Bədii publisistikamızın incisi - Gülxani Pənah yazır...

Bədii publisistikamızın incisi - Gülxani Pənah yazır...
30 may 2023
# 17:15

Kulis.az Gülxani Pənahın "Bədii publisistikamızın incisi…" yazısını təqdim edir.

Onu gəncliyimdən tanyıram. AYB-də çalışdığı illərdən də çox-çox əvvəl onun imzası hamımıza tanış idi. 90-cı illərdə “Literaturnaya qazeta” da bəlkə də onun qədər məqalələri çap olunan nadir azərbaycanlı yazar tapılardı. Toxunduğu məsələlərin özü həm ədəbi, həm də ictimai-siyasi aləmdə maraq doğururdu.

Azərbaycan Respublikasının Xalq yazıçısı (2018), nasir, publisist, tərcüməçi, ədəbiyyatşünas, 1983-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi (1984), Azərbaycan Respublikası Milli Məclisinin III (2005), IV (2010) və V çağırış (2015) deputatı, Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri (2020-2023) Elmira xanımı həm SSRİ dövründə, həm də SSRİ-nin süqutundan sonra Azərbaycanda baş vermiş bütün mürəkkəb ictimai-siyasi hadisələrin içində qələmi “süngülü” görmüşük. Hətta ölkəmizin vətəndaş müharibəsinə sürükləndiyi zamanlarda da, ölkədə baş verən qarşıdurmada, müxtəlif qütblərdə birləşmələrdə, cəbhələşmədə, eyni zamanda xarici müdaxilələrin tuğyan etdiyi vaxtda da - ölkənin gələcək müstəqilliyinin təhlükə altında qaldığı bir zamanda da...

Azərbaycan Milli Məclisinin deputatı olduğu illərdə də Milli Məclisin fəal üzvlərindən biri oldu. Milli Məclisdə qəbul olunan qanunların işlənib hazırlanmasında Elmira xanımın az rolu olmayıb, efirlərdən onun bir çox qanunvericilik təşəbbüsləri ilə çıxışının şahidi olurduq. Avropa Şurası Parlament Assambleyasının Azərbaycan təmsilçisi, Əmək və sosial siyasət Komitəsinin, Mədəniyyət Komitəsinin üzvü, Azərbaycan-Ukrayna dostluq qrupunun üzvü, Azərbaycan-Lüksemburq parlamentlərarası işçi qrupunun rəhbəri olub. MDB Parlamentlərarası Assambleyanın Mədəniyyət və informasiya üzrə komissiyanın sədr müavini kimi çalışdığı illərdə də işinin öhdəsindən ləyaqətlə gələn deputat xanımın uğurlarından xəbərimiz vardı.
Xüsusilə Qarabağ və onun ətrafında baş verən real həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması sahəsində mətbuatda Elmira Axundovanın imzasını çox görürdük. O zamanlar “Literaturnaya qazeta”da erməni lobbisinin ağ yalanlarına qarşı Elmira Axundova sərt, real həqiqətlərlə çıxış edib böhtan xarakterli əməllərini ifşa edirdi. Baxmayaraq ki, bu qəzet Rusiyanın ən nüfuzlu orqanı idi və onun ətrafında xeyli erməni və ermənipərəst qüvvələr da vardı, bütün çətinlikləri Elmira xanım öz cəsarəti ilə ortadan qaldıraraq Azərbaycanda baş verən gərginliklərdən, ermənilərin çirkin əməllərindən bəhs edən real faktlarla zəngin məqalələrini o qəzetdə dərc etdirə bilirdi. Bununla da dünya ictimaiyyəti qarşısında erməni lobbisinin, ermənipərəst qüvvələrin ağ yalanlarını ifşa etməyə nail olurdu. O zaman o qədər mətbuat qıtlığı var dı ki, baş verən hadisələri dünya xalqlarına çatdırmaq o qədər də asan məsələ deyildi. Amma Elmira Axundova çox nüfuzlu mətbu orqanları əllərində saxlamağa çalışan erməni lobbisinin qarşısına çıxmağı, Azərbaycanın haqq səsini dünyaya çatdırmağı, ermənilərin yalan və böhtanlarını ifşa etməyi əsl jurnalist kimi peşəkarlıqla bacarırdı.

Elmira xanımı ona görə daha çox izləyirdik ki, Azərbaycan yazıçısı, alimi idi, Azərbaycan Yazıçılar Birliyinin üzvü idi. Milli Məclisdə həmişə sözünün kəsəri, yüksək inellekti, siyasi təcrübəsi ilə də sayılan seçilən deputatlarımız arasında Bəxtiyar Vahabzadə, Anar, Zəlimxan Yaqub, Vaqif Səmədoğlu, Maqsud İbrahimbəyov, Nizami Cəfərov, Musa Yaqub, İsa Həbibbəyli, Sabir Rüstəmxanlı... kimi böyük ədəbiyyat adamlarımız da olub və bu gün də var. Elmira xanım da onların sırasında idi.

Elmira Axundova Azərbaycan jurnalistikasının ustadıdır. Onun bütün məqalələrində qərəzçilikdən uzaq, obyektiv bir jurnalist mənəviyyatı görmüşük. Bu sahədə artıq öz dəsti-xətti, öz üslubu olan bir ustad jurnalist kimi də tanınır.

Elmira xanımın Azərbaycan publisistikasının inkişafında böyük xidmətlərini, onun bu sahədə mükəmməl jurnalist qabiliyyətini, istedadını da unutmadan deməliyik ki, Elmira xanım publisistikamızın əsl ustadlarından biridir. 1990-1998-ci illərdə “Literaturnaya qazeta”nın (Rusiya) Azərbaycan üzrə müxbiri, “Azadlıq” radiostansiyasının (Münhen) Azərbaycan üzrə müxbiri (1993-2000), “Türk dünyası” jurnalının publisistika şöbəsinin müdiri, Azərbaycan Prezidenti yanında əfv komissiyasının üzvü, “Delovoy mir”, “Obşaya qazeta”, “Vek”, “İzvestiya” kimi xarici kütləvi informasiya vasitələrində resbublikamızın təmsilçisi olmuşdur. 2005-ci ildə “Əməkdar jurnalist” fəxri adına layiq görülmüşdür.

Elmira Axundöva ADU-nun filologiya fakültəsində təhsil aldığı illərdən ədəbiyyata, bədii yaradıcılığa maraq göstərib. Bədii tərcümələri ilə tanınıb. Hüseyn İbrahimovun “Nəcibənin ürəyi” hekayəsini 1978-ci ildə rus dilinə tərcümə edib. Bu, onun ilk tərcüməsidir. Qara Namazovun “Azərbaycan aşıq sənəti” kitabını, İsmayıl Şıxlının, Vidadi Babanlının, Bayram Bayramovun, Elçinin, Anarın, Manaf Süleymanovun və digər Azərbaycan yazıçılarının əsərlərini müxtəlif dillərə tərcümə etmişdir. Gənc Azərbaycan nasirlərinin seçmə hekayələrindən ibarət olan “Azərbaycanın gənc nəsri” kitabını 1984-cü ildə tərcümə edərək "Yazıçı" nəşriyyatında çap etdirmişdir.

80-90-cı illərdən başlayaraq Elmira Axundova bədii tərcümə ilə müntəzəm məşğul olmuş, Bakıda, Moskvada, Kiyevdə və Leninqradda onun tərcüməsi əsasında Azərbaycan yazıçılarının xeyli sayda kitab və nəsr topluları işıq üzü görmüşdür. 55-dən çox kitabın müəllifi, tərtibçisi və tərcüməçisi olan Elmira Axundovanın ədəbi-bədii yaradıcılıq sahəsində də uğurları böyükdür.

Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində kiçik redaktor (1977–1980), Azərbaycan Yazıçılar İttifaqında referent, məsləhətçi, Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsində böyük elmi işçi kimi fəaliyyət göstərmişdir. Filologiya üzrə fəlsəfə doktoru olan Elmira Axundova “Cəlil Məmmədquluzadə realizmi və XIX əsrin sonu-XX əsrin əvvəllərində rus ədəbiyyatının təcrübəsi” monoqrafiyasının müəllifidir. Tərcüməçiliklə yanaşı elmi-nəzəri məqalələri ilə mətbuatda çıxış edir. Hələ sovet dövründə gənc yaşlarında Moskvada 1984-cü ilin mayında keçirilən Gənc yazıçıların 8-ci Ümumittifaq müşavirəsinin iştirakçısı olmuş, Azərbaycan Yazıçılar İttifaqının bir sıra ədəbi tədbirlərinin təşkilati hazırlığında və keçirilməsində yaxından iştirak etmişdi.

Elmira Axundova elmin, təhsilin inkişafına mühüm töhfələr verən bir alim kimi də tanınır. 2002-ci ildən Bakı Slavyan Universitetinin tərcümə nəzəriyyəsi və təcrübəsi kafedrasının dosenti Elmira Axundova ali məktəblər üçün “Jurnalistika nəzəriyyəsi və KİV problemlərinin əsasları”, “Müasir dövrü nəşrin əsas janrları və tərcümə problemləri” adlı tədris vəsaitlərinin müəllifi, onlarla kitabın tərtibçisidir.

Diqqəti çəkən bir məqam da Elmira xanımın bədii publisistika janrında geniş yaradıcılığıdır.

Bədii publisistika janrında yazdığı “Fərmanla əfv olunmuşdur...”, “Naşirin qətli”, “Həqiqət anları”, “Əlövsət Quliyev: o, tarix yazırdı”, “Bu bizik”, “Yaşamaq vaxtıdır”, “Şüşə Saray”, “Anar Məmmədxanov. Kapitanın taleyi”, “Prezidentin portreti dəyişikliklər fonunda” kimi kitabların müəllifidir. Ümummilli lider Heydər Əliyevin həyatından bəhs edən “Heydər Əliyev. Şəxsiyyət və Zaman” adlı çoxcildlik roman-tədqiqatın müəllifidir. Qeyd edək ki, əsər 2014-cü ildə Dövlət mükafatına layiq görülmüşdür.

Elmira Axundovanın əsərləri dünya xalqlarının dillərinə tərcümə olunub. “Heydər Əliyev. Şəxsiyyət və Zaman” adlı çoxcildliyin 1-ci cildi, “Naşirin qətli” və “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” kitabları da Ukrayna dilinə tərcümə olunub.

Elmira Axundova ssenarist kimi də fəaliyyət göstərmiş, onun ssenarisi əsasında televizya və kinofilmlər çəkilmişdir.

Xalqımız və dövlətimiz onun əməyini yüksək qiymətləndirmişdir. Jurnalistlər Birliyinin “Həsən bəy Zərdabi”, Respublika Yazıçılar Birliyinin “Nəcəf Nəcəfov” və Beynəlxalq Ədəbiyyat Fondunun “Rəsul Rza” mükafatlarına layiq görülmüş hörmətli qələm ustası 2003-cü ildə Azərbaycan publisistikasının inkişafındakı xidmətlərinə görə Azərbaycan Prezidentinin Fərmanı ilə “Şöhrət” ordeni ilə, 2013-сi ildə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilmişdir. Elmira xanım 2018-ci ilin may ayında “Xalq yazıçısı” fəxri adına layiq görülmüşdür. Bu günlərdə isə cənab Prezidentin sərəncamı ilə E.Axundova 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.

Qeyd etdiyimiz kimi, Elmira Axundova həm də ictimai-siyasi xadimdir. Ukraynada Azərbaycanın səlahiyyətli səfiri kimi fəaliyyəti dövründə də dövlətimizin siyasi-iqtisadi, mədəni maraqlarının qorunmasına üstünlük vermişdir. Ukrayna respublikasının səfiri olduğu müddətdə Elmira xanımın diqqəti çəkən ən böyük fəaliyyətlərindən biri Azərbaycan ədəbiyyatının, mədəniyyətinin Ukrayna xalqına, eyni zamanda beynəlxalq aləmdə tanıtması yolunda gördüyü dəyərli işlərdir. Elmira Axundova məhz pandemiya dövründə yenidən müharibəyə sürüklənmiş Azərbaycanın haqlı mübarizəsini, qələbəsini müdafiə etmiş, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəsinin həm beynəlxalq müstəvidə, həm də səfiri olduğu Ukraynada geniş şəkildə təbliğ etmiş, II Qarabağ müharibəsi reallıqlarını verdiyi müsahibələrdə, rəsmi çıxışlarında geniş şəkildə işıqlandırmışdır. Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsini, erməni işğalçılarının Qarabağda yeritdiyi çirkin siyasəti, Azərbaycan xalqının torpaqlarını geri qaytarmaq uğrunda 30 il apardığı diplomatiya müharibəsini, düşmənin törətdiyi qanlı cinayətlərdən bəhs edən “Bayraqdar. Qarabağ faciəsi”, “Xocalı. Soyqırım salnaməsi” kitablarını ukrayna dilinə tərcümə etdirib, beynəlxalq aləmə çatdırıb.

