Beynəlxalq Birləşmiş Mədəniyyətlər Forumu başa çatdı

Beynəlxalq Birləşmiş Mədəniyyətlər Forumu başa çatdı
14 sentyabr 2024
# 11:00

Rusiyanın Sankt-Peterburq şəhərində 10-cu Beynəlxalq Birləşmiş Mədəniyyətlər Forumu başa çatıb.

Kulis.az xəbər verir ki, tədbirin yekun sessiyasında Azərbaycanın mədəniyyət naziri Adil Kərimlinin başçılıq etdiyi nümayəndə heyəti də iştirak edib. Sessiyanın moderatoru TASS agentliyi baş direktorunun müavini Mixail Qusman olub.

Rusiya Federasiyası Hökuməti sədrinin müavini Tatyana Qolikova Sankt-Peterburq Beynəlxalq Forumunun yekunları ilə bağlı çıxış edib. O qeyd edib ki, “Birləşmiş Mədəniyyətlər” adlanan Forum müxtəlif ölkələrin nümayəndələrini cəlb edən mühüm hadisəyə çevrilib, bu tədbirə gələn insanları ənənəvi dəyərlərə əsaslanan inkişaf və əməkdaşlıq arzusu birləşdirir. Onun sözlərinə görə, Forum mədəniyyətlərarası mübadilə və qlobal mövzularla bağlı əsas məsələlərin müzakirəsi üçün platforma yaradır.

Sədr müavini çıxışını forum iştirakçılarına minnətdarlıq sözləri ilə yekunlaşdırıb.

Forumda Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da çıxış edib. O qeyd edib ki, mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Forum çərçivəsində səmərəli görüşlər keçirib.

Polad Bülbüloğlu MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun genişləndirilməsini və müxtəlif ölkələrdən nümayəndələrin assosiasiyaya dəvət olunmasını təklif edib. “İllər ərzində görülən və inkişaf etdirilən işləri itirməməyi çox istərdim. Bu fondun funksiyalarına yenidən baxmaq, onu genişləndirmək, təkcə MDB deyil, digər ölkələri də daxil etmək olar, çünki indi dünya daha genişdir. Ona görə ki, o, (Fond – red.) bütün bu illər ərzində gördüyü yaxşı işləri davam etdirə bilsin”, –deyə səfir bildirib.

Tatyana Qolikova təklifi dəstəkləyib, Polad Bülbüloğluna Azərbaycanın Rusiya Federasiyasındakı səfiri vəzifəsində səmərəli fəaliyyətinə görə təşəkkür edib, ona uğurlar arzulayıb. \Azərtac

# 572 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #