlər bizim qaralar"?

Həkim təzim edib belə söyləyir:
"Səndən nə gizlədim, xəbər var qara.
Elə bil axşamdan bəri çor düşüb,
Şeytan nəcabəti bu məlunlara.

Əvvəllər ölərdi biri-ikisi,
Yeddisi gəbərib, amma bu axşam.
Dördü dişilərdi, üçü erkəkdi,
Bunu dəftərçədə qeyd eləmişəm.

Gedib cəsədləri özüm yoxladım,
Bəzən kələk gəlir bu itlər bizə.
Ölütək uzadıb gözləyirlər ki,
Onları götürüb ataq dənizə.

Açdım ölənlərin zəncirlərini,
Mən ciddi qaydalar qoymuşam artıq.
Ölən zəncilərin leşlərini biz,
Səhər açılanda dənizə atdıq.

Bal üstə yığışan milçəklər kimi,
Hər yandan töküldü ac akulalar.
Onlar yaxşı bilir, zənci ətindən
Məndə onlar üçün həmişə pay var.

Yanında üzürlər onlar hər zaman
Gəminin, çıxalı biz uzaq portdan.
İyrənc məxluqlara iy verən leşlər,
Dadlıdır, şirindir hər cürə tortdan.

Onların sürətli leş qapmaları
Əsl tamaşadır, əsl tamaşa.
Bir dəstə qopardır ayaqlarını,
Bir dəstə dişini yeridir başa.

Tuluğu doldurub gəlirlər yaxın,
Məmnun baxışları mənə bərəlir.
Elə bil bu dadlı yeməklər üçün,
Köpək balığından təşəkkür gəlir".

Amma ah çəkərək söylədi van Kuk:
Nə əlac eyləyək? Yol yoxmu məgər?
Biz necə qurtaraq böylə ziyandan,
Azaltmaq olarmı bunu bir qədər.

Həkim cavab verdi:"bu olanlara
Qaralar özləri olublar bais.
Türmlərdə elə bir üfunət var ki,
İnsan yoxa çıxar orda tər-təmiz.

Amma bəziləri ölür qüssədən
Onlara lazımdır könül nəğməsi.
Kədəri atmağın üç əlacı var:
Bol hava, rəqslər və alət səsi.

Van Kuk ərklə deyir:"Əziz eskulap,
Çox gözəl məsləhət verirsiniz siz.
Şanlı İskəndərin böyük ustadı
Böyük Ərəstundan daha yekəsiz.

Musiqi, musiqi... hamı yuxarı.
Çəkin zənciləri siz yuxarıya.
Hamı rəqs eləsin, şən olsun deyə
Oynadın onları siz döyə-döyə".

II

Lacivərd səmada yüz milyon ulduz,
Qadın baxışıtək gətirir dəmi.
Bir az nəvaziş var, bir az kədər var
Sərhədə sığmayan sirli aləmin.

Şturman sinəsinə sıxıb skripkanı,
Həkim fleyta tapıb onu üfləyir,
Yunqa dayanmadan döyür təbilə,
Aşpaz zurnasında şərqilər deyir.

Yüz zənci rəqs edir vurğunlar sayaq
Hər şey dirənibdir yaman çətinə.
Tərləyir, təngişir, boğulur onlar,
Zəncirlər işləyir zənci ətinə.

Ehtiraslar coşur, şallaq dillənir,
Titrədir gəmini çılğın oyunlar.
Qorxudan titrəyən çılpaq gözəllər
Çılpaq erkəkləri qucaqlayırlar.

Rəqslərin rəhbəri nəzarətçidir,
Yoğun qamçısıyla çırpır tənləri.
Vurur ki, tənbəllik etməsin heç kim,
Rəqslərin sürəti düşməsin geri.

Di - dey - dum - dey, şned-dere-denq!
Danqıltı səsinə qarışıb hər yan.
Böyük okeanın su nəhəngləri,
Təbil səslərinə çıxırlar sudan.

Köpək balıqları çıxırlar üzə,
Maraqlı tamaşa çəkir onları.
Heyran gözlərilə baxırlar mat-mat,
Nə gözəl təamlar göndərib Tanrı.

Onlar marçıldadır dodaqlarını,
Bilirlər çox qalıb hələ nahara.
Bərkdən əsnəyirlər, nəhəng dişləri
Bənzəyir dəhşətli iri mişara.

Di - dey - dum - dey, şned-dere-denq!
Baraban səsləri tutur dünyanı.
Yazıq akulalar darıxdığından
Dişləmək istəyir quyruqlarını.

Bu çalğı, musiqi, bu daram-baram,
Çox iyrənc görünür akulalara.
Albion şairi nə yaman demiş -
"İnanma musiqi qanmayanlara".

Di - dey - dum - dey, şned-dere-denq!
Gurultu səsləri artır bir daha.
Van Kuk dayanıbdır dorun yanında
Və dua eyləyir göydə Allaha:

"İlahi, rəhm elə İsa eşqinə,
Sən bu suçlulara özün ol kömək.
Bu qara qullara qəzəb eyləmə,
Onlar kütbeyindir qanmaz heyvantək.

İlahi yazığın gəlsin bəndənə,
Rəhm elə, onları ölümdən qurtar.
Üç yüzdən az qalsa bu qullar əgər,
İdarəm bağlanar, evim yıxılar".

Tərcümə: Elxan Zal Qaraxanlı

# 487 dəfə oxunub

Müəllifin son yazıları

# # #