Aydın Dadaşov yaddaşlarda - ANIM

Aydın Dadaşov yaddaşlarda - ANIM
1 mart 2024
# 17:25

Bu gün tanınmış kinoşünas Aydın Dadaşovun doğum günüdür.

Kulis.Az onun haqqında tanışlarının xatirələrini təqdim edir.

Space”ə rəhbər təyin olundu

Müşfiq Hətəmov:

“Azərbaycanfilm”ə bir neçə kino xadimlərini əməkdaşlığa dəvət etmişdim. Onlardan biri də bizim mərhum Aydın Dadaşov idi. Aydın Dadaşov bədii şuranın üzvü seçildi. Aydın müəllim o kinotənqidçilərdən idi ki, problemi həm tənqid edə bilir, həm də onun həlli yolunu göstərirdi. Bu, hər kinoşünasa qismət olmayan xüsusiyyətdir. Dünya kinosunu, dünya kinosundakı prosesləri təbliğ edən Aydın müəllim kimi kinoşünaslarımız azdır. Bu Azərbaycan kinosu üçün çox böyük itkidir. Aydın müəllim peşəkar kinonun tələblərini çox ciddi şəkildə ortaya qoya bilirdi, daim gənclərə öz təcrübəsini bölüşürdü. Bizim bir neçə filmimizdə Aydın müəllim redaktor oldu. Həddindən artıq tələbkar, məsuliyyətli olmağının qarşısında gənc rejissorlar özlərini itirirdilər, çaş-baş qalırdılar. Əvvəl düşünürdüm, bu istehsala mane ola bilər. Sonralar hesab etdim ki, Aydın müəllim kimi redaktorlar lazımdı bizə. Bizim aramızda çox incə zarafatlar var idi. Mən ölümündən üç gün əvvəl Aydın müəllimin yubileyi ilə əlaqədar onunla söhbət elədim. Balaca bir çevrədə qeyd etməyə razı olmuşdu. Demişdi ki, mən, sən, Azər Quliyev, Elxan Qasımov, bir də Tağı Babayev qeyd edərik. Yəni, uzun müddət bir yerdə işlədiyi adamlar... Əfsuslar olsun ki, alınmadı".

Qulu Məhərrəmli: “Televiziyalarımız səhvini tez düzəltdi” – Müsahibə

Qulu Məhərrəmli:

Professor

"Aydın müəllim tanıdığım ən işgüzar, ən dinamik, həyat eşqi, dərin savadı olan bir insan idi. Biz yerdə bir yerdə “Televiziya və radio tamaşaları” adlı kitab yazmışıq. “Mingəçevir” adında sənədli bir film işləmişik. Səməd Vurğunun “Muğan” poemasında bir qəhrəman var – Sarvan. Biz onun haqqında birgə portret film hazırlamışıq. Bundan başqa Aydın müəllimlə bu cür birgə bir çox layihələrimiz olub. Aydın müəllim prinsipləri olan dəyərli bir insan idi. Biz eyni zamanda Bakı Dövlət Universitetində bir kafedrada işləyirdik. Dost idik, tez-tez söhbətlərimiz olurdu. Bəzən mübahisə də edirdik, üst-üstə düşmədiyimiz, razılığa gəlmədiyimiz məqamlar da olurdu. Ancaq bu söhbət otaqda qalırdı, kənara çıxmırdı. Aydın müəllimin çox yaxşı yoldaşlığı vardı. Onunla bağlı unudulmaz, bir-birinə bağlı o qədər hadisələr var ki... Aydın müəllim sərt adam idi, sözün düzünü deyirdi. Hərdən də çox qəribə reaksiyaları ilə seçilirdi. Bir dəfə gənc rejissorlardan biri ona deyir ki, atamla aramızda problemlər var, evə baş salmır, bir qadının yanına gedir. Siz ona deyin ki, evə bağlansın. Aydın müəllim heç gözlənilmədən dedi ki, mən atana bunu necə deyim, necə deyim, qadından uzaqlaş, evə bağlan. Mən sənin atanla sadəcə fəxr edə bilərəm! Yəni belə qəribə, hər şeyə qeyri-adi münasibəti olan biri idi. Onun üçün qəlib və standart yox idi. Bir yerdə keçirdiyimiz iclaslarda da Aydın müəllimin bu tərzi xüsusilə seçilirdi. Avtoritetlərə qarşı açıq-aşkar sözünü deyirdi. Sərt, sözü üzə deyən olsa da hamı tərəfindən sevilirdi. Çox dərin adam idi, yaxşı mütaliəsi vardı, kinonu, dramaturgiyanı əla bilirdi. Özünün yaradıcılığı, gözəl hekayələri və povestləri vardı. Bir çox ssenariləri əsasında çəkilmiş filmləri şedevr hesab etmək olar. Qarabağa, Ağdama, Şuşaya bağlı biri idi. Mənə elə gəlir ki, Aydın Dadaşov da Qarabağın simvollarından biri idi. Onun ölümü də mənim üçün çox gözlənilməz oldu. Dəyərli bir dostumuzu itirdik".

Əli İsa Cabbarov yeni kanalın yaradılması ideyasını irəli sürdü Yeni Sabah

Əli İsa Cabbarov

Rejissor

"Aydın müəllim mənim müəllimimdi, formal olaraq yox, böyük hərflə. Cəmiyyətimizdə ziyalı əməyi ilə ləyaqətlə yaşamaq çox çətindir. Aydın müəllim bunu bacardı. Özü də gərgin işdən fərariliklə yox, çox məhsuldar bir zəhmətlə, Fərhad kimi külüng vurdu. O gün dəfndə “Dəli Kür”dən Kipiani yadıma düşdü. O da bizim Kipiani idi. Yaşlı nəsildə, sözükeçən adamlar arasında sanki bizim adam idi, hansısa məsələni Aydın müəllimə demək olar deyə düşünürdük. Cəmiyyətimizdə müxtəlif, siyasi, ideoloji çarpışmalar var. Aydın müəllimi peşədən uzaq diskussiyalarda görmədim heç vaxt. Bu məsələlərə biganə deyildi, dəqiq mövqeyi var idi, amma missiyasını bacardığı işlə məşğul olub cəmiyyətə xeyirli işdə maksimum nəticə əldə etməkdə gördü və etdi də".

Atasına üsyan edən oğulun məğlubiyyəti – Aygün Aslanlı yazır...

Aygün Aslanova

Kinoşünas

"Aydın müəllim əhvalatı olan insanları sevirdi. Tələbələrini də elə yadda saxlayırdı: "Bu qız çox yaxşı qızdı, atasının paltarını geyinib bacısını ovudurdu", "Filankəs yazıq bir oğlandı, bir il benzin-kolonkada işləyib, ac qalıb..." Maraqlı orasıydı ki, o əhvalatların ancaq əvvəli real olurdu, gerisini Aydın müəllim özü quraşdırırdı, öz sözləriylə desək, dramaturji struktura salırdı. Əhvalatsız, dramaturgiyasız insanlar maraqsız idi onun üçün..."

RƏBİYYƏ ZƏRDABİ: «RÜŞVƏT ALMADIĞIMA GÖRƏ İŞDƏN ÇIXARILMIŞAM» - LAYİHƏLƏR -  Xəbərlər - SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Rəbiyyə Zərdabi:

Müəllim yoldaşı

"Birimizə bir şey olsa nə edərik demişdi bir dəfə Aydın Dadaşov. Onun haqqında yaxşı sözlər danışarıq demişdim. Azdı demişdi. Məsələn, sən çox qoçaq adamsan deyirdi mənə, o, ağır xəstəliyini biləndə neylədin? Heç nə dedim. Hər şeyi düşündüm. Ölümü də... Sonra güldüm dedim, Aydın. Dünyanın ən gözəl yerlərini gəzmisən, ən gözəl insanlarını tanımısan, ən gözəl kitablarını oxumusan dedim öz-özümə. İndi xərçəng gəlib ömrümə. Onunla da ən gözəl xatirələrimi yaşayacam...

Söhbəti İncəsənət Universitetinin qarşısında edirdik. Qucaqladı məni. Başımdan öpdü. Amma mən sənin kimi ola bilməzdim, qorxardım dedi... İndi inanırsınızmı ki, Aydın Dadaşov kimi möcüzəli, çox mərd adamın səhv xərçəng diaqnozu qoyulduğu üçün fikirdən ürəyi partlayıb... O çox yaraşıqlı, şux yerişli, beyni doludan-dolu adam xəstəliyi qəbul edə bilməyib...

Tələbə olanda Moskvadan mənə bir cüt qırmızı və qara rəngli botular almışdı. 7 yaşım var idi. Gündə bir dəfə botuları Ağdamda, Muradbəylidə evimizin qarşısından axan kəhrizin suyunda yuyurdum. Və bu gün ömrümün yarıdan keçdiyi bu yaşında sənin ölüm xəbərini alanda yenə o qara-qırmızı botular yadıma düşdü.

Sənin həyatın bir igidin həyatıdır, Aydın Dadaşov. Mənim qəhrəmanım! Ürəyi çox yumşaq, xeyirxah insan! Və Azərbaycanın ən ziyalı oğlu! Rahat yat! Yaxşı yat! Nurlu yat, Aydın Dadaşov!"

İntiqam Hacılıya vəzifə verildi

İntiqam Hacılı:

Rejissor

"Universitetdə ilk imtahanı idi bizə. Çox ciddi hazırlaşmışdıq. Aydın müəllim tələbələrini tanıyırdı. Kimin qafasının nəyə sahib olduğunu bilirdi. İmtahan başladı və bir də gördük qrup nümayəndəsi gəlib qiymət kitabçalarını yığır. Soruşduq ki, neynirsən? Dedi, Aydın müəllim istəyir. Verdik və gözlədik. Bir azdan qrup nümayəndəsi qiymət kitabçalarımızı qaytardı. Hamı kitabçaya baxdı və qiymət yazıldığını gördü. Elə bu an Aydın müəllim koridora çıxıb üzünü uşaqlara tutdu: İmtahan başlayır! Gəlin görək necədi vəziyyət".

Biz xilas olmağa çalışmalıyıq! - Sevinc Elsevər

Sevinc Elsevər:

Yazar

"Birinci kursdaydım, cəmi 17 yaşım vardı. Bizə ekran dramaturgiyasını tədris eləməyə başladı. Birinci görüşümüzdən şoka düşmüşdüm. Bizim adət etdiyimiz müəllim obrazından tamamilə uzaq adam idi. Çox sərbəst, ütüsüz cümlələrlə danışırdı. Bir tələbəsi vardı. Üçüncü kursda oxuyanda nişanlandı. Çox istedadlı, savadlı qız idi. Aydın müəllim də əlinin içi kimi bilirdi ki, qız ərə getsə, təhsili batdı. Bir dəfə hamımızın yanında ona belə dedi: “Məncə sən ərə getmə. Sənin kimi zəif qızlar uşaq dünyaya gətirəndə ölürlər...”

Onun marağını ikinci dərsdə çəkmişdim. “Həyatımın ən yadda qalan günü” mövzusunda esse yazmağımızı tapşırdı. Mən atamın balaca quzumu necə çardaqdan asıb qəddarca soymağından yazmışdım. Uşaqların çoxu son zəngdən, universitetə girdiklərini öyrəndikləri anlardan yazmışdılar. Mənim yaratdığım qəddar ata obrazı Aydın müəllimin xoşuna gəlmişdi, universiteti bitirənə qədər bütün “zaçot”larda, imtahanlarda sorğu-sualsız beş yazdı mənə. Bircə o hekayəyə görə. İmtahan otağına girən kimi belə deyirdi: “Sən o quzu hekayəsini yazan qızsan? Sən bilet çəkmə! Sənin qiymətin beşdir.”

Uşaqları adlarıyla, üzləriylə deyil, hekayələriylə tanıyırdı.

Bir də məni harda görsə bu sitatı gətirirdi: “İstedadlı adamlar tramvay altında qalır, sən bilirsən də!”

# 751 dəfə oxunub

Müəllifin son yazıları

# # #