İŞİD peyğəmbərdən film çəkən rejissorun qatilini tələb edir 

İŞİD peyğəmbərdən film çəkən rejissorun qatilini tələb edir 
22 yanvar 2015
# 11:08

Bir ay öncə Suriyada vurulan İordaniya təyyarəsinin pilotu İŞİD tərəfindən girov götürülüb. Terror təşkilatı pilotun əvəzində İordaniyadan rejissor Akkadın qatili Sajidanın azadlığa buraxılmasını tələb edir.

Məhəmməd peyğəmbərin həyatından bəhs edən məşhur “Dəvət” (The message) filminin rejissoru Mustafa Akkad “Əl-Qaida” terror təşkilatı tərəfindən öldürülmüşdü. 1935-ci ildə Suriyanın Hələb şəhərində dünyaya gəlmiş Akkad sonradan Amerikaya köçmüşdü.

Burada teatr təhsili alan Akkad prodüserlik və rejissorluqla məşğul idi. Ona məşhurluq gətirən 1976-cı ildə çəkdiyi “Dəvət” filmi oldu. Film Məhəmməd peyğəmbərin həyatından bəhs edirdi.

Filmdə Entoni Kuinn kimi məşhur aktyor da Həmzə rolunda oynayırdı.

“Dəvət” qısa müddətdə bütün dünyada yayıldı. Film təkcə İslam aləmində deyil, Qərb dünyasında da rəğbətlə qarşılandı.

Məhəmməd peyğəmbərin həyatını ekranlaşdırmaqla İslam mədəni aləminə çox böyük töhfə vermiş rejissor 2005-ci ildə terror qurbanı oldu. İordaniyanın paytaxtı Əmman şəhərində olan rejissor “Grand Hyatt” mehmanxanasında baş vermiş partlayışda qızı Rimma ilə birlikdə həlak oldu. Terrorçulardan Sajida Mübarək Rişavi həbs edildi. Partlayışa görə məsuliyyəti Əl Qaidə öz üzərinə götürmüşdü.

# 1205 dəfə oxunub

Müəllifin son yazıları

# # #