Bakıda Beynəlxalq Bakı Yay Caz Günləri keçiriləcək

Bakıda Beynəlxalq Bakı Yay Caz Günləri keçiriləcək
20 iyun 2023
# 16:20

İyulun 3-dən 7-dək Bakıda Beynəlxalq Bakı Yay Caz Günləri keçiriləcək.

Kulis.az xəbər verir ki, “Premier LTD” agentliyinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən caz günləri bu il Heydər Əliyev Mərkəzinin dəstəyi ilə baş tutur.

Artıq beşinci dəfədir ki, təşkil edilən festival qapalı məkanlarla yanaşı, açıq havada da keçirilir. Haqlı olaraq caz şəhəri sayılan Bakı da bu mənada istisna deyil. Konsertlərin bəziləri şəhərin açıq meydançalarında təşkil edilərək geniş auditoriya üçün əlçatan olur. Bu isə festivalın əsas məqsədinə - caz musiqisini daha geniş auditoriyaya təbliğ etməyə xidmət edir.

Digər illərdə olduğu kimi, bu il də caz günlərinin proqramı tamaşaçıları müxtəlif ölkələrdən gələn musiqiçilərin ifaları ilə sevindirəcək.

Festivalın açılışında - iyulun 3-də - Heydər Əliyev Mərkəzinin “Auditorium” zalında Türkiyənin məşhur gitaraçısı Önder Focan caz vokalçısı Meltem Ege ilə çıxış edəcək. Onların ifasını klassik musiqi konsertləri ilə tanınan Bakı Kamera Orkestri müşayiət edəcək. Bu dəfə orkestr fərqli ampluada təqdim edərək klassika və cazın bir-birinə uyğun janrlar olduğunu sübut edəcək.

Elə həmin gün festivalın əsas konsertlərindən biri baş tutacaq. Heydər Əliyev Mərkəzində pianoçu Elçin Şirinovun israilli həmkarları ilə çıxışı olacaq. Elçin Şirinov dörd il ərzində İsrailin tanınmış “Avişai Kohen trio”sunda çalışaraq dünyanın bir çox ölkələrində konsert proqramları ilə çıxış edib. İndi isə o, israilli musiqiçilərlə yeni layihə üzərində işləyir və onun doğma şəhərində nümayişini səbirsizliklə gözləyir.
Festivalın ulduzu və cazsevərlər üçün əsl hədiyyə isə musiqinin bu janrının korifeyi Kuinsi Consun komandasından olan, “Qremmi” mükafatı nominantı, məşhur caz pianoçusu Alfredo Rodrigezin trio ilə dünya turnesi çərçivəsində Bakıya gəlişi olacaq. Onların çıxışları festivalın ikinci gününə - iyulun 4-nə - təsadüf edir. Konsert Heydər Əliyev Mərkəzinin “Auditorium” zalında baş tutacaq.

Gürcüstanı Bakı caz günlərində pianoçu, aranjimançı, Berkli Musiqi Kollecinin professoru Giorgi Mikadze təmsil edəcək. İyulun 5-də o, Heydər Əliyev Mərkəzinin parkında Fransadan olan musiqiçilər Fransua Moten və Rafael Panniye ilə birgə tanınmış gürcü bəstəkarlarının caz improvizasiyalarını ifa edəcək.

Caz bayramının yekun akkordunu iyulun 7-də Oleq Lundstrem adına Caz Orkestri vuracaq. İlk dəfə 2019-cu ildə Bakıya gələn kollektiv o vaxtdan auditoriyamızın rəğbətini qazanıb və bu dəfə də yaradıcılığı ilə dinləyicilərini sevindirəcək. Konsert Heydər Əliyev Mərkəzinin parkında baş tutacaq.

Park ərazisindəki konsertlərə giriş sərbəstdir.

“Auditorium” zalındakı konsertlərin biletlərini isə şəhərin kassaları və iTicket.az saytından əldə etmək olar.

# 1325 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #