Azıxdan gələn səslər - Lətifə Talib

Azıxdan gələn səslər - Lətifə Talib
13 noyabr 2023
# 16:55

Kulis.az Lətifə Talibin "Azıxdan gələn səslər" hekayəsini təqdim edir.

Füzuli uğrunda gedən döyüşlərdə həlak olmuş
Göytəpə şəhidi Murad Səlifovun xatirəsinə

Aldığı xəbəri duyan kimi hərbi alaydan icazə alıb özünü xəstəxanaya güc-bəla çatdıra bildi. Həyəcandan nə dili söz tuta bilirdi, nə də əli bir iş. Təki yetişsin, təki sevdiyini bu dəqiqələrdə tək qoymasın. Gəlişi ilə bəlkə onun çəkdiyi ağrıları yüngülləşdirər, bəlkə təsəlli olar. Çatar-çatmaz anasının xəstəxana həyətində sevinclə ona tərəf şığıdığını gördü:
– Murad... nə yaxşı gəldin. Gözün aydın, oğlum, daha bir oğlun doğuldu. Ümidə qardaş gəldi, şükürlər olsun! – deyib oğlunu bağrına basdı. Muradın sevincdən əl-ayağı əsdi.
– Ana, Aygün özü necədi?
– Hər şey qaydasındadı, oğlum, ana da, uşaq da... maşallah.
– Nə gözəl paydı; iki oğul, Allah saxlasın, – yaxınları da onu təbrik etdilər. Murad rahat nəfəs aldı. Bircə Aygününü və yeni doğulmuş körpəsini, Yusifi ziyarət edib öz gözləriylə görsə, daha arxayın olacaqdı. Onların şəklini telefonuna köçürəcək, vaxt tapdıqca izləyəcəkdi. Axı o, yenə geriyə, alaya qayıtmalıydı. Sərhəd postunu nəzarətsiz qoya bilməzdi. Hərbiçi idi. Torpaqlarının keşiyində sərvaxt dayanan Vətən əsgəri. Bu onun müqəddəs amalı və vəzifə borcu idi. Tələsirdi, çox tələsirdi. Amma vaxt tapan kimi yenə ailəsinə baş çəkməyə gələcəkdi...

Qarabağın işğalından 30 il keçirdi. Torpaqlarımız əsarət zənciriylə buxovlanmışdı. Düşmən o müqəddəs qoçkeçməz, quşqonmaz qayalarımızda, meşələrimizdə göz görə-görə at oynadırdı.

Azıx da əsirlikdə idi. Sakinləri olan əcdadlarımızın ruhu ağrılı-ağrılı inləyirdi. Qurtulmaq istəyirdilər. Artıq xeyli zaman idi ki, Muradın qulaqlarına qəribə səslər gəlirdi. Azıxdan gəlirdi bu səslər...

Azərbaycanın başına gələn bütün müsibətlər Muradın doğulduğu illərin çiyninə yüklənmişdi. Dərdlər böyüyub artdıqca, Murad da burulğanlar içində bu dərdlərlə birgə böyüyürdü.

1990-cı illər idi. Qarabağın işğalını ana qucağında olarkən eşidir, süd əmərkən anlamasa da, körpə beyni bu hadisələrlə doyur, baş verənləri süngər kimi özünə çəkirdi. Böyüdükcə yer üzündə erməni deyilən şərəfsiz bir düşmənimizin mövcudluğunu da artıq bilirdi.

Murad onbirillik məktəbi bitirəndə nifrəti də öz yaşındaydı. Əsgərlik yaşına girərkən millətimizin sinəsinə çəkilən dağların, Xocalı soyqırımının, 20 Yanvar faciəsinin ağrısını Azərbaycanla birgə yaşamışdı. İgidliyi ölkə sərhədlərini aşan Mübarizin qəhrəmanlığını eşidib, onun nifrətindən də dadmışdı. Qəlbi şəhidlərimizə olan məhəbbəti qədər də qisas, intiqam alovu ilə dolmuşdu. Bu alovu söndürəcəkdi.

Artıq Azərbaycan əsgəriydi. Silahını gözü kimi qoruyur, piləyə-piləyə silir, əzizləyirdi. Əsgəri xidməti bitdikdən sonra evə qayıtmadı. Hərbi xidməti piyada qoşunlarının çevik qrupunda davam etdirdi. Ağır artilleriya qoşunlarına keçib özünə sadiq dost olaraq tankı seçdi. Çox sevirdi tankını. Gedəcəkdi düşmən üzərinə. Düşmən bölüklərini darmadağın edəcəkdi. Alacaqdı tankının altına o şərəfsizləri. O şərəfsizləri ki, qeyrətli oğullarımıza, yalınayaq körpələrimizə, saçları dağılmış qız-gəlinlərimizə, köməksiz qocalarımıza amansız işgəncələr vermiş, qətlə yetirmişdilər. Qoymayacaqdı qisası qiyamətə. Torpaqları geri almadan qayıtmayacaqdı. Fəryad edən Qarabağın qarış-qarış torpaqlarını, Şuşanın yaşıl yamaclı, sal qayalı dağlarını, Cəbrayılı, Xudafərini, Azıxı əsirlikdən qurtaracaqdı. Ona elə gəlirdi ki, Azıxdan qədim əcdadlarımızın səsi daha da yaxında eşidilir, Füzuli, Xocavənd 30 illik əsarətdən usanmış, zamanın yetişdiyini bildirib kömək gözləyir.

Baş çavuş idi artıq. Tabeliyində olan əsgərlərə necə mərhəmətli idisə, düşməninə qarşı da bir o qədər amansız idi. Sevdiyi qızla evlənmişdi, iki övladı vardı. Çox xoşbəxtdi, həyatından məmnun idi. Amma tutduğu vəzifənin məsuliyyətini və məqsədini də çox gözəl bilirdi. Bilirdi ki, yaşadığı hər anın, hər saatın, hər günün arxasında ya qalibiyyət var, ya da şəhadət.

Sevincinin həddi-hüdudu yox idi. Artilleriyaçılar arasında müsabiqənin qalibi olmuşdu. Bu şad xəbəri ilk olaraq ailəsiylə bölüşdü.

Həyat yoldaşı Aygünün dedikləri:
– Səsi əsirdi Muradın danışarkən, necə sevinirdi öz uğuruna, biz də sevinib təbrik etdik.

2020-ci il, 12 iyul. Tovuz təxribatı. Polad Həşimovun və onun silahdaşlarının qətli hiddətləndirmişdi Muradı.

Anasının dedikləri:
– Təxribat törədildiyini eşidəndə öz-özümə dedim: Muradım dayanmaz, dözməz bu xəyanətə, aman verməz düşmənə.

2020-ci il, 27 sentyabr. Ali Baş Komandanın əmriylə İkinci Qarabağ müharibəsi artıq başlamışdı. Murad və bütün gənclər silaha sarılaraq, "Dəmir yumruq" əməliyyatına qoşuldu və cəbhəyə yollandılar. Torpaqlarımız bir-birinin ardınca alınır, bayraqlarımız yüksəkliklərə sancılırdı. Füzuli uğrunda gərgin döyüşlər gedirdi. Murad tankıyla ön cəbhədə döyüşür, düşmənə qan uddururdu.

Atasının dedikləri:
– Ağır döyüşlər getməsinə baxmayaraq, yaralı yoldaşlarını döyüş meydanından çiynində daşıyaraq təhlükəsiz mövqelərə gətirir, hər iki ayaqlarından bir neçə yara alsa da, hospitalda qalmır. Yarasını bağlatdırıb yenə döyüşə qayıdır... mənim oğlum.

Döyüş zamanı Muradın tankı vurulur. O, piyada döyüşməli olur. Yenə Azıxdan gələn səsləri eşidir, qədim əcdadlarımızın səslərini. Yarasının qanı axsa da, əhəmiyyət vermir, sarğısını özü dəyişib döyüşü davam etdirir, yaralı yoldaşlarını təhlükəsiz mövqelərə daşıyır, yenə özünü ön cəbhələrə ataraq döyüşçü dostlarını ruhlandırır.

Sağ qalmış silahdaşının dedikləri:
– Şəhid olduğu gün silahını qaldırıb hamımıza əmr verdi ki, bu gün son damla qanımızadək vuruşacaq, bu döyüşü qazanacağıq. Haydı, irəli, qardaşlarım! Torpaqlarımız düşmən tapdağındadırsa, yaşamaq bizə haramdır! Bu gün biz bu döyüşdə ya öləcək, ya qalib gələcəyik, düşmənə aman verməyəcəyik.

Səhərdir. Sısqa yağış yağır, arabir güclənir. Hər tərəf sakitlikdir. Sanki müharibə getmir. Bu gözəl yurdun yaraşığı olan vəhşi heyvanlar gözə dəymir, quşlar da oxumurdular. Atışma səsindənmi, ya əsarətdə olduqlarınımı anlamışdılar, tərk etmişdilər öz məskənlərini.

Murad iri bir daşın üzərində oturub fikrə dalmışdı. Hərbə ilk gəlişini, arzularını, müharibəni, şəhid olmuş dostlarını yad edib kədərləndi, göz yaşı gilə-gilə yanaqlarına süzüldü. Bir anlıq doğulub-böyüdüyü Göytəpə üçün, ailəsi üçün darıxdı, evinə zəng vurdu. Əvvəlcə sevgili Aygünüylə danışdı. Səsi kədərli idi. Ona özündən və uşaqlardan muğayat olmasını tapşırdıqdan sonra övladları və ata-anasıyla da danışıb, xeyli hal-əhval tutdu.

Anasının dedikləri:
– Sanki bizimlə vidalaşırdı. Mənə təsəlli verib "hər şey yaxşı olacaq, ana, narahat olma", – dedi. Ailəsini, övladlarını bizə əmanət edib sağollaşdı. Hiss edirdi şəhid olacağını.

Partlayış səsi sakitliyi pozdu. Atışma başlamışdı. Bölük komandiri minomyot zərbəsinə tuş gəlib torpaq qalaqlarının altında qalmışdı. Murad onu xilas etmək üçün oraya atıldı.
– Cənab baş çavuşşş! Ehtiyatlı oluuun! – deyə döyüş yoldaşlarının bağırtısı ilə ikinci partlayışın səsi eyni anda bir-birinə qarışdı. Minomyotun gurultusu döyüşçülərin səsini batırdı. Sanki yer yerindən oynadı, torpaq qalaq-qalaq Muradın üzərinə səpələndi. Uğrunda vuruşduğu, bir ovucunu, bir qarışını belə düşməninə qıymadığı torpaq. Bu, onun şəhadət məqamıydı. Gözləri ata-anasını, iki övladını, yolunu gözləyən gözəl sevdiyini, yanmış tankını axtardı... çox dərin idi torpağın altı, həyatla əlaqəsi kəsilmişdi, qaranlıq idi... Azıxdan əcdadlarımızın ona əl edib "afərin" dediyini eşidib gülümsəyir Murad son nəfəsində.

Uşaqlıq rəfiqəm idi Bacıxanım, – həm qonşum, həm məktəb yoldaşım. Şirin təbəssümü məsum üzünü bəzəyərdi. Açıq-qonur gözləri gülərkən qıyılardı və bu gülüş onun qəlbinin su kimi saflığını üzünə çarpdırardı. Zəhmətkeş, işgüzar qız idi mənim rəfiqəm. Nə yayın istisindən, nə də qışın soyuğundan qorxardı. Günəşdən yanmış dərisi bürünc kimi parlardı.

Həyatı asan olmadı. Taleyi ona sərt üzünü göstərib ağlatdıqca ağlatdı. Heç zaman şikayətlənmədi, – nə Tanrısına, nə taleyinə, nə də bir kimsəyə. Bəzən insanlar İlahi tərəfindən seçilir deyərlər, eynilə şəhid anaları və şəhidlər kimi. O da seçilmişdi. Şəhid anası yüksəkliyinə, müqəddəsliyinə. Muradın anası idi. Yaraşıqlı boyuna doymadan tamaşa etdiyi oğlu Murad Nəbi oğlu Səlifovun. Döyüşdə göstərdiyi igidliyindən danışırdı hamı. Tanıyanları, sevənləri axın-axın onun ziyarətinə gəlirdilər.

Atasının dedikləri:
– Xidmət etdiyi hər bölükdə elə hörmət, elə sevgi qazanmışdı ki, eşidən hər kəs axışıb onun dəfninə gəlirdi. O, ancaq vətənçün doğulmuşdu, vətən yolunda da şəhid oldu.

Bu xəbəri eşidib hamı kimi, mən də onları ziyarətə getdim. Həyətdə böyük izdiham var idi. Muradı elə indicə iftixarla dəfn edib, müqəddəs bayrağımızı atasına təqdim etmişdilər. Cəld yuxarı qalxıb anasına, rəfiqəmə başsağlığı verməyə tələsdim. Qarşılaşdığım mənzərəyə heyrət etdim ...mən bu dəyanəti ancaq öz analarımızda, qadınlarımızda gördüm. Necə belə mətanətli dura bilirdi. O, oğlunun necə vətənsevər olduğundan danışırdı; oğlunun düşmənə olan amansızlığından danışırdı; onun ön sıralara, ən amansız döyüşlərə atıldığından danışırdı. Öz döyüşçü yoldaşlarını, komandirini xilas edərək şəhid olmasından danışırdı; qürurla, fəxrlə, yorulmadan danışırdı. Ciyəri yansa da, paralansa da, göz yaşlarını qəlbinə axıdırdı.
Rəfiqəmin boynunu qucaqladım, onu təsəlli edə biləcək söz tapa bilmədim. O, qulağıma plçıldadı:
– Ürəyim yanır, bacı, amma səsimi çıxara bilmirəm, digər analar eşidər... olmaz, axı onların da balası bu torpağa fəda olub. Mən möhkəm durmasam, o analar, Muradın yadigarları – Aygünüm, nəvələrim də bacarmaz.

Bu yerdə də özünü deyil, başqalarını düşünən ləyaqətli Şəhid anası. Muradı dünyaya gətirən vətənimin şərəfli qadını. Ciyərparəsi üçün doyunca ağlamağı belə özünə çox görən rəfiqəm.

Mən qan ağlayan ürəyimi necə ovudum? Hıçqırıqlarıma, göz yaşlarıma hakim ola bilmirdim. Muradın şəklinə baxdım. Nur saçırdı üzü, bütün şəhidlərimizin üzü kimi. Düşmənindən qisas almış bir cüt mərd baxış. O baxışın eynisi olan daha iki cüt göz, iki ürək: Ümid və Yusif. "Ata nə zaman gələcək?" – deyə hey soruşan bu uşaqlar, bir ömür atasız böyüyəcək, ata həsrəti çəkəcəklər... fəxrlə, qürurla yaşayaraq. Atasının adını daşıyan bulağa, ziyarətgaha çevrilən otağına gələcək, onun döyüş medallarına, əşyalarına toxunub qürur duyacaq, şəklini öpəcəklər. Beləcə, bütün Azərbaycanın sevimlisi olaraq böyüyəcək bu iki övlad...

Murad qələbəmizi, azad olmuş torpaqlarımızı, azad Şuşanı görə bilmədi. O bu torpaqlarda gəzə bilməsə də, onun və bütün şəhidlərimizin ruhları buralardadır və şaddır. Uğrunda şəhid olduğu Füzuli, Cəbrayıl torpağı öz müstəqilliyinə qovuşmuş, Azıx da uzun əsarətdən qurtulmuşdu. Şuşamız da azaddır. İndi muğamımız dolaşır Şuşa dağlarını, səs salır ucsuz-bucaqsız yaylalara, Azıxdan gələn səslərə qarışaraq dolaşır azad Qarabağımızı...


Lətifə Talib. İyul, 2022

# 1179 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #