Azərbaycanda yeni filmlər çəkildi

Azərbaycanda yeni filmlər çəkildi
20 dekabr 2021
# 12:45

Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” studiyasında 2010-cu ildən vətənpərvərlik mövzusunda Birinci Qarabağ müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda həlak olmuş Azərbaycanın Milli qəhrəmanları haqqında 40-dan çox sənədli film çəkilib, 10 filmin çəkilişi isə bu il başa çatdırılaraq təhvil verilib.

Kulis.az xəbər verir ki, bu ekran əsərinin paytaxtda və bölgələrdəki mədəniyyət ocaqlarında, hərbi hissə və hərbi məktəblərdə, ali və orta ümumtəhsil məktəblərində, kino mərkəzlərində nümayişləri təşkil olunub.

Bu il çəkilişləri tamamlanan “Hər şey yaxşı olacaq” filmi Milli Qəhrəman Çingiz Qurbanova həsr olunub. Filmin adı Çingiz Qurbanovun ailəsi ilə vidalaşarkən söylədiyi fikirdən götürülüb. Filmin çəkilişləri Çingiz Qurbanovun boya-başa çatdığı Qusar rayonunda, Bakıda və Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində aparılıb. Film müşahidə janrında çəkilib. Filmdə Çingizin ata-anası, qardaşı, müəllimləri, sinif yoldaşları, məhəllə dostlarının onun haqqında qürurverici, xoş xatirələri yer alır. Filmdə qəhrəmanın şəxsi arxivindən və kinoxronikadan da istifadə olunub. Ekran əsərinin ssenari müəllifi və rejissoru Kamran Qasımov, operatoru Mirzə Ələkbərov, icraçı prodüseri Azad Axundov, prodüseri Nazim Hüseynovdur.

“Torpağına baş əyərəm” sənədli filmi Azərbaycanın Milli Qəhrəmanı Fikrət Hacıyevə həsr olunub. Filmin ssenari müəllifi və rejissoru Aydan Əhmədovadır.

“Oğuz elinin qəhrəmanı” filmi Milli Qəhrəman Rafiq Alıcanov (1965-1993) haqqındadır. Rafiq Alıcanov zabit kimi Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Kəlbəcər, Ağdam, Tərtər, Füzuli, Zəngilanda və Naxçıvanda döyüşlərdə iştirak edib, qəhrəmanlıqlar göstərib. Filmin çəkilişləri Milli Qəhrəmanın doğulduğu Qazax rayonunda və Bakıda aparılıb. Filmin ssenari müəllifi və rejissoru Kəmalə Musazadə, operatoru Rüfət Süleymanov, icraçı prodüseri Azad Axundov, prodüseri Nazim Hüseynovdur.

“Oğlumun gündəliyi” Milli Qəhrəman Cəlil Səfərova həsr olunub. Filmin ssenari müəllifi və rejissoru Elnaz Əblucdur.

“Poladın iziylə” Milli Qəhrəman Polad Həşimova həsr olunub. Filmin ssenari müəllifi və rejissoru Zamin Məmmədovdur.

“Artilleriyanın atası” sənədli filmi də “Azərbaycanın Milli qəhrəmanları” silsiləsindən olan sənədli filmlərdəndir. Film Milli Qəhrəman İlqar Mirzəyevə həsr olunub. Filmin ssenari müəllifi və rejissor Kəmalə Musazadədir.

“Hər şey müharibə ilə qurtardı” sənədli filmi isə Milli Qəhrəman Qasım Rzayevə həsr olunub. Filmin ssenari müəllifi və rejissoru Namiq Qurbanovdur.

“Salnaməfilm” studiyasının çəkdiyi növbəti sənədli film “Bizim komandir” adlanır. Ekran əsəri Azərbaycanın Milli Qəhrəmanı Sahil Məmmədov haqqındadır. Filmdə Birinci Qarabağ müharibəsinin iştirakçılarından örnək, nümunə götürən qalib ordunun əsgərlərinin döyüşə hazırlıqlarından, Zəfər paradından götürülmüş fraqmentlərdən istifadə olunub. Filmin ssenari müəllifi və rejissoru Namiq Ağayev, operatoru Rüfət Süleymanov, icraçı prodüseri Kamil Məmmədov, prodüseri Nazim Hüseynovdur.

“Vətənin sipəri, mərdin təpəri” filmi isə Milli Qəhrəman Fərhad Hümbətova həsr olunub. Filmin ssenari müəllifi Rəfiqə Məsud, rejissoru Elşən Zeynallıdır.

“Yarıda Qalan uçuş” adlı sonuncu film Milli Qəhrəman Hikmət Muradova həsr olunub. Filmin ssenari müəllifi və rejissoru Yavər Rzayevdir.

Bundan əlavə 2021-ci il üzrə “Salnaməfilm” studiyasında müxtəlif mövzulara müraciət olunub.

Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyasının birgə istehsalı olan 2020-ci ildə Qarabağda gedən 44 günlük savaşa həsr olunmuş “Şuşa, sən azadsan!” sənədli filmi istehsalata buraxılıb və təhvil verilib. Film noyabrın 5-də Heydər Əliyev Sarayında nümayış olunub. Filmin ssenari müəllifi Rasim İsmayılov, rejissoru Cavidan Şərifovdur.

“O, Xarqo idi” ekran əsəri Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Azərbaycan xalqının cəsur övladı Əhmədiyyə Cəbrayılovun anadan olmasının 100-cü ildönümünə həsr olunub. Filmin ssenari müəllifləri Şahin Sinaria, rejissoru Tahir Tahiroviçdir.

“Aşıq Ələsgər 200” filmi Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Azərbaycan aşıq poeziyasını zirvələrə yüksəltmiş el sənətkarı Aşıq Ələsgərin anadan olmasının 200-cü ildönümünə həsr olunub. Filmin ssenari müəllifi Füzuli Sabiroğlu (Elyazov), rejissoru Nizami Abbasdır.

“Həyatın ilmələri” Azərbaycan xalça sənətinin inkişafında, bu dəyərli irsin gələcək nəsillərə ötürülməsində müstəsna rolu olan Əməkdar mədəniyyət işçisi Zəhra Əliyevanın təkrarsız yaradıcılıq yolu haqqındadır. Ssenari müəllifi Şirin Məlikova, rejissoru Mübariz Nağıyevdir.

“Salnaməfilm”studiyası “Lennauçfilm” kinostudiyası ilə uzun illərdir ki, müştərək sənədli filmlər istehsal edir və növbəti “Ulduzların keşikçisi” elmi-kütləvi sənədli filmin istehsalını başa çatdırıb. Filmin çəkilişləri Rusiya Astronomiya Rəsədxanası, Batabat Astrofizika Rəsədxanası və Şamaxı Rəsədxanasında aparılıb. Filmin ssenari müəllifləri Anton Smirnov, Aleksandr Pronin, rejissorlar Anton Smirnov, Valriy İvanovdur.

Azərbaycan xalqının ləyaqətli oğlu, görkəmli neftçi, Tümen neftini ilk kəşf edənlərdən biri Fərman Salmanova həsr olunan “Mən neft tapdım. Salmanov” adlı sənədli filmi də artıq istehsalata buraxılıb. Filmin çəkilişləri Bakıda, onun doğulduğu Şəmkirdə, son çəkilişləri isə Rusiyanın Moskva, Surqut, Neftyuqansk şəhərlərində aparılıb. Filmin ssenari müəllifi Ramiz Fətəliyev, rejissoru Hüseyn Cavadovdur.

Qeyd edək ki, “Salnaməfilm” studiyasında “Qarabağ futbol klubu” adlı tammetrajlı 4 seriyalı sənədli filmin istehsalına başlanılıb. Filmdə arxiv materiallarına istinad olaraq Qarabağ futbol klubunun yaranması, Bakıda fəaliyyəti və dünya futbol komandaları ilə bir arenada oyunları ilə bağlı çəkilişlərin aparılması planlaşdırılıb. Filmin ssenari müəllifi İsmayıl Səfərəli, rejissoru Fuad Quliyevdir.

# 1336 dəfə oxunub

Müəllifin son yazıları

# # #