Bakıda “Müasir musiqi günləri” festivalı keçirilir

Bakıda “Müasir musiqi günləri” festivalı keçirilir
22 may 2023
# 18:33

Bakıda Elm və Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə ilk “Müasir musiqi günləri” festivalı keçirilir.

Kulis.az xəbər verir ki, festivalın məqsədi müasir Azərbaycan bəstəkarları ilə Avropa və Amerika bəstəkarlıq məktəbləri arasında qarşılıqlı əlaqələr mövzusunu işıqlandırmaqdır.

Qeyd edək ki, mayın 21-də festivalın Beynəlxalq Muğam Mərkəzində konsert proqramı ilə açılışı olub.

Konsertdən əvvəl çıxış edən Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdir müavini Sara Timurova qeyd edib ki, beş il bundan əvvəl hamımız sosial şəbəkə vasitəsilə bu cümlələri ürəyimiz sızlaya-sızlaya oxuduq: “2018-ci ilin 12-14 aprel tarixlərinə nəzərdə tutulmuş növbəti Qara Qarayev adına Beynəlxalq Müasir Musiqi Festivalı keçirilməyəcək”. Bu cümlələri yazan dahi Qara Qarayevin oğlu, Azərbaycanın Xalq artisti, bəstəkar, bu festivalın bədii rəhbəri Fərəc Qarayev idi. Onun Q.Qarayevin 100-cü ildönümünə həsr olunmuş festivalın təxirə salınması haqqındakı müraciətində məyusluqla yanaşı bir ümid də vardı. Bu ümidi doğruldanlar isə dahi bəstəkarın anadan olmasının 105-ci ildönümündə “Müasir musiqi günləri” festivalını təsis edənlər oldu: “Bütün dünyada, o cümlədən ölkəmizdə məhz bu gün yazılan musiqinin ifasına böyük ehtiyac duyulur. Bu festivalın məqsədlərindən biri də elə budur. Düşünürük ki, festival Azərbaycanda müasir bəstəkarlıq məktəbinin bir platformasına çevrilə bilər”.

Bildirilib ki, festivalda yerli musiqiçilərlə yanaşı, İsveçrə, Macarıstan, Almaniya, Fransa, Rusiya və Qazaxıstandan da ifaçıların da iştirakı nəzərdə tutulur. Onların arasında Avital Cohen (fleyta), Daniel Veissberq (bəstəkar), Szilard Benes (klarnet), Qleb Xoxlov (violin), Aleksandr Xubeyev (bəstəkar), Yulia Miqunova (violonçel), Andrey Yurgenson (klarnet) da var.

Eyni zamanda tanınmış macar bəstəkar György Ligetinin (1923-2006) 100 illiyinə təsadüf edən festivalın proqramı ölkəmizdə ilk dəfə ifa olunacaq əsərlərlə zəngindir. Musiqisevərlər festival çərçivəsində G.Ligeti, G.Scelsi, K.Stockhausen, M.Feldman, B.Furrer, S.Qəni, P.Dusapin, H.Holliger, J.Cage, T.İbişov, A.Sısoyev, T.Qasımzadə, D.Veissberq, A.Qəmbərli kimi bəstəkarların əsərlərini dinləmək imkanı qazanacaqlar. Qeyd edilib ki, layihəyə mayın 25-də Nizami Kino Mərkəzində “Ligeti: portret” filminin nümayişi ilə yekun vurulacaq.

Tədbir konsert proqramı ilə davam edib.

Konsertdə Qleb Xoxlov, Nadir Zeynalov, Ümid Mustafazadə, Fatimə Nəsirli (hamısı violin), Rəna Rəhimova, Üzeyir Mahmudbəyli (hər ikisi viola), Yulia Miqunova, Ərol Rzayev (hər ikisi violonçel), Zakir Əsədov, Rəna Fərhadova (hər ikisi piano), Szilard Benes və Andrey Jurgenssohn (hər ikisi klarnet) çıxış ediblər.

Proqramda yerli bəstəkarlardan Tahir İbişovun “Simli kvartet”, Səid Qəninin “Kaleydoskop silsiləsindən prelüd”, xarici bəstəkarlardan Janis Petraşkeviçsin “Mətn və əlifba”, Beat Furrerin “Lied”, Salvatore Sciarrinonun “Let me die before i wake” və Georg Friedrich Haasın “2 nömrəli simli kvartet” əsərləri ifa edilib.

Xatırladaq ki, “Müasir musiqi günləri” Azərbaycanda konsert-ifaçılıq fəaliyyətindən əlavə, müasir musiqi maarifçiliyi və təhsilinə hesablanmış festivaldır. Layihə çərçivəsində ustad dərsləri, məşğələlər, mühazirələr də təşkil olunacaq.

# 900 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #