Bakıya yağış yağır - Günün şeiri

Bakıya yağış yağır - Günün şeiri
28 avqust 2023
# 11:57

Bu gün şair Narıngül Nadirin doğum günüdür. Kulis.az bu münasibətlə şairi təbrik edir və onun "Bakıya yağış yağır" şeirini təqdim edir .

Göy qəzəbli qarıdır,
Çadrasını bağlayır.
Küçədəki reklamda,
Çılpaq gözəl ağlayır
Bakıya yağış yağır.

Köhnə çəkmə tayını,
Sular alıb aparır.
Əyripapaq damların,
Örtüyü qaval çalır
Bakıya yağış yağır.

Bədəni islaq qadın,
Sanki bir ikonadır.
Tindəki şorgöz kişi,
Boylanır fağır-fağır
Bakıya yağış yağır.

Ayaqyalın dilənçi,
Suları şappıldadır.
Döş cibindən çıxarıb,
Xəlvət pulunu sayır
Bakıya yağış yağır.

Ucuz, isti kafelər,
Qazan kimi qaynayır.
İslaq pişik qapıda.
Şansını cırmaqlayır.
Bakıya yağış yağır.

Bir qadın suya girən,
Uşağını danlayır.
Əvvəl qadın qışqırır,
Sonra uşaq ağlayır
Bakıya yağış yağır.

Uzunqıç göydələnlər,
Hamıdan tez islanır.
Şəhər kirini tökür,
Yuyunur, hamamlanır
Bakıya yağış yağır

# 1728 dəfə oxunub

Müəllifin son yazıları

# # #