Elmira xanım Azərbaycan dövlətinin siyasi maraqları kimi, ədəbiyyatının, mədəniyyətinin də Ukraynada təbliğində böyük layihələrə imza atmışdır. Yusif Vəzir Çəmənzəminlinin “Tələbələr”, Nizami Gəncəvinin “Xəmsə” əsərlərini, Elçinin “Baş” romanını ukrayna dilinə tərcümə edilərək yayılmasına nail olub. Özünün müəllifi olduğu ümummilli lider Heydər Əliyev haqqında yazdığı “Şəxsiyyət və zaman” əsərinin üç cildini çap etdirib. Azərbaycan musiqisinin, ümumən mədəniyyətinin, incəsənətinin Ukraynada, eləcə də beynəlxalq aləmdə tanıdılması sahəsində bir çox işlər görüb. Elmira Axundova səfir olduğu qısa bir müddət ərzində Dnepr şəhərində Fikrət Əmirovun 100 illiyi şərəfinə TÜRKSOY-un xətti ilə böyük konsertin baş tutmasına nail olub. Elmira xanımın təşəbbüsüylə Xarkovda Nizami Gəncəvinin və Mirzə Fətəli Axundovun abidəsi qoyulub. Heydər Əliyev Fondunun dəstəyilə Kiyevin mərkəzində - Şevçenko Milli Universitetinin botanika bağında unikal “Xəmsə” heykəltəraşlıq kompozisiyasının quraşdırılmasına nail olub.
Elmira xanım eyni zamanda Şevçenko Milli Universitetində, Hüquq fakültəsində Azərbaycan Demokratik Respublikasınınin ilk səfirinin adını daşıyan auditoriyanın - Yusif Vəzir Çəmənzəminli auditoriyasının açılması layihəsini irəli sürmüş və qısa müddətdə bu layihəni həyata keçirə bilmişdi.

Y.V.Çəmənzəminlinin 20-ci əsrin əvvəllərində bu universitetdə və bu fakültədə təhsil aldığı məlumdur. “Böyük bir auditoriyanı təmir etdik, onu ADR dövrünün və müasir Azərbaycanın xəritələri ilə bəzədik, Çemənzəminlinin əlyazmaları və kitabları, milli əsərlər və s. əks olunmuş bir neçə stend hazırladıq. Ukrayna ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü günü - 2022-ci il fevralın 6-da universitetdə auditoriyanın təntənəli açılış mərasimi keçirildi. Auditoriya Ukraynanın ən qədim universitetində Azərbaycanın mədəniyyət mərkəzi olacaq, üstəlik, Çəmənzəminlinin xatirə lövhəsinin açılışı (müəllif - Katib Məmmədov) və kitabın təqdimatı...”.

Elmira Axundova səfir olduğu müddətdə Azərbaycan mədəniyyətinin həm təbliğində, həm də Azərbaycanın böyük sənətkarlarının yaradıcılığının Ukrayna xalqına çatdırılmasında, Ukrayna-Azərbaycan mədəni əlaqələrinin inkişafında fəal çalışdığını görürük.

Elmira Axundova Ukraynanı xarici iqtisadi əlaqələr baxımından “Azərbaycanın vacib strateji tərəfdaşlarından biri” kimi yüksək qiymətləndirirdi, “hər iki ölkənin iqtisadiyyatının potensial imkanları iqtisadi əlaqələrin yeni zəmində qurulmasını” zəruri etdiyini çıxışlarında bildirirdi.

2021-ci il 28 May - Respublika Günü münasibətilə rəsmi tədbirdə çıxışında Ukraynanın coğrafi mövqeyi Azərbaycanın bu ölkədən Avropaya nəqliyyat dəhlizi kimi istifadə etməsinə imkan yaratdığını bildirirdi. Cənubi Qafqazda Azərbaycanın əsas beynəlxalq nəqliyyat və logistika mərkəzlərindən biri olduğunu, ölkəmizin ərazisindən keçən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri rolumuzu daha da artırdığını, ölkəmizin suverenlik və ərazi bütövlüyü məsələlərində Ukrayna və Azərbaycanın bir-birini dəstəklədiyini, hər iki ölkənin bunu dəfələrlə müxtəlif beynəlxalq platformalarda da nümayiş etdirdiyini, 2019-cu ilin sonunda Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana rəsmi səfərindən sonra əməkdaşlığımızın yeni mərhələsi” başladığını söyləyirdi.

2019-cu ildə hər iki ölkə arasında ticarət həcminin 800 milyon dollardan çox olsa da, 2020-ci ildə bu rəqəm 590 milyon dollara düşməsinin səbəblərini açır, dağılmış, yerlə yeksan edilmiş iğşaldan azad edilmiş Azərbaycan torpaqlarının yenidən dirçəldilməsində dost olkələri, o cümlədən Ukraynanı da bu quruculuq işlərinə dəvət edir: “Əlbəttə ki, mövcud iqtisadi əməkdaşlıq səviyyəsi bizi qane edə bilməz. Bu gün Azərbaycanın qarşısında işğaldan azad edilmiş ərazilərdə tamamilə dağıdılmış şəhər və kəndlərin, bütün mədəniyyət və dini abidələrin bərpası kimi nəhəng bir vəzifə durur. Yenidənqurma prosesində “ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl enerji” konsepsiyalarında istifadə ediləcək. Azərbaycan, dost ölkələrdən, o cümlədən Ukraynadan olan şirkətləri işğaldan azad edilmiş ərazilərin reinteqrasiyası ilə bağlı genişmiqyaslı işlərə dəvət edir. Bir sözlə, həm sizin, həm də bizim qarşımızda çoxlu quruculuq işləri var”. (REPORT inforamasiya Agentliyi. 2021. 29 may).

Elmira Axundova Ukrayna mətbuatında daima Azərbaycanın daxili və xarici siyasi kursunun tanıdılması sahəsində maraqlı məqlələrlə çıxış edib. Ukraynanın nüfuzlu “Kiev Diplomatic” jurnalında Azərbaycanın uğurlu xarici siyasəti, Azərbaycan diasporunun fəaliyyəti, II Qarabağ müharibəsində qazanılan uğurlara dair məqaləsi buna nümunədir. Məqalədə ilk dəfə 1991-ci il dekabrın 16-da - Ulu Öndərin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olduğu dövrdə ümummilli lider Heydər Əliyev tərəfindən elan edilmiş Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsas ideyasının “bütün dünyadakı azərbaycanlıların dövlətimizlə birliyi, həmrəyliyi, xalqımızın milli və mənəvi dəyərlərinə hörmət” (İlham Əliyev) olduğunu qeyd edir. Azərbaycan diasporunun inkişafı istiqamətində uğurlu siyasətin bu gün də davam etdirildiyini bildirən Elmira Axundova məqalədə 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun uğurlu hərbi əməliyyatlardan, ərazilərimizin işğaldan azad edilməsindən geniş bəhs edir. Fikirlərində haqlıdır ki, “Azərbaycanın tamamilə haqlı olaraq Vətən müharibəsi adlandırdığı 44 günlük döyüşlərin nəticələri bu gün bütün dünyaya məlumdur. Azərbaycan torpaqlarının işğalına son qoydu, ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Ölkəmiz öz liderinin rəhbərliyi ilə yeni inkişaf dövrünə qədəm qoyur. İşğaldan azad olunan ərazilərimiz bərpa edilir, yenidən qurulur və qaçqınlar tezliklə doğma yurdlarına qayıdacaqlar. Qarabağ yenidən çiçəklənən bağa çevriləcək. Mən buna tam əminəm. Çünki tarixi Qarabağ torpağı öz qəhrəman övladlarının qanı hesabına əsl sahibinə qayıtdı. Həm də Azərbaycan xalqının qlobal problemləri həll etmək gücündə olan Prezident İlham Əliyev kimi böyük lideri var”.

