Azərbaycan yazıçı və şairləri ön cəbhədə - AYB-nin təbrik məktubu

Azərbaycan yazıçı və şairləri ön cəbhədə - AYB-nin təbrik məktubu
21 sentyabr 2023
# 14:16

Kulis.az AYB-nin uğurlu lokal anti-terror əməliyyatı ilə bağlı təbrikini təqdim edir.

Sentyabrın 19-da Xocavənd rayonunda erməni quldurların törətdikləri və xalqımızın yenə də şəhidlər verdiyi növbəti qanlı terror aktı, hər bir vətənpərvər soydaşımız kimi, Azərbaycan yazıçılarının da dərin hiddət və qəzəbinə səbəb oldu. Ona görə də bu amansız terror əməlinin ardınca Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin əmri ilə başlanan lokal antiterror tədbirlərini yekdilliklə, ürəkdən dəstəklədik. Dövlət suverenliyimizin bütün ərazilərimizdə təmin olunması ilə nəticələnən bu tədbirlərin Azərbaycana torpaqlarımızın tamamını əhatə edən dayanıqlı sülh və əmin-amanlıq, dinc birgəyaşayış şəraiti gətirəcəyinə böyük ümid və inam bəsləyirik.

Şovinist ermənilərin və onların çoxsaylı havadarlarının doğma Qarabağımızda qanlı münaqişə ocağı qaladıqları ilk günlərdən Azərbaycan yazıçıları hər zaman xalqımızın ədalətli mübarizəsinin ön sıralarında qətiyyətlə yer almışdılar. 1988-ci ildə hələ münaqişənin qığılcımları yeni ortaya çıxarkən vətənimizə qarşı haqsız ərazi iddialarına, xalqımıza atılan böhtanlara qarşı ilk kəskin reaksiyanı, tutarlı cavabları məhz Azərbaycan Yazıçılar Birliyi vermişdi. Azərbaycanın görkəmli ədibləri, istedadlı, vətənpərvər qələm sahibləri istər respublika, istərsə də keçmiş İttifaq və dünya miqyasında milli maraqlarımızı fəal şəkildə qoruyur, vətənimizin təəssübünü layiqincə çəkirdilər. Onlar ən müxtəlif tribunalardan Azərbaycanın haqq səsini ucaldaraq erməni şovinizminin çirkin iç üzünü açıb ifşa edir, onların məkrli planlarını pozmağa çalışırdılar.

Xalqımızın tarixində ən çətin, ağır məqamlardan olan 1990-cı ilin 20 Yanvar qırğını zamanı da faciənin gerçək miqyası, səbəbləri, xalqımıza qarşı amansız işğal zülmü barədə bütün dünyanın məlumatlandırılmasında, bu dəhşətli cinayətə sərt etirazlar bildirilməsində də Azərbaycan yazıçılarının müstəsna rolu oldu.

1-ci Qarabağ müharibəsində Azərbaycan yazıçı və şairləri təkcə qələmləri ilə savaşmadılar, onların övladları döyüşlərə atılıb canlarını vətən uğrunda qurban verərək şəhid oldular.
Atəşkəs illərində ədəbiyyat xadimlərimiz xalqımızın müvəqqəti məğlubiyyətdən məyusluğa qapılmasına imkan verməmək, yeni nəsillərə mübarizə ruhu aşılamaq üçün dəyərli əsərlər yazdılar. Onları yaratdıqları şeirlər, mahnı mətnləri, poemalar, hekayə, povest və romanlar şəhidlərimizin ruhuna dərin ehtiramın, xalqımızın bu haqq savaşnda qalib gələcəyinə qəti inamın təsirli ifadəsinə çevrildi.

2-ci Qarabağ savaşında - 44 günlük Vətən Müharibəmizdə də Azərbaycan yazıçı və şairləri həm ön cəbhədə, həm də arxa cəbhədə, söz-təbliğat səngərində mühüm fəallıq və fədakarlıq göstərdilər. 8 Noyabr zəfərimizin ölçüyəgəlməz sevinci Azərbaycan Yazıçılar Birliyinin nəşr etdirdiyi kitablarda, antologiyalarda, yazıçı və şairlərimizin uğurla həyata keçirdikləri ədəbi tədbirlərdə, yaradıcılıq layihələrində parlaq təzahürünü tapdı. Şübhəsiz ki, qarşıdakı illərdə bu mövzu Azərbaycan ədiblərinin yaradıcılığında özünün yeni bədii təsvir və tərənnüm nümunələrini tapacaqdır.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, artıq dövlətimizin suverenliyi bütün ərazilərimizdə tam bərpa olunmuş və ölkəmiz uğurlu inkişafının yeni mühüm mərhələsinə qədəm qoymuşdur. Azərbaycan Yazıçılar Birliyi, başda möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev olmaqla, əziz xalqımızı və qüdrətli dövlətimizi bu yeni mərhələ münasibətilə ürəkdən təbrik edir, şəhidlərimizi dərin ehtiramla anaraq onlara Allahdan rəhmət, qazilərimizə şəfalar diləyir. Əminliklə bəyan edirik ki, dövlətimizin başçısının müdrik rəhbərliyi altında əzmkar xalqımızın növbəti uğurlara imza atacağına qəlbən inandığımız bu taleyüklü mərhələdə də Azərbaycan yazıçıları öz sözünü layiqincə deyəcək, vətənimizin davamlı tərəqqisinə məxsusi töhfələr verəcəklər.

Azərbaycan Yazıçılar Birliyi

# 1065 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #