Bakı bizdən sıxılır, biz də Bakıdan... - Orxan Məmmədli

Bakı bizdən sıxılır, biz də Bakıdan... - Orxan Məmmədli
7 sentyabr 2024
# 13:25

Kulis.az Orxan Məmmədlinin yazısını təqdim edir.

Bu gün Şuşaya daha 27 ailə köçürülüb. Bundan əvvəl də işğaldan azad olunan rayonlarımıza xeyli ailə gedib. Cənab prezident İlham Əliyev 2023-cü il Şuşa Qlobal Media Forumunda demişdi ki, Qarabağa və Şərqi Zəngəzura yaxın 3 ildə 150 mindən çox insan köçürüləcək. Çox güman, statistika bir az da artacaq. Bu rəqəmin yəqin ki, əhəmiyyətli hissəsi Bakı və Abşeronun payına düşür.

Arada eşidirəm ki, köçürülən insanların bəziləri qapı-pəncərəni bağlayıb yenidən Bakıya qayıdır. Kimisə qınamaq fikrim yoxdur. İşini və həyat şəraitini anlayışla qarşılayıram. Amma...

Bakı yaşayış üçün çox dözülməz həddə gəlib. Mən Bakını çox sevirəm. Böyüdüyüm, öyündüyüm, əmgəyimin bərkidiyi şəhərdir. Bu sevgi və ehtiramıma rəğmən Bakıya bir girəndə sevinirsən, bir də çıxanda. Yollar bərbad. Hər yan toz-duman. Tıxacdan 45 kilometrlik şəhərin bu başından o başına 2 saata gedib çatırsan. İşə çatınca bir əsəbiləşirsən, evə çatınca ayrı stress yaşayırsan. İşdən çıxırsan, yarım saat keçir, baxırsan ki, hələ də işin yanındasan.

Dünən Xırdalana getmək üçün AYNA-nın və Azəravtoyol-un bilmədiyi marşrutla gizlin getmək istəyirdim ki, Xocasəndə tıxac məni yaxaladı.

Məktəblər açılır. Məktəbə və işə görə yayın əvvəlindən münasib kirayə ev axtarışındayam. Kirayə evlər o qədər bahalaşıb ki, məvacibin xeyli hissəsi ora gedir. Üstəgəl də komendant qiymətləri, makler faizləri. Kimin ağlına nə gəldi yükləyir vətəndaşa. Xırda-xırda kommunal qalxanda birtəhər özünü bilməməzliyə vurub yaşayırsan. Bu internetin qiymətini niyə qaldırdılar, başım çıxmır. Sürət həminki, xidmət onsuz da kafi. Biləsən ki, üstündə əlavə espressodan, amerikanodan verəcəklər, xub deyib keçərsən. Sözümün canı var.

Əziz qarabağlı dostlarımız və soydaşlarımız; işlə bağlı gedəndə ətraflı nəzər yetirmək olmur. Ötən ay sırf gəzməyə getmişdim. Allah Ali Baş Komandanı, ordumuzu qorusun, şəhidlərimizə rəhmət diləyirəm.

Şuşadan, Laçından, Xankəndidən doymaq olmur. Deyirlər hələ Kəlbəcərin, Hadrutun, Xocavəndin kəndlərinin bir ayrı gözəlliyi, sehrli səfası var. Getdiyiniz yerlərin ruzi-bərkətinə, perspektivinə inanın. Bakı bizdən sıxılır, biz Bakıdan.

Quşlar uçub, yağışlar da başlasaydı toz yatardı.

# 2056 dəfə oxunub

Müəllifin son yazıları

# # #