Azərbaycan Milli Teatrının banisi kimdir? – Araşdırma ( I hissə)

Azərbaycan Milli Teatrının banisi kimdir? – Araşdırma ( I hissə)
11 may 2022
# 16:20

Kulis.az Aslan Sultanovun “Azərbaycan Milli Teatrının banisi kimdir?” araşdırmasının 1-ci hissəsini təqdim edir.

XX yüz il bəşər tarixinə ictimai təlatümlər-inqlablar,dünya müharibələri, sosializmin bir cəmiyyət olaraq yaranışı, tarixi baxımdan böyük olmayan zaman kəsiyində dünyanın yarıdan çoxunun bu siyasi sistem tərəfindən işğalı və sonradan məhfi əsri kimi daxil oldu.

Azərbaycan Respublikası da məhz bu əsrdə 23 aylıq müstəqilliyini əldə edib, itirdi və 71 ildən sonra yenidən baxımsızlığı bərpa olundu.

Sovetlər birliyinin məhvi, onun tərkibində olub müstəqillik əldə etmiş ölkələrə, o cümlədən Azərbaycana imperiyanın siyası və ideoloji dəyərlərindən, irsindən imtina etmək, özünün əsrlərcə formalaşmış milli təfəkkürünə uyğun mənəvi dəyərlərə qayıtmaq imkanı verdi. Bu, xüsusilə mədəniyyət və incəsənətə aid idi. Bizcə, 1991-ci ildən - müstəqilliyin bərpasından sonra, Azərbaycanda milli mədəniyyətin ikinci intibahının başlanılması, əsaslarının bərpası üçün tarix və nəzəriyyəsinin yeni modeli işlənilməli, bu sahədə sovetlər dövründə sosialist realizmi metodologiyası ilə yaradılmış mənəvi irs, artıq yaşanmış tarixə, ötən illərə sağlam münasibət əsasında araşdırılmalı, mütərəqqilərdən istifadə edilməli, lazımsızlar isə dövrün məhsulu olaraq, gələcək nəsillərə göstərilmək üçün, tarixin arxivinə verilməli idi.

Lakin təəssüf ki, bu gün arxaya nəzər salaraq deyə bilərik ki, artıq müstəqilliyin əldə edildiyi dövrdən ötən üç on illik ərzində nailiyyətlər olsa da, milli təfəkkürə və özəlliyə bağlı mədəniyyət sahələrində, demək olar ki, əsaslı işlər tam görülməmiş, bir sıra janrlarda ənənəvi sovet ideologiyası və sosialist realizmi metodologiyasının nəzəri müddəalarına uyğun fəaliyyət davam etdirilmişdir. Halbuki, milli mədəniyyətin bütün sahələrində yüzilliklər boyu formalaşmış, xarici təzyiq altında unudulmağa təşviq edilmiş ənənə və janrlara qayıtmaq, burada Şərq mədəniyyətinin poetikası - inkişaf qanunauyğunluqlarına əsaslanan tamamilə yeni bir elmi – nəzəri modelin yaranması zamanın sosial sifarişi olmaqla yanaşı, cəmiyyət və xalq üçün vacib olan bir sanş idi.

Qeyd etmək lazımdır ki, bunun üçün uzun illər xalqın seçilmiş nümayəndələri olan müdrik ustad sənətkarlar tərəfindən yaradılmış, XIX əsrin sonu – XX yüzillik ərzində Qərb mədəniyyətinin təsiri altında gündəlik həyatdan və yaddaşlardan silinmiş mütərəqqi ənənələrə qayıtmaq, yeni şəraitə uyğun olaraq onları bərpa etmək lazım idi. Məlum olduğu kimi, sovetlərin müstəmləkəçilik siyasəti imperiyaya daxil olan “müstəqil” respublikalarda, xüsusilə mütərəqqi mədəni irsə malik Şərq ölkələrində sənət nümunələrilə zəngin olan qədim milli incəsənəti inkar edirdi.

Partiya nomenklaturası və sovet ideologiyasına fədakarlıqla xidmət edən “milli ziyalılar qrupu” xalqda milli mədəniyyətinə qarşı nifrət hissi tərbiyə edir, heç bir elmi və yaradıcı əsası olmayan məzmunca kommunist, formaca beynəlmiləl mədəniyyət və incəsənət “yaradırdılar”. Eyni zamanda rus mədəniyyətini yeganə mənəvi dəyər kimi təbliğ edərək göstərirdilər ki, ancaq bu mədəniyyətin nümunələri öyrənilməyə və təqlid olunmağa layiqdir.

Sovet dövründə dövlət aparatının nəzarəti və gündəlik təzyiqi nəticəsində, milli mədəniyyət sahəsində geniş araşdırmaların aparılmaması, sənətşünas və tədqiqatçılarda burada faktoloji materialın qıtlığı fikrini formalaşdırmış, milli mədəniyyətin bütünlükdə inkişaf yolu, özünəməxsus bənzərsiz təbiəti, xüsusiyyətləri barədə söz deməyi, onu millətin özünütanıtımı, kimlik və tarixinin öyrənilməsi baxımından tədqiqat obyektinə çevrilməsini çətinləşdirmişdir. Təbiidir ki, tarixini bilməyən, milli kimliyini tanımayan xalq köksüz ağac kimi torpaqda dura bilməz.

Halbuki, Azərbaycan mədəniyyəti Şərq mədəniyyətinin ayrılmaz tərkib hissəsi kimi əsrlər boyu formalaşmış təkrarsız mütərəqqi ənənələri, incəsənətinin özəllikləri ilə həmişə seçilmiş, sovetlər hakimiyyətinə qədərki uğurları xarici araşdırmaçılar, görkəmli şərqşünaslar tərəfindən xüsusi qeyd edilmişdir.

Azərbaycanın elmi adlara və bu sahədə nüfuza malik tədqiqatçılarının 100% - nin də bir mənalı qeyd etdikləri kimi, Azərbaycan milli mədəniyyəti Qərb - Avropa mədəniyyəti nümunələrindən fərqli olaraq, həmişə bədahətçiliyə (el arasında həm də “sinədən”, “döşdəndedi”, “qurama”, “bəstələmə” və i.a.) əsaslanmışdır. Bu xüsusiyyət onun poetikası - inkişaf qanunauyğunluqları ilə bağlıdır.

Bizcə, Qərb mədəniyyətinin janrlarına xas olan yaradıcılıq prosesi ilə Şərq mədəniyyətinə xas olan yaradıcılıq prosesi arasında əsaslı fərq budur. Bunu mədəniyyətin milli qanunauyğunluğu da adlandırmaq olar.

Qərbdə bəstəkar öz əsərini nota keçirməklə, yazıçı öz əsərini yazıya köçürməklə yaradıcılıq prosesinə son qoymuş olur. Şərq yaradıcılığında isə belə deyil. Azərbaycan mədəniyyətində, yaradıcılığında ən əsas xüsusiyyətlərdən biri, bu sənətin əsas mühərriki bədahətçilik – improvizasiya olub. Əsrlər boyu milli mədəniyyət nümunələri xalqla bilavasitə, yəni yazısız, kitabsız, notsuz canlı yaradıcı əlaqədə idi. Orada bir an belə dayanmayan daimi yaradıcılıq prosesi mövcuddu. Yaşamaqda olan hər bir əsər isə canlı idi. Xalq yaradıcılığı nümunələri yarandıqdan sonra, ağızlara düşdükləri üçün hər ifa zamanı bir qədəq dəyişir, hər ifaçı onu bir qədər düzəldir, əlavə edir, beləliklə, bu sənət nümunələri təkmilləşərək get – gedə bir müəllifin olmaqdan çıxıb, xalqın kollektiv yaradıcılıq məhsuluna çevrilirdi.

Ona görə də Azərbaycan mədəniyyəti nümunələri mütəhərrik olub, ifaçılar tərəfindən xalq mövcud olduqca cilalanır, zamanın təsiri nəzərə alınmaqla təkmilləşirdi. Azərbaycan milli mədəniyyət qanunauyğunluğuna əsaslanan bədahətçilik - improvizasiyanın böyüklüyü də bunda olub.

Ötən əsrlərin sənət nümunələrinin yaradıcılıq baxımından təhlili göstərir ki, Azərbaycanda hər bir sənətkar öz əsərini yaradarkən özündən qabaq yaşayıb – yaratmışların kollektiv yaradıcılıq məhsuluna çevrilmiş irsindən əsaslı dərəcədə faydalanıb. Bu zəngin xəzinənin bəzən hətta hazır süjetlərindən, təsvir vasitələrindən, üslub xüsusiyyətlərindən, özəl ifadələrindən, musiqisindən və s. istifadə edib. Yaradılan hər bir əsər ağızlara düşüb, ustad və peşəkar sənətkarların ifasında dəyişib, işlənib, cilalanıb, mükəmməlləşib, sözün həqiqi mənasında bir fərdin əsəri olmaqdan daha çox kollektiv yaradıcılıq məhsuluna çevrilib və Qərbdə olduğu kimi sənətkarlar burada bir – birini plagiatlıqda günahlandırmayıb və bu haqda heç düşünməyiblər də.

Sənətkar yaratdığı hər bir əsəri, öz anladığı, istədiyi şəklə salıb, hətta eyni əsər eyni məclisdə iki ifada başqa – başqa şəkillərdə səslənib. Bu isə böyük Şərq mədəniyyətinin özəl göstəricisi, hər bir ustadın özünəməxsus olan yaradıcılığı idi.

Azərbaycan milli mədəniyyətinin nümunəsi olan hər bir əsərin ifaçısı eyni zamanda canlandırdığı əsərin müəllifi, yaradıcısı idi. Ona görə də hadisələri bədahətən ifa edən sənətkarlar, tarixən formalaşmış milli mədəniyyətin poetikasına uyğun olaraq, artıq mövcud olan əsəri təkrarlamır, dünya görüşləri daxilində ona müəyyən əlavələr edib, günün tələbləri ilə əlaqələndirirdilər. Həm də onlar mövzunu öz istədikləri və anladıqları kimi ifa etməklə müəlliflik hüququ qazanırdılar.

Ona görə də Şərq mədəniyyətində təkrardan danışan müdriklərdən biri demişdir: “Təkrarın möcüzəsi, təkrarın təkrarsızlığındadır”. Buna böyük Şərq mədəniyyətinin yaradıcılıq formulu desək, yanılmarıq.

Həmçinin qeyd etmək istərdik ki, əsrlər boyu yaradılmış milli mədəniyyət nümunələrini araşdırdıqda görərik ki, Azərbaycan mədəniyyətində həmişə birinci planda yaradıcının, sənətkarın qərbdə olduğu kimi nədən bəhs etməsi, hansı mövzunu işləməsi, aktuallıq problemi yox, əsəri necə yaratması, sənətkarlığı durub. Məsələn, hamıya bəllidir ki, Azərbaycan, o cümlədən Şərq ədəbiyyatında bu günədək yüzlərlə “Leyli və Məcnun” yazılıb. Mövzu, süjet şifahi ədəbiyyatdan yazıya, hətta böyük Nizami Gəncəvi tərəfindən keçirilib, sonra isə yenidən ozan – aşıqlar və digər sənətkarlar tərəfindən ağız ədəbiyyatı nümunəsinə çevrilib.

Maraqlıdır ki, bu mövzunu işləmiş ustadların heç biri əsərin süjet və fabulasında dəyişiklik etməmiş, onu olduğu kimi saxlamışlar. Onların sənətkar məharətinin xalq, oxucu-dinləyicilər arasında qiymətləndirilməsi, İbtidadan-Aliyə: Kəndlidən-Bəyə qədər, - hamıya məlum, əzbərdən bildikləri məhəbbət dastanını hansı poetik dillə, necə ifadə etmələrində olub. Bu əsərlər onların şair məharətlərinin, sözdən istifadə ilə təsvir və ifadə mədəniyyətinin, poetik ustalığının göstəricisi idi.

Prof. M.H. Təhmasib yazırdı: “ Eyni mövzu və ya süjeti dəfələrlə işləmək Şərqdə xüsusi bir yaradıcılıq yarışı olmuşdur ki, bizim də Nizami, Arif Ərdəbili, Şah Qasım Ənvar, Xətayi, Zəmiri, Həqiri, Füzuli, Fədayi, Məsihi, hətta Səməd Vurğun və başqa görkəmli sənətkarlarımız bu üsuldan məharətlə istifadə etmiş, sələflərindən xeyli fərqli orijinal əsərlər yaratmışlar” (Nazim Hikməti də “Məhəbbət əfsanəsi” ilə bu siyahıya əlavə edərdik).

Başqa sözlə, əgər Qərb mədəniyyətində sənət əsəri - “Mövzu - məkan - zaman – sənətkarlıq” formulu ilə ifadə edilirsə, Azərbaycan mədəniyyətində bu formula – Sənətkarlıq – məkan – zaman – mövzu” ,- kimi verilməlidir.

Milli mədəniyyətin yaradiciliq üsulu olan bu formulu ədəbiyyat - poeziya ilə yanaşı, musiqi, teatr və digər janrlara da aid edə bilərik. Musiqidə - muğam sənəti buna gözəl nümunədir. Yəqin ki, elə buna görədir ki, əsrlər boyu, müxtəlif vasitələrin olmasına baxmayaraq. Azərbaycan milli mədəniyyətinin heç bir janrında sənət nümunələri yazılı fiks olunmur, onun digər ustadlar tərəfindən təkmilləşdirilməsinə, özəlləşdirilməsinə bilərəkdən imkan yaradılırdı.

Əlbəttə, görkəmli alim – tədqiqatçılarımızın dəyərli irslərindən bəhrələnməklə, bu məqaləni yazmaqda fikrimiz, böyük Şərq mədəniyyətinin ayrılmaz tərkib hissəsi olan Azərbaycan mədəniyyətinin bütün sahələrini əhatə etmək deyil. Buna yəqin ki, əqlimiz və düşüncəmiz də imkan verməz. Adından da göründüyü kimi məqalədə əsas fikir, milli teatrdan bəhs etmək, subyektiv fikirlərimizi hörmətli oxucu ilə bölüşməkdir.

Sovet dönəmində, teatr təhsili sahəsində, Azərbaycan teatrı tarixinin öyrənilməsinə qədim Yunanıstan və Romadan başlanılması sual doğururdu. Halbuki, qədim Azərbaycan teatr tarixinin: – ayin və mərasimlər; - ailə – məişət komediyalari; - dini və təriqət dramlari , xüsusilə ozan – aşıq sənəti kimi, böyük ənənələrə malik bölmələri diqqətdən kənarda qalırdı.

Digər xalqlar teatrlarının 2000 illik tarixini qeyd etdikləri və bundan milli iftixar hissi keçirdikləri halda, bizdə peşəkar - milli Azərbaycan teatrının tarixini 10 mart 1873 - cü ildən qeyd edirlər. Təbii ki, müəllimlərin təzyiqi ilə teatr təhsili alan tələbələr bu tarixlə razılaşmaq zorunda qalırdılar. Halbuki, onların hamısı olmasa da, bir qismi Azərbaycan teatr tarixinin minilliklər olduğunu bilirdi. Onların mütaliəsi olanları sovet dövründə toplanmış təcrübəni, mövcud tədqiqatları təhlil edərək düşünürdülər ki, 10 mart 1873-cü il tarixində Azərbaycanda böyük ənənələrə malik milli teatr ölmüş , Avropa nümunəsində, yazılı dramaturgiyaya əsaslanan bir teatr yaranmışdı. Bunun üçün isə zəmin M.F. Axundov tərəfindən 1850-55-ci illərdə Tiflisdə teatr binasının inşası ilə əlaqədar, rus canişininin göstərişi əsasında yazılmış pyeslər olmuşdu.

1873 – ci ilin mart ayında məktəbdə Novruz bayramı münasibətilə keçiriləcək xeyriyyə tədbiri üçün, o vaxt 19 yaşı olan Nəcəf bəy Vəzirov Həsən bəy Zərdabiyə müraciət edərək əsər istəmiş, o, da M.F.Axundovun pyeslərindən birinin oynanılmasını təklif etmişdi.

Öz pyesləri haqqında M.F.Axundov bildirirdi: “ Avropa yazıçılarının üslubu ilə müsəlman tayfalarının əxlaq və adətlərinə dair bir neçə pyes yazmışam”. Göründüyü kimi dramaturq özü də Avropa nümunəli əsər yazdığını etiraf edib, bununla qürur hissi keçirirdi. O, vaxtdan M. F. Axundovun bu əməli, xüsusilə sovetlər dövründə milli mədəniyyətdə hadisə olaraq qəbul edilib. Halbuki o dövrdə yaşamış düşünən, Şərq teatrını yaxşı bilən alim və tədqiqatçılar bu faktın milli mədəniyyət üçün böyük təhlükə olduğunu qeyd ediblər.

XIX – XX əsrlərdə yaşamış ingilis teatr xadimi Qordon Qreq yazırdı: “Şərq milli teatrı ilə fəxr edə biləcəyi halda, Qərb teatrı son nəfəsdədir”.

Rus – sovet teatr xadimi və islahatçısı Georgi Konstantinoviç Krijitski isə “Ekzotiçeski teatr” kitabının “İran teatrı” adlı bölməsində göstəriirdi: “....Yeri gəlmişkən, təəssüf hissi ilə qeyd etməliyəm ki, son illər Şərq teatrları arasında ən orijinalı olan, özündə şəbeh və məzhəkəni böyük uğurla birləşdirən, bununla da ibtidai teatrallığını qorumuş İran teatrında ( o dövr araşdırmalarında Azərbaycan da xarici tədqiqatçıların, xüsusi ilə rusların yazılarında İran olaraq qeyd edilirdi) xarici ölkələrin təsiri altında ədəbi teatr yaranmağa başlayır. Belə çox təhlükəli yenilikdən uğurlu nəticələr gözləmək olmaz. Molyer və Sardunun pyeslərinin İran teatrı üçün işlənilməsi təəccüb doğurur. Şərq teatrı yazili ədəbi dramaturgiyaya əsaslanmaqla, teatrallığın itirmək təhlükəsi ilə üzləşib”. ( Tərcümə bizimdir).

XX əsrin görkəmli teatr xadimi, Beynəlxalq Teatr Tədqiqatları Mərkəzinin rəhbəri olmuş, dünyanın bir cox ölkələrində, yığma aktyor truppası ilə tamaşalar vermiş Piter Bruk isə “Pustoe prostranstvo” adlı kitabında yazırdı: “... ağır vaxtlarda vəziyyəti xalq teatrı xilas edir. Bu teatr üçün xarakterik olan qabalıq əsrdən əsrə onun formada qalmasına, yaşamasına imkan verir. Duz bağlamış paltarlar, xarakterik tər qoxusu, guruldayan, daim səs-küylü məkanlarda - arabalarda, vaqonlarda, səyyar səhnələrdə işləyən teatrdan uzaq teatr; burada tamaşaçıların bir qismi ayaq üstə dayanıb içir, digərləri masaların arxasında oturub, səhnədə təsvir olunan hadisələrə qoşulur, yerlərindən replikalar verirlər. Həyətlərin, çardaqların, tövlələrin içərisində, zal boyu cırıq döşəkağı vasitəsilə ayrılmış bir axşamlıq səhnələrdə oynamaqçün, sınıq arakəsmə arxasında paltarlarını tələsik dəyişən aktyorlar – bütün bunlar xalq teatri adlanan sənət məbədinin göstəriciləridirlər” ( Tərcümə bizimdir).

Məqalədə söhbətin Azərbaycan milli mədəniyyətindən getdiyini nəzərə alaraq, yalançı təvazökarlığın kənara qoyulmasını, fikirlərin açıq deyilməsini vacib hesab edirik. Çünki bizim üçün heç bir sənətkar və ya yazar vətənimiz Azərbaycandan dəyərli və əhəmiyyətli ola bilməz.

Təəssüf hissi ilə qeyd etməliyik ki, Qafqaz canişininin tərcüməçisi, həmçinin Azərbaycan yazılı dramaturgiyasının banisi M.F.Axundov rus teatrı və qərb dramaturgiyasının təsiri altında olduğundan xalq yaradıcılığının parlaq nümunəsi olan meydan teatrını tanımır, bütün pyeslərinin mövzu və süjetlərini xalq komediyalarından(“Vay şəəlləküm, məəlləküm”, “Xəsis”, “Divan oyunu” və i.a.) götürdüyünə baxmayaraq, xalq teatrı nümayəndələrinə, cəmiyyətin mədəniyyətsiz təbəqəsi kimi, yumşaq desək, ikrah hissi ilə yanaşırdı. O, açıq məkanlarda göstərilən meydan teatrının məzmun və formasını da qəbul etmirdi. M. F. Axundov inandığı, qəbul etdiyi teatr haqqında yazırdı:

– “ Teatr – uca bir və geniş salondan ibarətdir ki, içərisi üç tərəfdən divarlara bitişmiş olur, altlı – üstlü lojaların üzü dördüncü tərəfinə baxır. Ölkənin əhalisi - əşrafdan, tacirlərdən tutmuş kasıblaradək hər sinif adamlar – keyfi istəyəndə kişili – qadınlı giriş haqqı vermək şərti ilə gecələr bu salona daxil olub, bəziləri lojalarda, bəziləri isə parterdə oturub tamaşa edirlər. Ölkənin padşahı da hərdənbir teatra təşrif gətirib, öz əyalı və uşaqları ilə bərabər ona məxsus olan lojada oturur. O vaxt drama sənətinin ustadları – ki fransızca onlara aktyor deyirlər, - hər birisi xüsusi bir paltarda səhnəyə daxil olub, qabaqcadan təyin olunmuş bir əhvalatın oxşatmasını göstərirlər, tamaşaçılar isə onların danışıqlarına qulaq asırlar” (buradan da göründüyü kimi o, improvizəni də inkar edirdi).

M. F. Axundovu Azərbaycan meydan teatrının repertuarı da qane etmirdi. O, yazırdı: - “... pyesin məzmununda qətiyyən ədəbsiz sayılan keyfiyyətlər, sözlər, hərəkətlər olmamalıdır”. Halbuki dramaturqun ədəbsiz adlandırdığı mövzular Azərbaycan milli teatrının mahiyyətini təşkil edirdi. Bu əlbəttə ki, tək Azərbaycan milli teatrı üçün xarakterik olmayıb, digər Şərq xalqlarının da milli teatrlarına xas olan xüsusiyyət idi.

Aktual məsələlərdən bəhs etmək, regiondakı naqislikləri satirik təsvirlə tənqid etməklə yanaşı, əsas məqsədi İzləyiciləri əyləndirmək, müasir dillə desək asudə vaxtlarının təşkili olan Azərbaycan meydan teatrı aktyorları, tamaşalarında qadın və uşaqların iştirak etməməsindən istifadə edərək süjetlərin formalaşmasında, dialoqlarda, eyni zamanda hərəkətlərində ifadə azadlığına, belə demək caizsə, əxlaqi baxımdan yüngüllüyə yol verirdilər.

Teatr nədir? Sovet dövründə bu sualın da cavabı mürəkkəbləşdirilmiş, ona ideolojı məzmun verilmişdi. Əgər açıq və ya qapalı meydanda bir və ya iki nəfər hərəkətdə olub, mükalimə edirlərsə, digər şəxs və ya şəxslər də bunu izləyirlərsə, bu artlq teatr – tamaşadır.

Azərbaycanda milli teatrın tarixi xalqın tarixi ilə bərabər olmuşdur. Prof. Cəfər Cəfərov yazırdı: ”Şərqdə teatrın tarixi Avropada olduğundan az deyildir...”.

Hətta orta əsrlər və daha qədim dövrdə Azərbaycan saraylarında imkanlı şəxslərin xüsusi sənətkarlar və aktyor truppaları var idi. Bu sənətkarlar dastan yazır, musiqi bəstələyir, ifaçılıq sənəti ilə məşğul olurdular. Onlar ölkənin hər tərəfində tamaşalar verirdilər. Bu ustad yaradıcılar eyni zamanda teatr sənətini də inkişaf etdirirdilər. O dövr Azərbaycan teatrı musiqi və rəqsin, xorun, nağılçı və bədahətçilərin, vokalın vəhdətindən ibarət idi. Dövrün teatr sənəti olaraq o, bir çox janrları özündə birləşdirir, sinkretik xarakter daşıyırdı.

# 2513 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #