Bu gün Misirdə 56-cı ənənəvi Qahirə Beynəlxalq Kitab Sərgisi öz işinə başlayıb. Kitab sərgisinə 80 ölkədən 1300-dən artıq nəşriyyat qatılıb. Misirdəki səfirliyimizin dəstəyi ilə sərgidə ölkəmizin kitab stendi yaradılıb.
Kulis.az xəbər verir ki, Misirin bir sıra nazirliklərinin rəhbərləri, xarici ölkə səfirliklərinin nümayəndələri, o cümlədən Azərbaycan səfirliyinin əməkdaşları sərginin açılış günündə iştirak ediblər.
Azərbaycana dair yeni nəşr olunan qiymətli kitabların nümayiş olunduğu milli stendi Misirin vəqflər naziri Usamə əl-Əzhəri və mədəniyyət naziri Əhməd Fuad Henno ziyarət ediblər. Onlara ölkəmizin tarixi, mədəniyyəti ilə bağlı geniş məlumat verilib. Stendimizdə nümayiş olunan kitablar sonda kitab həvəskarlarına hədiyyə olunacaq.
Fevralın 5-dək davam edəcək sərgi çərçivəsində 600 mədəni tədbirin, o cümlədən simpoziumların, uşaqlara həsr olunmuş təqdimatların keçirilməsi planlaşdırılır.