Elmira Axundova Ukrayna dövlətinin, Ukrayna xalqının Azərbaycanın haqlı mübarizəsində onu dəstəklədiyini, bu mənada dost ölkənin ədalətli qərarını Ukrayna Ali Radası sədrinin birinci müavini Ruslan Stefançukla görüşündə bildirir: "Ukrayna dövləti, xüsusilə bu ölkənin parlamenti 44 günlük Vətən müharibəsində Azərbaycanın haqlı mövqeyini sonadək dəstəklədi".

Elmira Axundova Azərbaycanda törədilmiş 20 Yanvar faciəsinin səbəbkarlarının əməllərinin dünya xalqlarına çatdırılması, keçmiş SSRİ dövlətinin Azərbaycan xalqına qarşı apardığı təcavüzkar siyasətlə bağlı Ukrayna xalqının da ətraflı məlumatlandırılması üçün 2021-ci ilin Yanvarın 19-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə birlikdə “Bakıda 1990-cı ilin Qara Yanvarı. Azadlıq və ədalət Sovet İttifaqının repressiv maşınına qarşı” mövzusunda Ukrayna-Azərbaycan elmi onlayn konfransını keçirir. Konfransı giriş nitqi ilə açan Elmira Axundova 31 il əvvəl baş verənləri təhlil etməyin və ondan dərs çıxarmağın zəruriliyini diqqətə çatdırırdı: “O zaman erməni separatçıları və Mixail Qorbaçov tərəfindən başladılan Qarabağ avantürası artıq iki il idi davam edirdi. Mərkəz bu problemi sivil yollarla həll edə bilmədi, halbuki bunu qısa zamanda həll etmək olardı. 1989-cu ilin dekabr ayının sonunda Azərbaycanda hakimiyyət iflic oldu. 1990-cı ilin əvvəllərində isə Sovet hakimiyyəti artıq Azərbaycan ərazisinin yarısında mövcud deyildi. Çoxsaylı şahidlərin dediklərinə görə, Bakıya qoşun yeridilməsinə heç bir əsas yox idi. SSRİ Daxili İşlər Nazirliyinin daxili qoşunlarının 12 minlik kontingenti Bakıda idi, amma onlar silahsız idilər, onlara yalnız baş verənləri izləmək tapşırılmışdı. Qanlı Yanvar hadisələrinin səbəbləri haqqında müxtəlif fikirlər var. Amma mən Qorbaçovu Bakıya qoşun yeritməyə inandıranlardan biri olan, aksiyanın bilavasitə təşkilatçısı Vadim Batakinin sözlərinə diqqət yetirmək istəyirəm. 90-cı illərin sonlarında Yanvar hadisələr ilə bağlı məqaləm var idi. Bir dəfə ondan yazdıqlarımı şərh etməsini istəyəndə bunları söyləmişdi: “Müəllif haqlıdır. AXC seçkilərdə Kommunist Partiyasını məğlub edərdi. Qoşunlar heç də mülki əhalini geniş yayılmış milli ekstremizmdən qorumaq üçün deyil, başqa məqsədlər üçün yeridilmişdi. Qurbanlar hesabına Azərbaycanda Sovet hakimiyyəti bərpa edildi”. Ən maraqlısı budur ki, o yenə də bunun Sovet hakimiyyətinin bərpası yox, əksinə, Sovet hakimiyyətinin sonunun başlanğıcı olduğunu anlamırdı”.
Elmira Axundova Azərbaycanın həmişə haqqlarını müdafiə etməyə çalışır. Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi, torpaqlarımızı erməni işğalından azad etməsi, Qarabağ deyilən bir qondarma adın ləğvi ilə barışa bilməyən ermənilərin dünyada yaydığı böhtan və yalanlara qarşı mübarizəsi ilə diqqətimiz çəkib. Mətbuatda özlərinin xeyrinə bizim nüfuzlu siyasət adamlarımızın çıxışlarının təhrif edilməsi, ermənipərəst qüvvələrin türk-Azərbaycan birliyini pozmağa cəhdləri həmişə yerində alınırdı.

Ermənilər azərbaycanlıların haqq səsini dünyada tanıdan, qələminə, nitqinə bələd olduqları E.Axundovaya qarşı da bu təxribatlardan çəkinmir. Məsələn, 23 noyabr 2020-ci ildə Azərbaycanın Ukraynadakı səfirliyi bəzi KİV-lərin Ukraynanın səfiri kimi Elmira Axundovanın müsahibəsinin ümumi kontekstindən çıxarılmış cümlənin tərcüməsinin təhrif olunmuş formada paylaşılmasına dair açıqlama yaymışdı.

“Səfir Elmira Axundova aparıcı Şusterin “Türkiyə Azərbaycanın hazırda əsas müttəfiqidir və beləliklə də, Türkiyə ən azı Zaqafqaziyada ciddi faktordur, belədirmi?” sualına “Yəgin ki, belədir... Türkiyə Rusiya ilə birlikdə mütləq bu münaqişənin həllinin nizamlanmasında iştirak edəcəkdir, buna da heç də təəcüblənmək lazım deyil. Çünki Türkiyə 1991-ci ildən ölkəmizin ən yaxın müttəfiqidir... həmişə bizə dəstək olub. Biz qardaş dövlət və qardaş xalqlarıq...” fikirlərini söyləyib. Səfir E.Axundova çıxışını “hansısa Türkiyə bizə kömək etməyib” kimi yox, məhz “heç də nə Rusiya, nə Türkiyə! Biz özümüz bunu etdik – bizim əsgərlərimiz, bizim zabitlərimiz!” ifadəsi ilə yekunlaşdırıb", - məlumatda bildirilir. (REPORT inforamasiya Agentliyi. 23 noyabr.2020).

Şusterin 13 noyabr tarixli bu verilişində E.Axundovanın nitqinin tam videosu səfirliyin sosial şəbəkələrində yerləşdirilmişdi. Bu videonun 100 minlərlə izləyicisi olduğu və ermənilərin həmin videoya nəlayiq sözlərlə şərhlərini verdiyi məlumdur.

Həmin verilişdə səfir E.Axundova ilə yanaşı Ermənistanın Ukraynadakı səfirinin də dəvət olunduğu, nəticədə isə erməni səfirinin bunun “yaxşı ideya” olmadığını veriliş təşkilatçılarına bildirərək qəti şəkildə çıxış etməkdən imtina etdiyi də məlumdur.

Bunun da səbəbləri vardır, Ermənistanı qıcıqlandıran qeyd edildiyi kimi E.Axundovanın Ukraynaya səfir təyin olunduğu ilk günlərdən Türkiyə səfirliyi ilə sıx və isti mü-nasibətlər qurması idi. “Belə ki, səfirliyimizin təşəbbüsü ilə Türkiyə Respublikasının qu-rucusu, dahi Atatürkün 10 Noyabr - Anma Günündə Ukraynanın xalq rəssamı, azərbay-canlı heykəltəraş Katib Məmmədovun yaratdığı büst-əsərin hədiyyə şəklində təqdim edil-məsi Türkiyə səfirliyi və türk mətbuatı tərəfindən yüksək qiymətləndirilib”. (REPORT in-foramasiya Agentliyi. 23 noyabr. 2020).

Ukrayna-Rusiya müharibəsinin başlanması gərginlikləri artırdı. Rusiyanın Ukraynaya hücum etməsi beynəlxalq aləmdə Rusiyaya qarşı böyük sanksiyalara qədər gedib çıxır. Bu müharibə illərində iki ölkədə səfirliklərin fəaliyyətində yaranan çətinliklər bizim səfirliyin də yaşadığı reallıqlar idi. Həmin zamanlarda Elmira xanım ona qarşı olan bəzi təzyiqlərə, fikirlərə qarşı çıxır. Bəzi mətbuat səhifələrində, saytlarda Elmira Axundova ruspərəstliyi ilə ittiham olunanda buna təbii ki, çoxları inanmadı. Çünki Elmira xanımın anası ukraynalı idi, hətta özünün dediyi kimi “Qordiyenkonun şanlı kazak ailəsinin nəslindəndir”. Ulu Babası Kost Qordiyenko Zaporojye Seçinin atamanı olub və 18-ci əsrin əvvəllərində Ukraynanın müstəqilliyi uğrunda mübarizə aparıb. O da reallıqdır ki, yuxarıda fikirlərimizdə bildirmişdik ki, Elmira xanım uzun müddət Rusiya mediasında çalışıb, hazırki Rusiya prezidenti Putinə müxalif olan “Obşaya qazeta”da müxbir kimi fəaliyyət göstərib. Rusiya–Ukrayna müharibəsində illərlə yaxın olduğu məsləkdaşları arasında fikir ayrılığı yaranıb, Rusiyanın Ukraynada apardığı müharibəyə qarşı çıxdığından Elmira Axundovanın siyasi aləmdə baş verən gərginiklərə görə şəxsi itirdiyi rusiyalı dostları olmamış olmaz, bununla belə bu məsələlərə laqeyd qala bilməyən, bitərəf mövqe tutmayan Elmira Axundova Ukrayna xalqına olan münasibətlərini, doğmalığı, eyni zamanda haqqı-ədaləti müdafiə edir.

Müharibə başlayandan sonra Kiyevdən çıxmağa məcbur olan səfirlik əməkdaşları ilə birlikdə Elmira Axindova fəaliyyətini davam etdirir. Azərbaycanın böyük şirkətlərinin köməyi sayəsində Ukraynaya 30 ton humanitar yardımın daşınmasını təşkil etmiş, iki ölkə arasında bir sıra məsələlərin həll edilməsinə, Mariupoldan və Ukraynanın digər şəhərlərindən yeniyetmələrin Bakıya beynəlxalq yarışlara gəlməsinə kömək göstərmişdir. Müharibə başlanandan müntəzəm olaraq Xarici İşlər Nazirliyinin rəhbərliyini informasiya materialları və press-relizlərlə təmin etmişdir.

Ukraynada səfirliyi həm ağır pandemiya, həm də müharibə illərinə təsadüf edən Elmira Axundova “axar.az”a verdiyi müsahibəsində bildirir ki, “2021-ci il üzrə hesabatında 186 səhifədən 102 səhifəsində (!) informasiya və təbliğat sahəsində görülən işlər barədə məlumatlar yer alıb. Həmin il kiçik komandamızla, xüsusilə Samir Allahverdiyev və Təranə Sadıxovanın sayəsində çox iş gördük. Bu tədbirlər pandemiya ilində, bir çox səfirliyin ümumiyyətlə onlayn işlədiyi bir zamanda olub. Hər gün bizim ya cari gündəliyin ən vacib mövzuları üzrə konfrans, ya dəyirmi masa, ya brifinq, ya da Ukrayna televiziyasının ən böyük milli kanallarında çıxışlarımız olurdu. Ukrayna mətbuatında Azərbaycanda baş verənlərlə bağlı çoxlu nəşrlər hazırlamışıq. Vətən müharibəsini işıqlandırmaq üçün Kiyevdən Azərbaycana 20-yə yaxın jurnalist komandası göndərdik və onların hər biri Ukraynanın müxtəlif kanallarında yayımlanan reportajlar hazırladı. Mübaliğə etmirəm, bunu mənə xarici diplomatlar dedi, o günlərdə, aylarda biz erməni tərəfini informasiya meydanından tamamilə sıxışdırdıq. Həmin günlərdə mən özüm Ukraynanın ən mühüm kanallarında 18 dəfə çıxış etmişəm. Təsadüfi deyil ki, ukraynalı jurnalistlər arasında keçirilən sosioloji sorğunun nəticələrinə görə, həmin il “ilin ən fəal səfiri” nominasiyasında ilk beşliyə daxil olmuşam”.

Bütün bunlar həm ədəbi, həm mədəni, həm siyasi sahələrdə böyük uğurlara imza atmış, nüfuzlu jurnalist, dəyərli ictimai-siyasi xadim, siyasi nəsrin, bədii publisistikamızın inkişafında böyük rolu olan Elmira Axundovanın geniş, əhatəli fəaliyyətinin göstəricisidir. Elmira Axundova yazıçıdır, bədii publisistikamızın inkişafında öz dəsti-xətti olan nüfuzlu qələm sahibidir, bu gün də yorulmadan çalışır... qələmi iti, sözü kəsərli olsun!

Gülxani Pənah
Filologiya üzrə elmlər doktoru, dosent

# 1207 dəfə oxunub

Müəllifin son yazıları

# # #